Sənətində
boyundan uca olan aktyor
Onu "iki teatrın qəhrəmanı"
adlandırırlar
Onun, 28 il ərzində yaratdığı 100-dən
çox səhnə obrazlarının hamısını, təbii
ki, görməmişəm. Çünki Habil Xanlarov
onları müxtəlif illərdə, müxtəlif şəhərlərdə
- Füzulidə, Horadizdə, Sumqayıtda "dünyaya gətirib".
Ancaq gördüklərimdən ən çox yadda qalanı məni
öz əzabları-sarsıntıları ilə "silkələyən"
iki obraz - onun qardaş və oğul rolları olub. Habili yox, o
"qardaş"ı, o "oğul"u hər dəfə
yada salanda, "o dünyanı" görüb-gəlirəm.
Çünki onların heç biri Habilin özü deyil,
onlar bir bacının ərk edib-güvəndiyi, şəxsi
həyatında yol verdiyi səhvə görə onu...
öldürməyə qəlbi yol verməyən sevimli
Qardaşı, o biri isə dərdi yeri-göyü
parçalayan, ruhu ilə müqəddəs olan, əziz, istəkli
olduğu qədər də çarəsizlik içərisində
çırpınaraq, bu çaxnaşıq dünyaya nifrət
edən bir ananın ağır günündə ona dayaq
durmağa qüdrəti çatmayan, xilas edə bilməyən
Oğuldur. Bəli, onlar Habil
deyil, Habilin dərdli, yaralı ürəyidir.
Bütünlüklə həmin obrazlara verdiyi ürəyi! O
ürək ki, vətən-yurd həsrətinin, doğmalarla
ayrılığın ən ağrılı anlarını,
illərini yaşayıb.
...O gün - bu ilin 25 fevralında Xocalı şəhidlərinin
xatirəsini yad etməyə gəlmiş minlərlə
sumqayıtlı, tarixin heç zaman
bağışlanmayacağı o müdhiş soyqırımı
sanki öz gözləri ilə görüb, onun dözülməz
ağrı-acısını, sarsıntılı
anlarını yaşadılar. Azərbaycanın
Əməkdar artisti İlahə Səfərovanın ana
obrazı və istedadlı aktyor Habil Xanlarovun oğul rolu o qədər
inandırıcı idi ki, sanki aktyorlar rolda deyildilər,
Xocalının köməksiz qalmış, bütün
dünya tərəfindən unudulmuş biçarələri
idilər.
Onların ANA-OĞUL
doğmalığı-sevgisi, çarəsizlik,
çıxılmazlıq içərisindəki
sarsıntıları heç kəsi biganə qoymayaraq,
Xocalı faciəsini bütün dəhşətləri ilə
diqqətə çatdırırdı. Bu iki aktyorun əsl sənətkarlıqla
təqdim etdikləri qısa, lakin hamını həyəcanda
saxlayan fraqment o qədər təsirli idi ki, bütöv
bir faciə tamaşası təsiri
bağışlayırdı.
İstedadlı
aktyorların
ümumiləşdirilmiş
ana və
oğul obrazlarının psixoloji-sarsıntılı daxili aləmlərinə bacarıqla nüfuz edə
bilməsi 26 il əvvəlki müdhiş Xocalı faciəsini bütün ağrı-acılı reallığı
ilə əks
etdirirdi.
Hətta o faciə səhnəsi o dərəcədə
ağır idi ki, həmin dramatik "səhnəcik"
başa çatdıqdan sonra da aktyorlar obrazlardan, onların
psixoloji sarsıntılarından çıxa bilmirdilər -
Ana İlahə xanım Oğul Habili "səhnədən"
qucaqlayaraq, çiyninə söykəyərək
çıxartmışdı. Bütöv
bir tamaşa təsiri bağışlayan, tədbirin ən
yadda qalan hissəsi olan həmin faciəvi səhnədən
sonra da hamının diqqəti yaxınlıqdakı
ağaclıqda qəmli sükunətlə baş-başa
dayanmış Ana və Oğulda idi. Və yaxşı ki, onlar sonadək
özləri olmadılar, Ana-Oğul oldular. Bu isə hər iki aktyorun
yüksək sənətkarlıqları, obrazların
psixologiyalarını dərindən duymaları, özlərini
unudaraq, qəhrəmanlarının həyatlarını
yaşamaları sayəsində mümkün olmuşdu.
