Xanım-xatın
nənələrimiz kimi geyinək
Könül Vəlibəyli:
“Övladlarımıza uşaqlıqdan milli geyimlərimizi
tanımağı, seçməyi və sevməyi öyrədirik”
Xanımları xanım kimi zərif
göstərən ilk növbədə onların geyimləridir.
Bəzi geyimlər var ki, onların içinə girdikdə,
özünü tarixdən qopub gəlmiş əsilzadə
xanım kimi hiss edirsən. Eynən bizim milli geyimlərimiz
kimi. Tariximizin səhifələrindən süzülüb gələn
o geyimlərimizdən isə indi yalnız Novruz bayramı ərəfəsində
efirlərdə çıxış etmək və özəl
günlərdə uşaqlara şeir dedirtmək
üçün istifadə edirlər. Əslində, bu, məsələnin
təəssüf doğuran tərəfidir. Ancaq bir məqam
da var ki, bu gün xınayaxdı, nişan mərasimlərində
gənc xanımlarımız milli geyim axtarışına
çıxaraq, dükanları gəzirlər.
10 illik yol
Bu gün zövqlə, şarmla
nümunə göstərilə biləcək milli geyimlərin
hazırlandığı məkanlar isə barmaqla
sayılası qədərdir. Onlardan ən tanınan, beynəlxalq
arenada ölkəmizi təmsil və təbliğ edən geyim
evlərindən biri də 10 ildir ki, fəaliyyət göstərən
Bakı Milli Geyim Evidir. Gənclərin milli geyimə olan
marağını nəzərə alıb, bu geyim evinin
qonağı olduq. Bizi burada ilk olaraq geyim evinin rəhbəri,
eyni zamanda, "Sara Xatun” jurnalının baş redaktoru və
təsisçisi Könül Vəlibəyli
qarşıladı. Buranın birinci mərtəbəsində
hazır geyimlər və podium yer alıb. Bu podiumda geyimlər,
güzgü və əl işləri olan papaqlar,
araxçınlar səliqə ilə piştaxtalarda
düzülüb. Bayırdan bu məkana gəldikdə, ilk
baxışdan kuklalara geyindirilmiş milli geyimlərimiz
buranı bir geyim dükanına bənzədir. Geyim evinin ikinci
mərtəbəsi isə əsl yaradıcılıq mərkəzidir.
Burada ölçülər, əsas kəsimlər,
ütü prosesi, geyimlərin hazırlanması
aparılır, tikiş maşınları və onların
başında çalışan xanımlar yer alır.
Könül xanımla ilk olaraq bu
geyim evinin yaranması zərurətindən danışdıq.
Söhbət zamanı bildirdi ki, Bakı Milli Geyim Evi 2008-ci ildə
yaradılıb. Bu məkanı yaratmaqda isə əsas məqsəd
xalqımızın qədim köklərini və milliliyini
özündə əks etdirən, milli-mənəvi dəyərimiz
olan geyimləri təbliğ etməkdən ibarət olub.
"Sara Xatun”un tələbatı
ilə yaranan Milli Geyim Evi
Könül Vəlibəyli deyir ki,
uzun illər təsisçisi olduğu "Sara Xatun” adlı
qadın jurnalında
Azərbaycan xanımlarını milli geyimdə təsvir
etmək onun arzusu olub: "2002-ci ildən işıq
üzü görən "Sara Xatun” jurnalında çalışırdım ki,
xanımlarımızı milli geyimdə göstərən
xüsusi bir buraxılış edim. Uzun müddətdən
sonra arzuma çatdım. Azərbaycanın
ziyalı xanımlarını Azərbaycan milli geyimində
oxucularımıza təqdim etdik. 20-yə
yaxın xanım üçün geyim hazırlamaq
böyük bir geyim evi tələb edirdi. Təbii
ki, bunu hazırlamaq üçün böyük büdcəmiz
olmalı idi. O zamanlar milli geyimlərimizi daha çox rəqqaslarda
gördükləri üçün insanlar onların ancaq rəqs
geyimi olduğunu düşünürdülər. Biz bu layihəni o zaman həyata keçirə bilmədik.
