Əqli
mülkiyyətin innovativ iqtisadiyyatda rolu
Heydər Əliyev Mərkəzində
“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin
dəstəyi” adlı beynəlxalq konfrans-sərgi
keçirilib
"Yaşadığımız «biliklər cəmiyyəti»ndə,
texnologiyaların sıçrayışı dövründə
və rəqəmsal innovasiyaların «rəqəmsal imperativ»
zamanında innovativ inkişaf tədqiqatların nəticəsində
əldə edilən biliklərin və texnologiyaların,
investisiyaların və əqli mülkiyyətin
yaratdığı insan kapitalının ekosistemidir”. Heydər
Əliyev Mərkəzində keçirilən "Bilik və
innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi”
adlı beynəlxalq konfrans-sərgi və "Qeyri-maddi aktivlər
və qlobal dəyər zəncirləri: İqtisadiyyat
innovasiyanın faydalarından necə yararlana bilər?”
adlı regional seminarda səslənən bu fikirlər ölkəmizdə
əqli mülkiyyətin inkişafı, hüquqlarının
qorunması, qarşıda duran vəzifələr və
görüləcək işlərə diqqət yetirməyə
fürsət yaratdı.
"Əqli mülkiyyətin dəyişmiş rolu
onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə
bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan
üçün çox aktualdır” - deyə seminarı
giriş sözü ilə açan Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə
Heyətinin sədri Kamran İmanov Azərbaycanın yeni
iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm
qoyduğunu bildirdi: "Qeyri-neft sektorunu inkişaf etdirən,
diversifikasiyanı uğurla aparan və «Made in Azerbaijan» brendini
təşviq edən dövlətimiz qısa müddətdə
böhran vəziyyətini arxada qoyaraq, iqtisadi artımlı
dinamika ilə müşahidə olunur.
Yaşadığımız «biliklər cəmiyyəti»ndə,
texnologiyaların sıçrayışı dövründə
və rəqəmsal innovasiyaların «rəqəmsal imperativ»
zamanında innovativ inkişaf tədqiqatların nəticəsində
əldə edilən biliklərin və texnologiyaların,
investisiyaların və əqli mülkiyyətin
yaratdığı insan kapitalının ekosistemidir”. Ölkə
miqyasında aparılan islahatların əqli mülkiyyət
sahəsinə öz müsbət təsirini göstərdiyini
deyən K.İmanov rəqabətqabiliyyətlilik indeksinin
"Əqli mülkiyyətin qorunması” alt göstəricisi
üzrə Azərbaycanın 37-ci yeri tutduğunu diqqətə
çatdırdı: "Belə ki, Azərbaycan 2016-2017-ci illərlə
müqayisədə "Əqli mülkiyyətin qorunması”
göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə
yüksələrək, MDB ölkələri sırasında
lider mövqeyini möhkəmləndirib. Ölkəmizin kreativ
iqtisadiyyatının ÜDM-dəki payı 5%-i ötüb,
dünyanın orta səviyyəsindədir, hətta bir
sıra inkişaf etmiş ölkələri geridə qoyur.
Piratçılığa qarşı görülən tədbirlər
nəticəsində 2005-ci illə müqayisədə
piratçılığın səviyyəsi müxtəlif
sahələrdə 20-30% aşağı düşüb”.
K.İmanov Azərbaycanın əqli mülkiyyət
sahəsində fəal beynəlxalq əməkdaşlıq
apardığını, müəlliflik və oxşar
hüquqlar sahəsində 6, sənaye mülkiyyətinə
aid 11 beynəlxalq çoxtərəfli konvensiya və
sazişlərdə iştirak etdiyini qeyd etdi:
"Hal-hazırda ÜƏMT-nin müəlliflik hüququna
aid 2 yeni müqaviləsinə – Mərakeş və Pekin
müqavilələrinə qoşulma prosesi gedir, həmçinin
sənaye mülkiyyəti ilə bağlı 3 sazişə
qoşulma planlaşdırılır”. İH sədri qeyd etdi
ki, hazırda ölkəmizdə Müəllif Hüquqları
Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə
hazırladıqları "Universitet və elmi tədqiqat
institutlarında əqli mülkiyyət siyasəti
üçün milli layihə” həyata keçirilir:
"Layihə ölkəmizdə elmi tədqiqat nəticələrinin
kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi,
yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi
üçün əlverişli şəraitin
yaradılması və iqtisadi səmərəsinin
artırılması məqsədlərinə xidmət edir.
Bununla bağlı 2017-ci ildə Birgə Bəyannamə
imzalanıb. Qeyd olunan məsələlərə aid
2016-2017-ci illərdə ÜƏMT ilə birgə əməkdaşlıqda
3 beynəlxalq tədbir keçirilib, elm ocaqlarında əqli
mülkiyyət siyasəti ilə bağlı
tanınmış beynəlxalq ekspertlər tərəfindən
yardım göstərilib, mütəxəssislər
hazırlığı aparılıb. Buradakı sərgidə
əməkdaşlığın bəhrəsi kimi
startapların və spinautların fəaliyyətlərinin nəticələri
nümayiş edilir”.
