Yüksəklikləri fəth edən səyyah
Rasim Ağazadə: “O
an anladım ki, geri dönüş yoxdur və
gözümü yumub tullandım”
33 yaşı var və 29
yaşına qədər xarici pasportu olmayıb.
Düşünür ki, heç vaxt heç nə
üçün gec deyil, yetər ki, insan istədiyinə nail
olmaq üçün məqsədli şəkildə
çalışsın. Xarici pasportunu aldıqdan sonra 21
ölkənin qonağı olub. Bir müddət səfər
etdikdən sonra getdiyi ölkələrin zirvələrini də
fəth etmək eşqinə düşüb. Və indi səyahət
etməkdə əsas məqsədi başqa ölkələrin
yüksəkliklərinə çıxmaqdır. Rubrikamızın
bu dəfə ki, qonağı Rasim Ağazadədir.
R.Ağazadə 1985-ci ildə anadan
olub. Binəqədi rayonundakı 283 saylı orta məktəbi
bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix
fakültəsində təhsil alıb. Hazırda özəl
sektorda çalışır. Eyni zamanda səyahətlə
bağlı da bəzi işləri var. Belə ki, vizam.az
şirkətində səyahət
koordinatoru, "Traveler’s Nirvana”da turların təşkili və
yönləndirilməsi işlərinə baxır.
- Bəzilər
deyir ki, səyahət etmək, yeni ölkələr görmək,
insanlar tanımaq uşaqlıq arzumdur. Bəs, sizdə səyahət
etmək istəyi necə yarandı?
- Əslində, bu, qeyri-adi şəkildə
yarandı. 29 yaşıma kimi Azərbaycandan kənara
çıxmamışdım. Hətta, xarici pasportum belə
yox idi. Və bir dəfə qardaşım İngiltərəyə
gedəcəkdi, mənə də təklif etdi.
"Mançester Yunayted” komandasına olan sevgim, o stadionda
olmaq istəyim məni səyahətə çıxmağa
sövq etdi. Beləcə, ilk vizamı, xarici pasportumu
aldım. Səyahət zamanı içimdə bir hiss
yarandı. Mənə elə gəldi ki, bu yaşıma qədər
heç nə yaşamamışam. Qərara gəldim ki, bunu
davam etdirim. Həm maddi, həm də vaxt baxımından imkan
tapan kimi səyahətə çıxıram.
- Hansı ölkələrdə
olubsunuz?
- Konkret desək, 2015-ci ildən səyahətə
başlamışam və artıq 21 ölkədə
olmuşam. İndi 21 ölkənin hamısının
adını xatırlamıram. Amma mənim üçün ən
yadda qalanları Tanzaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya,
Belçika, Uels, Polşa, Almaniya, Karib ölkələridir.
- Əlçatmaz,
görmək arzusu ilə yaşadığınız, sizin
üçün ora getməyin çətin olduğunu
düşündüyünüz ölkə varmı?
- Xeyr, ümumiyyətlə, mənim
üçün əlçatmaz deyilən bir
düşüncə yoxdur. Ən çətini ilk
addımı atmaq idi və mən də bunu etdim.
Düşünmürəm ki, bundan sonra hansısa ölkəyə
getməkdə çətinlik çəkim. Görmək istədiyim,
ən çox sevdiyim ölkə isə Braziliyadır.
- Nə
əcəb bu günə qədər Braziliya həmin 21
ölkələrin sırasına daxil olmayıb?
- Çünki mənim səyahətlərim
elə də uzun müddətli olmur. Son dövrlər işlərimin
çoxluğundan və əsas səyahət obyektlərim də
dağlar, yüksəkliklər olduğundan, getdiyim ölkələrdə
çox qala bilmirəm. Braziliya səfərimi də 3-5
günlə yola verməyi düşünmürəm. Normal
bir vaxt ayırıb, oranı rahat gəzmək, tanımaq istəyirəm.
- Yüksəkliklərə,
dağlara olan maraq necə yarandı?
- Səhv etmirəmsə, 2016-cı
il idi. Qardaşım bir səyahət layihəsi təşkil
etmişdi və orada Azərbaycan Alpinizm Federasiyasının prezidenti
İsrafil Aşurlu da iştirak edirdi. O, fəth etdiyi
dağlardan, xüsusilə də Everest yüksəkliyindən
elə maraqla danışırdı ki, istər-istəməz
insan həmin yerləri gedib görmək istəyir.
