Balaca Qara Corab
Günel Şamilqızı
hekayəsi
Səməd Behrəngiyə və
nənəm Münəvvərə
Corab yuxuda ayaqqabı görmüşdü. Ayılan kimi yuxusunu hamıdan birinci öz tayına danışdı. Ondan səs çıxmadı. Sən demə, torbadakı güllü corablar da söhbətə qulaq kəsilibmiş. Elə xəbəri də onlar yaydı. Onlar da, o birilər də – heç biri anlamırdılar yuxu görmək nədir, necə olur? Balaca Qara Corabın ətrafına toplaşıb dəfə-dəfə soruşurdular. O da əvvəl-əvvəl həvəslə, sonra candərdi başını aşağı salıb, gördüyü mənasız, ya da hələ mənasını anlamadığı yuxunu onlara danışırdı: Bir xanım Balacanı tək-təkcənə otağına çağırır və əlində tutduğu hündür dabanlı, yanları açıq, çox incə bir qadın ayaqqabısını ona uzadır. Deyir ki, al bunu, artıq sənindir.
Balaca yuxusunu danışan kimi pıçıltılar baş alıb gedirdi:
– Corab ayaqqabını neynir?
– Özü də corabın bir tayı.
– Özü də kişi corabı.
– Özü də hündürdaban qadın ayaqqabısını...
Hər ağızdan bir avaz
gəlirdi.
Biri deyirdi, "qardaş, çiçəyin
çırtladı, qabağa gedəcəksən, mötəbər
bir xanım sənə bəxşiş verib”, o biri deyirdi,
"aşiq olacaqsan, tezliklə torbamıza yeni corab gələcək”...
Torbadakı
güllü corablar da dedi-qodu yaymaqdan yorulmurdular. Başqa dildə danışan kapron kalqotkalardan
eşidib yarım-yapalaq başa düşdükləri
sözləri də hamıya danışırdılar.
Guya kalqotkalar Balaca Qara Coraba ultimatum göndərmişdilər:
– Səsini kəssin, otursun yerində!
O cür ayaqqabılar corabla geyilmir. Araya yeni dəb
salmasın! Getsin o qara-qura ayaqqabıların içində
iylənsin, heç kimin yerinə də göz dikməsin!
***
Söz-söhbətlər bir yana, torbadakı bütün corablar onun yuxu
görə bilməsinə paxıllıq edirdilər. Onlar bilmirdilər yuxu görmək nədir, necə
olur? Bəlkə bu da həyatda
qalmağın başqa bir formasıdır? Hamı güman edirdi ki, yuxu görməyi öyrənsələr,
gələcəkdə təhlükə hiss edən kimi, ən
son məqamda yuxular aləminə köçə bilərlər.
Bu mümkün olsa, daha bu torbada uzun yaşamaq
üçün dualar eləməyə dəyməz.
Bütün corablar hər
gün yuxu görmək arzusuyla gecəni
qarşılayırdılar. Hər səhər
də ayılıb nifrətlə Balaca Qara Coraba
baxırdılar. Onu tez-tez acılayır,
o biri tayından ayrı salır, axtaranda tapmağa kömək
eləmir, badalaq gəlir, Ali Corablar Qanununu pozur – sahib torbaya əl
atanda bilə-bilə onu qabağa verirdilər. O da hər
dəfə həmin qanunu dua kimi bərkdən oxuyur, qəribə
şəkildə şanslı çıxır, sahibin əlinin
yadına düşmür, həm də öz siraətedici səsi
ilə torbadakı bütün corabları vicdanları ilə
baş-başa qoyurdu:
– Sahib kimi seçsə,
ölümə bir addım yaxınlaşan o olacaq, heç kim bundan qaça bilməz. Heç kim öz növbəsini başqasına verə
bilməz. Hamı özünə, öz ölümünə
cavabdehdir, üç gün tez, beş
gün gec, onsuz da hamının sonu gələcək!
Corablar isə vicdanlarının səsini
ürəklərindəki kinlə susdururdular: Niyə ilk dəfə
yuxunu o gördü? Onun nəyi bizdən
artıq idi axı?
Çoxları
düşünürdü ki, o yenə yuxu görür, amma
ya paxıllıqdan, ya qorxudan, ya da bir bicliyi var deyə,
heç kəslə bölüşmür.
