Azərbaycan kinosunda “köhnə-təzə” toqquşması

     Yeni dövrü və tamaşaçı istəyini əsas gətirənlər, əsil sənət əsərlərinin çəkilmədiyini də etiraf edirlər

       Avqustun 2-də Azərbaycan kinosu özünün 120 yaşını qeyd edəcək. 120 ildir ki, Azərbaycan kinosu çəkilir, sevilir, baxılır. İlk dəfə Aleksandr Mişonun çəkdiyi sənədli kadrlarla tarixi başlayan kinomuz bu gün də inkişaf etməkdədir. Əvvəllər öz çəkdiyimiz filmlərə özümüz baxırdıqsa, indi filmlərimizin sorağı beynəlxalq arenalardan gəlir. Azərbaycan kinosunun şanlı keçmişi barədə yazıb təkrarçılığa yol vermək niyyətində deyiləm. Bu haqda elektron resurslardan kifayət qədər məlumat almaq mümkündür.

      Bir zamanlar biz mətbuat nümayəndələri kinoteatrlarımızda yeni filmlərimizin olmadığını, əvəzində xarici filmlərin meydan suladığını dönə-dönə qeyd edirdik. İndi isə vəziyyət bir qədər başqadır. Kinoteatrlarımızda yerli filmlərimiz nümayiş olunur, hətta xarici filmlərlə rəqabətdə qalib də gəlirlər. Tamaşaçılar yerli film ehtiyacını əsasən yeni komediya filmlərimizlə ödəyirlər. Di gəl ki, bu filmlər bizim 60-70-80 il öncə çəkilən və dünyaya səs salan filmlərimizlə rəqabətə girə bilmir. Məhz buna görə də çox zaman sual verirlər ki, niyə indi "Əhməd haradadır?”, "Ulduz”, "Qaynana”, "Bəyin oğurlanması” kimi filmlər çəkilmir? Komediya filmləri çəkən özəl sektor nümayəndələri isə yüngül, bir qədər də özündə söyüşləri əks etdirən filmləri bu günkü tamaşaçının tələbatı ilə əsaslandırırlar. Ekspertlər bu filmlərin heç də sənət əsəri olmadığını və hətta yaxın gələcək üçün də aktuallığını saxlamayacağını qeyd edərək, yeni çəkilən komediya filmlərində tamaşaçıya heç bir mesaj ötürülmədiyini bildirirlər. 

       Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə bizimlə söhbətində köhnə Azərbaycan filmlərində çox ciddi məsələlərin müzakirə edildiyini və həmin filmlərdə ötürülən mesajlarda insanları düşündürən problemlərin göstərildiyini dedi. Yeni çəkilən filmləri heç cür anlaya bilmədiyini qeyd edən kino tədqiqatçısı, nümunələr göstərərək fikirlərini əsaslandırdı: "Misal olaraq sizə "Əhməd haradadır?” filmini göstərə bilərəm. Bu film bizə bir çox mesajlar ötürür. Göbəkkəsdi, uşaqlıq vaxtından bir yerdə böyüyən gənclərin mütləq şəkildə  nişanlanmalı, ailə qurmalı olduğu kimi məsələlər bu filmdə qabardılır. Soruşmurlar ki, ay oğul, sən bu qızı almaq istəyirsən, ya yox. XXI əsrdə yaşayırıq, bu gün də həmin problemlərlə üzləşirik. "Əhməd haradadır?” filmində bu məsələ bir mesaj olaraq qoyulmuşdu və bu da öz həllini tapdı. Rejissor tamaşaçılara mesaj ötürür ki, bu məsələləri gənclərin öhdəsinə buraxın. Bu gün "Qızqaçırma” adlı komediya filmi çəkilir. Ancaq gəlin, baxaq görək o film tamaşaçılara hansı mesajı ötürür?  Mən o filmi görməmişəm, ancaq filmin adı belə məni iyrəndirir. Bizim qanunlarda qız qaçırmaq cinayət hesab olunur. Hətta bu filmdə qız qaçırmaq üçün ayrıca bir büro var. Belə olmaz axı. Bu, nağıldır? Filmdəki bir çox fraqmentləri görmüşəm, çox şit, lazımsız hərəkətlər orada yer alıb. Əliağa Ağayev "Əhməd haradadır?” filmində kassir rolunu oynayır. Həmin kassir içki düşkünüdür, di gəl ki, baxın görün bu obrazı necə oynayır. Amma bugünkü aktyorlar insanı ancaq güldürür, düşündürmür. Gəldiyim qənaət budur ki, bu gün çəkilən komediya filmləri - "Xoxan”, "Naxox”, "Üç badam, bir qoz”, "Ağ tük” və adlarını unutduğum digər filmlər camaata mənasız gülüş bəxş edir. Filmlərin hətta adları belə, gənclərə hoqqabazlıq aşılayır”.

