Cümhuriyyət İlinə dəyərli töhfə

 

“Kaspi nəşrləri” seriyasından çap edilən iki yeni nəşrin təqdimatı keçirildi

 

"Biz bu il müsəlman Şərqində ilk respublika kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini bayram edirik”. "Kaspi nəşrləri” seriyasından iki yeni nəşrin – "XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və Əlimərdan bəy Topçubaşovun "Kaspi”dən seçmələr” adlı kitablarının təqdimatı zamanı səslənən bu fikirlər nəşrlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə olduğunu təsdiqlədi. Azərbaycan Mətbuat Şurası, "Kaspi” qəzeti və Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə keçirilən təqdimatda çıxış edənlər tərəfindən «Kaspi» qəzeti və Kaspi Təhsil Şirkəti tərəfindən nəşr edilən kitabların təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətli olduğu vurğulandı.

 

«Qurucu atalar»

 

«XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları» kitabında Azərbaycanın görkəmli dövlət qurucularının, siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətlərindən bəhs olunur. Nəşr ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə ithaf olunub. Kitabda ön sözün müəllifi Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov yazıb. Kitabda XX əsr Azərbaycanın görkəmli dövlət xadimləri haqqında maraqlı məqalələr toplanıb.

Kitabın birinci fəslində ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti haqqında yazılıb. Belə ki, ümummilli liderin xarizmatik liderlik keyfiyyətləri və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və s. xüsusiyyətləri, onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində – Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxıb. Nəşrdə Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizə, respublikanın ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi- psixoloji böhrandan qurtuluşu naminə üzərinə götürdüyü missiyadan danışılır. Nəşrin «Heydər Əliyev – müasir Azərbaycan Respublikasının banisi” adlı birinci fəslində professor Əli Həsənovun «Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti», «Heydər Əliyevin dövlət quruculuğu təlimi: əsas xüsusiyyətlər və hədəflər» və «Heydər Əliyev və milli dövlətçilik təlimi – Azərbaycançılıq» məqalələri yer alıb. Birinci fəsildə həmçinin akademik Abel Məhərrəmovun «Elmi-intellektual inkişafı təmin edən ideyalar müəllifi», millət vəkili Hikmət Babaoğlunun «Heydər Əliyev Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir», millət vəkili Cavanşir Feyziyevin «Möhtəşəm qayıdış», E.Əhmədovun «Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi» məqalələri maraq doğurur.

Nəşrin «Müsəlman Şərqində ilk istiqlal bayrağını ucaldan şəxsiyyətlər» adlı ikinci fəslində cümhuriyyətin qurucuları haqqında məqalələr diqqəti çəkir. Q.Dünyaminqızının «Nəcabətli, savadlı, xeyirxah nəslin ləyaqətli davamçısı», «İstiqlal bəyannaməsini ilk imzalayan şəxs», «Cümhuriyyətin ilk ədliyyə naziri», C.Feyziyevin «İstiqlalımızın bayraqdarı», S.Vəliyevanın «Əlimərdan bəy Topçubaşov və Azərbaycançılıq məfkurəsi», F.Xəlilzadənin «Ceyhun Hacıbəylinin Qarabağ xiffəti», A.Turanın «Əli bəy Hüseynzadədən sonra» və s. məqalələr cümhuriyyət qurucularının fədakar fəaliyyətindən bəhs edir.

«Kaspi» nəşrləri seriyasının təqdim olunan ikinci kitabı – «Kaspi»dən seçmələr»in tərtibçisi və rus dilindən tərcümə edən, müqəddimə, izah və şərhlərin müəllifi Vilayət Quliyevdir. Kitabda Azərbaycan Cümhuriyyətinin «Qurucu atalar»ından birinin – görkəmli ictimai-siyasi xadim, diplomatpublisist Əlimərdan bəy Topçubaşovün 1898-1906-cı illərdə redaktoru olduğu «Kaspi» qəzetində dərc edilmiş məqalələrindən bir qismi Azərbaycan dilinə tərcüməsi toplanıb. Bu yazılarda Azərbaycanın və bütünlükdə Cənubi Qafqaz regionunun birinci əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Kitab Vilayət Quliyevin «Cümhuriyyətə yol açan qəzet» adlı məqaləsi ilə başlayır. Daha sonra kitabda Ə.Topçubaşovun «Redaksiyadan», «Bakıda ilk rus-müsəlman qız məktəbinin açılışı münasibəti ilə», «İlk tatar dramaturqu», «Müsəlman qadınının sərbəst fəaliyyəti»,  «İsmayıl Qaspiralının xatirəsinə» və s. məqalələri yer alıb.

