Ürəyinin sözünü kəsənlərin romanı

 

Aleksandr Dümanın "Qraf Monte Kristo" romanı barədəki "Ürəyinin sözünü kəsənlərin romanı" adlı yazını təqdim edir:

 

  Ata Dümanın bu fövqəltəbii istedad nümunəsi olan əsərini, yəqin ki, oxumusunuz. Kitaba əliniz dəyməyibsə belə, yenə də bu əsəri oxumamış sayılmazsınız. Çünki "Romeo və Culyetta” macərası kimi "Qraf Monte Kristo” əsasında çəkilmiş seriallar, film adaptasiyaları, qulaqdandolma məlumatlar, hekayənin beynəlxalq reputasiyası sizi lazımı qədər informasiya ilə təmin edib.

  Müəllifin romanda müxtəlif qaynaqlardan və hadisələrdən ilham aldığı deyilir. Romanı oxuduqca "Minbir gecə nağılları”ndakı Şəhrazadın macəradan-macəraya keçid sürəti hiss edilir. Burada isə macərapərəsti irəliyə aparan azalmayan intiqam duyğusudur. Əldə etdiyi sərvət, güc, lüks həyat belə qəhrəmandakı bu amansız duyğunu söndürə bilmir. Zamanla sadəcə onun həyatının, gələcəyinin üstünü gözünü yummadan qaralayan insanları yox, ailələrini də cəzalandırmaq fikrindən qorxmayan qəhrəman bu gücün ona İlahi ədalətin yerini tapmasına kömək etməsi üçün göndərildiyini düşünür. Əslində, bu romandakı bütün qəhrəmanlar mübarizəyə davamlı, güclü qəhrəmanlardır. Amma heç biri Qraf qədər iradəli, cəsur və ovsunlayıcı deyil.

 "Qraf Monte Kristo”-nun yazılma, yayımlanma hekayəsi də uzundur. 1844–46-cı ildə Düma bu romanı hissə-hissə "Journal des Debats” dərgisində yayımlatdırıb. 18-ci nömrədən sonra bu hissələr 1276 səhifəlik bir toplu halına salınıb. Əsərin adında işlədilən Monte Kristo Elbanın cənubunda yerləşən Krist dağından götürülüb. Bəzi mənbələrə görə, əsərin adında Krist sözünü işlətməklə Düma sanki Dantenin bu qurtuluş, diriliş və intiqam hekayəsini təmizə çəkir, ona bir haqq mübarizəsi donu biçir. "Qraf” rütbəsinin başlıqda yer alması da təsadüfi deyil. Napoleon yürüşləri dövründə Paris zadəgan cəmiyyətindəki bu nüfuzlu rütbənin sahibini baş qəhrəman seçməklə, Düma onlara, əslində, sahib olduqları hər şeyin alınıb-satıla biləcəyini işarə edir.

 Roman macəra janrına aid olsa da, tənqidçilər 1844-cü ildə 1815-35-ci illərin hadisələri üzərində mərkəzləşdiyi və dövrün Fransasının siyasi, hərbi, iqtisadi vəziyyətini, zadəgan sinfin həyat tərzi və şərtlərini olduğu kimi təsvir etdiyi üçün onu həm də tarixi-macəranın mükəmməl nümunəsi sayırlar. Dümanın ali sinfin həyat tərzini qüsursuz təsvir etməsi isə birbaşa onun özünün bu insanların arasında böyüməsindən irəli gəlir. Atasının hərbçi olması Aleksandra hər sinifdən insan tanımaq fürsəti vermişdi. Bu isə bir yazıçı kimi onu bütün yaradıcılığı boyu böyük imtiyazla təmin edib.

 

  İntiqam hokum

 

 Birmənalı şəkildə "intiqam hekayəsi” kimi təqdim olunan "Qraf Monte Kristo” romanı dünya ədəbiyyatının artıq "antik klassika” siyahısına düşüb. İtalyan yazıçı Aleksandr Dümanın hər bir təsvirdə qüsursuz ədəbi üslub sərgilədiyi romanın qəhrəmanları da danışılan hekayə qədər unikal, dərin, cəsur və məqsədyönlüdürlər. Dümanın qurduğu süjet olduqca geniş, qarışıq, zaman-zaman gülməlidir. Amma romanı zənginləşdirən təsadüfləri o qədər mükəmməl sıralayır ki, Dikenzin belə "üzü qızarır”. Ona görə də bu macəra romanı 1800-cü illərin ədəbi mühitində qasırğa effekti yarada bilmişdi.

