Pərviz Məmmədrzayev: “Qorxdum... sevgimi itirməkdən qorxdum”

      Əməkdar artist Pərviz Məmmədrzayev Teatro.az sənət portalının “Bermud üçbucağı” layihəsinin qonağı olub. Kulis.az müsahibəni təqdim edir.

       Könül Əliyeva-Cəfərova: Biz bilirik Pərviz Məmmədrzayev kimdir? Siz özünüzü necə təqdim edərsiniz?

       Pərviz Məmmədrzayev: Pərviz Məmmədrzayev birinci növbədə ailə başçısıdır, amma tam şəkildə özünü ailəsinə həsr edə bilməyən ailə başçısı… Pərviz Məmmədrzayev hələ içində odu sönməyən yaradıcı insandır.

       Dağlar Yusif: Odu sönməyən…

      P.M.: Bəli… Hələ odu sönməyib, şükür…

      K.Ə-C.: Sualımı konkret qoyacağam: aktyor nəyi bacarmalıdır?

      P.M.: Aktyor nəyi bacarmamlıdır? – mən də suala konkret sualla cavab verim.

      K.Ə-C.: “Oynamağ”ı…

      P.M.: Aktyor, ilk növbədə, ağlı və ürəyi ilə dostluq eləməlidir. Bir də zövq… zövqü olmalıdır aktyorun. Aktyor bilməlidir ki, harda nəyi eləmək olar, nəyi olmaz. Düyünü arıtlamaq var ha, aktyor da öz rolunu olmazlardan arıtlamağı bacarmalıdır.

      D.Y.: Və ölçü qoymağı… Belə demək mümkünsə, özünün olarlar və olmazlar sistemini formalaşdırmalıdır.

      P.M.: Hökmən! Ölçü qoymağı bacarmayanda efirdəki biabırçılıqlar yaranır.

      D.Y.: Bəs, Pərviz Məmmədrzayev olarlar və olmazlar sistemini yarada bilibmi?

      P.M.: Yaratmasaydı, çoxdan Pərviz Məmmədrzayev olmazdı. Bu əndazəni bilməsəydim, hər gün efirlərdə və lazım olmayan yerlərdə görünərdim.

      K.Ə-C.: Sənət həzz kimi, yaşam tərzi kimi, insanları tərbiyələndirmə vasitəsi kimi, yoxsa?...

      P.M.: Dediklərinizdən ilk ikisi mənə daha yaxındır. Sənət mənim yaşam tərzimdir. Hər dəfə səhnəyə çıxanda sevgilimlə görüşə çıxırmış kimi qəribə bir həyəcan və həzlə çıxıram. Səhnə mənim üçün başqa meydandır. Səhnəyə – içimdəki o sevgiyə, o sevgiliyə xəyanət eləyə bilmərəm. Elə ona görə də kölgədə qalmışam… Elmə kosmosun yeddi qatı məlumdur. Ondan o yanası artıq bizim bilmədiyimiz, Allahın bildiyidir. Eləcə də, bizim içimizdə qatlar var. Və özünə, sənətinə xəyanət edən adam heç vaxt birinci qatdan o yana gedə bilməz.

       D.Y.: Pərviz Məmmədrzayevin sənət yoluna baxırıq: Pantomim teatrı, Dram Teatrı, Musiqili teatr və özəl teatr… Demək olarmı ki, nə Azər Paşa Nemətov, nə Bəxtiyar Xanızadə sizi bədii rəhbər kimi qane etmədi və onlarla işləməyi sənətə xəyanət kimi qəbul edib, uzaqlaşdınız?