 

Cümhuriyyət ilinə töhfə

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov  «Kaspi nəşrləri» seriyasından dərc edilən kitabların nəşr edilməsi ənənəsini dəyərləndirərək, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevaya minnətdarlığını bildirdi: «Biz əminik ki, maarifçilik seriyasından olan kitablar bundan sonra da çap olunacaq. Siz bu ənənəni qoruyub saxlayırsınız». MŞ sədri nəşrləri "Cümhuriyyət ilinə töhfə” adlandırdı. «XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları» nəşri geniş auditoriya üçün çox əhəmiyyətlidir. Xüsusən gənclər Azərbaycanın dövlət qurucuları haqqında məlumatları bu nəşrdən əldə edə bilərlər”. MŞ sədri «Kaspi»dən seçmələr» haqqında da məlumat verdi: «Əlimərdan bəy Topçubaşov Xalq Cümhuriyyəti dövründə Azərbaycan parlamentinin sədri olub. Eyni zamanda, «Kaspi» qəzetinin redaktoru vəzifəsində çalışıb. O, «Kaspi» qəzetində fəaliyyət göstərərkən yazdığı məqalələrin içərisindən seçilmiş əsərləri bu kitaba daxil edilib. Nəşrdə Topçubaşovun təxminən 15-ə yaxın yazısı yer alıb. Kitabın bir hissəsində məqalələrin rus dilində orijinalı, digər hissəsində isə həmin məqalələrin tərcüməsi çap olunub». MŞ sədri «Kaspi» qəzetinin yaranma tarixinə ekskurs edərək qəzetin ilk nəşr olunma tarixindən, Əlimərdan bəy Topaçubaşovun redaktor təyin olunmasından danışdı: «1898-ci ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi” qəzetinin mətbəəsini və redaksiyasını aldı və o vaxtdan qəzetin baş redaktoru Peterburq Universitetinin 35 yaşlı məzunu Əlimərdan bəy Topçubaşov təyin olundu. Təqribən 1906-cı ilin ortalarına qədər o, qəzetə rəhbərlik etdi. Topçubaşov həqiqətən dövrünün nəhəng simalarından biri idi. O, geniş biliyə malik, dünyada baş verən prosesləri kifayət qədər dərindən bilən bir insan idi. Bakı Dumasında təmsil olunması, Rusiyada çalışan azərbaycanlıların hüquqlarını qoruması və Bakıda fəaliyyət göstərən bir neçə məktəbin himayədarlar qrupunun üzvü olması onun həm geniş məlumatlı olmasına şərait yaradır, həm də görməli olduğu işlərə yol açırdı”. Ə.Amaşov qeyd etdi ki, Əlimərdan bəy Topçubaşovun kitabda toplanan məqalələri bu gün üçünçox önəmlidir: "Kitabda yer alan məqalələrin əksəriyyəti analitik yazılardır. Əlimərdan bəy medianın cəmiyyətin güzgüsü olmasını, «Əkinçi»də qoyulmuş ənənələrin davam etdirilməsi ilə bağlı mesajını cəmiyyətə çatdırdı. Topçubaşov mesaj verdi ki, dünyada baş verən proseslər bu qəzetdə öz əksini tapacaq. Eyni zamanda, diqqəti daha çox Qafqaz ölkələrinə yönəldəcək. O, baş məqalədə qəzetin istiqamətini özü üçün açıqlayıb bildirdi ki, daha çox neftdən, dəniz ticarətindən, eyni zamanda, Qafqaz müsəlmanlarının əsas problemi olan maarifçilik məsələlərindən bəhs edəcək. Əlimərdan bəy Topçubaşovun zəngin publisist irsi onun milli istiqlal məfkurəsinin öncülü və gələcək Azərbaycan cümhuriyyətinin ideoloqlarından biri olduğunu göstərməklə yanaşı, «Kaspi» qəzetinin də həmin prosesdəki rol və xidmətlərinə işıq salır”.

