İbrahimbəyovun üçbaşlı
ilanı
Əsəd Cahangir
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında gürcü rejissoru Eldar Şengelayanın çəkdiyi, erməni-azərbaycanlı "dostluğundan" bəhs edən "Qafqaz üçlüyü" filminə görkəmli kinoşünasımız Ayaz Salayevin məqaləsi ilə tanışlıqdan sonra baxdım. Yazıçının, üstəlik də Xalq yazıçısının öz xalqının problemlərinə bu qədər ögeyliyi, tarixi ədalətdən bu qədər uzaqlığı, ilahi həqiqətə bu qədər biganəliyi məni, yüngül desək, təəccübləndirdi. Məkrli bir ermənipərəst mövqe sərgiləyən, xüsusi bədii-estetik dəyəri olmayan bu siyasi konyunktura nümunəsi məndə də çoxları kimi ikrah hissi doğurdu. Amma bunun bir idraki önəmi də oldu. Hamı kimi mən də bildim ki, Azərbaycan neçə illərdir öz qoynunda üçbaşlı ilan bəsləyirmiş. Əsl trio da elə budur – rejissorun gürcü ola, dilin rusca danışa, başın ermənicə işləyə. Azərbaycançılığın isə sadəcə adında qala. Və özünə Milli Şura kimi təntənəli ad qoymuş qurumun irəli sürdüyü vahid namizəd kimi Azərbaycanın Prezidenti olmaq sevdasına düşəsən.
Hörmətli Ayaz müəllimin filmi avtomat kimi yığıb-sökən, ən xırda psixoloji nüanslarına qədər şərh edən, özü də kifayət qədər məntiqi və inandırıcı şərh edən məqaləsindən sonra başlayan geniş müzakirəni "Qafqaz üçlüyü"nə ictimai baxışın nəticələri də saymaq olar. Nala-mıxa vuranları nəzərə almasaq, filmə münasibətdə bir-birinə zidd iki rəy sərgiləndi.
Olduqca böyük əksəriyyət Azərbaycan xalqını vəhşi, yırtıcı, qaragüruhçu, erməniləri isə mədəni, sivil, təzyiqə məruz qalan, haqqı tapdalanan tərəf kimi göstərən R.İbrahimbəyovu bu ədalətsiz mövqeyinə görə kəskin tənqid etdi. Onun Xalq yazıçısı fəxri adından məhrum edilməsi barədə haqlı çağırışlar səsləndi. Bu ittihamlara rahat, arın-arxayın cavabından göründü ki, "Qafqaz üçlüyü"nün ssenari müəllifi bütün bunların o qədər də umurunda deyil. Yəqin əmindir ki, özlərinin xüsusi təəssübkeşliyi ilə seçilən ermənilər onu Ermənistanın Xalq yazıçısı adına layiq görəcək, "naş Rustam" deyə çağıracaqlar.
Bəziləri isə filmin uzaqdan gəl-gəl deyən ermənipərəst mövqeyini malalamağa, hətta bu siyasi konyunktura örnəyinin Azərbaycanın mənafeyinə xidmət etdiyini qəribə bir həyasızlıqla "sübut etməyə" başladılar. Bununla da özlərinin guya "vicdanlı", "obyektiv", "ağıllı", "cəsarətli" olduqlarını, "kütləyə" qoşulmadıqlarını nümayiş etdirdilər. Fərqində olmadılar ki, bu kütlənin yox, xalqın özünün filmə münasibətidir. Başa düşmədilər ki, təkcə filmə yox, Qarabağ münaqişəsinə də "Qafqaz üçlüyü"nün qəhrəmanlarından biri – Bakıda doğulub böyüyən, sonra Moskvada göz həkimliyi edən Eduard Ağayanın oftalmoskopu ilə baxırlar. Ona görə filmdəki olayları ermənicə görür, ermənicə şərh edirlər. Burda bircə detal çatışmır ki, Ağayan eynən öz pasiyentləri ilə etdiyi kimi, onların da alnından zarafatyana bir yumruq vurub ürəyində, – "Ay gic musurman!" – desin.
Film Ə.Əylislinin
"Daş yuxular"
romanını xatırladır. Roman da, film də ermənipərəst mövqe
sərgiləyir. Hər ikisi
öz müəlliflərinin
karyerist ambisiyalarının
təmin olunmamasından
doğan qisas hissindən yaranıb.
