“Azərbaycan qadınını fəxrlə,
şərəflə təmsil
edirik”
İzmirdə fəaliyyət göstərən
Azərbaycan dərnəyinin rəhbəri Cəvahir Əhmədova:
“Sarsıldıq, yorulduq, amma heç zaman niyyətimizdən və
yolumuzdan dönmədik”
Qadın anadır, qadın bacıdır, qadın bir
nəslin bünövrəsidir. Məqalələrin birində
oxumuşdum ki, qadınlar dünyanın ən zəif məxluqu
olmaqla bərabər, həm də ən böyük
ötürücüdür: "Ona məhsul verin, sizə yemək
versin. Ona kiçik bir təbəssüm verin, sizə ürəyini versin. Ona bir musiqi
oxuyun, sizə konsert versin. Nə versəniz, çoxaldıb
sizə geri verəcək. Amma nəbadə
ona palçıq verəsiniz, onu çoxaldıb sizə bataqlıq verər”.
Dünyanın hər yerində
qəhrəman qadınlar
var. Türkiyə Azərbaycan
Dərnəkləri Federasiyasının
üzvü olan və Türkiyənin İzmir şəhərində
fəaliyyət göstərən
Azərbaycan Qadınları
Mədəniyyət Mərkəzi
Dərnəyinin rəhbəri
Cəvahir Əhmədova
da həmin qadınlardandır. Bu gün sizlərə təqdim edəcəyim müsahibim qonşu ölkədə yaşasa
da, Azərbaycan xanımlarının dərdinə
şərik olur, onlara ana qayğısı
göstərir. Cəvahir xanım
1967-ci ildə Qubadlı
rayonunda doğulub.
1990-cı ildə N.Tusi
adına Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Həmin ildən də Qubadlıda müəllimliyə
başlayıb. Qubadlı işğal
olunan günə kimi orada yaşayıb.
Deyir ki, vətən üçün burnunun ucu göynəyir. Hər nə qədər qardaş ölkədə
yaşasa da, qəlbi vətən üçün döyünür.
Onun üçün vətən
nə sərhəddən,
nə də yaşadığı məmləkətdən
başlayır. Qürbət eldə soydaş qadınlarımızın hüquqlarını
müdafiə edən
müsahibimin vətəni
elə onun ürəyidir. Qarabağ hadisələrinin
canlı şahididir.
Deyir ki, Qarabağla onun arzu və
ideyaları məhv olub. Orada uşaqlığını, gəncliyini, xəyallarını,
arzularını itirib.
Gözünün önündə xoşbəxtlik üstündə
tikilən evlər yanıb, yuvalar külə dönüb.
Başqa
bir məmləkətdə
olsa belə, o günləri ağlından,
yaddaşından silə
bilmir. Qəlbindəki vətən sevgisi
ilə başqa bir məmləkətdə
Azərbaycan xanımlarına
arxa-dayaq olur.
- Cəvahir xanım, Türkiyədə
ilk Azərbaycan qadın dərnəyi hansı zərurətdən
yarandı?
- Filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist
Sona Vəliyevanın "Özgə mahnısına oynayan gəlin”
şeiri var. O şeiri hər oxuduqca, çox
duyğulanıram. Hətta dəfə şeiri oxuyub,
hönkür-hönkür ağlamışam. Azərbaycanda
qızlar ata evindən gəlin köçəndə, atalar
qızlarının ağ gəlinlikdə belinə
qırmızı lent bağlayıb "Vağzalı” sədaları
altında yola salırlar. Qızlarımız da
"Vağzalı” sədaları altında ata evinə vida edər,
sevdiyinin, könül verdiyinin evinə "Evimizə gəlin
gəlir” mahnısı ilə qədəm qoyarlar. Xaricdə
yaşayan qızlarımızın çoxu özgə
havalarla taleyin amansız rüzgarında qürbət ellərdə
məskən salıblar. Bir çoxu Azərbaycanda ilk
evliliyindən boşandıqdan sonra cehizlərlə birlikdə
övladları da qoltuğuna verilərək yola
salınıblar. Onlar çətin günlər görüblər.
Övladlarını yedizdirmək üçün pul, imkan və
şərait tapmayıblar. Balalarının əlindən
tutaraq qürbət ellərə üz tutublar. Onlardan bəziləri
evlənib, Türkiyəyə gəlib və burada universitet
oxuyub işləyiblər. Ümumiyyətlə Azərbaycanın
hər guşəsindən olan qızlarımız,
xanımlarımız, analarımız var. Oradan baxanda rahat
görünsə də, əslində qürbətçilik
çox çətindir. Elindən, obandan, vətənindən,
sevdiklərindən uzaqda olmaq, onların həsrəti ilə
alışıb-yanmaq sözlə ifadə olunası deyil.