       Hazırda Azərbaycan kino tarixinin salnaməsini yazan A.Kazımzadə  nazirlikdən 40-a yaxın film götürərək onları qeyd edib. Yeni çəkilən komediya filmlərinin anlamı ilə bağlı xeyli əziyyət çəkdiyini deyir: "Kimdən soruşuram ki bu komediya filminin adının mənası nədir, heç kim açıqlama verə bilmir. Necə ki bazarda xarab məhsulları camaata sırıyırlar, insanlar da onu yeyib xəstələnirlər, yeni çəkilən komediya filmləri də onlar kimidir. Böyük hünər göstərmiş kimi, bir də deyirlər ki, filmimizə "Youtube”da 100 min adam baxıb. İstəyirsən bir milyon baxsın, onsuz da o filmi izləyənlərin evi yıxılıb. Tamaşaçı o filmə baxıb nə ibrət götürəcək? Axı bizim ən zəif çəkilmiş komediya filmimizdə belə bir ibrət, mesaj olub. Bizim köhnə komediya filmlərində ideya, mesaj var idi. Bir var sağlam gülüş, bir də var xəstə gülüş. Düzdür, bu gün yaxşı filmlər də çəkilir və onlar tarixə də düşmək imkanı əldə edir. Amma komediyanı bazara çevirmək millətin mənəviyyatını pozmaq deməkdir. Kinoteatrlara yol tapan komediya filmlərimizin vəziyyəti həqiqətən də acınacaqlıdır. Bizim "Azərbaycanfilm” Kinostudiyamız var. Onların çəkdiyi filmlər isə tamamilə keyfiyyətli və baxımlı filmlərdir. Kinostudiyanın əvvəllər çəkdiyi filmlərə indi də baxılır. Çünki onlar film çəkərkən ortaya ciddi məsələlər qoyurlar. Həmin filmdə ötürülən mesajlar bu gün də insanları düşündürür. Hazırda çəkilən komediya filmlərimiz beş günlük mahnılara bənzəyir. Düşünmürəm ki, kimsə gələcəkdə o filmlərə baxıb zövq alsın”.

      Daha bir müsahibim rejissor, aktyor Namiq Ağayev də kinoşünasla eyni fikirdədir. Rejissor bu yaxınlarda "Ol” sənət filmini tamaşaçılara təqdim etdi. Ancaq filmin tamaşaçısı olmadı. Rejissora komediya filmləri ilə rəqabətə tab gətirmədiyi ilə bağlı sual verəndə isə, bildirdi ki, yeni komediya filmləri küçə komediya prinsipi ilə ortaya çıxır: "Əlbəttə ki, tamaşaçı komediya filmlərinə daha çox baxacaq. Çünki biz onlara ancaq həmin filmləri təqdim edirik. Komediya filmlərinə gələn tamaşaçıların əksəriyyəti bizim tamaşaçılardır. Necə deyərlər, yeməyənin payını yeyərlər. Biz tamaşaçılara alternativ kinoları az təqdim edirik. Tamaşaçıya aktiv kino təqdim etmək lazımdır”.

      Mövzumuzla bağlı köhnə filmlərin hazırlanmasında iştirak etmiş bəzi rejissorlar, aktyorlarla əlaqə saxladıq. Təəssüf ki, onların çoxu yeni çəkilən və kinoteatrlarda meydan oxuyan komediya filmlərini izləmədiklərini, həmin filmlərdə hansı proseslərin getdiyindən belə xəbərdar olmadıqlarını bildirdilər. Bəlkə də baxmaq istəməyiblər. Bəlkə də onları kinoteatrlara dəvət edən yoxdur. Axı indi sistem də bir az başqa cürdür. Belə ki, filmi izləmək istəyən insan biletini alıb, kinosuna baxır, daha film çəkən şirkət düşünmür ki, ağsaqqallara, sənətkarlara da bir bilet göndərib, onların fikirlərini öyrənsinlər. Çünki onların fikirlərini öncədən bilirlər...

