Epizodlar kralı
Georgi Burkov ömrü boyu həyatda
öz yerini axtarıb
O, 60-dan
çox filmdə oynadı, amma həmişə epizodların
kralı kimi qaldı. Xalq artisti titulu almasa da
xalqın, həm də daha çox sovet qadınlarının
sevimlisi oldu. Əgər yaşasaydı, 85
yaşı olacaqdı. Xəyalpərvər
və romantik, bütün ömrü boyu Hamleti və Don
Kixotu oynamaq arzusu ilə yaşayan, ancaq kinoda əyyaş və
qəribə intellegentləri oynayan aktyorun adı
yaratdığı koloritli və xarakterik obrazlara görə
sovet kinosunun tarixinə əbədi yazıldı.
Georgi Burkov o şəxslərdən idi ki, dostu Vasili
Şukşin ona "çudiki" (qəribə)
adını vermişdi. Georgi Burkovun haqqında ömrü boyunca,
hətta dünyasını dəyişdikdən sonra belə,
daha çox absurd şayiələr, hekayələr, qəribə
bioqrafiya dolaşırdı. Bəlkə də
Burkov özü baş verən hadisələri "hədsiz”
şəkildə dəyişən sonsuz hekayələri ilə
bu söz-söhbətləri
qızışdırırdı.
Aktyorun dul qadını, aktrisa Tatyana Uxarova belə
şayiələri şərh edərkən "əgər
bu, onun imicinə xələl gətirmirsə, qoy belə də
qalsın.
Əslində isə hadisə belə baş vermişdi... ” – deyə onun həyatını vərəqləyirdi.
Sevginin övladları
Georgi
Burkov 1933-cü il mayın 31-də Kama
şəhərində dünyaya gəlib. Atası
İvan Qriqoryeviç, Motovilikada - Permin qədim zavodunda
işləyirdi. Fəhləlikdən
başlayan İvan Qriqoryeviç zavodun baş mexanikinə qədər
yüksəlib. Yüksək mövqe
yumşaq, xeyirxah insanın xarakterini dəyişmədi.
"Anam Mariya Sergeyevna haqqında heç bir
şey demirəm. O həmişə mənim ən
yaxşı dostum və yaxın adamım olub. Mən
həyatım boyu "mama uşağı"olduğumu gizlətmişəm.
Hər boş səbəbdən əzab çəkmişəm:
tramvayın altına düşmüş itə və ya
avtomobil ilə əzilən bir göyərçinə
görə. Mən hələ də anamın dərslərini
xatırlayıram: Mu-munun taleyinə ağlayıram, göz
yaşlarımdan xoşbəxt olan anam isə hekayənin
ardını oxuyur, oxuyur... Bir dəfə Şukşin də "mama
uşağı” olduğunu etiraf etdi. Bu nədir?
Bir uşağın həyatında yalnız anasına
aşkar olan əzab və xoşbəxtliklər var...”
1939-cu ildə babası, anası və Georgi - xoşbəxt
ailə gəmi ilə səyahətə çıxdılar. Həştərxana və
geriyə səfərləri möhtəşəm idi... Amma səyahət
fəlakətə çevrildi, demək olar ki, faciə oldu:
"Babam tif atəşi ilə xəstələndi. Onu çətinliklə xəstəxanaya
apardılar. Xəstəxana köhnə
tacirlərin məskənində yerləşirdi. Anam gecəni xəstəxanada keçirdi. Bu zaman mənim qanım zəhərlənməyə
başladı, məni əməliyyat etməyə
başladılar, anesteziya olmadan əməliyyat etdilər.
Altı əməliyyat keçirdilər,
yeddincisinə hazırlaşırdılar. Babam artıq ən ümidsiz xəstələr
üçün palatada yatırdı. Anam
gizli şəkildə mənim yatdığım palataya daxil
olmağı bacardı - tibb bacısına rüşvət
vermişdi və özü məni əməliyyat masasına
apardı. Elə burada cərrahın sözlərini
eşitdi: "Bu, sağdır ki! Bəs nə
vaxt öləcək?” Anam məni xəstəxanadan
qaçırdı. O, məni otların köməyi və
sevgi ilə ölümün ağuşundan
çıxardı...”