Bunu ancaq yaşayanlar bilər. Təkbaşına bir qadın
üçün başqa bir məmləkətdə
yaşamaq və öz ölkəsini tanıtmaq çox
çətindir. Əslində Azərbaycan Qadınları Mədəniyyət
Mərkəzi Dərnəyini qurmaq səbəbi də buradan
qaynaqlandı. 2013-cü ildə İzmirdə yaşayan
qadınlarımızın çoxu ilə bir araya gəldik və
bu dərnəyi yaratdıq. Fəaliyyət göstərdiyimiz
illər ərzində bu balaca ocaq qızlarımızın
ata evi oldu. Azərbaycan xanımları burada bir-birilərini
tanıdılar. Bir ailə olmağın mahiyyətini
anladılar. Yeri gələndə bir-birimizə dəstək
olduq, ana olduq, bacı olduq, dost olduq. Bir sözlə, bu dərnəyin
sayəsində biz Azərbaycan xanımları böyük bir
ailə olduq.
- Bir qadın olaraq bu dərnək vasitəsi
ilə İzmirdə yaşayan Azərbaycan xanımlarına
hansı dəstəyi göstərirsiniz?
- Dərnəyimiz yaranan gündən Türkiyədə
yaşayan qadınlarımızın bir çox problemlərinə
dəstək olmuşuq. Belə ki, onların iş
tapmalarına kömək etmişik, burada
yaşadıqları problemlərin həlli ilə çox
yaxından maraqlanmışıq. Dərnəyimiz
yarandığı gündən özümüzə
çox böyük hörmət qazanmışıq,
sayılıb-seçilmişik. Xanımlarımızın
problemlərinin həlli ilə bağlı
döydüyümüz qapılardan böyük hörmətlə
geri dönmüşük. Biz burada Azərbaycan
qadınını fəxrlə, şərəflə təmsil
edirik.
- Niyə məhz qadınlarla
bağlı dərnək yaratmaq qərarına gəldiniz?
- Türkiyədə belə bir dərnəyin
qurulmasına çox böyük ehtiyac vardı.
Qarşımıza məqsəd qoyduq ki,
yaşadığımız torpaqlarda Azərbaycan
qadınının tarixdə kim olduğunu, nəyə qadir
olduğunu, hansı mədəniyyətin sahibi olduğunu,
övladlarına ötürdüyü tərbiyəni,
qayğıkeşliyi yaşadığımız yerlərdəki
insanlara da tanıdaq. Öz mədəniyyətimizi, mətbəximizi,
xanımlığımızı isbatlamağa
çalışdıq və şükürlər olsun ki,
istəyimizə nail olduq.
- Türkiyədə Azərbaycan dərnəkləri
nə dərəcədə öz sözlərini deyə
bilirlər?
- Türkiyədə Azərbaycan dərnəkləri
zəifdir və gücsüzdür. Türkiyə siyasətində
yer ala bilən bir millət vəkilimiz, dövlət vəzifəsində
çalışan heç kimimiz yoxdur.
- Deyirlər, erməni lobbisi Türkiyədə
xeyli güclüdür. Bununla necə mübarizə
aparırsınız?
- Burada erməni diasporu bizdən güclüdür.
Onların millət vəkillərindən tutmuş, yüksək
mərtəbələrdə yer alan şəxslərədək
həmvətənləri var. Ermənilər bir-birilərinə
dəstək olur, qoruyur, sahiblənirlər.
- Xalqımızın başına gətirilən
faciələrin Türkiyədə qeyd olunmasını bir
missiya kimi həyata keçirirsiniz. Bu missiyanı həyata
keçirmək çətin deyil ki?
- Çox çətindir... Düşünün,
Qubadlının ucqar dağ kəndində doğulmuş bir Cəvahir
bu gün 80 milyondan çox insanın yaşadığı
bir ölkədə tanınır və kifayət qədər
də sevilir. Mən yaşadığım yerdə bu hörməti
dişimlə, dırnağımla qazanmışam. Belə
ki, hər zaman Azərbaycan dərnəklərinin içərisində
dərnəyimiz, imzaların içərisində imzam olub.
