“Bu konsertimdə
tamaşaçıları təəccübləndirəcəyəm”
Nəzakət Teymurova: Solo-konsertdə
səhnəni kimləsə paylaşmağı sevmirəm, qəbul
da etmirəm
İyun isti yay aylarının xəbərçisidir. Bu ayda insanlar yay istirahətlərini necə keçirəcəkləri haqqında düşünür, indidən planlar qurmağa başlayırlar. İl ərzində sərasər çalışanlar tətil planları qurduqları halda, xalq artistimiz, xanəndə Nəzakət Teymurova növbəti solo-konsertinə hazırlaşır. İyunun 22-də Yaşıl Teatrda solo konsert proqramı ilə tamaşaçılarının görüşünə gəlməyi planlaşdıran xalq artisti bütün enerjisini toplayıb, fərqli bir ampluada özünü təqdim edəcək. Xanəndə konsertqabağı öz təəssüratlarını bizimlə bölüşdü. Deyir ki, konsert ifaçının özünə bir hesabatıdır. Deyir ki, bu konsertində fərqli bir repertuarla səhnəyə çıxacaq və bir çoxları buna təəccüblənəcək. Çünki bu konsert onun digər konsertlərinə bənzəməyəcək.
- Nəzakət xanım, hazırlıqlar necə
gedir? Bizi necə bir konsert
proqramı gözləyir.
- Diqqətiniz üçün
təşəkkür edirəm.
Hələ ki hazırlıqlar
davam edir, məşqlər gedir.
İyunun 22-də Yaşıl Teatrda tamaşaçıları
çox gözəl bir konsert proqramı
gözləyir. Konsertdə aşıq
mahnıları olacaq.
Nəinki aşıq mahnıları,
ilk dəfə mənim
ifamda tamamilə yeni repertuar olacaq. Tamaşaçıları gözəl istirahət
gözləyir. İndidən deyirəm ki, bu mahnıları dinləməyə dəyər.
Konsert çox fərqli olacaq.
- Fərqli deyərkən nəyi nəzərdə tutursunuz?
- Bu günə qədər konsertlərdə kamera orkestri, xalq çalğı alətləri
ansamblı, 3-lük trio şəklində
çıxışlar etmişəm.
Bu dəfə daha fərqli bir konsert proqramı
olacaq. İndiyə qədər müraciət
etmədiyim xalq, bəstəkar mahnılarına,
aşıq musiqilərinə
üz tutmuşam.
Məkana uyğun olaraq
repertuar qurmuşuq.
Konsertdə indiyə qədər ifa etmədiyim, az
hallarda müraciət
olunan bəstəkar mahnıları, xalq mahnıları səslənəcək.
Bir sözlə, indiyə qədər ifa etmədiyim musiqiləri seçmişik. Xalq mahnılarını
da yeni aranjemanda,
fərqli tərzdə
oxumaq istədim.
Tamaşaçı yeniliyi sevir.
Müasir dövrümüzdə tamaşaçı zövqünə
xitab etmək çətindir. Düşünürəm ki, tamaşaçı bu konsertdən zövq alacaq. Yeni üslubda səhnəyə
çıxacam. Bu konsertdə
tamaşaçı daha
böyük dinamika
hiss edəcək. Sənətçi performans göstərirsə,
maraqlı görünür.
O performans təkcə
səhnədə dinamik
hərəkətlə ölçülmür.
Bəzən səsin dinamikası
bütün hərəkətləri
əvəz edə bilir. Yaşıl Teatrın tələb
etdiyi repertuarla tamaşaçını təəccübləndirmək
istəyirəm.
- Bu sizin ölkə daxilində verdiniz neçənci konsert olacaq?
- Açığı, heç
saymamışam. Ona görə
də sizə dəqiq deyə bilmərəm. Amma indiyə
qədər saysız
konsertlər vermişəm.
Bu da onlardan
biridir.
- Bildiyimiz qədəri ilə, bir neçə
ay bundan öncə Türkiyədə də konsert vermisiniz.
