“Rəhbər işləyən hər kəs insanlarla dil tapmağa bacarmalıdır”

 

Mingəçevir Teatrının direktor müavini Vüsal Məmmədov: “Həm ölkəmizin, həm də şəhərimizin ictimai-siyasi həyatında daha aktiv rol oynamaq istəyirəm”

 

Bu gün nəinki paytaxtdakı, bölgələrimizdəki gənclərin də uğurlarını izləyirik. Bu günkü müsahibimiz Mingəçevir Dövlət Dram Teatrının gənc direktor müavini Vüsal Məmmədovdur. Yaşının az olmasına baxmayaraq, müsahibimizin bu vəzifədə 8 illik təcrübəsi var. Özüdeyir ki, idarəetmə məsələlərində əsas prinsip təşkilatçılıq bacarığından qaynaqlanır.

 

- Vüsal bəy, sizi daha yaxından tanımaq istərdik.

- İlk olaraq müsahibə üçün təşəkkür edirəm. "Kaspi” qəzeti və saytının, eləcə də sizin yazılarınızın daimi oxucusuyam. Mətbuat aləmində bizim teatrın ən yaxın dostlarından birisiniz. Bu isti münasibətə görə kollektivinizə və sizə təşəkkür edirəm.

 

Mən 1985-ci ildə Bərdə şəhərində anadan olmuşam. 1992-ci ilədək Bərdə şəhər 4 saylı orta məktəbində təhsil almışam. Daha sonra isə Bakı şəhər 58 saylı orta məktəbində təhsilimi başa vurmuşam. Fəal şagird olmuşam, daim axtarışda olan, müəllimlərimlə bəzi məsələlərdə geniş müzakirələr aparan biri idim. Sinif yoldaşlarım və müəllimlərim bəzən məni Türkiyə aşiqi, bəzən bütöv Azərbaycan carçısı deyə çağırırdılar. Uşaqlıqdan məndə Güney Azərbaycana, Qarabağa sonsuz bir məhəbbət olub. Hər zaman da bu məsələyə həssas yanaşmışam. Yəni bu gün müəllimlərimdən və sinif yoldaşlarımdan məni xəbər alsanız, yadlarında Təbriz, Şuşa həsrəti ilə yanıb-yaxılan bir şagird kimi qalmağımın şahidi olarsınız.

 

 

- Niyə məhz Güney Azərbaycan, Qarabağ mövzusunda həssassınız? Bu sizdə haradan qaynaqlanır?

- Bərdədə anadan olduğum üçün uşaq yaşlarımda Tərtər və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edənləri görürdüm. Xocalı faciəsinin qurbanlarını, oradan məcbur qaçıb gələn insanların durumunu öz gözlərimlə görmüşəm. Məhz bu səbəbdən Qarabağ mənim üçün həssas nöqtədir. Qaldı Güney Azərbaycana, uşaq yaşlarımda tarix kitablarında millətimizin iki yerə bölündüyünüindiki İran ərazisində 35 milyon soydaşımızın yaşadığını oxuyurdumbu mövzu məni narahat edirdi. Vətənimizin iki hissəyə parçalanması mənə çox təsir etdi.  Fikirləşirdim ki, 50 milyonluq bir Azərbaycan, yanımızda da qardaş dövlət - 80 milyonluq Türkiyə. Belə bir dövlətdə yaşasaydıq, dünyada Azərbaycan gəncindən xoşbəxt kim ola bilərdi?.. Cənab prezident hər dəfə deyəndə ki mən 50 milyon azərbaycanlının prezidentiyəm, hər zaman dua edirəm ki, o arzumuz hüquqicoğrafi olaraq gerçəkləşsin. Hazırkı dinamik inkişafımız, hərbi gücümüz, düzgün beynəlxalq siyasətimizlə son nəticədə bu arzumuza nail olacağımıza inanıram.

 

- Necə oldu ki, Mingəçevir Teatrında çalışmağa başladınız?

- Uşaq yaşlarımdan teatrı çox sevirdim. Təəssüf ki, anadan olduğum Bərdə şəhərində teatr yox idi, amma televiziya vasitəsi ilə teatr tamaşalarına baxırdım və onların fəaliyyətini izləmək imkanım olurdu. İllər keçdi, tale mənim yolumu teatrdan saldı. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovla keçmiş "EL Tv” televiziyasından münasibətimiz var idi. O, televiziyada direktor müavini işləyirdi, mən də tez-tez verişlərdə qonaq qismində iştirak edirdim. O, həmin teatra direktor təyin olunduqdan sonra məni öz yanında işləməyə dəvət etdi və mən də böyük məmnuniyyətlə teatra gəldim.

 

- Gənc yaşda direktorun müavini olmağın hansı üstünlükləri var?