      Son zamanlar dramatik filmlərdən komediya janrına keçid edən kinorejissor Kənan M.M bu gün çəkilən komediya filmlərinin sonunun çatdığını və onların fatihəsinin verilməli olduğunu deyir: "Bu filmlərlə Azərbaycan heç bir film festivalında, kino müsabiqəsində təmsil edilə bilməz. Yeni çəkilən komediya filmlərini adamın başına çırparlar. Hörmətli rejissorlar, filminizin yaxşı və ya pis alındığını öyrənmək istəyirsinizsə, onu Azərbaycandan kənara çıxarın. İnanın, son vaxtlar çəkilən demək olar ki, bütün filmləri üzünüzə vuracaqlar. İnanın, gülünc vəziyyətə düşəcəksiniz. Bizdə "özümüz çəkək, özümüz baxaq, özümüz də alqışlayaq” prinsipi ilə çalışmağa üstünlük verirlər. Heç kimin əməyini gözdən salmaq niyyətim yoxdur. Bir məsələni də deyim. İndi millətin dilinə bir söz düşüb: heyf deyildi köhnə kinolar? Ay balam, sən bu gün köhnə paltar geyinərsən, köhnə yeməyi yeyərsən? İnkişaf etmə də. "Qayınana” ilə "Avatar”ı müqayisə etmə də. "Dədə Qorqud”la "Forsaj”ı necə müqayisə edə bilərsən? Bizim dövrün uşaqları o filmləri izləyirdi. İndi mənim, sənin oğlun oturub o "Dədə Qorqud”a baxacaq? Yox. Çünki müasir uşağın dünyaya baxışı da fərqlidir. Sənin uşağın ömrü boyu "Forsaj”ı qoyub "Dədə Qorqud”a baxmaz. Gəlin həmin köhnə filmləri kinoteatrlarda göstərək, görün gedib baxan olacaq? Niyə bunu etiraf etmirik ki? Millətdə bir az eqoistlik var. Tamaşaçıda eqoistlik yaranıb. Komediya da çəkilməlidir. Amma komediya ciddi kino əsəri sayıla bilməz. İnsanları güldürmək çox asandı. "Youtube” zarafatları ilə də milləti güldürürlər. Zamanında bir video çıxdı, baxan gülürdü. 5 il sonra uşaqlar o filmlərə baxanda gülməyəcək. "Yol əhvalatı” kino əsəridir. Amma bu gün çəkilənlər, əslində heç komediya da deyil, zarafatdır. Bu, kino deyil. Dram janrında çəkilən ekran əsəri filmdir. Mel Gibson kimi adını çəkə biləcəyimiz bir çox dünya kino ulduzları var ki, onlar komediya janrına müraciət etmirlər. Çünki kino sənətdir. Kino həyatın özüdür. Kino ciddi işdir”.

      Bir çox komediya filmlərinin müəllifi, "Bozbash pictures” prodakşının rəhbəri İlkin Həsəni isə mətbuata açıqlamasında onların heç vaxt öz işlərinə "kino” demədiklərini bildirib: "Biz kino çəkmirik, kommersiya filmləri çəkirik. Və bəzən tamaşaçı bizim çəkdiyimiz kommersiya filmlərini "Oskar"a namizəd sayır və Kann festivalında göstərilən filmlərlə müqayisə edir ki, belə-belə işlər görün! Mən də onları başa salmağa çalışıram ki, qardaş, festival filmləri ayrıdır, kommersiya filmləri ayrı. Biz sırf pul qazanmaq üçün çalışırıq. İşlərimiz də sırf bunun üçün nəzərdə tutulub. Biz kinoteatrda tamaşaçını əyləndiririk, onun kefini yüksəldirik və bunun müqabilində o, bizə beş manat verir. Bu beş manatın isə cəmi bir manat otuz qəpiyini özümüzə götürürük”.