 Günahsızlığın haqsız ittihamından bəhs edən bütün romanlar üçün etalon hesab edilən "Qraf Monte Kristo” oxucuya da, nəsə öyrənmək istəyən yazıçıya da mükəmməl bir şah əsər haqqında bütün müfəssəl məlumatı elə mütaliə prosesində ötürür. Bu əsər yuxarıda qeyd etdiyimiz kimi iki il silsilə şəklində yayımlanıb, ələ-ovuca sığışmayan bir formatda işıq üzü görsə də, uzunmetrajlı təsvirlər, qəhrəmanlara yeni yollar göstərən monoloqlar, intriqa və həyəcanı artırmaq üçün ana xəttə əlavə edilən dialoqlar mindən çox səhifə boyu uzansa da, romanın axıcı dili oxucunu qətiyyən yormur. Əsərin ilk hissələrini daha da oxunaqlı edən isə intriqanın və xəyanətin başlaması deyil. Düma əsrin bonapartist qarşıdurmalarını, fransız siyasətçi və iqtisadçıların korrupsioner əməlləri, maliyyə fırıldaqları, birja hiylələrini o qədər dərin həvəs və maraqla təsvir edir ki, romanın əvvəlində oxucu baş qəhrəman Edmund Dantenin taleyini tamamilə unudur. Bu hissədə canlandırılan obrazlarda xüsusi bir dərinlik yoxdur.

 Burada sadəcə bir intiqama necə hökm verildiyi ilə tanış oluruq. Özünü, duyğularını hər zaman haqq-hesab etməyə hazır bir qəhrəmanın doğuluşunu izləyirik. Düma həyatının hesabatını istəmək üçün hər şeyə əl ata biləcək, şeytanları Tanrının öz qılıncı ilə cəzalandıran "intiqamçı-mələk”i ustalıqla yaradır. Emosional və həssas Dante ağlını, gücünü və duyğularını idarə etməyi öyrənir.

  

 Kədər hər zaman daha təsirli silahdır

 

 Oxucunu özünə çəkən digər incə məqam isə Dümanın yaratdığı obrazların qorxunc pis əməl istedadı və bir-birindən geri qalmayan bədbəxt təsadüflərdir. Baş qəhrəmanın bütün insani duyğulardan arınıb, humanist addımları, insan hüquqlarını müdafiə edən bir zadəgan simasında yenidən ana xəttə qarışması ilə hadisələr yenidən dərinlik qazanır. Sonsuz sərvət sahibi olan Qraf qısa zamanda özünü xüsusi hesab edən ali sinfin rəğbətini qazanır, intiqam almaq istədiyi insanların ən özəl sahələrinə yol tapır. Pul və hiylə ilə ətrafdakı hamının həyatına hökm etməyə başlamış Dante hadisələri yenidən intriqanın, ziddiyyətin içinə çəkir. Romana yenidən eşq, ehtiras, intiqam, ağıl və duyğu oyunları qarışır. Obrazların rahat yola çəkdiklərini düşündükləri hekayə yenidən məcrasından çıxır. Dante həyatı yenidən yazmağın planlarını qurmaqla keçirdiyi 14 ildə o qədər dəyişir ki, bu dəfə oxucu onun yeni siması və xarakteri fonunda əvvəlki mənfi obrazları unudur. Qraf oxucuya əzabların əvəzini çıxmaq, böyük bir həyatın, xoşbəxt xəyalların intiqamını almaq kimi real insani duyğulardan yoğurulduğu üçün bir o qədər də doğma gəlir. Ümumiyyətlə, ədəbiyyat tarixinə nəzər salsaq, görərik ki, nə qədər sıradan da olsa, intiqam hissi ilə bəslənmiş bir qəhrəmanın hekayəsi az hallarda zamanla aşılanır. Bəlkə də, Dümanın Qrafına ölümsüzlük qazandıran da məhz bu nüansdır. Dantenin gücünü intellekt, pul, tükənməz intiqam alovu və anonimlikdən alması onu müasir qəhrəmanlardan fərqləndirən əsas keyfiyyətlərdir. Bu bir macəra romanı kimi yazılsa da, müəllif süjeti baş qəhrəmanın psixoloji transformasiyadan keçən portreti üzərində cəmləşdirir. Zaman-zaman onun dəyişmə prosesi  arxa planda qalsa da, romanın fərdin evolyusiyası üzərində qurulması onu bütün zamanlarda ədəbiyyatın diqqət mərkəzində saxlayır. Edmond Dantenin sadə və gələcəyi parlaq bir dənizçidən ona gəncliyində qurulan hiylənin intiqamını almaq üçün bütün rəqiblərinin xüsusiyyətlərini geyinmiş aristokrat qrafa çevrilməsinin analizi burada Dümanın əsas hədəfidir.

