143 illik şərəfli
tarix
Media kapitanları Azərbaycan mətbuatının
inkişaf yollarından danışdılar
Hadisələrə obyektiv
yanaşan, gizli mətləblərin gün üzünə
çıxmasında böyük rolu olan, bəzən
insanları düşündürən, bəzən isə
yol göstərən jurnalistlərin bayramıdır. 143 illik tarixi olan Azərbaycan jurnalistikası bu
gün özünün yeni mərhələsini
yaşayır. Hər nə qədər zaman dəyişsə
də,
çağdaş jurnalistikanın nümayəndələri
təməl prinsiplərə və missiyalara söykənərək
fəaliyyətlərini davam etdirirlər. Biz də
143 illik şərəfli və çətin yol keçən
mətbuatın ad günündə media kapitanlarının təəssüratlarını
öyrəndik.
"Bu, mətbuatın
qələbəsidir”
APA
agentliyinin baş direktoru Vüsalə Mahirqızı
"Kaspi”yə açıqlamasında bayram münasibətilə
həmkarlarını təbrik etdi və 143 ildə Azərbaycan
mediasının kifayət qədər böyük mərhələlər
keçdiyini vurğuladı: "Bu günə gələnə
qədər biz yazmağın qadağan olduğunu, mətbuatın
senzuraya məruz qaldığını, təqib olunduğunu,
Həsən bəy Zərdabidən indiyə qədər qəzet
çıxarmağın nə qədər çətin
iş olduğunu görmüşük. Amma
müasir media senzurasız fəaliyyət göstərir, bu
gün Azərbaycanda medianı hansısa dövlət strukturu
nəzarətdə saxlamır, özünənəzarət
mexanizmi olan Mətbuat Şurası vasitəsilə media
özü özünü idarə edir. Eyni
zamanda media cəmiyyətə ictimai nəzarət
funksiyasını həyata keçirir, azad internetin olduğu
bir ölkədə fəaliyyət göstərir. Bu, bizim mətbuatımızın qələbəsidir”.
Həmsöhbətimiz
vurğuladı ki, 143 illik dövrdə Azərbaycanda
jurnalistika məktəbi yaranıb: "Həsən bəy Zərdabidən
sonra ənənəsi olan onlarla məşhur jurnalistlərimiz,
qəzetlərimiz var. Onlardan biri də elə "Kaspi”dir.
Müstəqillik dövründə uzun müddətli fəaliyyət
göstərən media qurumlarımız var ki,
artıq özlərinin məktəbini
formalaşdırıblar. Artıq mediada bizi
dünyada tanıda biləcək jurnalistlərimiz yetişir,
kifayət qədər sanballı media qurumlarımız fəaliyyət
göstərir. Onlar təkcə özləri
üçün deyil, digər media qurumlarına da kadr ixrac
etməklə məşğuldurlar. Yəni
bütün bunların hamısı böyük ənənələrdir.
Ənənələrin, məktəblərin
yaranması ölkə mediasının tarixi üçün
mühüm prosesdir”.
Azərbaycan
mətbuatının gələcəyindən danışan
media kapitanı bütün jurnalistləri təbrik etdi və
medianın daha rəngarəng olmasını arzuladı:
"Sosial şəbəkələrin mediaya inteqrasiyası, cəmiyyəti
çaxnaşmaya salan xəbərlərin yayılması
bütün dünyada müzakirə edilən məsələlərdir.
Arzu edirəm ki, sosial şəbəkələr
üzərindən xəbərlər vasitəsilə nifrətə,
kinə çağırışların qarşısı
alınsın və Azərbaycan mediası da dünyada gedən
bu cür müzakirələrdə aktiv iştirak etsin. Mediamızın beynəlxalq müstəviyə
inteqrasiyasını arzu edirəm”.
"Mətbuat
millətin inkişaf
tarixində təkanverici mərhələdir”
"Yeni
Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Hikmət Babaoğlu mətbuatın inkişaf
tarixində uzun və mürəkkəb yol keçdiyini
vurğuladı: "Ümumiyyətlə, mətbuatın
ictimai institut kimi formalaşması tarixi o qədər qədim
olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat
tarixi Orta Asiya və Şərqi Avropa ölkələri
sırasında birincilərdəndir. Mətbuat, ilk növbədə,
intellektual sfera olduğu üçün, heç şübhəsiz
ki, onun formalaşmasını təmin edəcək intellektlərin,
ziyalıların, qələm sahiblərinin, yazarların
olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin
bu cür insanları yetişdirməsi vacibdir. Əgər
hər hansı bir sosium bu işin öhdəsindən tarixi
missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının
inkişafı da, tarixi də bir qədər daha sonrakı
dövrlərə təsadüf edir. Ancaq
heç şübhəsiz ki, gec və ya tez olmasından
asılı olmayaraq, hər bir millətin milli mətbuatı
onun inkişaf tarixində təkanverici bir mərhələdir.