Habilin türk dramaturqu T.Özakmanın pyesi əsasında
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram
Teatrında baş rejissor, Azərbaycanın Xalq artisti Firudin Məhərrəmovun
("Xocalı" səhnəsi də onun ssenarisi əsasında
hazırlanmışdır) səhnələşdirdiyi
"Ocaq" pyesindəki Fazil obrazı da bacısı Sevda ilə
bağlı qardaş qayğısı və
narahatlığı, psixoloji təsiri
ilə yadda qalandır. Habilin həmin
tamaşada yaratdığı zəhmətkeş və qeyrətli,
ata-ana, qardaş-bacı sevgisi ilə yaşayan oğul
obrazı öz səmimiliyi, tipikliyi ilə çox ailələr
üçün xarakterikdir. Aktyor həyatın
sıxıntıları, çətinlikləri ilə
üz-üzə qalmış ailəsinin qayğıları
ilə yaşayan, onun bütün problemlərini,
ağırlığını öz çiyninə
götürmüş Fazilin daxili narahatlıqlarını,
psixoloji vəziyyətini, ovqat və
düşüncələrini, ürək
çırpıntılarını tamaşaçıya
sirayət edəcək dərəcədə güclü
çatdırmağı, onu səhnədə baş verən
hadisələrin bilavasitə iştirakçısı (laqeyd
olmayan iştirakçısı!) etməyi özünəməxsus
təmkinli səhnə hərəkəti (bəzən də
düşüncəli sükutu), davranışı ilə
çox məharətlə bacarır. Mühüm anda ailəsi
ilə məsləhətləşməməsini, Fazilin xəbərdarlığına
baxmayaraq şəxsi həyatında atdığı səhv
addım qardaşını qeyrət qisasına təhrik
etdiyi bir vaxtda, obrazın psixoloji sarsıntılarını, tərəddüdlərini
bütün dolğunluğu ilə çatdıran aktyor
şikəst, həm də çox sadəlövh bacıya
(tamaşada Sevda rolunu gənc, ümidverici aktrisa Şəhla
Məmmədova, ana rolunu isə istedadlı aktrisamız Sədaqət
Nuriyeva çox gözəl, təbii, inandırıcı
oynayırlar) olan qardaş məhəbbətinin daha
güclü olduğuna, buna görə də bəlkə də
onu qətlə yetirmək fikrindən son anda
daşındığına inandıra bilir. Habilin layiqli,
düşüncəli oğul, qeyrətli, qayğıkeş
qardaş obrazını - Fazili tamaşaçı az qala birbaşa səhnəyə qalxaraq,
bağrına basıb, təşəkkür etmək istəyir. Aktyorun məharəti də, sənət
xoşbəxtliyi də elə budur!
...Son 30 ildə nadir bir hadisədir ki, Habil böyük,
peşəkar teatr səhnəsinə institut auditoriyasından
deyil, birbaşa orta məktəbdən, parta arxasından gəlib,
lakin "əliboş" yox, istedadı, psixoloji-həssas
duyum bacarığı ilə gəlib. Özü də
çox zaman olduğu kimi nə işıqçı, nə
də səhnə maşinistinin köməkçisi kimi yox, 20-25 ilin
aktyorları ilə bərabər, tam hüquqlu, ştat
üzrə çalışan aktyor kimi.
Bu, bəlkə də bir ucu Habilin bəxtinə, zərurətə
bağlanan, onun o qədər də boy verəcəyi gözlənilməyən,
çox kiçik bir rüşeym şəklindəki istəyindən
doğan qəribə, qətiyyən ağla gəlməyən,
bəlkə də sanki xüsusi olaraq "qurulmuş" təsadüf
nəticəsində olmuşdu.
...O vaxt Habil Füzuli rayonundakı doğma Babi kəndinin
orta məktəbinin sonuncu sinfində oxuyurdu. Və
onun üçün məktəb illərinin sonuncu, mart tətili
idi. Kiçik qardaşının
saçını düzəldərkən birdən
gözü onun oturduğu stulun yan-yörəsinə sərdiyi
"Araz" adlı rayon qəzetində iri hərflərlə
verilmiş elana sataşmışdı. Orda
bildirilirdi ki, yeni yaradılmış (1989-cu ilin avqustunda)
Füzuli Dövlət Dram Teatrı aktyor ştatını
tutmaq üçün müsabiqə keçirir. Məktəbin
əlaçılarından olan, bədii özfəaliyyət,
dram dərnəyində tez-tez çıxış edən,
aktyorluğu uzaq xəyal kimi belə fikrinə gətirməyən
Habil üçün bu, lap göydəndüşmə olur. Səhər tezdən 35 km aralıda olan rayon mərkəzinə,
teatra gedib müsabiqənin keçiriləcəyi günü
və şərtləri təfsilatı ilə öyrənib,
adını iştirakçılar siyahısına
yazdırıb, kəndə qayıdır. Və başlayır səylə
hazırlaşmağa.
