“Ən yaxşı tamaşaçım və müəllimim anamdır”

Səbinə Məmmədova: “Sənətimdəki ilk sevincimlə ilk “şillə”mi eyni zamanda aldım”

 

Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Səbinə Məmmədova Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi və Rusiya Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan XII Beynəlxalq Yay Teatr məktəbində təhsilini başa vuraraq vətəninə geri dönüb. Aktrisa dünyanın 30 teatrı və Rusiyanın 40 şəhərindən olan teatr aktyorları ilə birgə Moskvada keçirilən Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edib. Səfərdən dönər-dönməz "Kaspi”-nin qonağı olan Səbinə Məmmədova səfər təəssüratlarını bizimlə bölüşdü. Onunla ilk dəfə 5 il bundan öncə - teatra yeni gəldiyində görüşmüşdük. O zaman ilk debütünü yaşayan gənc aktrisa bu 5 il ərzində teatrda irili-xırdalı bir çox tamaşalarda biri-birindən maraqlı obrazlar canlandırıb. Teatrda bir çox obrazların müəllifi olan aktrisaya müasir Leyli deyənlər də az deyil. Bu da onun "Leyli və Məcnun” tamaşasındakı Leyli obrazından irəli gəlir. Uşaqlar isə onu "Çeburaşkakimi tanıyır və sevirlər.

 

- Səbinə xanım, istərdik söhbətə yay məktəbindəki iştirakınızdan başlayaq.

- Əslində yay məktəbinə ötən il getmək istəyirdim. Qismət elə gətirdi ki, iyunda Qazaxıstanın Astana şəhərinə qastrol səfərimiz baş tutdu. Bu da yay məktəbi ilə üst-üstə düşürdü. Ona görə də fikrimdən daşındım. Ancaq bu il istəyimə nail oldum. Əmin oldum ki, insan bir şeyi həqiqətən, ürəkdən istəyirsə, o arzusu mütləq həyata keçir. Yay məktəbinin elanı verildiyini eşidəndə, sənədlərimi hazırlamağa başladım. Bizim teatrda səhnə plastikasından dərs deyən müəllimimiz Ceyhun Dadaşovdan mənə kömək etməyini xahiş etdim. Sağ olsun, o da öz dəstəyini əsirgəmədi. Son ana qədər elə zənn edirdim ki, artıq məni qəbul etməyiblər. Hətta bunun üçün böyük ruh düşkünlüyü yaşayırdım. Dostlarım mənə qəbul olunduğumu deyəndə, sevincimin həddi-hüdudu yox idi. Adlarımız açıqlandıqdan sonra ilkin mərhələdə bizə bir çox materiallar verdilər ki, onları oxuyub, hazır şəkildə məktəbə gedək. Ora gedənə qədər bir ay ərzində 5 bədii film, 3 sənədli film, 4 animasiya filmi izlədim, 1 kitab oxudum. Bu bir ayda öyrəndiklərimin özü belə mənim üçün bir məktəb oldu.

 

 

 

- Sosial şəbəkədən izlədiyim qədəri ilə, dərsləriniz çox səmərəli keçib.

- Bəli, bu məktəbdən çox şey öyrəndim. Bir klassik əsər hazırladıq. Mən orada müasirliyi qoruyaraq maraqlı bir obraz təqdim etdim. Sonda münsiflər heyəti də ifamı bəyəndiyini qeyd etdi. Heç bir  kompleks hissi yaşamadan çimərlik geyimi ilə səhnəyə çıxdım. Mühit tamama başqa idi. Rejissorlar aktrisaya obrazı həvalə edərkən onun boyunun, çəkisinin heç də fərqinə varmırlar. Rejissorlar üçün istedad hər şeydən öndə gəlir. 

 

- Şərq qadınına bənzədiyiniz üçün yəqin ki, sizə o tip bir obraz həvalə ediblər.

- (Gülürük) Orada mənə "gözəl, cazibədar, istedadlı Şərq qadını” deyirdilər.

 

- Hansı ölkənin aktyorları ilə tanış olmaq imkanı əldə etdiniz?

- MDB ölkələrinin aktyorları daha çox idi. Ərəb Əmirliklərindən, ABŞ-dan, Şotlandiyadan və digər ölkələrdən, o cümlədən dost və düşmən ölkələrin nümayəndələrini bu məktəbdə görmək mümkün idi. 