K.İmanov qeyd etdi ki, Azərbaycanın uzunmüddətli
Əqli mülkiyyət Strategiyasının hazırlanması,
Elm və sənaye arasında bağlantı,
ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə
artması, "Made in Azerbaijan” brendinin təşviqi, "Əmtəə
nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid
Sazişi” çərçivəsində qorunan yerli əmtəə
nişanlarının xərclərinin qismən dövlət
hesabına ödənilməsi və kütləvi istehsal
olunan və fərdi toxunan xalçalarımız üzərində
Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək
verilməsi və qeydiyyata alınması, rəqəmli şəbəkələrdə
əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin
istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi və
s. həyata keçiriləcək tədbirlər
sırasındadır.
Əqli mülkiyyət tədricən rəqəmsallaşır
Əqli mülkiyyət dünyasının çox
dinamik inkişaf etdiyini bildirən Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının (ÜƏMT) baş
direktoru Frensis Qarri hazırda bir sıra tendensiyaları izləyə
bildiyimizi qeyd etdi: «Bu tendensiyaların iqtisadiyyatını
inkişaf etdirməyə çalışan Azərbaycan kimi
ölkələrə xüsusi təsiri var. Son 10 ildə
artım dinamikasını müşahidə edirik. Artıq
bilik iqtisadiyyatına keçid baş verir. Müxtəlif
bazarlarda şirkətlər müdafiə olunmağa
çalışırlar. Habelə, əqli mülkiyyət və
innovasiyaların coğrafiyası dəyişməkdədir».
Baş direktor bildirdi ki, ÜƏMT-ə 60 faiz ərizələr
Asiya ölkələrindən daxil olur: «Beynəlxalq patent ərizələrinin
49 faizi Asiya ölkələrindən gəlir. İnnovasiyalara
xüsusi fokus yönəlir. Tərəflər arasında
innovasiya əsaslı rəqabət gedir. Bütün bu inkişaf
prosesi nəticəsində əqli mülkiyyət
dünyası mürəkkəb aləmə çevrilir.
Hökumətlərarası çoxtərəfli sazişlərdə
bu məsələlər öz yerini tapır».
ÜƏMT rəhbəri qeyd etdi ki, YUNESKO, ÜST kimi
nüfuzlu təşkilatların da bu prosesə töhfəsi
var: «Texnologiya baxımından güclü dəyişikliklər
baş verir. Big Data və robotların fəaliyyəti əqli
mülkiyyət hüquqlarına təsir edir. Əqli
mülkiyyət tədricən rəqəmsallaşır. Gələcəkdə
Big Data iqtisadiyyatın əsasına çevriləcək.
Universitetlər, tədqiqat institutları bu sahədə yeni
biliklərin yaranması üçün müstəvidir.
Hazırda bu qurumlar elm və texnologiyalar arasında
körpü rolunu oynayır. Bunun üçün tədqiqatların
dəstəklənməsi lazımdır. Tədqiqat
institutları öz məhsullarını bazara
çatdırmalıdırlar. Elm və texnologiya arasında
körpü mütləqdir. Əqli mülkiyyət qlobal dəyər
zəncirində bağları təmin edir”.
Biznesin elmə dönməsi
AMEA prezidenti Akif Əlizadə əqli mülkiyyətin
qorunmasının hazırkı gündə Azərbaycanda
problemli olduğunu söylədi: «Azərbaycanda tədqiqat
işlərini həyata keçirən AMEA rəqabətli
iqtisadliyyatın formalaşmasına öz töhfəsini
verir. Elmi tədqiqat institutlarının tərkibində
texnoparkların yaradılması bu istiqamətdə atılan
addımlardandır. Elm və biznes əməkdaşlığının
inkişafı üçün də AMEA dəstək
göstərir. Belə ki, startap müsabiqələrin təşkili
və layihələrin dəstəklənməsi, birgə
beynəlxalq transfer mərkəzlərinin təsis edilməsi,
təlim kadrlarının təşkili bu istiqamətdə
atılan addımlardandır”. A.Əlizadə qeyd etdi ki, AMEA
texnologiyalar parkında 13 rezident fəaliyyət göstərir:
«Dünyanın iqtisadi nəhəngləri əqli mülkiyyətin
inkişafı ilə uğurlara nail olurlar. İnnovasiya siyasətində
rəqabət qabiliyyətli iqtisadiyyat qurula bilir”.
Biznesin Azərbaycanda bir qədər cavan olduğunu
qeyd edən AMEA prezidenti bu üzdən biznesin elmə o qədər
maraq göstərmədiyini qeyd etdi: "Əlbəttə,
alimlər təkliflər irəli sürürlər. Biznesin
elmə dönməsi intellektual elmin inkişafı sahəsində
irəliləyiş olardı”.