Burkov
uşaqlıq illərindən qalan bu xatirəsini
Şükşinə danışıb: "Mən hadisəni
komik, əyləncəli danışırdım. Ancaq Vasili
Makaroviç ağrılı bir şəkildə dinləyirdi,
gözləri nəmlənmişdi... Bu hekayə ona da tanış idi: Vasili özü də az qala
uşaqlıq dövründə ölmüşdü. Həm də anası və ögey atasına xeyirxah
münasibət bəsləyirdi. Atası
Stalin qatillərinin əlindən çətinliklə
qaçmışdı. "Bilirsən nə
üçün biz səninlə belə istedadlıyıq” -
Şukşin soruşmuşdu: "Çünki hər ikimiz
sevginin övladlarıyıq...””
Necə doğuldum, yaşadım və
öldüm...
Burkov məktəbdə tənbəlliklə oxuyurdu. Buraxılış
gecəsində ona 2 qiymətlərlə dolu olan attestat verdilər.
Onu, həmçinin idman cəlb edirdi. Əla voleybolçu idi. Onu məhz
perspektivli idmançı kimi Perm Universitetinə qəbul etdilər.
Bu o zaman üçün normal idi. Hər ali məktəb özünün
rekordçuları ilə şöhrətlənirdi. O,
Hüquq fakültəsinin idman şərəfini qoruyurdu. Özü də vəkil olacaqdı. Hərçənd bütün fakültədə
onun gələcəkdə yazıçı
olacağını bilirdilər. Bir qədər
aktyorluğu da var idi. Çünki Perm
teatrının gənclər studiyasında oxuyurdu. Burada
iki illik məşqlərdən sonra o, açıqlama
vermişdi: "Mən nə vaxtsa nə haqda
danışıramsa, onu gündəliyə yazıram. Bu, mənim üçün daha maraqlı, təsirli
alınır. Nə üçün mən
mütləq yazıçı olmalıyam? Ancaq onu hələ uşaqlıqdan «Xronika» kimi
adını düşündüyü silsilə romanlar yazmaq
ideyası heç vaxt tərk etmədi. Burkov
hüquq fakültəsini atdı. Əmin
idi ki, Moskvada teatr məktəbində onu gözləyirlər.
İlk cəhdindən sonra məlum oldu ki, onun
düşündüyü kimi deyil. Gələcək
artistliyinin əksinə olaraq onda hər şey vardı, təkcə
cəsur görünüş, qüsursuz danışıq tərzi
çatışmırdı. Ona görə
də teatr məktəbi istəyi alınmadı. Ancaq qəbul komissiyasının imtinası Burkovu təşvişə
salmadı. Permə qayıdaraq şəhər
kitabxanasında işə başladı. O, aktyorluq və
rejissorluq sənəti haqqında nə vardısa,
hamısını oxudu. Belə həyat hətta
onun xoşuna gəlirdi.
Əslində, Burkov həmişə həyatda öz
yerini axtarıb. Aktyorun tərcümeyi-halı və şəxsi
gündəlikləri buna sübutdur. O, gənclik
yaşlarında yazdığı gündəliyi "The Story
of The Story” adlandırirdı. Yəni
"heç bir şeyin fərqinə varmadan necə
doğuldum, yaşadım və öldüm”. Hər şeydən çox həyatı mənasız
yaşamaqdan qorxardı. "İllər
keçdikcə, həyatın mənası, əlbəttə
dəyişirdi, amma eyni müstəvidə -
yaradıcılıqda”.