Çünki mətbuat milli kimliyi
formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda,
milli maarifləndirməni həyata keçirir, milli mentalitetin
formalaşmasında aparıcı komponentlərdən biri kimi
iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının
tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir
ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat
nümunələrini ortaya qoya biləcək ziyalıları
yetişdirmək iqtidarında olan intellektual gücə və
potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ
o dövrdə kifayət qədər intellektual əsaslarda
formalaşan bir sosium idi”.
H.Babaoğlu
ölkədə KİV-in və jurnalistlərin problemlərinin
həlli istiqamətində xüsusi tədbirlər
görüldüyünü vurğuladı: "Jurnalistlərin
dostu olan Prezident İlham Əliyev mətbuat işçilərinin
mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam
verdi. 2013-cü ildə dövlət
başçısının iştirakı ilə jurnalistlər
üçün 156 mənzilli bina, 2017-ci ildə isə 255 mənzilli
bina istifadəyə verildi. Hazırda isə
üçüncü yaşayış binasının
tikintisi davam edir. Bütün bunlar
jurnalistlərə münasibətdə yüksək səviyyəli
qayğının zirvəsidir. Çünki
Müstəqil Dövlətlər Birliyi məkanında
heç bir dövlət başçısı tərəfindən
mətbuata bu qədər yüksək qayğı və diqqət
göstərilməyib. 143 yaşlı
milli mətbuatımız ötən zaman ərzində
böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata
xüsusi dövlət qayğısı və diqqətinin
mövcud olması, eyni zamanda, söz, fikir və
özünüifadə azadlıqlarının ən yüksək
səviyyədə təsbit edilməsi, mətbuatın
maddi-texniki və maliyyə bazasının gücləndirilməsi,
media institutunda təmsil olunan şəxslərin səmərəli
fəaliyyəti üçün əlverişli şəraitin
yaradılması və digər bu kimi amillər milli mətbuatımızın
inkişafını şərtləndirən fundamental
faktorlar kimi dəyərləndirilməlidir”.
"Senzuranın
ləğvi Azərbaycan mətbuat tarixində şərəfli
hadisə idi”
"İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
ölkəmizdə söz, fikir azadlığına kifayət
qədər diqqətin yetirildiyini vurğuladı: "Mətbuatın
maddi-texniki bazasının möhkəmləndirilməsi,
jurnalist peşəkarlığının və məsuliyyətinin
artırılması istiqamətində həyata keçirilən
tədbirlər, KİV-lərə birdəfəlik maddi
yardımların verilməsi müstəqil mətbuatın
inkişafına təkan verir. Bu günlərdə
Prezident İlham Əliyevin ölkədə nəşr olunan
qəzetlərə maliyyə yardımının
ayrılması haqqında Sərəncamını xüsusi
qeyd etmək istərdim. Sənədə əsasən, qəzetlərə
birdəfəlik maliyyə yardımı göstərmək
üçün Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna (KİVDF) bir milyon manat ayrılması mətbuata
dövlət qayğısının yeni parlaq təzahürüdür”.
Baş
redaktor vurğuladı ki, Azərbaycan mətbuatı Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra demək
olar ki, tam mənada müstəqil mətbuat kimi formalaşmağa
başladı: "Düzdür, 90-cı illərin əvvəllərində
mətbuata kifayət qədər basqıların təzyiqlərin
şahidi olmuşuq. Amma ümumilli liderin hakimiyyətə
qayıdışından sonra bütün sahələrdə
olduğu kimi, mətbuata da xüsusi diqqət yetirdi. Bu gün də Azərbaycan mətbuatı öz fəaliyyətini
tam sərbəst davam etdirir. Senzuranın ləğvi
Azərbaycan mətbuat tarixində çox şərəfli
bir hadisə idi. KİV-in üzərindən dövlət
nəzarətinin götürülməsi müstəqil mətbuatın
inkişafına kifayət qədər böyük təkan verdi”.
Müsahibimiz sonda mətbuatın 143-cü
ildönümü münasibətilə bütün həmkarlarımızı
təbrik etdi və onlara yeni-yeni yaradıcılıq
uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə
davamlı töhfələr verməyi arzuladı.
Aygün ƏZİZ
Kaspi.- 2018.- 21-23
iyul.- S.5.