Zaman keçdikcə
bu fikri də özlərindən uzaqlaşdırdılar,
Balaca Qara Corabı susqun tayı ilə birgə anormal elan elədilər.
Onun başına hamının başına gəlməyən
bir hadisə gəlmişdi. Deməli, o,
anormal idi. Yavaş-yavaş ona nifrətləri
də azaldı, dedilər onsuz da yazıqdı, niyə hər
gün acılayıb həm özümüzün, həm də
onun kefinə soğan doğrayaq.
Beləcə, həyat
əvvəlki axarına döndü, ya da corablar özlərini
elə apardılar ki, guya hər şey unudulub.
***
Bu torbanın
yanında şkafda başqa bir köhnə torba da var idi.
Orda nisbətən qalın corablar
yaşayırdı. Hərdən
torbalardakı corablar sahibin səhlənkarlığı
ucbatından bir-birinə qonaq gedirdilər. Bəzən elə olurdu bir corab ömürlük
qonaq kimi başqa torbada yaşamalı olurdu. Xülasə, günlərin bir günü məlum
oldu ki, sən demə qonşu torbadakı ötən
qışlardan qalan ən yaşlı corab da bu yuxu
haqq-hesabından duyuq düşüb. Torbaya qonaq gələn
qalın bir corab xəbər gətirmişdi ki, qoca deyir:
"Ehtiyatlı olsunlar, bir-birlərindən bərk
yapışsınlar. Qabaqdan darlıq gəlir”.
– Eh! – deyib, əvvəlcə
güldü, sonra köks ötürdü Balaca Qara Corab. –
Bundan artıq nə darlıq? Harada görülüb adamlar
üç-dörd corabı üst-üstə
geyinsin? İkisi bəsdir də. Al, bu da sənə
darlıq!
Balaca Qara
Corabın o biri tayı eşitdiklərindən qorxub bir az da tayına qısıldı:
– Sahib neçə
corabı üst-üstə geyinir-geyinsin, onsuz da biz bədbəxtlikdən
həmişə lap alta düşəcəyik.
Balaca Qara Corab anlayırdı, onlar balaca olduğuna
görə ən altdan geyinilirlər, həm də bilirdi ki, məhz
buna görə gec dağılacaqlar, ömürləri uzun
olacaq. Amma bu həqiqətdə onları xoşbəxt, ya
bədbəxt edən heç nə tapmırdı deyə,
düşündüklərini heç öz tayına da
demirdi.
***
Darlıq onlar
üçün yox, sahibləri üçün gəldi.
Əksinə, sahib xanımı ilə ayrıldı deyə,
güllü corablar, xarici dildə danışan kalqotkalar
torbanı tərk elədilər, burda yalnız bir-birinə bənzəyən
qara-qura, göyümtül, bozumtul kişi
corabları qaldı, yerləri genişləndi. Baş verən hadisə uzun müddətdən sonra
hamıya yenə o yuxunu xatırladı, bu dəfə isə
Balaca Qara Corabı yuxusuna görə təbrik də elədilər.
Amma bu rahatlıq çox çəkmədi.
Corabların
darlığı da torbadakı bir qara corab itəndən sonra
başladı. Deyilənə görə
ard-arda baş verən itkilər sahibə pis təsir eləmişdi.
Düzdür, corab itkisi qadın yoxluğundan ağır gələ
bilməz, amma adamlar hər şeyi zəncirvari qavrayır, bir
məsələ ilə başqa bir hadisə arasında elə
dəxlisiz əlaqələr qurur, batil inanclara o qədər
köklənirlər ki, adi bir corabın da yoxa
çıxması itən insanla – bizim hekayədə bir
qadınla izah olunur, sonra hisslər coşur, coşur və
sahib acığını corablardan çıxır. Təbii ki, yalnız corablar belə
düşünürdülər.
Əslində isə, Sahib sadəcə corablarını cüt-cüt,
birini o birinin qucağına qoyub yumurlamaqla saxlamağı qərara
almışdı. Burada corabların güman elədiyi
kimi, sevdiyi qadını qucağında bərk-bərk
saxlayıb buraxmamaq istəyindən söhbət belə gedə
bilməzdi. İtən qara corab isə Balaca Qara
Corabın o biri tayı idi...