Düzdür, xüsusi nömrə
hazırlandı və jurnalımızın sayında
maraqlı söhbətlər, müsahibələr etdik.
Ancaq cəmiyyətdə müəyyən qədər
sözünü demiş, nüfuzlu
xanımlarımızı milli geyimlə çəkə bilmədik.
Mədəniyyət Nazirliyindən təklif
etdilər ki, bu barədə kifayət qədər təcrübəm
olduğu üçün milli geyim evi yaradım. Mən də bunun heç də pis fikir
olmadığını düşündüm”.
Müsahibimiz deyir ki, bu
evi yaradarkən Səbirə Dünyamalıyevanın milli
geyimlərə həsr olunmuş kitabından yararlanıblar. Bu kitab Rəssamlıq
Akademiyasında moda fakültəsində dərslik kimi istifadə
edilir. Qarşısına milli geyim evi
yaratmağı məqsəd qoyan Könül xanım işə
Azərbaycanın bölgələrinin geyimlərini
hazırlamaqla başlayıb.
Tərkibində müxtəlif
bölgələrimizi əks etdirən geyimlərin
hazırlandığı məkanın adının məhz
Bakı ilə bağlı olmasına isə müsahibim belə
açıqlama gətirdi: "Bir gün görüşlərin
birində məndən geyim evinin adını soruşdular.
Özümdən asılı olmayaraq dedim ki, Bakı Milli
Geyim Evi. Çünki ilk dəfə
Bakının milli geyimini hazırlamışdıq. O
gündən etibarən geyim evinin adı belə də
qaldı. 10 ildə Azərbaycanda milli geyimlərin
təbliği, tanınması, gündəmə gəlməsi,
xanımlarımızın onu milli geyim kimi qəbul etməsi
üçün çox böyük addımlar atdıq.
Bu gün hər kəs Bakı Milli Geyim Evini
tanıyır”.
Hamı milli geyinsin
Milli geyimlərimizin
tarixini araşdıran həmsöhbətimiz istəyir ki, bu
geyimləri təkcə Novruz bayramında
aparıcılarımız, müğənnilərimiz geyinməsin. Millət
vəkillərimiz, diplomat xanımlarımız da tez-tez
geyinsin. Deyir ki, milli geyimlərimizin bizim milli dəyərlərimizin
bir hissəsi olduğunu təbliğ edir: "Xanımlar
televiziyaya baxanda müğənniləri,
aparıcıları milli geyimdə görürlər, ancaq həkimin,
professorun, diplomatın milli geyim geyindiyini görsələr, bəlkə
ürəklənib özləri də geyinərlər. "Sara Xatun”un budəfəki
nömrəsini hazırlayarkən bir nəfər iş
qadınına zəng edib milli geyimimizi jurnalımızda təbliğ
etməsini xahiş etdik. Onu bu sözümüzlə tənqid
etdiyimizi bildirdi, hətta "müğənni-zadam mənə
milli geyim geyindirəsiniz?” kimi fikirlər səsləndirdi... Onun bu sözündən çox təsirləndim.
Milli geyimi geyinmək utanc deyil. Bizim ulu nənələrimizin, Sara Xatunun geyindiyi
paltar olub. Biz bunu fəxrlə geyinməliyik.
Bu ev ehtiyacdan yarandı. Bu
evi yaradanda məqsədim milli geyimlərimizi
xanımlarımıza, övladlarımıza sevdirmək idi.
Bu gün də biz dünyanın harasına
gedirsək-gedək, Bakı Milli Geyim Evi deyə
tanınırıq. Bir geyim evinin
tanınması, marka olması üçün ortaya işlər
qoymaq lazımdır”.
Öyrənirik ki, burada
sifarişlə geyimlərin hazırlanması, tədbirlər
üçün geyimlərin sifarişi də
mümkündür. Burada 150-yə yaxın geyim var. Geyim evində
hazırlanan paltarlar teatrlarda tamaşalarda da istifadə edilir.
Bundan başqa, xalq artistləri, rəqs
ansamblları beynəlxalq festivallara gedərkən bu geyimlərdən
yararlanırlar.