- Nəinki Türkiyədə,
dünyanın bir çox ölkələrində
solo konsertlərim olub.
Siz dediyiniz, aprel ayında Samsunda konsertimiz oldu. Orda festivalda da iştirak
etdik. Bu yaxınlarda Vyanada konsert verdik. Vyanadakı konsert solo deyildi, orada sənət dostlarım da var idi. Bu ərəfələrdə isə bütün gücümü solo konsertə
sərf edirəm.
Uzun müddətdir ki, öz vətənimdə konsert proqramı ilə çıxış
etmirəm. Buna görə də istəyirəm ki, hər şey yüksək səviyyədə
olsun.
- Konsertdə tələbələrinizlə çıxışlarınız necə, olacaqmı?
- Olmayacaq. İstəmirəm ki, tamaşaçıların
solo-konsert deyəndə,
ağıllarına müğənnilərlə,
tələbələrlə, sənət dostlarımla olan bir şey
gəlsin. Adından göründüyü
kimi, bu, solo-konsertdir. Xoşlamıram ki, solo-konsertdə
kimsə sənətçi
ilə birgə çıxış etsin.
Mən səhnədə tək olacam. Solo-konsertdə
səhnəni kimləsə
paylaşmağı sevmirəm,
qəbul da etmirəm. Çünki bunun adı
solo-konsertdirsə, tamaşaçı
ora sənin ifanı eşitməyə
gəlir. Müğənni, sənətkar da solo-konsert verərkən səhnədə bütün
imkanlarını göstərmək
imkanı əldə edir. Orda başqa birinə
ehtiyac olmur. Solo-konsert sənin
səs və səhnə imkanlarını,
həyəcanını təqdim
edə biləcək məkana çevrilir.
Sən maksimum dərəcədə
solo-konsertin verdiyi şansdan düzgün istifadə etməlisən.
Maraqlı olmalısan səhnədə.
Səhnədə tək olsan
da, diqqətləri özünə yönəldə
bilməlisən. Mən yola
verməyi bacarmıram.
O xüsusiyyət məndə
yoxdu deyə, səhnədə ifa edəcəyim hər mahnı üzərində
dönə-dönə keçidlər
edirəm ki, maraqlı alınsın.
- Konserti özünüzə hesabat
saymaq olarmı?
- Ümumiyyətlə, xanəndə,
müğənni, ifaçı
konsert verərkən daha da mükəmməlləşir,
nəyə qadir olduğu özünə bir daha sübut
edir. Formalaşır, bərkiyir, yetişir
və sənətinə
daha da ciddi
yanaşır. Bu sənətdə müəyyən
titullar da qazanmışam. Ancaq hər
zaman özümə borc bilmişəm ki, tamaşaçılarla
ünsiyyətdə olum,
onların rəğbətini
qazanım. Bu bizim işimizdir. Bu mənim üzərimə
götürdüyüm böyük
bir məsuliyyətdir.
O məsuliyyət ki, onun ağırlığını
hiss və dərk edərək səhnəyə
çıxmışam. Sadəcə,
budəfəki fərqli
formatda olmaq istəyi həyəcanı
da, məsuliyyəti də bir az çoxaltmış
oldu. Mənim üçün tamaşaçı fikri, münasibəti önəmli
olub. Misal üçün, mən kamera orkestri ilə də konsert vermişəm. Bəzi tamaşaçılar
bunu sevib, bəziləri üçün
maraqlı olmayıb, onlar klassik muğamı
daha çox qəbul ediblər. Bilmirəm, bu dəfə tamaşaçı reaksiyası
necə olacaq. Amma seçdiyim mahnılar ki var, onlar
tamaşaçılar tərəfindən
seviləcək.
- Hər bir xanəndə
istəyir ki, daha böyük səhnədə çıxışlar
etsin və bunun üçün Heydər Əliyev Sarayına müraciət edir. Siz niyə Yaşıl
Teatra müraciət etdiniz?