Ə.Əylisli niyə
məni AYB-yə sədr qoymadılar, R.İbrahimbəyov isə
niyə məni ölkəyə Prezident seçmədilər deyə
narazıdır. Hər iki
müəllif Nobel eşqinə
görə, öz xalqına, dövlətinə,
tarixi həqiqətə,
haqqa-ədalətə böhtan
atır. Ermənilər klassik metropoliyalar dövründə olduğu
kimi torpaqları tutmaqla kifayətlənməyib,
postmodern dövrün ruhuna
uyğun qafaları da tuturlar. Beyin işğalı prosesi gedir, özü də adi, sıradan
bir şeylər yox, seçilmişlərin
beyni. Ə.Əylislidən sonra R.İbrahimbəyovun
da beyni erməni işğalına
məruz qaldı.
"Daş yuxular"
kimi "Qafqaz üçlüyü"nü də ermənilər yəqin ki Azərbaycan
əleyhinə təbliğat
üçün əllərində
bayraq eləyəcəklər.
Amma bu erməniada nümunələri arasında
bir fərq var. "Kənd yazıçısı"
Ə.Əylisli "şəhər
yazıçısı" R.İbrahimbəyov kimi çoxbilmiş deyil, pişik başı bəzəmir, öz fikrini xarakterinə uyğun avantürizmlə
birbaşa, çılpaq
deyir. Ermənipərəst
mövqeyini gizləməyən
romandan fərqli olaraq, film özünün
hər detalı ilə ssenaristin də, rejissorun "qərəzsiz", "obyektiv
həqiqət" iddiasından
xəbər verir:
"Görürsünüz, biz necə obyektiv, ədalətliyik, heç
bir tərəfə qahmar çıxmır, həqiqəti dəstəkləyirik.
Bir-birini
qıran bu tərəflər arasında
biz də öz qəhrəmanlarımız kimi
istisnayıq". Amma bu, eləcə iddia olaraq qalır. Çünki filmin binası,
bünövrəsindən əyri
qoyulub və sonradan özünü nə qədər "obyektiv" göstərsən
də, bu əyrini düzəldə
bilməzsən.
Nədir bu Rüstəmbəyov
əyrisi? Ola bilərmi
Azərbaycanın Xalq
yazıçısı erməni-azərbaycanlı
münaqişəsindən film çəkib Qarabağ konfliktinin üstündən
sükutla keçsin,
bu qarşıdurmada müqəssir kimdir, Qarabağ kimə məxsusdur suallarına cavab verməsin? Niyə axı, R.İbrahimbəyov
bu qədər taleyüklü məsələlərdən
yan keçib, hansısa bir erməninin Bakıya rahat gəlib-getməsini öz filminin mövzu, problem, ideyasına
çevirməlidir? "Mən başa düşmürəm ki, bunlar necə adamlardır. Biri deyir
Qarabağı verin bizə, o biri deyir vermərik" deyən, bununla da duru suyu
bulandırıb, ermənilərlə
yanaşı azərbaycanlıları
da günahlandıran Qorbaçovla Xalq yazıçısının fərqi
nədədir?
Ən pisi isə odur ki, neytralitet
mövqeyi Qorbaçov
kimi İbrahimbəyovda
da sırf zahiri, saxta xarakter
daşıyır. Birincisi ona
görə ki, məsələyə neytral
yanaşmanın özü
münaqişəyə səbəb
olan tərəf kimi artıq erməninin xeyrinədir.
İkincisi, "Qafqaz üçlüyü"nün
o qədər də gizli olmayan simvolikası
göstərir ki, İbrahimbəyov hətta
bu mövqedə belə dayanmayıb, tərəzini əl altından ermənilər
tərəfə əyir.