Təbliğatdan tədrisə
keçid edən məkan
Bu məkan nəinki gənclərə
milli geyimlərimizi təbliğ edir, eyni zamanda, tədris
ocağı kimi də fəaliyyət göstərir. Belə
ki, müxtəlif yaradıcı təhsil ocaqlarımızdan
Bakı Milli Geyim Evinə tələbələr gəlir,
burada təcrübə toplayırlar. Hətta
onların bir çoxu işçi olaraq bu məkanda
çalışırlar. Bu gün fəaliyyət
göstərən moda evlərinin əksəriyyətində
Bakı Milli Geyim Evindən çıxan modelyerlər
çalışır. Onların içərisində
öz moda evini açan tələbələr də
var.Könül xanımla Bakı Milli Geyim Evini gəzərək
söhbət edirik. Ona bu məkanı açmağa
stimul verən hadisələrdən danışırıq:
"Biz yeni–yeni fəaliyyət göstərəndə, ilk
qapımızı döyən Xarici İşlər
Nazirliyinin nümayəndələri oldu. Şərq
ölkələrindən qonaqlar gəlmişdi. Onda bizim cəmi 20 geyimimiz vardı. Bizdən bir neçə paltar istədilər və
dedilər ki, daha çox çeşid olmalıdır ki, hər
bir ölçüyə uyğun geyimlər olsun. O
gün qarşıma bir məqsəd qoydum. Düzdür,
bu məqsəd mənə çox baha başa gəldi.
Məqsəd buydu ki, milli geyim evinə daxil olan
hər qadın öz ölçüsünə uyğun geyimi
əldə edə bilsin. Olmasa belə,
hazırda biz onu bir günə hazırlayıb, təqdim edə
bilirik”.
Dünyanı gəzən
milli geyimlərimiz
Gənc xanımların
xınayaxdılarda milli geyimlərə olan marağından
danışırıq. K.Vəlibəyli bildirir ki, Türkiyədə
yayımlanan "Muhteşem yüz yıl” serialından sonra
qızlarımız milli geyimləri başqa yöndə
görməyə başladılar. Belə ki, öz nişanlarında
bizim milli geyimləri deyil, türk milli geyimlərini tələb
etdilər: "Təbii ki, bu, bir seçimdir. Bu
gün məktəblərdə, o cümlədən Əlifba
bayramında valideynlər uşaqlarına milli paltarlar geyindirməyə
çalışırlar. Övladlarımıza
uşaqlıqdan milli geyimi tanımağı, seçməyi
və sevməyi öyrədirik. Müştərilərimiz
zəng edir ki, İrəvan, Şuşa,
Qarabağ geyimlərini hazırlayın. Ailələr
var ki, Novruz bayramlarını milli geyimdə keçirirlər
və bizə müraciət edirlər”.
Geyim evini gəzərkən
yeni hazırlanan geyimlərə baxırıq. Öyrənirik ki,
burada hər il ən azı 50 yeni geyim
hazırlanır. Əlbəttə ki, bir kolleksiyanı 10 il təqdim etmək mümkün deyil. Köhnə geyimlər isə hədiyyə olaraq
teatrlara və şəxsi müştərilərə
göndərilir. Onların bəziləri
isə satılır.
Bakı Milli Geyim Evinin son illər
gördüyü digər işlərlə də tanış olmaq imkanımız olur. Bir çox səfirliklərlə
çalışan geyim evinin rəhbəri qeyd edir ki, xaricdə
təşkil olunan mədəniyyət günlərimizdə,
sərgilərimizdə milli geyimlərimizin dəfilələri
keçirilir. Elə bu il Azərbaycan
Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Cənubi
Koreyada, Seulda 34 geyimlə ölkəmizi təbliğ ediblər.
Azərbaycan Cümhuriyyətinə həsr
olunmuş növbəti dəfilə Sankt-Peterburqda olub. Bundan öncəki illər
isə Meksika, Çin, Türkiyə, Rusiya, Qazaxıstan və
başqa ölkələrdə Azərbaycan günlərində
milli geyimlərimiz təqdim olunub.
Xəyalə Rəis
Kaspi 2018.-
8 iyun.- S.11.