Mayın əvvəllərində
keçirilən müsabiqəyə 35-dən çox gənc,
hətta orta yaşlı adamlar da gəlmişdi. Habilin C.Cabbarlıdan xüsusi intonasiya ilə
ifa etdiyi "Ana" şeiri, Flora Kərimovanın "Bu
qatarın dalınca baxma" mahnısını bacarıqla
parodiya etməsi və ən başlıcası, ssenarisini
özünün hazırladığı "Ana həsrəti"
səhnəciyində ana və oğulun dilindən onların
səsinə uyğun şəkildə, kəskin səs dəyişikliyi
ilə danışması imtahan götürənlərin
böyük marağına səbəb olur. Habilin
istedadı alqışlanıb, razılıq edilsə də,
ona heç nə bildirilmir. Yalnız bir
gün sonra məlum olur ki, Habil birinci yeri tutaraq, müsabiqənin
qalibi olmuşdur. İkinci yeri isə onun
sinif yoldaşı, məktəbin dram dərnəyində
Habillə birgə "artistlik" edən Tahirə adlı
qız tutmuşdu. Və artıq avqustun
sonlarında Habilə rəsmi məktub göndərilmişdi
ki, sentyabr ayından etibarən aktyor kimi Füzuli Teatrına
işə qəbul edilirsən. O gün 17 yaşlı
Habilin sevincinin həddi-hüdudu yox idi.
Habilin Füzuli Dövlət Dram
Teatrında ilk rolu tanınmış rejissor-dramaturq Ağalar
İdrisoğlunun "Çarəsiz oyun"
tamaşasındakı Ötkəm obrazı idi. Özü də həmin rol epizodik yox,
baş rol idi! Bu isə teatrda yenicə işə
götürülmüş hər gənc aktyora, həm də
belə tezliklə nəsib olmur. Bu, teatrda
Habilin aktyorluq istedadına verilən ilk böyük qiymət
olmaqla yanaşı, həm də yüksək etimad idi.
1993-cü ilin avqustunda erməni faşistləri
Füzuliyə hücum edəndə gənc aktyorun cəmi 20
yaşı vardı.
O günlər Habil üçün ikiqat ağır və
dəhşətli idi. Çünki Füzuli hələ
işğal olunmazdan əvvəl atası xəstələnərək,
vəfat etmişdi. Evin kişi
böyüyü 20 yaşlı Habil olduğundan, ailənin
bütün ağırlığı, qayğıları da
onun üzərinə düşmüşdü.
Bir müddət sonra mənfur düşməndən
təmizlənmiş doğma kəndlərinə qayıdan
Habil böyük ürək ağrısı ilə ata
yurdunun - bir vaxt böyüyüb boya-başa
çatdığı evin
yandırıldığının şahidi olmuşdu. Yalnız atasının vaxtilə atın
ayağını bağladığı, kənddən
çıxarkən isə Habilin evin qapısına
vurduğu buxov yanıb-qaralsa da, bir nisgilli nişanə olaraq
qalmışdı...
Hələ 1991-ci ildə, ilk
atışmalardan sonra Horadizə köçən Füzuli
Teatrı 1993-cü ilin ortalarınadək - erməni
işğalınadək orada fəaliyyət göstərmişdi. Habil orada
çalışarkən müxtəlif tamaşalarda
oynamış, maraqlı səhnə obrazları
yaratmışdı.
1993-cü ilin sonlarında teatrın
direktoru Vaqif Vəliyev respublika televiziyası ilə
işğaldan sonra pərakəndə düşmüş
aktyorlarına, kollektivin digər üzvlərinə müraciət
edərək, onlardan Sumqayıta gəlib, bir yerə
yığılmağı xahiş etmişdi. Habil də doğma
teatrın çağırışına qoşularaq,
Sumqayıta üz tutmalı olmuşdu. Mədəniyyət
Nazirliyinin və şəhər rəhbərliyinin birgə qərarı
ilə kollektivin üzvlərinə fəhlə
yataqxanasında yer ayrılmışdı.