       Komediya seriallarının rejissoru olan Ramin Hacıyev deyir ki, yaxın zamanlarda özü sanballı bir komediya filmi çəkmək istəyir, indiki çəkilən filmlərdə tamaşaçını inandırmaq çətin olur: "Bu günün tamaşaçısını artıq aldatmaq olmur. Gülməli film başqa, komediya filmi başqadır. Yalandan tərifləməkdən artıq xirtdəkdəyəm. Düzdür, komediya filmlərini çəkənlər dostlarımız, qardaşlarımızdır, birlikdə işləmişik, çörək kəsmişik. Ancaq baxıram ki, o filmlərin çoxunda gülməli heç nə yoxdur”.

       Yenicə əməkdar artist adı alan, yeni çəkilən film və seriallarda komik ata obrazı yaradan aktyor Niftulla Əsgərovun sözlərinə görə, hər dövrün öz hökmü var. Onlardan əvvəl də, onlardan sonra da istedadlı insanlar yaşayıb və yaşayır: "Hazırda kompyuter əsridir. Ötən əsrin 80-ci illərində filmi 4-5 ilə ancaq çəkə bilirdilər. Ancaq indi bir filmi ayyarıma çəkirlər. Elə fraqmentlər olurdu, gözləyirdilər ki, Günəş çıxsın və ya Ay getsin, sonra çəksinlər. İndi isə Günəşin batmasını, buludun getməyini özləri kompyuterlə həll edirlər. Bu onların iki dəqiqəsini alır. Məsələ burasındadır ki, keçmişdə çəkilən komediyalara bu dəqiqə də baxılır və adama ləzzət edir. Mən uşaqlıqda hər zaman onlara baxmışam, indi də baxıram. 1977-ci ildə "Qərib cinlər diyarında” filminə çəkilmişdim. Orada mən Qara cini oynayırdım. Çox maraqlı illər idi”.

        N.Əsgərov deyir ki, indiki komediyalarla əvvəlki komediyalar arasında fərq var. Amma gəlin, indiki tamaşaçının zövqünü də nəzərə alaq: "Bugünkü tamaşaçının zövqü tamamilə fərqlidir. Misal üçün, "Ögey ana” filmində aktyor deyir ki, mənim bu qara buluddan gözüm su içmir. Gedim o qara buludun qabağını tutum. İndiki tamaşaçıya bu sözü deyə bilərsənmi? Tamaşaçını aldatmaq olmaz. Tamaşaçı həqiqəti, faktı olduğu kimi görmək istəyir. Bizim keçmiş komediya filmlərimizə hörmətimiz var və onlardan öyrənməli, nümunə götürməli, yeni-yeni əsərlər yaratmalıyıq”.

       "Öz” film şirkətinin rəhbəri, rejissor, prodüser Fehruz Şamıyev köhnə filmlərlə yeni çəkilən filmlərin arasında böyük fərqlərin olduğunu və bu fərqin təkcə tamaşaçılara ötürdüyü mesajlardan ibarət olmadığını vurğulayır: "Fərq həm də filmlərin strukturunda, formalarında olan dəyişikliklərdədir. İndiki tamaşaçıların komediyaya baxmaqda bir məqsədi var: gündəlik həyatda olan çətinliklərdən yaxa qurtarıb, 2 saatlıq da olsa istirahət etmək. Komediyaların əksəriyyətindən hansısa ciddi mesaj gözləmək əbəsdir. Hansı ki, əvvəllər "Əhməd haradadır?”, "Ulduz” kimi filmlərdə azərbaycanlıların sosial və gündəlik həyatı göstərilirdi. Həmin filmlərdə  müəyyən qədər əyləncə, müəyyən qədər də cəmiyyətə humanist mesajlar verilirdi. Amma keçmişdəki komediyaların bir çoxunu da ciddi sənət əsəri hesab etmək olmaz. Onlar da günün tələbinə və ideologiyaya uyğun çəkilirdi”.

       Gəldiyimiz qənaət budur ki, özəl sektorun film çəkmək sevdası təqdirəlayiqdir, ancaq onlardan sənət əsəri, şedevrlər gözləmək əbəsdir. Deməli, sənət əsəri, əsil kino izləmək istəyənlər on illər öncə çəkilmiş filmlərimizə müraciət etmək məcburiyyətindədirlər. Bu məcburiyyətin nə qədər davam edəcəyini isə bilən yoxdur... 

 

       Xəyalə Rəis

      Kaspi.-  2018.- 6 iyun.- S.12.