 

«Biz fəaliyyətimizdə xalqımız üçün gərəkli olan mövzulara yer verdik

 

 «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva "Kaspi nəşrləri” seriyasından çap edilən yeni kitablardan söz açaraq «Biz öz fəaliyyətimizdə xalqımız üçün gərəkli olan mövzulara yer verdik. Artıq bu mövzularda 10-dan çox kitab işıq üzü görüb. Ancaq son iki kitab bizim üçün daha dəyərlidir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirmək haqqında imzaladığı sərəncamı xüsusi vurğulamaq istərdim. Biz bundan əvvəl «Kaspimaarifçilik meydanı» adlı kitab nəşr etdirmişdik. O kitabda Azərbaycan dövlətinin Xalq Cümhuriyyəti dövründəki qurucuları öz əksini tapmışdı. Biz yeni nəşrdə həmin kitabda yer almayan cümhuriyyət nümayəndələrinə də yer ayırdıq. Həmçinin Xalq Cümhuriyyətini bizim dövlət üçün sələf hesab edən, müstəqil Azərbaycanı Xalq Cümhuriyyətinin varisi kimi qələmə verən ulu öndərə geniş bölmə həsr etdik. Bu da təsadüfi deyil. Biz bu bölmədə ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal düşüncəsinin sovet dövründə belə sönməyə qoymamasını və bu dövrdə bütövlükdə Azərbaycan dövlətinin bütün inkişaf və fəaliyyət istiqamətlərində bu düşüncənin yaşaması uğrunda apardığı mübarizəni göstərdik. Nəhayət, 1990-cı ilin əvvəllərində hakimiyyətə gəldiyi – separatizmin hökm sürdüyü, Azərbaycan dövlətinin yox olma təhlükəsində olduğu bir vaxtda Azərbaycanı yenidən quraraq onun memarı kimi özünü tanıtması bizə bu bölməni ulu öndərə sevgi ilə həsr etməyə əsas verdi. Ulu öndər Azərbaycanı təkcə Xalq Cümhuriyyətinin varisi elan etmədi, eyni zamanda, bu dövlət, müstəqillik uğrunda həlak olan, qəriblikdə məzarlıqlarda uyuyan hər bir şəxsin məzarlarının, övladlarının tapılmasında, şəxsi arxivlərinin araşdırılmasında da böyük rol oynadı”. S.Vəliyeva qeyd etdi ki, Əlimərdan bəy Topçubaşovun  Fransanın Sen Klu şəhər qəbiristanlığında məzarının tapılması və qəbrinin icarədən bütövlükdə alınaraq qəbirüstü abidəsinin götürülməsi, daha sonra Fətəli xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətində oynadığı rol, onların nəsil-şəcərəsinin tapılması, öyrənilməsi də bilavasitə ulu öndərin adı ilə bağlıdır. Belə ki, bu günbu siyasət davam edir: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin elan olunması, o müqəddəs insanların övladlarının bu yubileyə dəvət olunmasında bir mesaj da var idi. Azərbaycanın müstəqilliyi Xalq Cümhuriyyəti tərəfindən elan olunan vaxtda çox az sayda olan bu insanlar ölkəmizin təkcə müstəqillik bəyannaməsini imzalamadılar, təkcə dövlətçilik atributlarını göstərmədilər, həmçinin minilliklərə hesablanan demokratik ənənələri işləyib hazırladılar. Onlar iqtisadi asılılığının olmamasına, dövlət təhlükəsizliyi, ordu məsələsi və s. kimi amillərə də diqqət yetirdilər. Hər şeydən əvvəl millətə azadlıq ruhu gətirdilər. Beynimizə istiqlal düşüncəsi, ruhumuza azadlıq mesajını ötürərək, onun qorunmasına çalışdılar. Həmin ənənələrin qorunması müstəqilliyimizin qazanılmasında mühüm rol oynadı”. S.Vəliyeva diqqətə çatdırdı ki, nəşrdə fəaliyyəti göstərilən Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, ordu qurucusu Səməd bəy Mehmandarov, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, Nəriman Nərimanovun dövlətçilik sahəsindəki fəaliyyəti, millətə göstərdiyi xidmət müstəsna rol oynayır: "Onların fəaliyyəti bizə "Kaspi”dən tanış idi. Bu görkəmli şəxsiyyətlərin qadın, insan hüquqları, demokratik cəmiyyət necə olmalıdır və s. məsələlər haqqında «Kaspi»də yüzlərlə məqaləsi yer alıb. S.Vəliyeva «Kaspi”dən seçmələr»də məqalələrin rus dilindən Azərbaycan dilinə çevrilməsinin görkəmli alim Vilayət Quliyev tərəfindən həyata keçirildiyini bildirdi. Belə ki, filoloq: «Mən istərdim ki, bu kitabın nəşri "Kaspi” tərəfindən həyata keçirilsin, siz bu qəzetin varislərisiniz» deyib: "Biz bu təklifi məmnuniyyətlə həyata keçirdik. Məni həyəcanlandıran bu kitabın ilk səhifəsində yer alan «Cümhuriyyətə yol açan qəzet» məqaləsidir. Bu, qürurvericidir, həm də məsuliyyətlidir. Hərgünkü fəaliyyətimizdə "Biz hansı qəzetin varisləriyik?” sualı qarşımızda durur.