- Mən Heydər
Əliyev Sarayında çox konsert proqramı ilə çıxış etmişəm. Nəinki konsertlərin
ana beşiyi olan sarayda, hətta
Opera və Balet Teatrının səhnəsində,
Filarmoniyada, Muğam Mərkəzində konsertlər
vermişəm. Bu dəfə isə istədim bir qədər fərqlilik edim. Bunun üçün isti yay aylarında
insanların istirahət
etmək istədiyi gözəl bir məkanı seçdim.
Belə daha münasib gördük.
- Konsertdən gözləntiləriniz nələrdir?
- Gözləntilərim çoxdur.
Çox
istəyirəm ki, bu konserti uğurla
başa çatdırım.
Mənim
üçün unudulmaz
bir konsert olsun. Bu konserti
istədiyim şəkildə
başa çatdırsam,
yəqin ki, mənim üçün ən böyük uğur elə bu olar. İnanıram ki, bu konserti xoş xatirə kimi yaddaşıma həkk edəcəm.
- İndiki
dövrdə konsertdən
gəlir əldə etmək mümkündürmü?
- Mən bu suala
çox çətinliklə
cavab verəcəm. Çünki məsələn, biz xaricə gedirik, orada qonorar alırıq,
ayrı heç nədən xəbərimiz
olmur. Burada isə bizə
konserti təklif ediblər, amma yenə də görürsən ki, tamaşaçılar daha
çox dəvətnamələrə
üstünlük verirlər,
nəinki bilet almağa. Bilet almaq qabiliyyəti bizdə bir az zəifdir.
Arzu edərdim ki, bunun da bir
çarəsi tapılsın.
- İndi
sizdən dəvətnamə
istəyən çoxdurmu?
- Çoxdur (gülür). Məni təxribata çəkməyin.
Bu işləri təşkilatçılar görür.
Ona görə biz çıxılmaz
vəziyyətdə qalırıq.
- Aralıq mahnılarının
bu qədər çox dinlənildiyi bir vaxtda muğam
və bəstəkar mahnılarından ibarət
konsert vermək böyük bir riskdir. Bu riski
gözə almısınızmı?
- Hər ifaçının
- istər bu sənətə yeni gələn olsun, istər köhnə - fərqi yoxdur, öz pərəstişkarları
var. Mən muğam, bəstəkar mahnılarının
ifaçısıyam, bizim
işimiz çox çətindir. Bizi kütlə yox,
ayıq baş, ziyalı insanlar dinləyir. Hansı ki, onlar sənətə, sənətkara
qiymət verirlər.
Şükürlər olsun ki, bu gün elə
tamaşaçılarımız var. Kim nəyi dinləyir, bu onun öz
seçimidir. Az olsun, amma bizim sənəti
başa düşən
olsun. Bu çox qəliz məsələdir,
burada bir az səviyyə
söhbəti də
var. Ona görə hər şeyi adam oxuya bilmir.
Biz xanəndələr, adətən bir tərzdə oluruq, muğam ifa edirik. Yəni muğam ifaçılarının
əksəriyyətinin bir
yolu olur, eyni xətt üzrə fəaliyyət
göstərirlər.
- Konsertdə hansı bəstəkar mahnıları olacaq?
- Açığı, çox
bəstəkar mahnıları
səslənəcək. Bunu bir dəfə də demişdim, daha sirri qalmadı. Konsertdə elə mahnılar səslənəcək ki,
vaxtilə tanınmış
sənətkarlar bu mahnılara möhürlərini
vurublar. Rəhmətlik İlhamə Quliyevanın
repertuarına müraciət
etmişəm. Flora Kərimovanın repertuarından
mahnı hazırlayıram.
Ona görə deyirəm ki, siz bu
konsertdə fərqli Nəzakət Teymurovanı
görəcəksiniz.
- Son olaraq tamaşaçılara
sözünüz.
- 22 iyunda istirahət etmək və gözəl zaman keçirmək istəyirsinizsə,
sizləri Yaşıl
Teatrda gözləyirəm.
Xəyalə Rəis
Kaspi.-2018.-5 iyun.-S.12.