Filmdə Qarabağ konfliktini işarələyən üç
obraz var: erməniləri Eduard Ağayan,
azərbaycanlıları Kamil,
Qarabağı isə
Ağayanın rus qadınından doğulan
və Kamil tərəfindən böyüdülən
oğlu Timur simvolizə edir. Yəni onlar Timura şəriklidir
– biri doğma ata, ikincisi isə
onu böyüdüb boya-başa çatdıran
atalıq kimi. "Kimin Timura
haqqı daha çoxdur” sualı "Qarabağ kimin olmalıdır” sualına
rəmzi işarə kimi səslənir. Timuru Eduardın oğlu kimi təqdim etmək İbraimbəyovun kino dilində "Qarabağ ermənilərin doğma torpağıdır” anlamına
gəlir. Timurun gələcək taleyinin məhz Moskva ilə bağlanması zərurəti
Qarabağ konfliktinin çözülməsində Rusiyanın
həlledici roluna ruspərəst İbrahimbəyovun
kinematoqrafik işarəsidir.
Kamilin Timurdan könüllü surətdə
əl çəkməsi, "Bundan sonra oğlumun
həyatının təhlükəsizlikdə
olacağına əminəm",
– deyə onu Eduarda bağışlaması
Qarabağ məsələsinin
həlli ilə bağlı İbrahimbəyovun
gizli arzusudur. Əgər prezident olsaydı, yəqin ki, o, bu gizli arzusunu
aşkar edəcək,
öz qəhrəmanının
səxavətini daha geniş miqyasda təkrar edəcəkdi.
Filmdə İbrahimbəyovun özünün də simvolik obrazı var. Bu, Eduardın dostu, institut direktoru, siyasi cəhətdən müxalif yönlü çıxışlar edən
Fərhaddır. Fərhadın kabinetindəki stolun üstündə bardaş
qurub oturmuş Buddanın heykəlciyi qoyulub. Balaca Budda erməni-azərbaycanlı
münaqişəsi də
daxil olmaqla dünyanın bütün
"mənasız", "cəfəng" işlərinə
dayanmadan başını
yelləyir: "Ay, ay, nə
deyim sizə, axı, bu fani
dünyada bir parça torpaq üstündə niyə bir-birinizi qırırsınız?"
Əgər nəzərə alsaq ki, heykəlcik
Fərhadın, Fərhad
isə müəllifin
təcəssümüdür, onda belə çıxır ki, İbrahimbəyov bu münaqişədə özünü
hadisələrə yuxarıdan
baxıb başını
bulayan Budda rolunda görür. Filmin simvolikasının yuxarıdakı
açılışları isə bu "buddist mövqeyin" sadəcə bir maska olduğunu kifayət qədər aydın göstərir.
Buddizm bütpərsətlikdir
və Allahı itirmiş adamın bütpərəstliyə yuvarlanması
məntiqidir. Amma məsələ bununla bitmir. Bütpərəstliyin ən pis növü özünü
bütə çevirməkdir.
Təkcə bu heykəlcik
simvolu ilə yox, bütün film boyu R.İbrahimbəyovun özünü bütləşdirmək
cəhdi aydın görünür. O, filmin
personajlarından birinin
dili ilə özünü hətta açıq-aşkar tərifləyir
də: "Rüstəm
İbrahimbəyov? Əla
dramaturqdur! Bax, belə!" Prezident olmaq cəhdinin özü də İbrahimbəyovun özü
haqqında real əsası
olmayan, şişirdilmiş
təsəvvürlərə düşməsinin bir əlamətidir.
Bir sözlə, "Qafqaz üçlüyü"
İbrahimbəyovun reallıq
hissini itirdiyini göstərir. Amma, təəssüf ki, təkcə Ə.Əylisli
və R.İbrahimbəyov
yox, bir sıra adlı-sanlı yazıçılarımız yaşları artdıqca müdrikləşmək əvəzinə,
kələfin ucunu itirir, öz karyerist ambisiyalarını
hər cür ümummilli maraqların fövqünə qoyur, özlərini bütləşdirirlər.
Onlar fərqində deyillər ki, kabinetlərindəki stolun üstünə Budda heykəlciyi qoymaq bir şey,
Budda kimi daxilən nurlanmaq isə tamam başqa şeydir. "Qafqaz üçlüyü"
filminin Azərbaycan yazıçıları tərəfindən
çoxmənalı sükutla
qarşılanması özü
də bir daha təsdiq edir ki, R.İbrahimbəyov
heykəlcik xəstəliyinə
yoluxan sadəcə, ikinci yazıçıdır,
qalanlarından Allah qorusun.
Kaspi 2018.- 2-4 iyun.- S.20.