Atam məni ilk dəfə universiteti bitirdikdən sonra öpüb

 

Yadigar Məmmədli: “Bizim vaxtımızda əsl dostluq anlayışı var idi”

 

Deyir ki, birini sevmək gözəl duyğudur. Sevgi insanı tərbiyələndirir, pis əməllərdən uzaqlaşdırır, mənəvi aləmini təmizləyir. Ona görə sevginin konkret bir forması yoxdur, hamı eyni cür sevə bilməz. Rubrikamızın budəfəki qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlidir. Qonağımızla uşaqlıq və gənclik illərindən danışdıq.

 

Evin bütün yükü böyük kimi mənim üzərimə düşdü

 

Y.Məmmədli 1961-ci ildə İranla sərhəddə yerləşən Astaranın Qapıçıməhlə kəndində dünyaya gəlib. Ailəsi sovet dövrünün zəhmətkeş və dindar ailələrindən olub. 10 uşaqlı evin ən böyüyüdür. Atası Cənubi Azərbaycandan köçmə olduğu üçün həmişə oranın həsrəti ilə yaşayıb. Burada qohum-əqrəbası olmayıb. Elə ona görə də evdə uşaqların çox olmağını istəyib: "Uşaqlığım yaxşı keçib. Deyə bilmərəm ki, nəyinsə çətinliyini, yoxsulluğunu çəkmişəm. Atam nə qədər ki sağ idi, evimizin bütün yükünü öz öhdəsinə götürmüşdü. Özü oxumasa da, övladlarının təhsilli olmağı üçün əlindən gələni edirdi. Və oldu da, hamımız ali təhsil aldıq. Evdə 4 bacı, 6 qardaş olmuşuq. Açığı, bəzən atamdan soruşardım ki, bu qədər çox uşaq nəyə lazımdır? O isə bunu belə izah edərdi ki, "mən burada tək olmuşam, kömək edənim, əl tutanım olmayıb. İstəmədim ki, siz də mənim kimi təklik yaşayasınız. Çox olun ki, sabah mən olmayanda bir-birinizə arxa-dayaq olasınız”. Təəssüf ki, atamı çox erkən - 56 yaşında itirdik. Bundan sonra evin bütün yükü böyük kimi mənim üzərimə düşdü. Bu, əslində, çox məsuliyyətli və ağır yük idi. Amma buna baxmayaraq, mən heç vaxt üzərimə düşən bu işdən yorulmadım, sevərək gördüm. Çünki qarşılığını alırdım. Qardaş-bacılarımın mənə olan hörməti, sevgisi bunun qarşılığı idi, görürdüm ki, etdiklərim boşa getmir”.

  

O dövrün bütün kişiləri üçün xarakterik bir xüsusiyyət

 

Həmsöhbətim deyir ki, ataları dindar və olduqca mühafizəkar kişi olub. Anaları ilə dost olsalar da, atalarından qorxublar. Atalarının nə isə sözü olanda xanımı vasitəsilə uşaqlara çatdırırmış. Elə uşaqlar da atalarına olan sözlərini analarının köməkliyi ilə deyirmişlər: "Atam dininə bağlı, mühafizəkar biri idi. Həmişə övladları ilə aradakı pərdəni saxlayardı. Əslində, bu, o dövrün bütün kişiləri üçün xarakterik xüsusiyyət idi. Bəlkə də, "məni ilk dəfə universiteti bitirdikdən sonra öpüb” desəm yalan olmazdı. Hətta bir dəfə anamla söhbəti zamanı eşitdim ki,  məni hansısa müəllimim atama tərifləyib. Bununla nə qədər qürrələnsə də, bizə bildirməzdi. Bütün bunlara baxmayaraq, daim təhsilin tərəfdarı olub. Həmişə deyərdi ki, oxumaq mütləq lazımdır. Gərək oxuyasan, dünyanı dərk edəsən, dünyagörüşün artsın ki, kiməsə kömək edə biləsən. Savadsız, kimdənsə asılı olan insan nə edə bilər?”.