Füzuli Dövlət Dram Teatrı təxminən
10 ilə yaxın Sumqayıt Dövlət Dram Teatrı ilə
eyni binada fəaliyyət göstərdiyindən, Habil hər
iki teatrın tamaşalarında müxtəlif rollar
oynamalı olmuşdu. Ona görə də mehriban qonşu olan bu
teatrların kollektivləri Habili "iki teatrın qəhrəmanı"
adlandırırdılar. O, Sumqayıt Teatrında
tamaşaçıların sevimli aktyorları - Azərbaycanın Xalq artistləri Valeh Kərimov, Məzahir
Süleymanov, Əməkdar artistlər Kazım Abdullayev, Kamil
Məhərrəmov, İlahə Səfərova, Rauf
Ağakişiyev, Fəranə Musayeva, İzaməddin
Bağırov və digərləri ilə eyni səhnədə
çalışmaqdan qürur duymaqla yanaşı, öz
rollarını da yüksək səviyyədə oynamağa
çalışmışdır.
Yüksək istedadının və teatr
"okeanariyası"na yaxşı bələd
olmasının, yaradılan obrazların psixologiyasını həssaslıqla
duyub, tamaşaçılara çatdıra bilmək
bacarığının nəticəsidir ki, Habil bu gün də
demək olar ki, əksər tamaşalarda rol ala bilir. Özü də qəribədir ki, teatra təqdim
edilən hər bir pyesin oxunuşu zamanı Habil
özünü hansı rolda görə bilirsə, məhz həmin
rolu da rejissor ona tapşırır. Çünki
elə rejissorlar özləri də bu və ya digər pyesə
təklikdə ilkin nəzər yetirərkən,
yaradıcılıq potensiallarından, fiziki - "görkəm
fakturasından" asılı olaraq obrazları kimlərin
yarada biləcəyini artıq dəqiqliklə müəyyən
edə bilirlər.
...Habildə rejissorluq istedadının da olduğunu hiss
edən Mədəniyyət Nazirliyinin rəhbərliyi
2003-cü ildə onu iki illik müqavilə üzrə baş
rejissor kimi işləmək üçün bir vaxt - hələ
17 yaşında ikən səhnəsində aktyorluq
debütünü etdiyi Füzuli Dövlət Dram Teatrına
- Horadizə ezam etmişdi. Lakin hər bir teatrın
özülünü təşkil edən aktyor sənətinə
Habilin vurğunluğu o dərəcədə
güclüdür ki, o, Füzuli Teatrında baş rejissor
kimi bir-birindən maraqlı əsərləri səhnələşdirməklə
yanaşı, həmin tamaşalarda ruhuna yaxın olan
rolları ifa etməkdən də özünü saxlaya bilməmişdi.
2005-ci ildə yenidən Sumqayıt
Teatrına qayıdan Habil o vaxtdan indiyədək bu sənət
ocağının fədaisi kimi çalışmaqdadır.
Habilin Qarabağ mövzusu əsasında səhnələşdirilmiş
tamaşalardakı rolları da xüsusilə yaddaqalandır. Çünki Habil
özü Qarabağda baş verən faciəli, dəhşətli
hadisələrin bilavasitə iştirakçısı,
qurbanı olmuşdu, torpağı əldən getmiş
qarabağlının sarsıntıları, iztirabları onun
canından, qanından keçmişdi və o, həmin
iztirabları tamaşaçıya daha təsirli
çatdıra bilirdi.
Son illərdə müxtəlif televiziya və kino
rejissorları da diqqətlərini istedadlı, geniş spektrli aktyor
yaradıcılığına malik Habilə yönəldib. Artıq o, 10-a qədər
çoxseriyalı filmlərdə çəkilib və daha
bir-neçə film üzərində çəkilişlər
davam etdirilir.
Habilin bu il yaratdığı obrazlardan ən maraqlısı,
yadda qalanı isə Azərbaycanın repressiya qurbanı
olmuş üç qüdrətli şairin - Hüseyn Cavidin,
Məhəmməd Hadinin və Mikayıl Müşfiqin nakam həyatlarından
bəhs edən "Zülmətdə nur"
tamaşasında H.Cavidin mükəmməl
obrazını yarada bilməsi idi. Həmin
tamaşa haqqında geniş danışmayaraq, yalnız onu
demək istərdim ki, səhnədə aktyor Habil Xanlarov yox
idi, orda... dahi Hüseyn Cavid vardı. Məncə, elə
bu rol Habil istedadı haqqında çox şey deyir.
Sonda yalnız onu qeyd etmək istərdim ki, Habil vaxtilə
çox çətin, ağır günlər yaşasa da, mətin
iradəsi və istedadı ilə özündə güc
taparaq, ayağa qalxa bilmiş, peşəkar aktyor, gözəl
insan, zəhmətkeş və qayğıkeş ailə
başçısı kimi (o, 5 övladın atası, 3 nəvənin
babasıdır) hamının rəğbətini
qazanmışdır.
Rəhman ORXAN
Kaspi.-2018.-12 iyun.-S.15