Düşünün, necə həvəs yarandısa, layihə
yanvar ayında idi, fevralda artıq biz Afrikanın ən
yüksək zirvəsi olan Kilimancaroda idik (gülür). Və
beləcə, qardaşımla qərara gəldik ki, səyahətlərimizi
yüksəkliklərlə davam etdirək. Hansısa ölkəyə
gedəndə, çalışırıq ki, mütləq
dağlarını da görək.
- Qardaşınızla
səyahət etdiyinizi deyirsiniz. Səyahət etmək tək
maraqlıdır, yoxsa qrup şəklində?
-
Əslində, kollektivə görə dəyişir.
Baxır necə insanlarla, hara səyahət edirsən.
Hazırda ən yaxın dostum, sirdaşım
qardaşımdır və onunla səyahət etmək mənə
xoşdur. Amma başqa tanımadığım hər hansısa
bir qrupla səyahət mənim üçün elə də
maraqlı deyil. Düzdür, Karib adalarına komanda şəklində
getmişdik, pis də olmadı. Ancaq seçim etmək
şansım olsa, tək və ya qardaşımla səyahəti
seçərəm. Çünki belə daha rahatdır, qrup
olanda istəklər, seçimlər üst-üstə
düşməyə bilir. Bu məqamda da komandanı tərk
edib gedə bilmirsən. Kollektiv hara gedirsə, məcbur olaraq
sən də ora getməlisən.
- "Facebook”
profilinizdə bir şəklinizi paylaşıb, "gəzəyən
olmağın üstünlükləri”
yazmışdınız. Maraqlıdır, gəzəyən
olmağın hansı üstünlükləri var?
- (Gülür) "Facebook”da "Gəzəyənlər” səhifəsi
var, onu nəzərdə tutmuşdum. O qrupa üzv olmaqla
ölkələr, ümumiyyətlə, səyahət
haqqında çox şey öyrənirəm. Həmçinin,
o səhifə sayəsində yeni tanışlıqlarım, əlaqələrim
yaranıb. Və həmin o şəkli də səhifədən
tanığım bir dostum çəkib. Yəni,
üstünlük deyərkən bunları
düşünmüşdüm.
- Yeni
Zelandiyada yüksəkliklərdən tullanma
videolarınızı izlədim. Videoları izləyərkən
həyəcanlanmamaq mümkünsüz. Deyəsən, həyəcanı
sevirsiniz.
- Əslində, yüksəkliklərdən
qorxan biriyəm. Amma bu, istədiklərindən uzaq durmaq, etməmək
mənasına gəlmir. Nə qədər yüksəklik
fobiyam olsa da, bunun üstünə gedib, onu aşmağa
çalışıram. Həmin yüksəklikdən
aşağı baxan zaman yaşadığım hissləri
sözlə ifadə etmək çətindir. Bir ara fikrimi dəyişdim,
amma tullanmaqdan vaz keçib arxaya baxanda hamının
"tullan, tullan” qışqırdığını
gördüm. O an anladım ki, bunun geri dönüşü
yoxdur və gözümü yumub tullandım. Həyəcanı
sevən biriyəm. Hazırda isə təyyarədən
tullanmağı planlaşdırıram. Sadəcə, bir az
büdcə baxımından çətinlik çəkirəm.
Çünki təyyarədən tullanmaq bahalıdır.
- Sizi
qısqanan, yerinizdə olmaq istəyənlər çoxdur.
- Əlbəttə, yerimdə olmaq
istəyən insanlar çoxdur. Bunu da normal sayıram. Amma bir
məsələ var ki, həmin insanlar istəməklə
kifayətlənirlər. Onlar bu yerdə olmaq üçün
mənim atdığım addımları atmırlar. Bəlkə
də onların əksəriyyəti maddi cəhətdən məndən
çox qazanırlar. Amma qarşılarına məqsəd
qoyub bunun üçün bir planlama etmirlər. Ürəklərində
arzu olaraq qalır.
- Maddi üstünlük
demişkən, xərclərinizi necə
qarşılayırsınız, çətinliyiniz olmur ki?