Aktyor olmağa qərar verməzdən əvvəl Burkov
özünü yazıçılığa
hazırlamışdı. Uşaq əzmkarlığı
ilə təəssüratlarını yığır,
onları gündəliyinə köçürür, amma təxmin
belə etmirdi ki, bunlar ona yalnız səhnədə
faydalı olacaq. "Bütün bilik, təcrübə
elə uşaqlıqda toplanır” - deyə sonralar yazardı:
"Çünki eyni şəhərdə eyni insanlarla uzun
müddət yaşayırsınız. Bu
dövrdə isə insanlar dəyişirlər. Bir şəxs
hansısa müddət ərzində Hamlet, eyni zamanda da əhəmiyyətsiz
insan ola bilər. Şəhər
böyüyür, əvvəllər hər kəs bir-birini
tanıyardı. Şəhərdə
yaşayan ən böyük və ən kiçik insanı
belə tanıyırdılar. Münasibətdə
olduğumuz qız olsaydı, bütün şəhər onun
böyük hörüklü olduğunu bilərdi... Mən böyüdüm, təəssüratlarım
yığıldıqca yığıldı.
Düzünü desəm, oynadığım bütün qəhrəmanlar
Permdəndir...”
Onlar gülür,
çığırır və ağlayırdılar
Sonra müharibə başladı. Arxa cəbhədəki
şəhərdə bu, elektrik enerjisinin söndürülməsi,
soyuq, aclıq və bir çox insanın gözlərindəki
qaranlıq deməkdir. Bütün
yaşayış sahələri
"yığışdırılır” – evakuasıya
olunur, insanlar arxaya köçürülürlər. Tramvaylar yollardan
yığışdırılır, işə piyada getməli
olursan və evdən qaranlıqda çıxırsan.
Ata İvan Qriqoryeviç bütün müharibəni
fabrikdə keçirdi. O, yeniyetmələrin qeydinə qalır və onları
qoruyurdu. Ac, soyuqdan donmuş, 16-18 saat
böyüklər ilə bərabər işləyən
yeniyetmələri. İvan Qriqoryeviç onlara görə
çox kədərlənirdi, təbiətən
yaxşı, qayğıkeş adam idi. Buna görə ata Burkovu xalq iclasçısı
olaraq irəli sürdükdə, çətinlikləri olan
insanlar yalnız ona müraciət edirdilər.
Müharibə illərində xoşbəxtlik də
olurdu. Daha sonra "Molotova Perm” adlandırılan Leninqrad
teatr-dramı, opera, balet evakuasiya edildi. Georgi
dostları ilə hər gecə pulsuz teatra baxırdı.
"Mən
Çabukiani, Dudinskaya, Ulanovanı görür, Nelepp və
digər tanınmış müğənniləri dinləyirdim.
Gəncliyimdə məndə operaya ciddi ehtiras
hissi yarandı, istənilən ariyanı və hər
hansı bir operanı oxuya bilərdim. Amma
tamaşaçı tələb olunurdu. Oğlanlardan
birində dördlük alman akkerdeonu var idi, onda həvəslə
çalırdım. Yaxşı
tamaşaçını harada tapmaq olar? Əlbəttə,
xəstəxanadan. Biz yaralıların
yanına gəlir, onlar üçün konsertlər verirdik.
Qəribə müvəffəqiyyətimiz oldu.
Həyatımda belə bir müvəffəqiyyət
olmamışdı. Onlar gülür,
çığırır və ağlayırdılar...”
Onu ciddi rola dəvət etmədilər
1964-cü ildə paytaxt tənqidçilərindən
birinin məsləhəti ilə teatrlardan birinin rəhbəri
onu söhbətə dəvət etdi. O qədər də cavan olmayan
aktyorun istedadı direktorun xoşuna gəldi və o, Burkovu
truppada işləməyə dəvət etdi. Ancaq
onun debütü həmin gün uğurlu alınmadı.
Premyeraya bir gün qalmış Kemerovadan qonaq gələn
dostu ilə axşam içdiyi spirtli içkinin dozası onu
səhər də ayılmağa qoymadı. Ancaq istedadı dadına çatdı - onu teatrdan
qovulmaqdan xilas etdi.