 

                      Ağlamaqdan gözümün suyu qurudu

 

"Dəcəl olmaq, şıltaqlıq etmək uşaqlığın bir göstəricisidir” deyən Yadigar bəy bildirdi ki, hər yaş dövrünün özünəməxsus xüsusiyyəti var və gərək, uşağa uşaqlığını yaşaması üçün şərait yaradılsın: "Bir oğlum, bir qızım var. Oğlum qıza nisbətən bir az  dəcəl olub. Onun niyə bu qədər dəcəl olduğunu düşünəndə mənə deyirdilər ki, "sən də uşaq vaxtı belə dəcəl olmusan”. Əslində, bir az düşünəndə anlayırsan ki, dəcəllik, şıltaqlıq uşaqlıq dövrünə xas xüsusiyyətdir. Uşağı bir az rahat buraxmaq lazımdır. İnsana uşaqlığından qadağalar, tabular qoyularsa, inanmıram ki, o, gələcəkdə şəxsiyyət kimi yetişə bilsin. Təbii ki, hər şey müəyyən bir çərçivə daxilində olmalıdır. Uşağı nə çox sıxmaq, qadağalarla böyütmək, nə də çox sərbəst buraxmaq olar”.

 

Müsahibim məktəb illərindən yadında qalan bir xatirəni də bizimlə bölüşdü: "Məktəb vaxtı yaxşı oxuyan uşaq olmuşam. Bir müəllimimiz var idi, ondan çox qorxardıq. Bütün günü əlində xətkeşlə gəzərdi. Düzdür, onunla bizi vurmurdu, amma onun xətkeşlə sinifdə o tərəf, bu tərəfə getməsi belə adamı vahiməyə salırdı. Bir gün dərsdən qayıdanda evimizin yanındakı arxı keçərkən çantam suya düşdü. Bütün dəftər, kitabım su oldu. O dövrdə də mürəkkəblə yazdığımız üçün, bütün mürəkkəb dəftərlərimə axdı. Həmin gün ağlamaqdan gözümün suyu qurudu. Əslində, buna görə atamın məni danlayacağını düşünürdüm. Amma əksinə, o, mənə təskinlik verərək sakitləşdirdi”.

 

"Padyom, yoxsa odboy”

 

Uşaq vaxtından humanitar fənləri çox sevib. Xüsusilə , ingilis dili ədəbiyyata böyük marağı olub. Məktəbin son illərində qələmi əlinə alaraq yazı-pozu işlərinə başlayıb. Beləcə tale onu jurnalistikaya gətirib. Xüsusi bir kumiri, yönləndirəni olmayıb. O zamanlar jurnalistikanın cazibədarlığı gənc Yadigarı özünə çəkib. Ali təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində alıb. Həmsöhbətim deyir ki, universitet illəri insan üçün həmişə ən yadda qalan xatirələrlə dolu olur: "Məktəb illərindən fərqli olaraq bu dövr daha yaddaqalan olur. Yeni insanlar tanıyır, əlaqələr qurursan. Həmin dövrdə bizi pambıq yığımına aparardılar. Düşünürəm ki, ən maraqlı xatirələrin bəziləri orda olub. Hər dəfə yığıma gedəndə bir müəllim bizə nəzarətçi olurdu. Bir gün müəllimlərdən biri bizi oyatmağa gəlir bərkdən qışqıraraq "odboydeyir, biz təbii ki, bunu eşidirik, amma heç birimiz yerimizdən qalxmırıq. Hamımız yorğanı başımıza çəkib, gülüşürük. Müəllim oyanmadığımızı görüb əsəbiləşən zaman, uşaqlardan biri yorğanı üstündən atıb gülərək "ay müəllim, axı, siz "padyomdemirsiz, "odboydeyirsiz (gülür)”.

 

Əsgərlikdən qaçış planı

 

Əsgərlik dönəmindən danışan Y.Məmmədli deyir ki, insan ən yaxın dostlarını məktəb, universitet illərində əsgərlik dövründə qazanır: "Hərbi xidmətim 1983-cü ilə təsadüf edir həmin vaxt sovet ordusunun ən güclü olduğu zamanlar idi. Hərbi mühitə, şəraitə alışmağımız çətin oldu. Bir dəfə sözü bir yerə qoyub hərbi hissədən qaçdıq. Məsələnin maraqlı tərəfi burasıdır ki, necə olubsa, Amerikanın "Azadlıqradiosu bundan xəbər tutub, buna siyasi çalar verərək sovet ordusunun kütləvi etiraza qalxdığını, əsgərin ordunu tərk etdiyini deyib. Amma əslində, elə ciddi məsələ deyildi, bu, bizim ərköyünlüyümüzdən irəli gələn sadə qaçış planı idi (gülür)”.