P.M.: Yox, elə deməzdim. Bilirsiniz, onların öz “həqiqətləri” vardı və bu “həqiqətdə” mənə yer yox idi. Düşünürəm ki, ağlı başında olan, özünə hörmət edən insan arzu olunmadığı yerdə qalmamalıdır. Pantomim teatrından uzaqlaşandan 3 ay sonra öz teatrımı yaratdım. Simsar teatr studiyası… Burada mən içimi, beynimi, ruhumu, ürəyimi maraqlandıran işlərlə məşğul olmağa başladım. O dövr mənim üçün çox dəyərlidir. Müstəqilliyimi tanıdığım, müstəqil şəkildə atdığım hər bir addım mənim üçün böyük sınaq idi. Teatrda da müstəqil işlər görürdüm, amma burada arxamda heç kim dayanmamışdı. Orada guya teatr dayanmışdı…

       K.Ə-C.: Müstəqillik deyəndə nəyi nəzərdə tutursunuz?

P.M.: Müstəqillik qılıncın tiyəsinin üstüylə getmək və balansı itirməməkdir. Düzdür, haqqımda söz-söhbət yayıldı ki, Pərviz özfəaliyyətlə məşğuldur. Onu deyənlər də qarşısındakını özü qədər görə bilir. Belə… Simsarın son dövrləri idi, İsrafil müəllimin (İsrafil İsrafilov – red.) təşəbbüsü ilə Azdramada studiya yaradıldı. Vidadi müəllim (Vidadi Həsənov – red.) məni dəvət elədi. Səfa müəllim (Məmmədsəfa Qasımov – red.), Vidadi müəllim və mən 3 ilə yaxın çiyin-çiyinə çalışdıq.

      D.Y.: Bəs, sonra?

      P.M.: Sonra rəhbərlik dəyişdi, studiyanı istəmədi. Qərəzli münasibət yaranmağa başladı, təkcə mənə qarşı yox… teatra dəvət olunanlar bir-bir uzaqlaşdırıldı. Heç bir söhbətsiz, filansız, tamaşalar bağlandı və xəbər olundu ki, gəl, ərizəni yaz, çıx. Dərziyə deyirlər, köçürsən, iynəsini taxır papağına, deyir, baş üstə. Yəni, demək istədiyim odur ki, mən heç kimdən küsməmişəm. Bircə yerdən küsüb getmişəm, ora da 16 ilimi həsr eləmişəm.

      K.Ə-C.: Pantomim teatrı?

      P.M.: Bəli…

      D.Y.: Niyə getmisiz?

      P.M.: Belə deyək də, maraqlar üst-üstə düşməyəndə artıq ayrılmağa məcbur olursan.

      D.Y.: Maddi maraqlar?

      P.M.: Xeyr. Gördüyünüz kimi, maddiyata qaçan olmamışam. Deməli, nəsə mən istəyən kimi olmayıb, getmişəm.

      K.Ə-C.: Humanı Simsarın davamı kimi qavraya bilərik?

      P.M.: Bəli, çünki ikisini də yaradan mənəm.

      K.Ə-C.: Human hansı ideyadan yarandı 

      P.M.: İnsan hansı ideyadan yaranıb?! Human elə insan deməkdir. Teatr da insanla məşğul olan sənət növüdür. Mənə görə, insanın içi elə bir aləmdir ki, burada bütün rənglər, bütün çalarlar, bütün hisslər, bəşəriyyətə xas olan bütün keyfiyyətlər var – əxlaqdan tutmuş, əxlaqsızlığa qədər, vicdandan tutmuş vicdansızlığa qədər, ağıldan tutmuş, ağılsızlığa qədər… “Human”da mən insanla məşğul olmaq istəyirəm 

      D.Y.: Var özəl teatr, var azad teatr… Özəl teatr hələ azad teatr demək deyil. Pərviz Məmmədrzayev öz teatrında hansı məqamlara gəlib çatmaq istəyir? Yaxud hansı ideyalar var ki, onu dövlət teatrlarında realizə etmək mümkün deyildi?