***
Çətin günlər
başladı. Corablar yeni modellər görmür, hər
dəfə yuyulub torbaya gələndən sonra bir az da qocalır, ölənlərin yerinə təzələri
alınmır deyə, torbada qalanlar da məyus olur, özlərini
bədbəxt hiss edirdilər. Hamısı
yığışıb Balaca Qara Coraba yalvarırdılar.
Yalvarırdılar ki, gördüyü başqa
yuxuları da danışsın. O isə dostlarına
toxtaqlıq verməkdən başqa heç nə
danışa bilmirdi. Yuxusu möcüzəvi
olduğuna, gələcəkdən xəbər verdiyinə
görə, həm də son günlərdə öz söhbətləri
ilə onları toxdatdığı üçün onu
Böyük Qara Corab adlandırmağa
başlamışdılar. İlk səslənişdə
etiraz eləmiş, sevməmişdi bu müraciəti. Amma sonra təkliyiylə mübarizədə
böyüyən eqosunu susdura bilməmişdi. O, tək
yaşamağı, tək yatmağı,
yanındakının fikirlərini soruşmadan, müzakirələrə
tək qoşulmağı, danışmağı,
özünün də, elə itən tayının da əvəzinə
danışmağı öyrənmişdi.
"Biz canlı
deyilik, canlılara xidmət edən bir geyim növüyük.
Dünyada elə nəsnələr var ki, həyatı
uğrunda mübarizə apara bilmir. Mən
bəlkə gözəl bir şlyapa olsaydım, vəziyyət
başqa cür olardı. Onda da mübarizə
apara bilməyəcəkdim e, amma ən azından ayaqda yox,
başda gəzəcəkdim, həm də bəs-bəlli
şlyapa-ömrüm corab-ömrümdən daha uzun
olacaqdı”.
"Bizim
ömrümüzün uzunluğu qismətimizə düşən
ayaqlardan asılıdır. Bir corab
yarananda bilmir sahibinin ayaqları necə olacaq. Bizim sahibin ayaqları şükürlüdür.
Yadınızdadır güllü-güllü
corablar nələr danışırdı? Hər corab
da bir cür ölür, biri azardan, biri qocalıb deyə, biri
digər tayı itib deyə...”
"Əksər corablar ya başından, ya da ürəyindən
başlayır qocalmağa. Bəli, daban hissədə
yerləşir ürəyimiz. Bir corabın
ölümü ürəyindən başlayırsa, onda bu gəlhagəl
əksərən ürəyin üzülməyi,
üzülməyi, sonra da süzülüb deşilməyi ilə
sona çatır. Ölüm başdan
başlayırsa, onda səbəbkar ya baş, ya da onun
yanındakı barmaqdır. Ölüm
başımıza və ürəyimizə düşən dəliklərdir,
çoxaldıqca, böyüdükcə bizi özünə
çəkir”.
Corablar ya o, artıq
Böyük Qara Corabdır, elədiyi söhbətlər
maraqlıdır, ya da yaxın dinləyənini itirib deyə
ona qulaq asmağa başlamışdılar. Onlar Balaca Qara Corabdan yuxu görməyi öyrənə
bilməmişdilər, amma Böyük Qara Corabdan gerçəkliklə
barışmağı, bir-birlərini sevməyi, fədakar
olmağı öyrənmişdilər.
***
O, Böyük Qara Corab olandan sonra
daha bir cütlük ölən dostlara salam
apardı. Sonra nəsə oldu, ətrafa sakitlik
çökdü, sahib uzun müddət torbanın
ağzını açmadı. Hamı bunu
Böyük Qara Corabın "Səbirli olun!” cümləsinin
hikməti hesab elədi. Sevinc ardınca
sevinc gəldi, çox keçmədi ki, sahib qonşu
torbadakı corabları da onlara qatdı. Bütün
yeniliklər kimi bu da onları ilk günlərdə xoşbəxt
elədi. Amma sonra yaşlılardan dəhşətli
şeylər eşitdilər. Sən demə,
bu cür yumurlanıb saxlanmaq sahibçün
rahatlığı təmin eləsə də onlara çox
ziyanmış. Bir dəfə qucaqlaşma vaxtı
içəridə qalan corab tam qurumayıbmış deyə,
hər iki corabı qəribə qoxuya
bürümüş, sahib onları heç geyinmədən
yuyulmağa göndərmişdi. Bu da bir corabın
həyatı boyu yaşayacağı ən təhqiramiz, ən
dəhşətli hallardan biridir. Axı onun vəzifəsi
geyilmək, ayaqda dağılmaqdır. Bir
corab axı nəyə görə geyilmədən yuyulsun?