 

- Hazırda çalışdığınız teatrda əsas mövzu teatr rəhbərliyinin dəyişməsidir.  İndi teatrda hansı proseslər gedir?

- Mən orada təhsil alarkən sosial şəbəkələrə girmək üçün vaxtım yox idi. Bu xəbəri eşidəndə çox təəccübləndim. Çünki biz belə bir dəyişikliyin olacağını gözləmirdik. Ümid edirəm ki, yeni rəhbərimiz Naidə xanım da Mübariz müəllim kimi bizləri başa düşəcək və daim öz dəstəyini əsirgəməyəcək.

 

- Sosial şəbəkədən söz düşmüşkən, "Facebookda, "İnstagramda çox aktivsiniz. Bunu işinizin bir parçası hesab edirsinizmi?

- Sosial şəbəkələrdə çox olmuram. "İnstagramsəhifəmi 3 ildir ki, açmışam. 3 il ərzində  20 mindən çox izləyicim var. Mənə yazılan mesajların hamısına cavab yazmağa vaxtım olmur. Əslində sosial şəbəkəyə zamanım olduğu müddətcə daxil oluram.

 

- Mesajların içərisində sevgisini bildirən, evlilik təklif edənlər necə, varmı?

- (Gülürük) Hər gün evlilik təklifi alıram desəm, yalan olar. Amma onların içərisində sevgisini etiraf edənlər, mənimlə görüşmək istəyənlər az deyil. 

 

 

 

- Tənqidlərlə aranız necədir?

- Yaxşıdır. Ancaq bəzən bizdə tənqidlə təhqirin yerini səhv salırlar. Misal üçün, mənim ən yaxşı tamaşaçım, müəllimim anamdır. Elə məni ən çox tənqid edən odur. O, mənim bütün tamaşalarıma baxıb mənim bir nömrəli tənqidçimdir. Özü filoloqdur, işinin peşəkarıdır, Azərbaycan dilinin qrammatikasını gözəl bilir. Səhnədə hansı sözün vurğusunu düz deməyəndə, evdə onun mənə izahını verir. Anam məni tərifləsə , tənqid etsə , ona inanıram.

 

- Səbinə xanım, müasir Leyli olmaq çətindirmi?

- Müasir düşüncə ilə Leyli olmaq çox çətindir. Tamaşanın rejissoru Nicat Kazımov tamaşanı hazırlayanda bizə hadisənin yaşandığı dövrdən bəhs etdi, obrazın yaşadığı hadisələri danışdı. Amma əlbəttə ki, əsas yük aktyorların öhdəsinə düşür. Gərək araşdırıb canlandıracağın obrazın hansı mərhələlərdən keçdiyini öyrənəsən. Obrazı mənə həvalə edəndə, Leyli haqqında məlumat topladım. Hətta mənə dedilər ki, Leyli ilə Məcnun həqiqətən ər-arvad olublar uzun müddət uşaqları olmayıb. o variantların içindən bizim pyesə uyğun variantı seçdim onu işləməyə başladım. Leylini olduğu kimi canlandırmaq üçün başladım uzun yubkalar, dikdaban ayaqqabılar geyinməyə. Belimi bağlayırdım, ayaqlarıma stul bağlayırdım ki, yerişim ağırlaşsın. Kim deyirsə ki Leyli arıq, sısqa bir qız olub, bu, doğru deyil. Şərq qadını həmişə dolu olub.

 

- "Leyli Məcnuntamaşasında ərəb sözləri çox idi. Onları  əzbərləmək necə?

- Mənə desələr ki, bir şey əzbərlə, mən heç vaxt onu əzbərləyib səhnəyə çıxa bilmərəm. Onu mütləq şəkildə başa düşməliyəm. O sözlərin mənasını bir-bir açdıq.  Evdə ərəb-fars lüğət kitabım var, ondan da bir az faydalandım. Teatrda Nicat Kazımovun, evdə anamın köməkliyi ilə Leylinin sözlərini mənimsədim.

 

- "Leyli Məcnuntamaşasından əvvəl Bəhram Osmanovun quruluş verdiyi "Müharibətamaşasında da yerişinizlə diqqət çəkmişdiniz.

- Bu tamaşada da özümə bir yeriş tapmışdım. "Müharibətamaşasındakı Semira 13  yaşında zorlanmış bir qızdır. Müharibənin ən ağır dövrləridir Semira yaşadığı hadisələr nəticəsində artıq qız deyil, bir qadındır. Onun bütün hormonları dəyişib, haradasa istəklər yaranıb. Bəhram müəllimlə oturub zorlanan qızın yeriş formasını fikirləşib tapdıq. O, təxminən oğlan kimi gəzməli idi. Mənim üçün bu obrazı canlandırmaq bir qədər çətin idi.