     P.M.: İlk növbədə, içinə xəyanət eləməyən aktyorlar yetişdirmək istəyirəm. Sabah görsələr ki, mən xəyanət eləyirəm, qoy, məni də qoyub getsinlər. Qoy, məni mənə tanıtsınlar. Şükür Allaha, hələ ki, belə şey olmayıb. O ki qaldı azadlığa, basqı olmayan yeri sevirəm. Basqı olan yerdə yaradıcılıq yoxdur. Mən laboratoriya yaratmaq istəyirəm. Fermada işləmirəm ki, ilin sonunda hər inəkdən 2 bala götürüm. Bu, yaradıcılıq prosesidir. Bir gün alına bilər, bir gün alınmaya… Biz onun alınması üçün metodikalar işləyib hazırlayırıq. Təbii ki, mövcud metodikalardan – K.S.Stanislavski, M.Çexov, İ.Çabbak – faydalanırıq, bir şərtlə ki, yalançılıq və formalizmə getməyək. Çabbak mənim üçün Stanislavskinin oxunaqlı və işlək hala gətirilmiş konspektidir. Stanislavski isə böyük ustaddır. Allah ona qəni-qəni rəhmət eləsin. Teatrın elə bir sahəsi yoxdur ki, Stanislavski ora toxunmasın. Hətta, fizioloq P.Simonov da onun sistemini oxuyurmuş.

     K.Ə-C.: Metodikalardan danışdınız. Universitetdə də pedaqoji işlə məşğulsunuz. Maraqlıdır, eyni metodikayla dərs keçirsiniz?

     P.M.: Yox. Orda Çabbakla işləmirəm.

     K.Ə-C.: Səbəb?

     P.M.: Çabbak hələ üzdə olan variantdır. Uşaqlar çaşa bilərlər, asan yola qaça bilərlər. Stanislavski tələbə üçün bünövrədir, tələbə-aktyorun hər addımını tənzimləyir. Orqanik inkişafı üçün bünövrə rolunu oynayır. Bu sistemdə elə bölmələr var ki, ondan sonra yaradılan sistem və metodikalarda yoxdur. Tələbənin bunları bilməsi vacibdir. Məsələn, elə götürək etüd prosesini. Bu, aktyorun səhnədə ilk addımlarıdır. Etüd prosesinin özü bir neçə mərhələyə bölünür. İlk olaraq xəyali əşyalarla rəftar. Burada tələbə rol üzərində yox, ilk növbədə, öz üzərində işləməklə, əşyanın həcmini, çəkisini, xarakterini göstərməklə başlayır. Görürsünüz? Artıq buradan başlayaraq aktyor həqiqəti nümayiş etdirməlidir. Əgər bu mərhələdə aktyor düzgün təsəvvür və təsvir etmirsə, onda gələcəkdə hansı obraz üzərində işləməkdən danışmaq olar? Çabbak isə Stanislavskidən müəyyən hissələri götürüb, öz metodikasında birləşdirib… Düzü, bu barədə indi danışmağa başlasam, yəqin ki, çox uzun çəkər. O ki, qaldı universitetdəki tələbələrimə, nəyi bacarıramsa, onlara öyrədəcəyəm. Allah mənə nə qədər öyrədə bilmək qabiliyyəti veribsə, ağlımın, məntiqimin hesabına onlara bildiyim və bacardığım hər şeyi öyrədəcəyəm. Çünki qarşıma vicdani borc qoymuşam.

     D.Y.: Human teatrında aktyorluq kursları açmısız və buraya ürəyi istəyən hər kəs – qeyri-teatrallar da müraciət edə bilər. Qorxmursuz ki, teatr sənətinə istedadsız adamların güclü axını baş verə?

    P.M.: Bu heç vaxt ola bilməz. Təbii, işimin kommersiya tərəfləri var. Amma buna baxmayaraq, həmişə seçim edirəm. İstedadı olmayanı pula görə götürmürəm. Yeganə meyar istedad deyil. Əxlaqi və mənəvi keyfiyyət mənim üçün hər şeydən ucadır.