Burkov aktyorluq həyatını sakitcə, xalqın
sevgisini sezmədən yaşayırdı. Bütün
pullarını kitablara xərcləyirdi. Arzusu
dünyanı dəyişdirəcək kinoda çəkilmək
idi. Ancaq arzusunu gerçəkləşdirmək
o qədər də asan olmadı. 1966-cı
ildə Burkov ilk dəfə kinoda Zosya rolunda
göründü. Bir il sonra Eldar
Ryazanov onu «Uğur dolanbacı»nda yaraşıqlı əyyaş
roluna dəvət etdi. Beləcə, Ryazanovla
Burkovun uzun müddətli əməkdaşlığı
başladı. «Taleyin ironiyası», «Maşina görə
vətəni satanlar», «Qaraj», «Qoca quldurlar»... 25 illik
karyerası ərzində Burkov yüzlərlə rolda
oynadı, 60-dan çox kinofilmdə çəkildi. O hətta
özünü kino və teatrda rejissor kimi də
sınadı.
Burkovun özü bütün ömrü boyu aktyorluq
karyerasını o qədər də uğurlu hesab etmədi. O, əmin idi ki, yalnız
böyük rolları oynamağa qadirdir. Növbəti
əyyaş roluna dəvət alanda da imtina etmədi. Ancaq sonradan əyyaş rollarının
ifaçısı kimi tanındı. Amma
«Qırmızı Kalina» filmi ilə ampluasını dəyişdiyinə
görə Vasili Şukşinə ömürlük minnətdar
oldu.
Burkovun gündəlikləri saxlanılır. O həmin yazılarda tamamilə
başqa adamdır. Aktyor özünü Hamletlə
müqayisə edir, filosofcasına «Moskva qurdlar şəhəridir,
biz dinozavrlar arasında yaşayırıq. Umid edirəm ki, onlar öləcək, biz isə
yaşayacağıq” - deyə yazırdı.
O, həyat
yoldaşı ilə kommunal mənzildə
yaşayırdı. Döşəmənin
üstündə yatır, işə piyada gedirdi. Ancaq onu sevgi xilas etdi. O, həyat yoldaşı
ilə ömrü boyu yaşadı və Maşa adlı
qızlarını tərbiyə etdilər. Hətta
uşaq doğulandan sonra o, depressiyaya
düşmüşdü. Hamletin kölgəsi
onu narahat edirdi. O, indiyə qədər kinoda və
teatrda ciddi bir rol oynamamasından iztirab çəkirdi: «Mənim
37 yaşım olur. Hamleti, Don Kixotu oynamağa
hazıram. Dahi ifaya görə məsuliyyət
daşıyıram. Bir ildən sonra Hamleti
oynamalı – bu əmrdir» - deyə gündəliyində
yazırdı. Ancaq bu əmri yerinə
yetirməyi Burkov bacarmadı, onu ciddi rola dəvət etmədilər.
Günlərin birində o, Moskva Bədii Teatrına -
Oleq Yefremovun yanına gəldi. Bir gün Yefremov
hamıya içkini qadağan etdi. O, aktyorlar səhnəyə
çıxmamışdan onların ayıq
olub-olmamasını yoxlayırdı. Ancaq Burkov axşam
içib gəldiyindən onda qoxu hiss olunmurdu. Tatyana
Uxarova deyir ki, onların ikilikdə bir taleyi vardı. Ailə
həyatları qalmaqalla başlasa da, ömür boyu davam etdi:
«Burkov nikah evinə içkili halda gəlmişdi, ata-anam da
«bundan sənə nə ər olacaq» - deyə hirsləndilər”.
Ancaq valideynlərin narazılığı
onların nikahını poza bilmədi. Onun
bütün həyat tərzi bu idi - içkiyə aludəlik.
Ona xəstəxanada yatmaq, xroniki alkoqolizmdən
müalicə olunmaq lazım gəldi. O zaman tibb elmi
trombu diaqnoz etməyə o qədər qadir deyildi. Burkov da məhz bu xəstəlikdən öldü.
Həyat yoldaşının dediyi kimi: o, bu ölümü
özü üçün
proqramlaşdırmışdı.
Rusiya mətbuatından tərcümə
etdi:
Təranə Məhərrəmova
Kaspi 2018.- 9-11 iyun.- S.8.