 

Mətbuatda varislik missiyası

 

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli «Kaspi nəşrləri» seriyasından olan kitabların əhəmiyyətini yüksək dəyərləndirdi: «Kaspi» keçən əsrin əvvəllərində çıxan keçmiş «Kaspi»nin layiqli varisidir. Qəzet bu missiyasını ləyaqətlə yerinə yetirərək maarifçilik ənənələrini davam etdirir».

Əməkdar Elm xadimi, professor Kamran Əliyev cümhuriyyət dövrünün bu il əhatəli təbliğ olunduğunu vurğuladı: «Biz buna görə ölkə prezidentinə minnətdarıq! «XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları» nəşrinin önəmi odur ki, biz cümhuriyyət dövrü qurucularının hamısını bir yerdə görürük. Kitabı ərsəyə gətirənlər həmin görkəmli şəxsiyyətlər haqqında ətraflı təəssürat yarada biliblər».

«Kaspi»nin əsrin əvvəlində nəşr etdirənlər, bu qəzetin mətbuat tarixində yerini müəyyənləşdirənlər qəzetin bugünkü fəaliyyətini görsəydilər qürur duyardılar» - deyən millət vəkili Hikmət Babaoğlu bildirdi ki, "Kaspi”dən seçmələr»də «Cümhuriyyətə yol açan qəzet» fikri öz mənasını tapıb. Hər bir sahədə varislik çox mühümdür. «Kaspi» mətbuatda varislik missiyasını həyata keçirir».

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov 2018-ci ilin Cümhuriyyət ili elan edilməsinə görə ölkə başçısına minnətdarlığını ifadə etdi: "Bu il 100 illik tarixi olan cümhuriyyətin qurucularını araşdırmaqda, cümhuriyyəti bir daha kəşf etməkdə bizə fürsət verdi. Kitablardakı hər bir məqalə ayrı-ayrı mühazirələrin mövzusudur».  

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli nəşrləri təkcə məzmun baxımından deyil, həm də estetik baxımdan dəyərləndirdi: «Kitabların içərisindəki məqalələr siyasi məzmunlu olsa da, Azərbaycan dövlətçiliyini quran insanlar haqqında ensiklopedik məzmuna malikdir».

 

Mənəvi körpü

 

"Xalq qəzeti”nin redaktoru Tahir Aydınoğlu yeni nəşrləri 100 ilin o dövrü ilə bu dövrünü birləşdirən «mənəvi körpü» adlandırdı. «Bu nəşrlər cümhuriyyətin 100 illik yubileyinə ən dəyərli töhfədir».

«Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quluyev Azərbaycanın görkəmli dövlət qurucuları haqqında məlumatların yer aldığı nəşrin gələcəkdə sənədli filmə çevrilməsi təklifini irəli sürdü: «Nəşrlərin hər ikisi böyüyən nəsil üçün sanballı mənbədir. Yaxşı olar ki, kitabın variantı sənədli film kimi ekranlışdırılsın”.

«İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Kaspinin yeni nəşrlərində dəyərli faktların yer aldığını qeyd edərək media nümayəndələri, gənclər, araşdırmaçı alimlər üçün mühüm mənbə olduğunu qeyd etdi.

Təqdimatda çıxış edənlər ümumən tarixçilər, filoloqlar, politoloqlar, media təmsilçiləri, mütaliə həvəskarları üçün nəzərdə tutulan nəşrlərə xitabən «Şübhə etmirik ki, geniş auditoriya üçün nəzərdə tutulmuş bu kitablar oxucuların, xüsusilə gənc nəslin rəğbətini qazanacaq və Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar yubileyinə layiqli hədiyyə olacaq» - deyə qeyd etdilər.

Tədbirdə maarifçilik fəaliyyətində görə ənənəvi "Kaspi” mükafatı sənətşünas alim Ziyadxan Əliyevə təqdim olundu.

 

Təqdimatda iştirak etdi

Təranə Məhərrəmova

 

Kaspi.-2018.-2-4 iyun.-S.12-13.