    D.Y.: Özəl teatr əvvəl “mən”dən başlamalı, sonra ölkə miqyasında bir teatra çevrilməli, daha sonra özünü dünya teatrının bir hissəsi kimi dərk etməlidir. Human teatrı hansı mərhələdədir 

    P.M.: Hələ rüşeym. Hələ ki, “mən”dədir. Çünki aktyorlar təkamül prosesi keçməlidirlər. Bunun üçün tamaşa mütəmadi şəkildə oynanılmalıdır. Aktyor hər tamaşadan sonra nəyi düzgün, nəyi isə səhv etdiyini təhlil etdikcə püxtələşir, oyun tərzini zərifləşdirir. Eynən zərgər işi kimi. İndiki halda isə tamaşanın oynanılması üçün müəyyən maddiyyat lazımdır. Maddiyyat çox şeyi həll edir. Görürsünüz? Bunlar bir-birindən çox asılıdır. Mənim icarə məbləğini ödəmək imkanım olmadığına görə, oynaya bilmirik. Ancaq hansı səviyyədə olduğumuzu bilmək üçün intensiv şəkildə oynamalıyıq. Mənim aktyorlarımın bu imkanı yoxdur. Biz burda özümüz hər gün məşğul oluruq. Amma aktyor tamaşaçı önündə bişməlidir. Nə qədər biz özümüz özümüzü görməliyik?! Öz qazanında nə qədər bişmək olar?! Bu uşaqlar tamaşaçının nəfəsini duymalıdır. Meyerhold deyir, aktyoru aktyor edən oynadığı rollardır. Bəli, oynadığı rollar onu aktyor kimi də, şəxsiyyət kimi də püxtələşdirir.

     K.Ə-C.: Alim kimi də? Pərviz müəllim, aktyordan alim olar?

     P.M.: Aktyor böyük alimdir. Çünki aktyor laboratoriya kimi hər gün öz içində müxtəlif funksiyalar, maddələr mübadiləsi aparır. Yəqin bilirsiniz, insanın keçirdiyi hisslərdən asılı olaraq hər dəfə bədənində fərqli bioloji proseslər gedir. Hirslənəndə başqa, sevinəndə, təəccüblənəndə bir başqa və s. Aktyor da elədir… o, səhnədə var olduqca içindəki laboratoriya pıqhapıq qaynayır. Buna görə, aktyora alim demək olar. Çünki aktyor, birinci növbədə, öz üzərində təcrübə aparır.

     K.Ə-C.: Tamam, amma mən bu mənada soruşmadım. Məsələn, sənətşünaslıq üzrə fəlsəfə doktoru Entoni Hopkins, yaxud dosent Al Paçino. Necə səslənir?

     P.M.: (Gülür) Qəşəng, çox gözəl… Bu atılan daşın mənim bostanıma gəldiyinin fərqindəyəm, amma… Əgər bu sənətə aid düz-əməlli ədəbiyyat buraxsaydınız, mən yazmazdım.

    K.Ə-C.: Gözəl… Bu gün niyə aktyorlar, rejissorlar kütləvi şəkildə fəlsəfə doktoru olmağa can atırlar? Məşğul olduqları peşənin gələcəyinə güvənmirlər 

    P.M.: Xeyr. Bilirəm, məni o tərəfə çəkmək istəyirsiniz (gülür). Can atmırlar, sadəcə titula görə…

    K.Ə-C.: Aktyor titul üçün yaşayır?

    P.M.: İnsan titul üçün yaşayır. Gəlin, boynumuza alaq, hərdən elə elmi işlərin adına rast gəlirik ki, Allah göstərməsin, adam qalır belə, bu mövzuda da elmi iş yazarlar?!

    K.Ə-C.: Gözəl… alimlərin səviyyəsi sizi qane etmir və düşünürsüz ki, bu sahədəki boşluğu yalnız siz doldura bilərsiz…

    P.M.: Alimlərlə işim yoxdur, yalançı, əndrəbadi, qondarma işlə məşğul olanları deyirəm.

