Göy, işıq, səs
(Xəzangül Hüseynovanın
“Özümü axtarıram” kitabından sonra...)
“Özüm öz kitabımı vərəqlədikcə, oxuduqca poeziya deyilən bir dünyanın həzin pıçıltılarını eşidirəm. Ucu-bucağı görünməyən dərindən də dərin, təlatümsüz, sakit bir dənizin pıçıltısı kimi. Bilmirəm, şeirlərimlə dərdləşə biləcək kimsə olacaqmı? Olsaydı, dərddən, kədərdən yüklənən şeirlərim yüngülləşərdi”.
(X.Hüseynova)
Xəzangül Hüseynovanın yeni işıq üzü görən şeirlər toplusu şairin özünün yazdığı söz əvvəli ilə başlayır. Bu başlanğıc oxucuya kitab haqqında ipucu verir sanki. Bəli, bu kitabda zərif bir qadının ürək döyüntüləri, arzuları, sevinci o qədər həssaslıqla qələmə alınıb ki, oxucu hər bir sətirin üzərində əsir, qorxur ki, o zərifliyə xələl gətirə bilər. Və oxucu bu sakit təbiətli xanımın şeirlərinin həlimliyi ilə yanaşı, təsir gücünə heyran qalır. Hətta şairin üsyan xarakterli şeirləri də bahar küləyi kimidir, əsir, titrədir, lakin yerindən oynatmır. Bu əsim, titrətmə öz sözünü deyir və bu əsimdən yeni pöhrələr göyərir, küləkli payıza bar aparır...
Kitabın adı “Özümü axtarıram”dır. Oxucuda bir sual yaranır: dünya görmüş, müdrik yaşına varmış bir insanın özünü hələ də tapmaması doğrudurmu? Gənc şair - yaradıcılığı cığıra düşməyən birisi üçün bu deyim qəbul olunardı. Bəs Xəzangül xanım? O, nədən belə ada müraciət edib? Bu suallara cavab tapmaq üçün şairin şeirlərinə ayrı-ayrılıqda yox, bütövlükdə bələd olmaq gərəkdir. Şair “Öz” deyəndə, Göylərlə təmas quran, lakin gözə görünməyən, ona pıçıltılarla şeir yazdıran İlahi bir qüvvəni nəzərdə tutur, “Öz”ünü axtarır. O “Öz”ü isə şair tapmayacaq. O “Öz”ü şairin oxucuları zaman-zaman kəşf edəcək və o “Öz”də özünü görəcək, o “Öz”ə tapınacaq:
Bütövə kəsirəm, kəsrin tamıyam. ...Elə hamı mənəm, mən də hamıyam. Tanrı dərgahına tutdum üzümü, Tapa biləcəyəmmi görən özümü? Və yaxud: Öz içimdə öz sevgimi yaşatdım, Xəyalımda özüm adlı yar tapdım, Mən özümü özüm ilə qarıtdım... Başqa bir örnək: Üzüm Göy üzündə, gözüm yaş tökər, Tapdınmı, ey Tanrım, Xəzangülü sən? Və bir də oxucu diqqətindən yayınmayan, Xəzangül poeziyasının nəfəsi olan bir SƏS var onun şeirlərində. Boylanıram Göy üzünə, Boylanıram Yer üzünə. Boylanıram hər sözümə, Misraların arasında Axtarıram o səsi! O səsi bəzən Tanrı səsinə bənzədirik, bəzən şairin ruh qohumları - yaradıcı dühaların - Mövlanənin, Ulu Nizaminin, Füzulinin, Məhsətinin, Məmməd Arazın səsinə bənzədirik... Ey Şeyx Nizami, Ey Şah Nizami! Ruh Nizami! Ruhunu çağırmaqdan... Heyim qalmadı axı...
*** Gəl, gəl dedin, ya Mövlanə, gəlmişəm! “Bu, yetim kədərdir” şeirində Xəzangül xanım öz daxili kədərindən söz açsa da, yetimliyin rəsmini rəssam sayağı çəkə bilib, yetimliyin hıçqırtılarını bəstəkar sayağı nota düzə bilib… “Bu kədər pərişan, dalğın kədərli, Bu yetim kədərdir, qananı yoxdur” Yetimlər nə qədər pərişan, dalğın olsa da, onu kimsə yetimin özü qədər anlamaz. “Bu yetim kədərdir, yananı yoxdur”- yetimə yanan da olmaz. “Bu yetim kədərdir, cananı yoxdur”- yetimin cananı da olmaz… Şairin ictimai, fəlsəfi mövzulu şeirləri də kitabda yer alıb: Barsız bir ağacı gözəllik sanib, Əkirik həmişə göz qabağında. Bar verən ağacı o vaxt ki, anıb - Bar üçün baxırıq hər budağına.