- Səyahət etmək
üçün ən əsas nüans maddi cəhətdən
buna hazır olmaqdır. Mən də bunun üçün il ərzində
çox işləyirəm. Hətta əsas işimdən
başqa, bacardığım qədər əlavə işlər
də götürürəm. Tutaq ki, harasa getməyi
planlayıramsa, il ərzində ona uyğun pul
yığmağa başlayıram.
- Təqribi
nə qədər olur xərcləriniz,
hansı ölkədə xərciniz daha çox
çıxdı?
- Bu, ölkədən ölkəyə
dəyişir. Hər ölkənin öz xərci olur. Ən
çox xərcim Avstraliya və Yeni Zelandiyaya
çıxdı. Təqribi 5-6 min dollar tutur. Ora çox bahalı ölkədir.
Düşünün, oteldə yox, milli parklarda
çadırda qalırdım və yenə də mənim xərcim
çox idi. Əslində, çadırda qalmağı
özüm də istəyirdim. Getsəm, yenə də
çadırda yataram. Çünki çadırda qalmaq həm
də günə 150 dollar qənaət etmək deməkdir. Elə
otelləri var ki, çox bahadır, eləsi də var
heç yer tapmaq olmur.
- Ölkələri
sizin üçün maraqlı edən nədir? Getdiyiniz yeri əvvəlcədən
araşdırırsınızmı?
- Əlbəttə,
araşdırıram. Ölkənin mədəniyyəti,
insanları, yeməkləri haqqında məlumat toplayıram.
Əvvəllər daha çox sivilizasiyanın olduğu, Avropanın ən inkişaf
etmiş ölkələrinə getmək maraqlı gəlirdi,
amma indi isə Afrika mənə daha cəzbedici gəlir. Həyat
səviyyəsi aşağı olsa da, gəzmək
üçün maraqlı ölkələrdir.
- Səfər
zamanı dil və ya yemək problemi
yaşayırsınız?
- Deyə bilmərəm ki, xarici dil
biliyim çox yüksək səviyyədədir. İngilis
dilində az-maz danışmağı bacarıram. Ən
azında qarşımdakı insana nə istədiyimi başa
sala bilirəm. Dil baxımdan elə də ciddi problem
yaşamıram. Mətbəxə gəlincə isə yeməyi
sevən insanam. Səyahət etdiyim müddətdə isə
demək olar ki, bir çox ölkənin mətbəxinin
dadına baxmışam. Amma çox xoşuma gələn,
yadımda qalan təam olmayıb. "Birdə getsəydim, bir
də dadardım” deyə biləcəyim yeməyə hələ
rast gəlməmişəm.
- Səyahət
edən zaman tanış olduğunuz insanlarla əlaqəniz
sonra da davam edir?
- Əlbəttə, xüsusilə
də Karib adalarına gedərkən yolda tanış
olduqlarımın bir çoxu ilə əlaqəmiz var. Hətta,
arada planlaşdırırıq ki, yenə
yığışaq hansısa ölkəyə birlikdə səfər
edək. Həmçinin, Afrikada olarkən mənə bələdçilik
edən oğlanla "facebook”da arada söhbət edirik. O, mənə
maraqlı şəkillər atır.
- Səyahət
etmək istəyən gənclərə məsləhətiniz?
- Mənim səyahət
paylaşımlarım bir çoxlarına motivasiya olur.
Düşünürəm ki, həyatda qeyri-mümkün, istəyib
də əldə edə bilməyəcəyimiz şey yoxdur.
İnsan hər şeyi bacara bilər, sadəcə,
qarşısına məqsəd qoymalı və ona
çatmaq üçün çalışmalıdır.
Əgər hansısa ölkəyə gəzməyə getmək
istəyirsənizsə, məqsədli olmalısınız.
Pulunuzu boş yerlərə xərcləməməlisiniz. Pula
qənaət etməklə, istəklərinə çata bilərlər.
Məcbur deyil ki, ən bahalı ölkəyə getsinlər.
Kiçik bir məbləğlə də həyat səviyyəsi
ucuz olan ölkəyə getmək olar.
Günel Azadə
Kaspi.- 2018.- 8 iyun.- S.13.