    K.Ə-C.: Sizinlə tam razıyam. Haqlısınız. Bu gün təkcə teatrşünaslıq yox, humanitar elm sahəsi 80 faiz psevdo alimlərlə doludur 

    D.Y.: Könül, 80 faiz çox olmadı, bəlkə “əzilirlər” deyək?

    K.Ə-C.: Yox, ölürlər yaxşıdı… O üstündə skelet şəkli olan monoqrafiya yadındadı?

    D.Y.: Həə… Allah rəhmət eləsin!. 

    P.M.: Gənclər, bəsdirin… Bu gün həqiqi elmə məşğul olan insanlar da var axı. Onlara böyük hörmətim var. Niyə? Çünki onlar xəyanətkar deyillər. Onlar böyük yerdən yapışmırlar, məşğul olduqları işin nüvəsindən yapışırlar. Elə sənətdə də belədir. Fuad Poladovu niyə sevirəm? İnsan bütöv idi, tam idi, kristal idi. Mən kristalı sevirəm, üzdən qızıl suyuna çəkilib, içində zibil olanı yox.

   D.Y.: Fuad Poladovun adını çəkdiniz. Birmənalı deyirəm, Pərviz Məmmədrzayev mənə görə, nə bir istedad kimi, nə bir şəxsiyyət kimi Fuad Poladovdan əskik deyil. Amma niyə o Fuad Poladov ola bilmir? “Nuri-didə Ceyhun”da baxıram, tamaşaçılar alqışlayır, aktyorlar təzimə çıxır, amma siz çəkilib gedirsiniz. F.Poladov və onun timsalında böyük aktyorlar hamısı həm də özlərini göstərməyi sevirdilər, axı. Siz niyə bunu eləməkdən çəkinirsiniz?

    P.M.: Dedim axı, mən səhnəyə çıxanda sevgilimlə görüşə çıxırmış kimi çıxıram, özümü göstərmək üçün çıxmıram. Mən səhnədə sevgiylə məşğul olmuşam, düzdür, tamaşaçının qarşısında məşğul olmuşam, amma mənim də məkanım budur. Bir film var, Morqan Friman məktəbdə basketbol meydançasında təmizlikçi rolunda oynayır. Uşaqlar basketbol oynayırlar. Bir uşaq o qədər canfəşanlıq eləyir ki, topu özü atsın, heç kimə pas vermir, özü atmağa çalışır, amma heç vaxt da alınmır.

    D.Y.: Bizdə futbol və teatr ona görə yoxdur ki, pas verməyi bacarmırıq.

    P.M.: Hə… Oyun bitir, uşaqlar dağılışır, ata bilməyən uşaq qalır. M.Frimanın qəhrəmanı uşağa deyir, topu ver bura, alıb itə atır, it topu vurur və düz gəlib səbətə düşür. Friman uşaqdan soruşur, gördün neylədi? Atdı – deyə uşaq cavab verir. Yox, o atmadı, onda o azart yoxdu, sadəcə oynamaq həvəsi var. Baxın, mən öz içimdəkini tapdım – özümü gözə soxmaq azartım yoxdur. Səhnə mənim sevgimdir, eşqimdir. Eşqimə görə mən özümü necə təqdim edə bilərəm?!

   D.Y.: İnsanlara yadlaşıb, özünüzü “müqəddəs”ləşdirməmisiz…

   P.M.: Xeyr, nə müqəddəs?! Mənim də mədəm var, mən də yemək istəyirəm. Mənim də ailəm var, övladlarım var. Hamı kimi, bəlkə də, hamıdan çox mənim də maddi ehtiyacım var. Səhnə başqa aləmdir.

  K.Ə-C.: Səhnədə oynamırsınız…

  P.M.: Mən bunu eləməkdən zövq alıram, oynamıram. Qanımda üç-dörd əsrin dəmirçi qanı var. Mən dəmirçi nəslindənəm, biz elədiyimiz işdən zövq alırıq. Kimsə bizim işimizdən zövq alacaqsa, sağ olsun, almayacaqsa da, Allah canını sağ eləsin. Yəqin ki, bu, məndə genetikdir.