*** Əgər arxlığını qəbul etsəydin, Bəlkə də bir zaman çaya dönərdin.
*** Əlinə balta aldın, Kəsdin səni qucan Budaq qollarımı
*** Ölümün ki, nə cənnəti, Cəhənnəmi olmayanda...
Və burada şair o sonuncu üç nöqtəni ustalıqla oxucuya göndərir. Hərə özlüyündə o nöqtələrin yerini doldurur. Birimiz düşünürük: “Ölümün cənnəti-cəhənnəmi olmayanda bu ölüm ölümdən betər olar”, başqa birimiz ölümün cənnət-cəhənnəm arasında körpü olduğunu ağlımıza gətirir, bu körpünün hansı tərəfinə keçməyin necə yaşamağından asılılığını anlayırıq.
Lakin hansı tərəfə yozsaq da, bir nəticəyə gəlirik: deməli, ölüm özü də əbədi deyil, ölüm əbədiyyətə sadəcə yoldur. Və ən əsas nəticə yenə də nöqtələrin üzərinə düşür: şair bu nöqtələrlə bəşəriyyətə hər bir sonun əslində, sonsuz olduğu ismarıcını göndərir (?!)...
Xəzangül xanımın şeirlərində saxta pafos yoxdur. O, vətənin bugünkü durumunu əlində şüar edib misralarına “səs-küy” qatmır. Onun Vətənə olan sevgisinin sərhədsiz sərhədini elə aşağıdakı örnəkdən görürük: And verirəm Yerə, Göyə, Azərbaycan Dövlətinə! O, sevgi şeirləri yazır, sevgi ömrü yaşayır, sevgi əzabı çəkir, ayrılığın ağrısını duyur, sevinir, qəmlənir, ağlayır, gülür... Onda nəfəsində gərək mən olam, Onda hər kəsində gərək mən olam!
*** Bəlkə aramızda Kərəm közüdür, Nə mən sənin oldum, nə də sən mənim…
*** Məni məndən alıb gedən, Sən hardasan?
Bu örnəklərə ayrı-ayrılıqda diqqət edəndə oxucuya elə gəlir ki, şair bəndəyə bənd olub, şair, bəndənin ayrılığına yanır. Lakin Xəzangülün iç dünyası - şeirləri ilə yaxınlaşanda, dostlaşanda fikirlər tamamilə alt-üst olur və insan ağlınin belə bir üslubdan istifadə edərək poeziyaya yüksəlmək ustalığına heyranlıq yaranır. Əslində, şair bəndəyə yox, o bəndəni xəlq edənə vurulub. Əslində, şair bəndəni yox, o bəndəni xəlq edəni gözləyir, Xaliqin ayrılığına dözmür, Xaliqin həsrətini çəkir, Xaliqin səsini eşidir. “Işıq sevgilim” şeirində biz onun sevgilisini tam yaxından tanıyırıq
Ey işıq sevgilim, İşığına bələnimmi?
Göydən yerə nur seli tək
ələnimmi?
Onun sevgilisi
Göylərdədir, onun
sevgilisi əlçatmazdır. O, sevgilisinə
bir addım yaxınlaşsa da, yenə vüsalına qovuşammır və işıq sevgilisinə qarışıb nura dönmək, yer üzərini işığa
qərq etmək istəyir. Bəlkə elə o İşıq
- sevginin özüdür?
Bəlkə elə şairin sevgilisi - Ali, Ulu, Əbədi olan nur çöhrəli
sevginin özüdür…
***
Oxucuya məlumdur
ki, Xəzangül xanımın şeirlərinin
əksəriyyəti azad
səmada səfini pozmadan qanad çalan durnalardır - yəni bu şeirlər
sərbəstdir, qafiyə,
heca, bölgü çərçivəsindən uzaqdır. Yenə deyirəm, səfini pozmadan!
Mənim diqqətimi ən çox cəlb edən özünəməxsusluqdan
biri də şairin sərbəst şeirlərinə bayatı
qatmasıdır. Mən də təxminən
bu üslubda bir neçə şeir qələmə almışdım və mənə elə gəlirdi ki, bu səpkidə yalnız mən yazıram. Lakin, Xəzangül xanımın
illər öncə yazdığı şeirlərində
bu üslubu görəndə sevindim, sevindim ki, ruhum
bu şair xanımın ruhunu görə bilib. ...Şairin anası
döyüşə üç
qardaş yola salır, qardaşlar dönmür, bu dönməzlik bacının
sinəsində dağ
olur... Şair “Nifrət etdiyim ad” şeirində müharibəyə,
davaya etirazını göstərməklə yanaşı,
sülhə durna qanadı - bayatı ilə ağı deyir:
Əzizinəm, daş dərdim, Daşlara sirdaş dərdim. Hərb adlı əjdahaya
Üç qardaşı
göndərdim. Sonda
deyir: Amma müharibə anamın Göz yaşını silmədi, Dayılarım
gəlmədi...