Getdiyim hər yerdə hörmət qazanmışam. Azərbaycan
qadınını şərəflə, qürurla təmsil
edirəm. Bir millətin qadınının adını təmsil
etmək asan bir iş deyil, çox ağırdır. Lakin
qürurlu qadın yükünü daşıdığımı
hər yerdə hiss edirəm. Yolumuza bir çox problemlər
çıxardılar, istədilər ki, istəyimizə nail
ola bilməyək. Bizə şər-böhtan atdılar. Belə
ki, hazırladığımız Xocalı ilə
bağlı teatrımızı dağıtmağa
çalışdılar. Soyqırımı ilə
bağlı min əziyyətlə hazırladığımız
proqramımızın gerçəkləşdiyi mədəniyyət
binasına hücum etdilər. İndiyə qədər bu kimi
problemlərlə üz-üzə qalmışıq.
Düzdür, sarsıldıq, yorulduq, amma heç zaman niyyətimizdən
və yolumuzdan dönmədik.
- Bizi qarşıda hansı layihələr
gözləyir?
- Qarşıda bizi çox gözəl layihələrimiz
gözləyir. Ötən həftə Azərbaycandan 40 şəhid
övladını Türkiyəyə dəvət etdim. Onlar
15 gün Türkiyənin 6 böyük şəhərində
oldular. Maraqlı görüşlərimiz baş tutdu.
Türkiyə dövlətinin baş naziri Binəli
Yıldırım cənabları həmin uşaqları
Çankaya köşkündə qəbul etdi. Böyük
Millət Məclisində oldular. Burada yaşayan şəhid
övladları ilə bir araya gəldilər. Əslində bu
çox xeyirli bir layihə oldu. Növbəti dəfə
Türkiyə-Azərbaycan şəhid analarını bir araya
gətirməyi düşünürük. İnşallah, bu
layihə də alnımızın ağı ilə nəticələnər.
- Azərbaycan Cümhuriyyətinin 100
illiyini 28 Mayda burada bayram kimi qeyd etdik. Bəs siz necə?
- Həmin gün Türkiyədə olan Azərbaycan dərnəklərinin
üstünlük təşkil etdiyi bir tədbir keçirdik.
28 Mayda Ankarada Məhəmməd Əmin Rəsulzadənin qəbrini
ziyarət etdik. Türkiyənin müxtəlif məmləkətlərində
yaşayan Azərbaycan sevdalıları bizimlə idi. Belə
ki, məzarlıq önündə Azərbaycanın himnini
oxutduq, üç rəngli bayrağımızı yüksəltdik.
Cümhuriyyətimizin qurucusunun məzarına tər
çiçəklər qoyduq. Cümhuriyyətimizin
qurucularının və şəhidlərinin ruhuna fatihələr
oxundu.
- Türkiyədə fəaliyyət
göstərən Azərbaycan dərnəyi olaraq vətəndən
bir dəstək alırsınızmı?
- Biz burada kimsə bizə dəstək göstərsin
deyə hansısa bir layihə hazırlamırıq. Bu bizim vətənpərvərliyimizdən,
vətənimizə olan sevgimizdən irəli gəlir. Amma
arxamızda güclü bir diasporumuzu hiss etsək, inanın
ki, gözəl işlər görərik. Qeyd edim ki, Azərbaycan
diasporundan indiyə qədər heç bir dəstək
almamışıq. Diaspor Komitəsinin yeni sədrinə
uğurlar arzulayır, ondan gözəl işlər gözləyirik.
Dövlətimiz bizə nə qədər sahib çıxsa,
biz də o qədər güclü olarıq. Azərbaycan
uğrunda canını, qanını verməyə qadir olan
insanlarıq. Çox istəyərdim ki, bizləri itirməsinlər,
sahib çıxsınlar. Bu gün biz xaricdə Azərbaycan
dövləti üçün çox böyük qüvvəyik.
Dövlətimizi, millətimizi sevən fədailərik.
- Bəzən deyirlər ki, vətən
sərhəddən başlayır. Bəs Cavahir xanım
üçün vətən haradan başlayır?
- Dünyanın harasında yaşayıramsa-yaşayım,
mənim doğulduğum torpaq düşmən
tapdağındadır. Qız-gəlinim düşmən əlində
əsir olub, yarası qaysaq tutmayan xarabaya çevrilmiş
Qubadlım var. Vətənimin sərhədi 26 ildir ki, gedə
bilmədiyim, görə bilmədiyim, həsrətindən
öldüyüm, yanıb-tutuşduğum, hər gecə
yuxularımda gördüyüm Qubadlıdan başlayır...
Xəyalə Rəis
Kaspi.-2018.-12 iyun.-S.12.