Bəzi sözlərin
yazılışı dəyişdirilə bilməz
Allah sənə rəhmət eləsin, Cəlil Məmmədquluzadə!
Hələ orta məktəbdə "Anamın kitabı” əsərini
oxuyanda müəllim dünyanın müxtəlif ölkələrində
təhsil almış qardaşların gördükləri
işləri qabarıq şəkildə izah edib bu qənaətini
bizə başa salırdı ki, Rüstəm bəy, Mirzə
Məhəmmədəli və Səməd Vahid
qardaşları kimi əziyyət çəkib, vaxt sərf
edib ali təhsil alaraq bu cür boş-boş işlərlə
məşğul olmaqdansa, Qurban və Zaman kimi təhsil almadan
kənddə qalıb işləmək ondan da sərfəlidir.
Son aylarda Azərbaycan dilinin orfoqrafiya lüğətinə
daxil olan sözlərin müəyyən bir qisminin
yazılışının dəyişdirilməsi ilə
bağlı söylənilən fikirləri oxuyanda yuxarıda
adı qeyd olunan əsərin əsas qəhrəmanları
olan qardaşların dialoqunu xatırladım: Rüstəm bəy
deyir: "İndi keçək "almaz” ləfzinə, Yaz,
"almaz”, latınca atamas”...
Mirzə Məhəmmədəli isə ona
cavabında: "Dadaş, o lüğəti ki, sən
yazırsan, bu bir yadigardır ki, hər bir kəs oxuyub mənfəətbərdar
olacaq. Amma mənim qanacağıma görə sizin
kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəsindən
əxz olunmuşdur. Belə olan surətdə siz öz əlinizlə
lüğətinizin dairəsini daraldırsınız. Hə...
gülərsiniz, gülərsiniz. Vay sizin halınıza! ...
Afərin lüğət yazanlar!”
Niyə bunu xatırladım. Anladım ki, əgər
orfoqrafiyamızda heç bir mütləq əhəmiyyət
kəsb etməyən bu dəyişdirmə əməliyyatı
qısa bir müddətdən sonra yazı yazıb ortaya
çıxaran amilləri ucuz gülüş hədəfinə
çevirəcəkdir.
Bu gün yazılışı dəyişdirilən
sözləri yalnız sentyabrdan təhsil almağa başlayan
şagirdlər düzgün yazmaq qabiliyyətinə sahib
olacaqlar.
Yeni orfoqrafiya yazı-pozu ilə məşğul olan
insanların ayağında buxova, qollarında qandala
çevriləcəkdir.
Hansısa nəşr olunmuş bir əsərin ön
sözünü cırıb yeni ön sözlə nəşr
edərək kiminsə xoşuna gəlmək, kiminsə
hörmətini qazanmaq olar. Ancaq əsərin özünə
müdaxilə edib onu dəyişmək, həm də milyonlar
üçün əzbər olan nəyi isə dəyişmək
ucuz diqqət çəkmək marağından başqa bir
şey deyildir.
Uşaq vaxtı oxumuşdum ki, Fransada kimsə tarixdə
qalıb əbədi yaşamaq fikrinə düşür.
Bunun üçün başqa bir yol tapmayıb Paris Notrdam kilsəsini
partladaraq tarix yazır. Elə bilirəm ki, orfoqrafiya
lüğətimizdə aparılan bu "yenidənqurma” Paris
Notrdam kilsəsini partlatmağın yeni variantıdır.
Ətrafdakıların diqqətini çəkmək
üçün ortaya sanballı, dilimizə, dilçiliyimizə
şərəf gətirən iş qoymaq lazımdır.
Yoxsa müəyyən sözlərin
yazılışının dəyişilməsini əsas gətirərək,
dövlətin kifayət qədər vəsaitin sərf edib
yeni orfoqrafiya lüğəti çap etmək el malına qəsddən
başqa bir şey deyildir.
Mətbuatda gedən yazılardan bəlli olur ki, bu sahə
ilə bağlı insanların əksəriyyəti bu dəyişmənin
əleyhinədir. Orfoqrafiyada yazılışı sabitləşmiş
bu sözlərin yeni formada yazılmasına səbəb nədir,
bu hansı tələbdən irəli gəlir, başa
düşmək çətindir.
Yenə də "Anamın kitabı” əsərindəki
Gülbaharın sözləri yada düşür: "Niyə
hamı bir yerə getmir, niyə hərə bir tərəfə
gedir?! Bax , görürsən, o adamlar o tərəfə gedir,
bu adamlar bu tərəfə gedir: mən bu işi başa
düşmürəm!”
Sərdar Zeynal,
filologiya üzrə elmlər doktoru
Kaspi.-
2018.- 12 iyun. - S.10.