  K.Ə-C.: Teatr dünyanı dəyişə bilər?

  P.M.: Dünya dəyişmək istəmirsə, teatr nəkarədir ki?

   D.Y.: Hər bir yazıçının, ya şairin bütün yaradıcılığından keçən bir xətt mövcuddur. Siz öz yaradıcılığınızı bu xətt üzrə qurmusunuzmu? Qurmusunuzsa, o xətti bir cümləylə necə ifadə edə bilərsiniz?P.M.: Bilmirəm, o xətti qurmuşam, ya yox, amma ömrü boyu bir şeyə can atmışam: öyrənmək. Mən heç kimi öyrətmirəm, özüm öyrənirəm.

   K.Ə-C.: Həyat yoldaşınız Pantomim teatrının aktrisası olub. Səhv eləmirəmsə, “Leyli və Məcnun”da birlikdə oynamısınız. Niyə uzaqlaşdı sənətdən, siz istədiniz?

  P.M.: Müəyyən səbəblər oldu, mən onun uzaqlaşmağını lazım bildim. Qorxdum… sevgimi itirməkdən qorxdum.

   D.Y.: Onu da öz sevgilisindən – səhnədən ayırdınız…

  P.M.: Bəli.

   K.Ə-C.: Günah işlətdiz…

   P.M.: Razıyam…

   D.Y.: Azərbaycanda teatr elə hərfi mənada, kişi sənətidir, deyə bilərik…

   P.M.: Xeyr, xeyr… Sadəcə teatrın daxilində gedən prosesləri görüb uzaqlaşdırdım.

   K.Ə-C.: Bəs, sənət, bəs, ilahi eşq, bəs, məhəbbət… Sevgimiz elə bu qədərmiş?!

   P.M.: (Gülür) Yox… Mən həyatımın ən vacib məqamlarında şəxsi maraqlarımı teatra qurban vermişəm. Bunu da qurban vermək istəmədim.

   D.Y.: Pərviz müəllim, Yunis Vəlipur mənə iranlı teatrşünas Əlirza Xəmsənin sizin haqqınızda yazdığını dedi. Onu da dedi ki, İranda sizi çox sevirlər. Eşitmişəm, xaricdən çox dəvətlər almısınız. Bir az da bundan danışaq.

   P.M.: Dəfələrlə ciddi təkliflər almışam: aktyor kimi, plastik həll üzrə rejissor kimi, müəllim kimi… İlk dəfə 1999-cu ildə Gürcüstanda R.Struanın “Hamletsiz Hamlet” layihəsində iştirak etdim. Orda mənə Rusiyada işləmək təklifi gəldi. Daha sonra Almaniyaya, üç dəfə Rusiyaya, Omana dəvət almışam. Hər dəfə də belə şərt qoyulub: sən getsən, teatr dağılacaq.

   D.Y.: Söhbət Pantomim teatrından gedir?

   P.M.: Bəli. Və mən o şeylərdən sonra uzun müddət qulluq eləmişəm teatra, sözün əsl mənasında qulluq…

   D.Y.: Söhbətin əvvəlində özünüz dediniz ki, kölgədə qalmısınız. Ola bilərmi ki, kölgədə qalmağınızın ən birinci səbəbi elə qərarsızlığınızdır?

P.M.: Xeyr. Qərarsızlıq deyil.

   K.Ə-C.: Gerçəklik qarşısında çarəsizlik…

   P.M.: Xeyr. Çarəsizlik də deyil. İmkan verin, deyim. Görəndə ki, başqasının mənə ehtiyacı var, özümü unuduram.

   D.Y.: Məncə, düz eləməmisiz. Çünki bu gün sizin şəxsinizdə dünyada tanınmış bir aktyorumuz ola bilərdi. Bizi bundan məhrum eləmisiniz. Keçin günahımdan, bunu sizin səhviniz kimi görürəm.