  

İlk addımı mən atdım

 

Sevgini insanın daxili tərbiyəsi sayan müsahibimlə gənclik illərindəki məhəbbətlərdən danışdıq: "İnanmıram, elə bir insan olsun ki, onun ilk məhəbbəti olmasın. Düşünürəm ki, hər yaş dövrünün öz məhəbbəti olur. Mən bunu oğlumda da müşahidə etmişəm. Oğlum qonşumuzun qızı ilə bir bağçaya gedirdi. Hiss edirdim ki, həmin qızdan xoşu gəlir. Tez-tez onlara oyun oynamağa gedirdi, ya da qızı bizə dəvət edirdi. Sonra məktəbə getdi, orda da başqa qızdan xoşlanmağa başladı. O zaman düşünürsən ki, əslində əksər insanda belə olur. İnsan əsl sevgisini tapana qədər, çox qızdan xoşu gəlir. Birini sevmək gözəl duyğudur. Sevgi insanı tərbiyələndirir, pis əməllərdən uzaqlaşdırır, mənəvi aləmini təmizləyir. Sevginin konkret forması yoxdur, hamı eyni cür sevə bilməz”.

 

Qrup yoldaşı ilə ailə quran Yadigar bəy deyir ki, ilk vaxtlar aralarında sevgi olmayıb. Bir-birlərini zamanla tanıyaraq seviblər: "Mən çox ünsiyyətcil, qrupda hamı ilə əlaqəsi olan biri idim. Qrupumuzda hər kəslə dostluq edirdim. Dost kimi kinoya, teatra gedirdik, birlikdə vaxt keçirirdik. Yəni, bizim vaxtımızda əsl dostluq anlayışı deyilən bir məfhum var idi. Amma indi qızla oğlanın birlikdə gəzməyinə başqa mənalar yükləyirlər. Xanımımla münasibətim ilk olaraq dost kimi başladı. Ancaq bir müddət sonra hiss etdim ki, duyğularım dostluqdan çıxır. Zaman keçdikcə ondan ötrü darıxmağa başladım. Bu, başqa cür darıxmaq idi. Çünki bilirdim ki, insan dostu üçün belə darıxmaz. Onu da deyim ki, bunlar birdən-birə olmadı. Tədricən bir-birimizi qısqanmağımız münasibətimizin irəliləməsinə şərait yaratdı. Dediyim kimi, çox ünsiyyətcil insan olduğumdan hamı ilə əlaqə saxlayırdım hiss edirdim ki, bu, qarşı tərəfdə qısqanclığa səbəb olur. Eynisi məndə olurdu. O, başqa biri ilə kinoya, teatra gedəndə içimdə qısqanclıq hisləri duyurdum. Düşünürdüm ki, niyə mənlə getmir, niyə mən onun yanında deyiləm? Hətta rəfiqələrinə qısqanırdım. Belə-belə hiss etdik ki, bizimki artıq dostluq çərçivəsini aşır. Hislərimi dilə gətirərək ilk addımı mən atdım. Münasibətimizi bərkidən isə bizim tez-tez dalaşmaqlarımız oldu. O, başqası ilə səmimi olanda, şirin söhbət edəndə xoşum gəlmirdi bunu büruzə verə bilmirdim. Bu, mənim qəlbimdə qalırdı, başqa məsələdə heyfimi çıxırdım (gülür)”.

 

Bəlkə , alın yazısı belə idi...

 

İnsanın həyatında acılı-şirinli xatirələr çox olur. Hər bir xatirə bizim üçün doğmadır. Qardaşını gənc yaşda itirməsi Yadigar bəy üçün acı xatirədir: "Qardaşım uzun illər Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. Evimizin ən balacası idi. 7 il sərhəd bölgəsində xidmət etdikdən sonra Bakıya gəldi, onu evləndirdik. Ailə qurmağından 1 il keçmişdi ki, adi bir avtoqəzada dünyasını dəyişdi. Niyə adi deyirəm, çünki həmin maşında heç kimin burnu belə qanamır, hətta öndə oturanlara belə heç olmur, amma qardaşım arxada oturmağına baxmayaraq, ölür. Bəlkə , alın yazısı belə idi”.

 

Sonda gənclərə məsləhət verən həmsöhbətim deyir ki, uşaqlar valideynlərindən çox doğulduqları zəmanəyə oxşayırlar: "Bugünkü gənclik çox böyük potensiala sahibdir. Hər cür şəraitləri var. Əllərindəki kiçik telefonla çox böyük işlər görə bilərlər. Hazırda bəzi insanlar gənclərə məsləhət verməyi xoşlayır. Amma məsləhət vermək yox, onları anlamaq lazımdır. İndiki gənclik bizim itirdiklərimizə sahibdir. Sahib olduqlarından yaxşı istifadə edib, öz üzərlərində işləsinlər”.

 

Günel Azadə

 

Kaspi.-2018.-1 iyun.-S.12.