Xəzangül yaradıcılığında bir söyüd obrazı da var. Şairin tapındığı,
söhbətləşdiyi, dərdləşdiyi Göy
- İşıq - Səs
sevgilisi ilə yanaşı bu obraz da canlıdır,
bu obraz da yaşayır, Salxım Söyüdlə
dərdləşəndə söyüdün qollarını
açaraq şairi sinəsinə basdığının
şahidi oluruq. “Yenə Salxım
Söyüd” adlı dərdləşməsində mənim
diqqətimi çəkən
şairin poetikası oldu. Atasının, qardaşının, doğmalarının
ölümünün ağrısını
söyüdlə bölüşən
şair anasının
gəncliyinin öldüyünü
belə ifadə edir: “Anamın şux yerişi öldü, Sevinci gülüşü öldü”
İlahi, dərd altında qatlanan bir ananın mənəvi ölümünü
bundan ağrılı
ifadə etmək olardımı? Ananın gülüşü, yerişi,
duruşu, sevinci öləndən sonra ana da ölür
və ana öləndən sonra güvəndiyin bəxt də sənə asi çıxır,
bax, onda bəxtini dara çəkmək istəyir
insan:
Mən bəxtimin güvəncini,
Dar ağacdan asmalıyam
Qoy bəxtimin qarası da Dar ağaca çəkilsin!
Xəzangül Hüseynova ədəbiyyata
sıçrayışla, sürətlə
qədəm basıb. Lakin onun uzun illər
məktəb direktoru
- məsuliyyətli iş
adamı olması yaradıcılığına ciddi
əngəllər törədib.
Bu əngəllərə ilk dəfə diqqət edən, üzülən böyük yazıçımız
Qərib Mehdi öz şagirdinə dönə-dönə “bu
yoldan dön”, “yaradıcılığına asi
olma”, “rəhbər vəzifə sənin şair qəlbini sərtləşdirəcək, şeirlərinin qanadlarını
sındıracaq”, - desə
də, Xəzangül
müəllimə bu həqiqəti illər sonra qəbul edib və “Ay Dədə Qərib” adlı qoşmasında sanki beşikdəcə boğulan şeir balalarından üzr istəyir...
Elə fəda etdim, elə özümü, Unutdum şeirimi, vəhyli sözümü,
Güvəncim döndərdi
heçə əzmimi,
Əli boş qoyandı, ay Dədə Qərib! Nafilə! Zaman o tumurcuq şeirləri vəzifə qanadlarında
uzaqlara apardı.
Apardı və: Nə tez örtdüm
qara zülfə ağ şalı,
Yaş görməmiş
yaşlılara qatıldım...
- misralarına qədər uzaq etdi illəri. Artıq bu uzaqlıq
65 yaşa boylananda şair üsyan etdi zamana - zamanın
insanına:
Ey insanlar! 65 yaşı zibil kimi Tullamayın
bir kənara! Bu, yanlışlıq, Sitəm,
yara! Bu, tarixə xəyanətdir! Bir divandır! 65 yaş Qoca deyil, O cavandır!!!
Şairlərin əksəriyyəti ölümlə
söhbət edir. Və o söhbətlərin
çıxarışı olaraq övladlarına vəsiyyət xarakterli şeirlər yazır.
Xəzangül xanımda da
belə şeirlər
var, lakin tam fərqli səpkidə.
O, övladına necə
yaşamağı nəsihət
etmir, o, ovladına güvənir, o, ağrılarını
qabardaraq övladının
ürəyini üzmür.
Diqqət edin, o, övladına nə deyir:
Ömür boyu Mənlə
dərdləşən Şeirlərim,
sirdaşlarım var, Onları tapşırıram
sənə, Tapşırıram
dönə-dönə! Şeir
balalarını can balalarına
tapşırandan sonra
İlahiyə üz tutur: İlahi, göyçək kimi öldür məni, İlahi, çiçək
kimi öldür məni - deyir. Və ...bu dünya
atam idi, Anam idi, qardaş
idi... O dünyaya köç eylədilər.
Sənə nifrət edə-edə
Səninlə qohum oldum (o dünya). ...Daha qorxmuram səndən Nə vaxt məndən can istəsən hazıram, Səndə əmanətim
var (o dünya).
- deyərək, o dünyaya meydan oxuyur....
Xəzangül Hüseynova Gəncə ədəbi mühitinin yetirməsidir. O, Borçalı
mahalında anadan olub. 70-ci illərdən
başlayaraq şeirləri
çap olunur. 1988-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin,
2008-ci ildən isə
Türkiyə-Avrasiya Yazarlar
Birliyinin üzvüdür.
Xəzangül Hüseynova 7 kitab
müəllifidir. “Qaya üstə bitən çiçək”
(1988), “Yeddinci göylə
söhbət” (1996), gürcü
dilində “Ekvebi”
(1998), “Ömür şikəstəsi”
(1998), “Günəş məni
aldadır” (2000), “Könlümdən
baxan günəş”
(2008), türk dilində
“Bitmeyen hazan” (2008).
Şairin “Məhəbbətin
qənimi” adlı mənzum pyesi Gəncə şəhər
C.Cabbarlı adına
Gəncə Dövlət
Dram Teatrının səhnəsində
tamaşaya qoyulub. Hal-hazırda şair
AYB-nin Gəncə bölməsinin sədridir.
Aytel, İradə.
Kaspi 2018.- 2-4 iyun.- S.22.