   P.M.: Razıyam, müəyyən mənada, amma tam şəkildə yox.

   K.Ə-C.: Niyə? Üzr istəyirəm, bu formada dediyim üçün…

   P.M.: (Gülür) Buyurun, buyurun, onsuz da hər formada qəbul edirəm.

   K.Ə-C.: Dediniz ki, Pərviz Məmmədrzayev birinci növbədə ailə başçısıdır. Amma Pərviz Məmmədrzayev ailə başçısından öncə tanrı tərəfindən seçilmişlərdəndir – yaradıcı şəxsiyyətdir. İstedadlı adamlar, mənə görə, “yer üzünün tanrıları”dır. Və bu “tanrılar”ın üzərində elə böyük məsuliyyət var ki, onların “mən ailə başçısıyam” deməyə haqqı yoxdur.

   P.M.: Siz məni dilemma qarşısında qoyursuz…

   K.Ə-C.: Və… bu missiyadan boyun qaçıranı Tanrı mütləq cəzalandırır…

   P.M.: Səmimi deyəcəyəm. O vaxtlar işlədiyim teatrın səhnəsi mənim üçün bütün səhnələrdən böyük idi. Axı, o teatr mənim əllərimlə yaranmışdı və mən onu çiyinlərimdə daşıyırdım. Heç vaxt nəyisə təzədən başlamağa qorxmamışam. Hər halda, uğurlu, ya uğursuz yaratdığım iki teatr bunu sübut edir. Sadəcə, bayaq dediyim kimi, “sən getsən, teatr dağılacaq” dedilər. Yaratdığım şeyin məhv olmasından qorxdum, başqa yerə getməkdən qorxmadım. Böyük bir məsuliyyət idi mənə deyilən söz. Müəyyən müddətdən sonra gördüm ki, istismar olunuram, o zaman nəyə və kimə hansı dərəcədə lazım olduğumu anladım və uzaqlaşdım. Sonuncu dəfə Cahangir Novruzov məni Türkiyəyə dəvət elədi, burdakı tələbələrimi qoyub gedə bilmədim. Düzgün başa düşün məni, öz xalqıma xidmət eləyəndə daha xoşbəxt oluram. Bu, pafos deyil, mən belə hiss edirəm, belə duyuram və belə düşünürəm… Müsahibədən qabaq tələbələrə əsəbiləşib gəlmişəm, sıfır yazmışam, amma ürəyim qan ağlayır. Bu yaxınlarda festivalla bağlı Türkiyədə master-klass keçirdim, inanın, elə paxıllığım tutdu ki, tələbələr gözümü açmağa imkan vermirdilər. O qədər öyrənmək istəkləri vardı ki…

   D.Y.: Bugün özünüz öyrədirsiniz, bəs, zamanında siz kimdən öyrənmisiniz. Ustadınız hesab etdiyiniz adam varmı?

P.M.: Mənim həyatımda, teatra baxım bucağımda kəskin dönüş yaradan bir şəxsiyyət olub, Gənc Tamaşaçılar Teatrının, bəlkə də, yadda qalmayan bir aktyoru – Firdovsi Naibov. İnsan üçün ən vacib şeyi – düşünməyi o öyrədib mənə…

    D.Y.: Bəs, Bəxtiyar Xanızadə?

   P.M.: Bəxtiyar Xanızadə… mənim müəllimim olub. O dövr üçün teatra yeni olan fikirlər gətirdi, böyük arzuları var idi, təəssüflər olsun ki, bir çoxu baş tutmadı. M.Zaxavanın bir sözü var, deyir ki, teatr studiyalılığı qoruyub-saxlaya bilmədisə, məhv olub gedəcək. Nədir bu studiyalılıq? Bir-birinin halına yanmaq, bir-birinin problemlərilə maraqlanmaq, problemləri kənara qoyub, öz işilə düzgün məşğul olmaq, düşüncədə hər an cavan qalmaq. Bizdə teatrda yenilik eləməkdən qorxurlar. Ki, birdən uğursuz alınar, simamı itirərəm.