Bu hal da indi deyəcəklərimlə
müqayisədə heçdir, çünki mində bir
cütün başına gələr. Corabların
həmin gün eşitdikləri əsas qorxunc həqiqət
boşalan rezinlərlə bağlı idi.
***
O biri torbadan gələn corablar
deyirdilər ki, qucaqlaşma vaxtı üstə qalan corabın rezini tez boşalacaq, nəticədə
corabın bir tayı sıradan çıxacaq, o biri tayı
da avtomatik, onunla birgə ölümə yuvarlanacaq. Yumaq kimi yaşamağa başlamaqlarından çox
keçməmişdi. Qonşu torbadan gələn
yaşlı corablar da sadəcə qorxularını
bölüşürdülər, bunun necə baş verəcəyi,
rezinlərin birdənmi, ya vaxt keçdikcə, ya da hər dəfə
yuyulduqca boşalacağı heç birinə məlum deyildi.
Hələ heç bir cütlüyün
başına buna bənzər hadisə gəlməmişdi.
Hamı gözünü Böyük Qara Coraba
dikmişdi. Corablar tez-tez Böyük Qara
Corabı yanlayır, söhbətə çəkir, ondan məsləhət,
hətta yalandan belə olsa, nəsə ümidli sözlər
eşitmək istəyirdilər. Böyük Qara Corab
birdən-birə bu qədər corabın
onun uzun müddətdir öyrəşdiyi təkliyi
pozmağına tab gətirə bilmirdi. Birdən
elan elədi ki, səhər çıxış yolunu
hamıya söyləyəcək. Hamının beynindən
eyni sual keçdi: Niyə səhər? Niyə
növbəti dəfə yatıb-durandan sonra?
Bütün corablar susdular və bir daha heç vaxt
inanmadılar ki, Böyük Qara Corab yuxu görmür.
Gecə pıçhapıç
düşdü:
– Görürsən? Sonra
da utanmadan deyir, elə bircə o yuxunu görübmüş.
– Nooldu bəs bu gecələr bizim
kimi sadəcə yatırmış?
– Yəqin yuxuda tapacaq da
çıxış yolunu.
– Bəlkə bir yol tapıb biz də
yuxular aləminə köçək?
– Görəsən, o, bunu necə
edir?
– Onu bildiyi qədər çəksin!
Görürsüz necə bayquşdu? Bizə yuxuları necə gördüyünü deməyincə,
elə belə bədbəxt kökündə də qalacaq.
***
Böyük Qara Corab səhər
ayılanda heç özü də bilmirdi:
danışacaqlarını yuxuda görüb; həqiqətən,
başına gəlib; yoxsa sadəcə uydurmadır?
Hamı diqqətlə,
nifrətlə və də ümidlə ona qulaq kəsilmişdi.
Hətta bir neçə yumaq birləşib onu
yuxarı çıxartdılar ki, hamı rahat görsün,
aydın eşitsin.
Böyük sözə
başladı:
– Bir dəfə yuyulmağa gedəndə
antikvar, bəlkə də yüz, min adi corab ömrü qədər
yaşı olan, torbada yaşamayan, deyilənə görə
çoxdan, lap-lap çoxdan corablıqdan
çıxmış, sahibin ən əziz əşyası
olmuş yun corabla söhbətimizi xatırlayıram. Onun da
söhbət eləməyə kimsəsi yox imiş yəqin,
ya da çənəsinin altına salmağa uzun müddətdən
sonra corab tapmışdı deyə, ürəyini mənə
boşaldırdı...
Uzunboğaz corablar
Böyüyün sözünü kəsdi:
– Nə "antikvar”, nə
"corab olmaqdan çıxmış corab”? Sən
bunları yuxuda görmüsən?
– Yox, dedim
axı, bir dəfə yuyulmağa gedəndə
rastlaşmışıq.