 

 

 

- Çox gənc yaşınızdan sizi seriallarda görürük.

- İlk dəfə "Həyat varsa”, sonra "Bir ovuç torpaq”, "Bir ailəm var”, "Məryəm sair seriallara çəkildim. 2 ildir ki, Media Master prodakşın məni dəyərləndirir. Prodakşının rəhbəri Rüstəm Əliyev, quruluşçu rejissor Şahin Qəhrəmanla işləmək mənə çox rahatdır böyük bir təcrübədir.

 

- çəkildiyiniz "Ögey anaserialının ötən həftə final bölümü yayımlandı. Ögey ananın doğma qızı olmaq necə hissdir?

- Cəmilə obrazı serialda beş əsas obrazdan biri idi. Bu obrazı canlandırmaq üçün uzun saçlarımdan imtina etdim. Mənim üçün hər seriala yeni imiclə çıxmaq önəmlidir. Çox maraqlı bir obraz idi. 21 yaşında sentimental, melanxolik, müasir, ətrafdakı insanların fikri ilə razılaşan, hüquqlarını tapdalamağa icazə verməyən Səbinədən bir hissə var idi onda.

 

- Seriala baş rolla gəlməyin özü bir uğur deyilmi?

- Bəlkə . Hətta həmin ərəfələrdə sosial şəbəkədə mənə "səni kim tapşırıb?”, "kimin adamısan?” - kimi mesajlar yazırdılar. O zamanlar bu sözlər mənə çatmırdı. İllər keçdikcə, anlayıram ki, baş rola çəkilmək üçün hər şey etməyə hazır olan insanlar varmış. Məncə, insanın niyyəti düz olduqdan sonra, yerdə qalan hər şey düzələndir. Alın yazısını kim silə bilər ki?

 

- Peşəkar səhnədəki ilk obrazınızı xatırlayırsınızmı?

- Əlbəttə. "Hasarın o üzütamaşasındakı Çiçək obrazını heç zaman unutmaram. Səhnədə bütün arzuladığım obrazları oynaya bilərəm, amma Çiçəyin mənə verdiyi ilk həyəcan, ilk təəssüratı heç bir obrazımdan ala bilmərəm. Həyatdakı bütün ilklər gözəldir. Bundan sonra "Qırmızı papaqtamaşasında rol aldım.

 

- Yadımdadır, bu obrazlarınızdan sonra "İlin ən gənc aktrisası” mükafatına layiq görüldünüz.

- Bu mükafata layiq görüləndə çox sevindim. Düzdür, sevincimi bir az qırdılar və bu mənim üçün gözlənilməz oldu. Sənətimdəki ilk sevincimlə ilk "şillə”mi eyni zamanda aldım. Zaman öz sözünü deyir. Bu mükafatı alanda qəlbimi qıran insanlar indi deyir ki, o mükafat gənclərə verilməlidir. O vaxt teatrda məndən başqa gənc aktrisa yox idi axı. 24 yaşım var idi, uğur qazanmışdım və inanırdım ki, səhnədə qazandığım nailiyyətlərimlə heç kimi məyus eləməmişəm.

 

- Bu 5 ildə dəstəkçiniz kimlər olub?

- Ən birinci dəstəkçim anamdır. O mənə həm maddi, həm də mənəvi dəstəkdir. O qədər çətin günlərim olub ki... "Cəhənnəmdən gələn məktublar” tamaşasından əvvəl obraz canlandırarkən səhnədən çıxıb, anama zəng vurdum, bildirdim ki, daha teatrda işləməyəcəm. Anama qorxduğumu, bacara bilməyəcəyimi dedim. Anam mənə elə ürək-dirək verdi ki, səhnədə var gücümlə çalışmağa başladım.

 

- Səbinə xanım, sizin rəqsə olan marağınızdan da xəbərdarıq. Rəqsin həyatınızdakı yeri haradadır?

- Rəqs mənim üçün ayrı bir dünyadır. Bütün həyatım rəqsdir, biz həyatda gəzmirik, rəqs edirik. Rəqs aktyor üçün çox böyük mərhələdir.

 

Xəyalə Rəis

Kaspi.- 2018.- 18 iyul.- S.7.