- Teatrda direktor müavini olmamışdan öncə orta məktəbdə 4 il direktor mavini olmuşam. 5 il müəllimlik təcrübəm varonun 4 ilini direktor müavini kimi işləmişəm. Bəlkə də Azərbaycanda çox az müəllimlər var ki, müəllim işlədikdən 1 il sonra direktor müavini vəzifəsinə yüksəlib. O ki qaldı sualınıza, teatrda direktor müavini olmaq çətin və şərəfli bir işdir. Fürsətdən istifadə edib bu etimada görə nazirimiz Əbülfəs Qarayevə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, direktorumuz Səxavət Məmmədova bir daha dərin təşəkkürümü bildirirəm. Bu yaşda teatrın direktor müavini olmağın üstünlükləri çoxdur. Ancaq gənc yaşlarından böyük məsuliyyət altına girmək bəzən insanı gərginlik içərisində saxlayır. Amma sevindirici hal odur ki, direktorumuz da gəncdir və məndən qat-qat təcrübəli olduğu üçün çox da çətinliyə düşmürəm. Rəhbər kimi yox, böyük qardaş kimi mənə dəstək olur, öz yardımını əsirgəmir. Hansı vəziyyətdə nə etməli olduğumu aydın şəkildə izah edir.

 

- Şübhə etmirəm ki, pedaqoji təcrübəniz aktyorlarla dil tapmaqda sizə kömək olur. Teatrda müavin olaraq əsas funksiyanız nədən ibarətdir?

- Bəli, elədir. Ümumiyyətlə rəhbər işləyən hər bir kəs insanlarla dil tapmağa bacarmalıdır. Teatrımızın direktoru daxildə elə gözəl nizam-intizam yaradıb ki, hər kəs öz işini bilironun öhdəsindən gəlir.

 

- Siz pedaqoji sahə üzrə təhsil almısınız. Teatr isə fərqli bir sahədir...

- Teatrda aktyor heyəti, yaradıcı kollektiv incəsənət sahəsində təhsilli olmalı bunu səhnədə tətbiq etməlidir. İdarəetmə isə tamam başqa bir sahədir. Bu işin əsas prinsipi təşkilatçılıq bacarığıdır. Əgər təşkilatın işlərinin öhdəsindən gələ biliriksə, burda hansı sahə üzrə təhsil almağımın elə bir önəmi olmur.

 

- Hədəfləriniz nədən ibarətdir?

- Ən böyük hədəfimiz məqsədimiz bir vətəndaş kimi, Azərbaycanımızın bütövlüyü uğrunda mübarizə aparmaqdır. Bunun üçün Ali Baş Komandanın bir əsgəri kimi hər zaman hazıram. Gənc olaraq düşünürəm ki, daha böyük uğurlara imza atmalıyam. Həm ölkəmizin, həm şəhərimizin ictimai-siyasi həyatında daha aktiv rol almalıyam. Həmçinin teatrımıza cənab prezident tərəfindən yüksək diqqət göstərilibsə, bizdə öz öhdəmizə düşən işləri daha mükəmməl bir şəkildə yerinə yetirməliyik.

 

 

- Bu il Mingəçevir Teatrının 50 illik yubileyidir. Sizi təbrik edirik.

- Təşəkkür edirəm. Cənab prezidentimiz İlham Əliyevə teatrımızın 50 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı verdiyi sərəncama görə teatrımızın kollektivi adından dərin təşəkkürümüzü bildiririk. Mədəniyyət naziri Əbulfəs Qarayevə təşəkkür edirik. Hər zaman bizim teatra, həmçinin bütün teatrlara diqqət göstərir. Bu gün Azərbaycan teatrlarının belə gözəl, yaraşıqlı olmasında onların zəhməti danılmazdır. 50 illiklə bağlı cənab prezidentin sərəncamı təkcə Mingəçevir teatrının yox, bütün teatrların, həm də Mingəçevir şəhərinin uğurudur. Bu uğurları qazanmaq üçün teatrın direktoru Səxavət Məmmədov, baş rejissoru Xəzər Gəncəli, aktyor truppası və texniki heyət böyük işlər görüb. Mingəçevir Dövlət Dram Teatrı son 4-5 ildə  uğurlar qazanmaqdan yorulmur. Bir neçə gün öncə teatrımızın iki əməkdaşı dövlət başçısının sərəncamı ilə Prezident mükafatına layiq görüldülər. Həmçinin cənab prezidentin sərəncamı ilə 27 mayda teatrımızın sevilən aktrisası Ella Yaqubova xalq artisti adına layiq görüldü. Ümid edirik ki, iyunun 20-də nəzərdə tutulan 50 illik yubiley ərəfəsində də sevindirici xəbərlər olacaq.

 

Xəyalə Rəis

 

Kaspi.-2018.-1 iyun.-S.10.