İqtisadi inkişafın göstəricisi
Avrasiya Patent Təşkilatının (EAPO) prezidenti
Saule Tlevlessova rəhbərlik etdiyi qurumun ixtiralar sahəsində
regional təşkilat olduğunu qeyd edərək 8 dövlət
üzvündən birinin də Azərbaycan olduğunu diqqətə
çatdırdı: «Keçən il Azərbaycandan təşkilata
37 ərizə daxil olub. Təşkilat üzv dövlətlər
üçün müəyyən endirimlər tətbiq edir.
Yarandığı gündən bəri quruma 320 ərizə
verilibsə, onlardan 240-ı ixtira kimi qeydə alınıb.
Hazırda Azərbaycanda 7320 patent dəstəklənir. Bu o deməkdir
ki, bu qədər patent ölkə iqtisadiyyatı
üçün istifadə oluna bilər. Azərbaycandan ərizələrin
80 faizi elmi müəssisələrin, institutların payına
düşür. Bu isə ölkənin böyük gələcəyinin
olmasını deməyə əsas verir. Əgər elm müəssisələri
və universitetlər tədqiqatlarla məşğuldurlarsa,
bu, gələcəkdə iqtisadi inkişafın göstəricisi
deməkdir».
Tədqiqat və innovasiya mərkəzlərinin
inkişaf etdirilməsi
Uğurlu
inkişafın təməlində bilik yönümlü cəmiyyətin,
rəqabət qabiliyyətli texnoloji innovasiyaların
dayandığını deyən təhsil naziri Ceyhun Bayramov
yaşadığımız bilik və innovasiya
iqtisadiyyatı dövründə davamlı və hərtərəfli
inkişafın təmin edilməsində elm və təhsilin rolunun əhəmiyyətli
dərəcədə artmaqda olduğunu bildirdi: "Təbii ki, innovasiya prosesi yeniliklərin
yaradılmasından başlayaraq, o yeniliklərin mənimsənilməsi
və bazara çıxarılmasında olan bütün mərhələlərdə
əqli mülkiyyətin iştirakını özündə
ehtiva edir. Əqli mülkiyyət amili innovasiyaların səmərəli
tətbiqinə şərait yaratmaqla, əsaslı rəqabəti
də stimullaşdırır. Ali təhsil müəssisələrinin
elmi-tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf
etdirilməsi, universitetlərin elmi-texniki fəaliyyətlərinin
nəticələrinin kommersiyalaşdırılması isə
yüksək elmi potensial tələb edir”.
Nazir məlumat verdi ki,
hazırda universitetlərdə və elmi təşkilatlarda 33
mindən artıq alim məşğul olur ki, onların 35
faizi fəlsəfə doktoru, 8 faizi isə elmlər doktorudur. Artım dinamikasına görə Azərbaycan
son illər regionda birinci yerə çıxıb. İlkin tədqiqatlara görə, 1118
elmi-tədqiqat işinin təxminən 43 faizi ali
təhsil müəssisələrinin payına
düşür. Təhsil Nazirliyinin strukturunda
olan universitetlərdə çalışan 9 mindən
artıq professor-müəllim heyəti tərəfindən
ixtiraların patentləşdirilməsinə dair son 5 ildə
116 sifariş verilib, patent və ixtiraların sayı isə
159 olub. Onlardan 98-i Azərbaycanda, 66-ı isə ölkə
hüdudlarından kənarda patent alıb. Qlobal
elmi bazadan istifadə aktivliyinin dinamikası 2017-ci ildə əvvəlki
illərlə müqayisədə 75 faiz artıb. Elmi
jurnallarda çap olunmuş məqalələrin sayında son
4 ildə 68 faiz artım qeydə alınıb: "Ölkəmizdə
mövcud elmi potensialın formalaşdırılması və
davamlı inkişafın təmin edilməsi məqsədi ilə
AMEA ilə birlikdə tədqiqat universitetlərinin
yaradılması istiqamətində işlərə
başlanılıb. Bu universitetlərin yaradılması
müasir dövrün ali təhsil müəssisələri
qarşısında qoyduğu yeni
çağırışlarla bağlı universitetlərə
yeni statusların verilməsi zamanı əqli mülkiyyət
hüquqlarının qorunması və əqli mülkiyyət
nəticələrinin reallaşdırılması səviyyəsi
əsas meyarlardan biri kimi nəzərdən keçiriləcək”.
Sessiya və panel müzakirələrində ÜƏMT,
Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Yunanıstan və s.
ölkələrin əqli mülkiyyət sahəsi üzrə
tanınmış ekspertlərinin
çıxışları dinlənildi.
Tədbirdə universitetlər tərəfindən
yaradılan startapların nümayişi və onların
nailiyyətlərini əks etdirən sərgi ilə
tanışlıq da maraqla qarşılandı. Belə ki, sərgidə 21
startap-layihə nümayiş olundu. Onların
16-sı 7 yerli universitet, 2-i özəl şirkət, 3-ü
AMEA (Yüksək texnologiyalar parkı) tərəfindən təqdim
edildi. Qeyd edildi ki, bu layihələr Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətli,
dayanıqlı və təhlükəsiz inkişaf modelinin təşəkkül
tapmasına istiqamətlənmiş addımlardandır.
Təranə Məhərrəmova
Kaspi.-
2018.- 6 iyun.- S.9.