“Bu gün hamımız dövlətimizin ətrafında
birləşməliyik”
Sənət adamları ölkədə
xaos yaratmaq istəyən qüvvələrə
etirazlarını bildirdilər
İyulun 11-də bir qrup adam Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərdi. Qanunsuz aksiyanın qarşısı alınarkən, xidməti vəzifələrini yerinə yetirən 2 polis polkovniki öldürüldü. Xaricdən idarə olunan şəxslərin Azərbaycanda xaos yaratmaq istəyi cəmiyyətin böyük təpkisi ilə üzləşdi. Hər kəs Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd göstərən xainlərin əməllərini qınadı. Və hər kəs də, birmənalı surətdə bildirdi ki, belə məqamlarda Azərbaycan dövlətinin yanındadırlar. Təbii, onların arasında sənət adamlarımız da var.
Xalq artisti Teyyub Aslanov bizimlə söhbətində Gəncədə baş verən hadisələrdən sonra dövlətin ətrafında daha sıx birləşməyin vacib olduğunu vurğuladı: "Gəncə olayları üzücüdür və bu hadisələr bizləri çox məyus etdi. Özəlliklə də polis zabitlərinin şəhid edilməsi. Biz bir daha əmin olduq ki, Azərbaycan dövləti heç bir təxribatçıya dövlətlə dövlətçilik etməyə imkan verməyəcək! Təbii ki, biz sənət adamları bu cür hadisələri pisləyirik. Dövlətimizi qorumaq hər birimizin borcudur. İndi elə bir dönəmdir ki, dövlətimizin ətrafında hamımız bir yumruq olmalıyıq. Bu təxribata uymamalıyıq. İslam dini barışı, sülhü təbliğ edən bir dindir. Dinimiz təxribatı, münaqişəni sevmir. Bu işi törədən şəxslərə öz etirazımızı bildirməliyik. Allah şəhid olmuş polislərimizə rəhmət eləsin. Biz sənət adamları daim dövlətimizin yanındayıq. Azərbaycan dövlətçiliyini qorumağa, vətənimizin azad və firavan olması üçün əlimizdən gələni etməyə hazırıq”.
Xalq artisti Mənsum İbrahimov Gəncədə baş verən hadisələrdən sarsıldığını bildirdi: "Çünki baş verən hadisələr dövlətimizə qarşı qərəzli surətdə təşkil olunmuş terror aktıdır. Bu hadisələrdə bizi gözü götürməyən dövlətlərin təxribatı açıq şəkildə hiss edilir. Hansı ki, onlar bu təxribatı təşkil etməklə daxillərindəki o kini-küdurəti nümayiş etdirmiş oldular. Bu gün hamımız dövlətimizin ətrafında birləşməliyik”.
Xalq artisti söhbət əsnasında xatırlatdı ki, xalqımızın uğuruna sevinməyən dövlətlər mövcuddur: "Bizim bir düşmənimiz var, onlar da ermənilərdir. Bu gün bizə sülh, əmin-amanlıq lazımdır. Şər qüvvələr bizim inkişafımızı götürmür, paxıllığımızı çəkirlər. Ölkəmizdə stabilliyin hökm sürdüyünü, güclü ordumuzun olduğunu görürlər. İnanıram ki, hüquq-mühafizə orqanları bu hadisənin səbəbkarlarını aşkara çıxarıb, onlara layiqli cəzanı verəcək. Mən bir Azərbaycan vətəndaşı kimi dövlətimizə inanıram və hər zaman da dövlətimizin yanındayam. Qətiyyətlə bu hadisələri pisləyirəm. Azərbaycan xalqı bir daha göstərdi ki, dövlətinin yanındadır. Azərbaycan polisi isə sübut etdi ki, ölkədə sabitliyi pozmaq istəyənlərə bu imkanı verməyəcək”.
Əməkdar artist Aybəniz Haşımova hadisələrin baş verdiyi zaman Gəncədə olmadığını, məlumatı mətbuatdan aldığını bildirdi: "Heç istəməzdim ki, məmləkətimdə belə hadisələr baş versin. O qədər pis oldum ki, hətta özümü öldürmək istədim. Bir anlıq ölmək istədim. Gəncə mənim üçün doğma məkandır. Ancaq orada baş verən hadisələr məni məyus etdi. Mənim qohumlarımın Gəncədədir. Günahkarlar mütləq cəzalanacaqlar. Allah dünyasını dəyişən polislərimizə də rəhmət etsin”.
Əməkdar artist, Gəncə Dövlət Dram Teatrının aktyoru Elxan Yunis bizimlə söhbətində məyusluğunu gizlədə bilmədi: "Mən hələ də özümə gələ bilməmişəm. Bunu qəbul etmək çətindir. Dünyasını dəyişən İlqar Balakişiyev mənim yaxın dostum idi. İlqar müəllim vətən, dövlət üçün canından keçən insan olub. Bu nə hadisələrdir, başa düşə bilmirəm. Nə cərəyan edir? Balakişiyev Gəncənin igid oğlu idi. Dövlətimizə qarşı çıxanlar, ölkədə xaos yaratmaq istəyənlər mütləq cəzalanmalıdırlar. İnanıram ki, elə belə də olacaq”.
Tanınmış müğənni Nura Suri məsələ ilə bağlı "Facebook” səhifəsində fikirlərini bildirib: "Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı provokasiyadır. Liviya, Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır. Azərbaycanlılar bir olmalıdır. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin.
Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı, pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub. Onların ruhuna hörmət qoyun. Gəncədə baş verən hadisələrdən gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə uzanan əllər mütləq kəsiləcək. Azərbaycanın qanunları qarşısında hər kəs bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.
Xəyalə Rəis
Kaspi.- 2018.- 12 iyun.-
S.6.