Başqa corablar dillənən
cütlüyü aşağı basdı, yenə
pıçhapıç düşdü:
– Dinməyin, paxıldı da. Heç yuxu adı çəkər?
– Qoyun görək nə deyir də.
– Öləndə də hikkəsindən
deşilib öləcək, ayaqda dağılmaq qisməti
olmayacaq bunun!
Ətrafa yenə səssizlik
çökdü. Böyüyün səsi bu dəfə
bayaqkı kimi guruldamadı:
– Həmin antikvar corab deyirdi ki,
keçmişdə yaşlı adamlar corablara yamaq
vurarmış. Sanki ömürlərini də
beləcə uzatmaq istəyən yaşlı nənələr
tez-tez bir küncə çəkilib, sakitcə corabların
ömrünü uzadarmışlar. Qoca
qadınlar yamaq üçün müxtəlif
parçalardan, ya da ölmüş corabların saf qalan
orqanlarından istifadə edirmişlər.
Uzunboğaz cütlük yenə
özündən çıxdı:
– Ə, bu nə
danışır ə? Ölüləri
dirilmək istəyir, ya bizi ələ salıb?
Başqa corablar yenə
onun yanını basdılar.
Böyük Qara Corab dəstək
görüncə yenə coşdu:
– Siz heç bilirsiz mən nə
danışıram? Heç bilirsiz yamaq nədir?
Yamaq bizimçün
uzunömürlülüyün müvəqqəti təminatçısıdır.
Uzunboğazlar boynunu uzatdı:
– Müvəqqəti? Budur bizə vəd elədiyin xilas yolu? Sən deyəsən balaca olduğun vaxtları, bizim
səni necə böyütdüyümüzü unutmusan.
O biri corablar daha onun
sözünü kəsmədilər, bu dəfə yerbeyerdən
hamı Uzunboğaza qahmar çıxdı.
– Hə də. Budur
gecə gördüklərin? Hansı
dünyada yaşayırsan sən? Biz
sahibin əlindən tutub yamaq vurmaq öyrədək?
Nisbətən cavan corablar:
– Mən hansısa ölünün
salamat orqanlarının bədənimə birləşməyini
istəmirəm! Eybi yox, qoy bir az tez ölək,
amma hibrit olmayaq!
– Get bayquş kimi tək yaşa, yuxularını
da özünə saxla daha. Onlardan heç kimə
bir xeyir gəlməyəcək. O yuxular
çıxış yolu bilsə elə sənin
özünü tənhalıqdan çıxarar da.
– Rədd ol gözümüzün
qabağından! Sən daha Böyük-zad deyilsən!
Beləcə Tənha
Qara Corab qaldırıldığı hündürlükdən
düşüb torbanın lap uzaq küncünə
yollandı. Gedə-gedə də dodaqaltı
mızıldandı:
– İndiki dünyada hamı hamıya, insanlar da bizə yalnız bir dəfə şans verir. Amma əvvəllər belə olmayıb. Belə olmayıb...
***
Bir müddət sonra boşalan rezinlər həyəcan təbili çaldı. Qurunun oduna yanan yaşlar yenə Tənha Qara Corabı xatırladılar. Qucaqlaşan corablar rezinlərinin sıradan çıxmasından, qucaqlanan corablarsa lazımsız corab kimi onlarla birgə atılacaqlarından qorxurdular. Ən çox qucaqlananlar yada salırdı Tənha Qara Corabı. Çünki bir müddət sonra onlar da beləcə tək qalacaqdılar.
Tənha isə
heç kimi yaxına buraxmırdı. Hamıya dediyi bir cavab var idi:
– Mənə bu hiss yaddır, mən
rezini boşalmaq necə olur, bilmirəm. Gedin
başınıza çarə axtarın. Mən bu
torbanın ən bədbəxt corabıyam, əl çəkin
yaxamdan!
O bilirdi corablar bunu çox istədikdən
eləmirlər. Həqiqətən də,
corablar ondan yuxular aləminə köçməyin sirrini
öyrənmək istəyirdilər. Amma nə
eləsələr də Tənha Qara Corab torbanın
qısıldığı küncündən qopmaq istəmirdi.
***
Bəzi corablar nə
indiki, nə yuxulardakı dünyaya ümidliydi. Onlar ,həqiqətən də, ölmək istəyirdilər.