K.Ə-C.: Bəs, siz qorxmursunuz?

P.M.: Xeyr, mən yeniliklərdən qorxmuram. Çünki təkcə ölü səhv eləmir.

    K.Ə-C.: Humanda nə yenilik eləyirsiniz?P.M.: Humanda nə yatdıq ki, nə yuxu görək?!

   D.Y.: Humanda, bildiyimə görə, Dario Fodan tamaşa hazırlayırsınız. Bu gün o tamaşada Simsardan bir nəfər də olsun, aktyor yoxdur. Nə oldu, bəs, sizin uşaqlar niyə bu gün yanınızda deyil?

  P.M.: Gözəl… Simsarda aktyorlara maddi baxımdan müəyyən qədər kömək edə bilirdim. Hətta Simsarın ən yaxşı vaxtında uşaqlarımdan birini – Nicat Əlini Türkiyəyə seriala dəvət elədilər. O da qorxa-qorxa gəlib məndən icazə aldı. Dedim get. Çaşdı qaldı ki, müəllim, bəs, tamaşalar? Dedim get, yolun açıq olsun. Bilirsiz niyə? Çünki zamanında mənim də qarşımı kəsdilər. Sən get, eybi yox, mən təzədən başlayaram. Beləcə, başladıq axsamağa, üstəgəl maddi sıxıntılar və nəticədə, bağlamağa məcbur olduq. Və bu gün Humanda… Xəzər Universiteti bizə təmənnasız şərait yaratdı, tamaşa oynadıq. 200 nəfərlik zala cəmi 16 bilet satıldı, qalan hamı dəvətnaməylə… Heç kim bilet almaq istəmir. Mən bununla hansı aktyoru saxlaya bilərdim?! Kim hara getmək istədisə, dedim, get. Gedin, yolunuz açıq olsun. Amma bir məkan var ki, ora gedəni heç vaxt bağışlaya bilmirəm. İndi də görəndə doğma balam kimi qucaqlayıb qoxulayıram, amma bağışlaya bilmirəm.

  K.Ə-C.: Hara?

   P.M.: Gedən bilir hara 

   K.Ə-C.: Türkmənistana balet lazım deyil. Azərbaycana teatr lazımdır?

  P.M.: Əgər bir alaq otuna üzə çıxmaq lazımdırsa, asfalt nə qədər qalın olur-olsun, dəlib çıxacaq. Sabah teatr qadağan olunsa, sənətlə məşğul olmaq istəyənin içində o sevda varsa, mütləq teatr da olacaq. Yəni, teatrla məşğul olanların özünə bu sənət lazımdırsa, onda Azərbaycana da teatr lazımdı 

   D.Y.: Azərbaycan teatrının gələcəyini necə görürsünüz?

  P.M.: Teatrın sevdalısı, bu eşqin dəlisi, dəliləri olmayacaqsa, Azərbaycan teatrının gələcəyini görmürəm. Aktyorlar məmurluğa, utilitar məqsədlərə xidmət etməyə başlayırsa, artıq Melpomenanın rahibi deyil. Aktyor kimlərinsə qarşısında əyilirsə, kimlərdənsə böyük görünməkdən qorxursa və sabah çıxıb səhnədə mənəviyyatdan monoloq söyləyirsə, mən o adamdan iyrənirəm, ondan da, sənətindən də… O aktyor heç vaxt böyük sənət yarada bilməz, sənəti gələcəyə apara bilməz! Aktyor özü şəxsiyyət olmalıdır ki, böyük sənət yarada bilsin. Şəxsiyyətlər olmayacaqsa, Azərbaycan teatrının gələcəyi də olmayacaq.

   K.Ə-C.: Bəs, teatrı gələcəkdə görürsünüz?

  P.M.: Teatr yaşamdır. Yaşam varsa, teatr da var

 

     Kaspi  2018.- 7 iyun.- S.10-11.