 Romanın ana xəttində bədniyyətli obrazların, uğursuz hadisələrin uğurlu bir insan yaratması ideyası da boy göstərir. Belə ki, hekayənin əvvəlində Dante çəhrayı xəyalları və gözləntiləri ilə yaşayan, mübarizə aparmağı bacarmayan, saf, ağlı buludlarda gəzən bir gəncdir. Hətta romanın bir yerində - onun mübarizədən imtina edib, özünü öldürmək istəməsi səhnəsində, əslində, nə qədər zəif olduğunu da görürük. Lakin, həyatının bəlkə də, ən xoşbəxt təsadüfü də elə ümid və qərarın heç bir məna kəsb etmədiyini düşündüyü yerdə yaşanır. Gənc və başına nə gəldiyini aydınlaşdıra bilməyən təcrübəsiz Edmund Farya ilə qarşılaşır. Elə bu qarşılaşma ilə romanda Dümanın hədəflədiyi – quzudan tülküyə transformasiyanın ilk mərhələsi yaşanır. Farya Dantedə insanı həyata bağlayan, bir ömür düşmən qalmağa hökm edən intiqam hissini alovlandırır. Ona həbsinin arxasında duran hadisələri və bu gedişatı idarə edənləri bir-bir göstərir, Edmunda real səbəblər, hədəflər verir. Bu halda dəyişimdən başqa bir çıxış ola bilməzdi, çünki insan ən yaxşı dərsləri elə öz həyatında yaşananlardan çıxarır.

Faryanın ölümündən sonra azadlığa çıxan baş qəhrəmanın yeni simasını, obrazını yaradarkən Düma romanın əvvəlindəki Danteyə simvolik ölüm yaşadır. Bu yeni Edmund, Qraf ürəyi donmuş, nəhəng və qorxulu dalğalara özünü gözünü qırpmadan vuracaq, divarları, sərhədləri, müqəddəsləri olmayan bir obrazdır. Faryanın yön verdiyi xəzinə isə onun üçün ilk hədəf idi. Monte Kristo xəzinələrini tapmaq Edmunda özünü başdan yaratmaq imkanı verir. Düma bütün zamanlar üçün doğruluğunu sübut edə bilmiş bir həqiqəti də burada ucaldır – bütün dəyişikliklər pul hesabına baş verir.

 

Qrafın hekayəsi haqqında

 

 1. Romanın əsas hekayəsi Venqfuldan olan ayaqqabıçı Pikaudun "Paris Polis Arxivi”ndə sənədləşdirilmiş real həyatından götürülüb.

 2. "Qraf” obrazı Aleksandr Dümanın atasının simasında yaradılıb.

 3. Düma Monte Kristo dağını 1842-ci ildə Napoleonun qardaşı Jerom Bonapartın oğlu ilə çıxdığı dəniz səyahəti zamanı görüb.

 4. Romanın kitab formasında işıq üzü görən ilk nüsxələrinin hamısında adı səhv yazılıb  - "The Count of Monte Christo”. 1860-cı ildən "Christo” – "Cristo” ilə əvəz edilib.

 5. Romanın jurnalda dərc olunmuş versiyalarında müəllif homoseksual münasibətlərin təsvirinə yer verib. Kitab versiyasında Danqlar və musiqi müəllimi arasındakı bu münasibətə yer verilən səhnələr ixtisar olunub. Həmin səhnələrə bir də 150 il sonra romanın ingilis dilinə tərcüməsində yer verilib.

 6. Əsər ingilis dilinə ilk dəfə 1850-ci illərdə ingilis yazar Tomas Hardinin xanımı Emma Lavinia Gifford tərəfindən tərcümə olunub. Amma niyəsə xanım Gifford həmin nüsxəni yayımlayaraq, ictimailəşdirməyib.

 7. Əsərin ingilis dilində olan bir başqa təməl versiyası isə 1846-cı ilə aid olsa da, müəllifi məlum deyil.

 8. "Qraf Monte Kristo” Avropada müxtəlif dövrlərdə aparılmış sorğularda qərbin ən çox sevdiyi roman seçilib.

 9. 1996-cı ildə romanı daha sadə dillə dərc etdirmiş "Penguin Classics”-in direktoru Robin Bus kəskin tənqid və etirazla qarşılanıb, onun öz diliylə təqdim etdiyi kitab protest olunaraq, bütün nüsxələri məhv edilib.

 10. Roman dünya ədəbiyyatında ən çox ekranlaşdırılan nümunələrdəndir. Qrafın hekayəsinə 40 dəfə müraciət edilib.

 11. 1920-ci ildə İsveç, Fransız və Kaliforniya mətbəxini birləşdirən nəhəng və dünyaca məşhur sendviçin adı da bu romandan götürülüb – Mont Krist.

 

 Elcan Salmanqızı

 

 Məqalədə istifadə olunan mənbələr:"bookstop.wordpress.com”, "shmoop.com”, "paperguide.com”, Meycik   Arbeyterin "mentalfloss”-dakı məqaləsi və Adam Robertsin "Valve” ədəbi dərgisindəki məqaləsi

 

Kaspi.- 2018.- 21-23 iyul.- S.24.