Onların arasında rezini boşalan corablar daha
çox idi. Birdən xatırladılar ki,
Tənha Qara Corab yamaqdan danışırdı. Düşündülər, lazımsız bir corab
kimi ölüb getməkdənsə, salamat qalan hissələrini
üzülməkdə, deşilməkdə olan başqa rezini
boşalmamış corablara verə bilərlər. Onda heç olmasa özlərinin də olmasa,
başqa corabların ömrü uzanar. Bunu
eşidən Tənha Qara Corab yenə torbadakılara
qaynayıb-qarışdı. Bax bu əsl
ümid idi. Yamaq! Bax bunda idi bütün
corablığın xilası! Bütün
corablar bu unudulmuş kəşfi arzulayıb durmuşdular
varlıqları boyu. Bütün corablar
qurban getməyə hazır olduğunu deyirdi. Tənha Qara Corab da bütün corablara görə
sevinirdi.
***
Günlərin bir
günü sahib yeni bir hoqqa ilə corabların arasına
şıx-vəşir saldı. Onların
corab kimi doğulandan bəri gördükləri, öyrəşdikləri
ən əsas düzəni pozdu. Rezinləri
boşalan tayları tullayıb, rəngləri nisbətən
yaxın olan corabları cütləşdirməyə
başladı. Bu da bütün bundan əvvəlki
ilklər kimi Tənha Qara Corabın başına gəldi,
sonra dəhşətli xəstəlik kimi bütün torbaya
yayıldı. Qucaqlaşmada üstdə qalmış
corabların üsyanı başladı:
– Necə yəni?! Biz
sizi qucaqlayıb itməyə qoymayacağıq, nəticədə
rezinimiz boşalır deyə zibilliyə tullanacağıq,
siz də başqa corablarla kef edəcəksiz?
Səs-küy bir
neçə gün səngimədi. Sonra
taleləriylə barışdılar. Onsuz da bu gün
qucaqda gəzən sabah hansısa
tayını itirmiş bədbəxti qucaqlayıb indi də
öz boşalan rezinlərinin dərdini çəkəcəkdi.
***
Hərçənd, sahib ona təzə
tay bəxş eləmişdi, corablar yenə
onu Tənha Qara Corab çağırırdılar. O hələ
də düşünürdü ki, corablığın
xilası yamaqdadır. Uzun müddət usanmadan,
həvəslə bunu arzuladı, özünə də,
başqa corablara da. Amma indi üstdə qalanda rezini
boşaldıqca hiss edirdi ki, nə ürəyinə, nə də
başına vurulan yamaqlar onun boşalan ömür
saplarına, bir vaxtlar sərt olmuş, indisə gərginlikdən
bezmiş, qocalmış rezinlərinə heç nə ilə
kömək edə bilməz. Amma bütün bədbəxt
hadisələrdə olduğu kimi burda da ucundan tutub həyata
sarı qalxmalı xəyali bir kəndir mövcud idi – onun
yanında təzə tayı vardı. Bu tay
əvvəlki kimi susqun deyildi. Amma dilə gətirdiyi
cümlələr də ancaq suallardan ibarət olurdu. Təzə tayı onu sual-sual tanıyırdı.
O da uzun müddətdir heç kimlə paylaşa bilmədiyi
məhrəm sirləri onunla bölüşürdü.
***
Torba yavaş-yavaş
arıqlayır, sonradan birləşmiş yumaqlar belə
azalırdılar. Tənha Qara Corab artıq
özünü tənha hiss eləmirdi, hətta gizli-aşkar
sevinirdi. Sevinirdi ki, tənha ölməyəcək,
yanında ömrünü harcayacaq, rezinlərini yolunda sevə-sevə
boşaldacaq biri var.
Amma Tənha Qara Corab
heç vaxt bilməyəcəkdi ki, qucağında
qıvrılıb yatan bu təzənin içində şeytani
bir ümid yaşayır. Onun yeni tayı Tənha Qara
Corab ölsə, hətta bütün torbadakı corablar təklənib
tükənsə belə, Balaca Qara Corabın bir səhər
itmiş tayının tapılacağına ümidlidir...
Kaspi 2018.- 2-4
iyun.- S.16-17.