Xarici
gözəllik gəldi-gedərdi, ağıl və istedad isə
daimidir
Günel
Məmmədova: “Ən sağlam arıqlamaq idman və rəqslə
arıqlamaqdır”
Səhnə teatr, kino gözəllik
tələb edir. Tamaşaçı teatra səhnədəki
gözəlliyi seyr etməyə gəlir - deyə
düşünsək də, Gənc Tamaşaçılar
Teatrının aktrisası, teatrımızın
sarışını Günel Məmmədova bu fikirlərlə
heç də razı deyil. Qəzetimizin "Məşhurların
gözəllik sirləri” rubrikası üçün
danışan aktrisa deyir ki, səhnə gözəllik deyil,
istedad tələb edir. Bəzən insanlar bunu səhv
salırlar. Tamaşaçını səhnədə baş
verənlərə inandıra bilmədikdən sonra o gözəllik
heç bir işə yaramır. "Sarı gəlin”
tamaşasındakı obrazı ilə səhnəmizin
sarışını, zaman-zaman sarı gəlini də
adlandırılan aktrisa bizimlə söhbətində onu fit və
hər zaman formada saxlayan səbəblərdən
danışdı. Deyir
ki, formada qalmaq üçün heç bir dietadan istifadə
etmir:
- Formada qalmaq üçün dietanın tamamilə əleyhinəyəm.
Çünki özünü yeməkdən nə
qədər kənarlaşdırsan da, dietan bitdikdən sonra həmin
çəkini yenidən alırsan. Mən
öz formamı idman və rəqslə qoruyub saxlayıram.
Uşaqlıqdan bu günə qədər rəqslə
məşğulam. Elə vaxtlar olub ki,
çəkilişlərim çox olduğu üçün
idmana gedə bilməmişəm və yaxud həmin gün rəqslə
məşğul olmağa zaman tapmamışam. Günün sonunda idmanımı gec də olsa evdə
etmişəm. Ən sağlam arıqlamaq
idman və rəqslə arıqlamaqdır. Ancaq hazırda xanımlarımız
üstünlük verdikləri dieta ilə arıqlaya bilsələr
də, bu üsulla öz formalarını itirirlər.
İdmanla məşğul olduqda isə fit, mükəmməl
bədən quruluşuna sahib olmuş olurlar. Məhz
bu səbəbdən hər zaman formada qalıram və
heç bir piylənmə, kökəlmə ilə
rastlaşmıram.
- Səhnə gözəllik tələb edir. Bu gözəlliyi qorumaqsa heç də asan məsələ
deyil.
- "Səhnə gözəllik tələb
edir” - deyirlər, ancaq mənə görə, səhnə ilk
növbədə istedad tələb edir. Gözəllik isə gəldi-gedərdi.
Gözəllik qalıcı bir şey deyil ki,
onu hər nüansda göz önünə gətirsinlər.
Müəyyən yaşdan sonra xarici
görünüş xanımlarımızı tərk edir.
Ancaq ağıl, istedad heç vaxt insanı tərk
etmir. Bunun üçün bacardıqca
çalışmaq, öyrənmək, öyrəndikcə də
bunu təcrübəyə çevirib, öz üzərilərində
sınamalıdırlar. Allahın
işidir, sabahın nə gətirəcəyini və gözəlliyin
əlində olub-olmayacağını demək çətindir.
Bunun üçün daxili gözəlliyin və
istedadın olması daha münasibdir.
- Səhnəyə çıxan aktrisalar bəzi
zamanlarda üzlərinin və saçlarının
parıldaması üçün müxtəlif maskalardan və
parıldadıcı vasitələrdən istifadə edirlər.
- Mən nə üzümə, nə də
saçıma maska qoyuram. Hazırda
saçlarım dəhşətli dərəcədə
tökülür. Seriallarda və filmlərdə
saçlarımı müxtəlif formalara saldıqları
üçün isti fenlər onu qurudur və cansız hala
salır. Bu da elə bir məsələdir
ki, ondan qaçış yoxdur. O ki qaldı maskalara, bu məsələlərdə
çox tənbələm. İndi-indi
başlamışam maskalardan istifadə etməyə. Ola bilsin 35 yaşdan sonra hansısa maskalardan istifadə
etdim. Dəri quruluşum uşaq dərisinə
bənzədiyi üçün üzüm kosmetika qəbul
etmir. Bəzən səhnəyə
çıxanda belə kosmetikadan istifadə etmirəm. Çünki dərim çox həssasdır və
bir çox kosmetikaların tərkibindəki maddələri qəbul
etməyib allergiya verir. Eləcə də maskalar. Ola
bilər ki, 35 yaşdan sonra hansısa kosmetoloqun yanına
gedib, məsləhət ala bilərəm. Amma indi üzümə
heç bir maska vurmuram. Çalışıram ki, makiyajdan
az istifadə edim. Adi günlərdə makiyajdan istifadə
etmirəm. Bunun görə də hələ ki maskalara
ehtiyacım yoxdur. 35 yaşdan sonra baxarıq. Eləcə də
botoksun, sifətdə nəyisə doldurmağın tamamilə
əleyhinəyəm.
- "35-dən sonra” sözünü çox işlədirsiniz.
Yoxsa
qocalmaqdan qorxursunuz?
- Əsla. Qorxmuram, hər bir
yaşın öz gözəlliyi var. Çox istəyərdim
ki, o yaşda təbii üsulla da normal görünüm.
Qırışları aradan qaldıran və qocalmaq əleyhinə
olan yeni çıxan proseduralardan istifadə etmək istəmərəm.
Nə qədər istəməsək də, ömür gedir,
qocalırıq. Yaşlandıqdan sonra gedib özümü
cavanlaşdırmağım təbii ki, gülünc
görünər. Bilmirəm, bəlkə indi belə
danışıram, yaşım ötdükdən sonra
başqa hərəkətlər edəcəm. Xanımlar
çalışırlar ki, cavanlıqlarını qoruyub
saxlasınlar və bunun üçün kosmetoloqlara müraciət
edirlər. Ancaq indiki fikrimlə düşünürəm ki,
mən çox təbii qocalmaq istərdim, olduğum kimi.
Yaşlandıqda isə, əgər hansısa bir proseduradan
istifadə etsəm, o zaman əvvəlki Günel olmayacam və
bu da tamaşaçılara maraqsız olacaq.
- İndiyə qədər hansısa bir estetik əməliyyat
etdirmisinizmi?
- Özümlə bağlı heç bir kompleksim
yoxdur ki, bəyənməyib bıçaq altına gedim. Burnum əməliyyat
olunub. Bir dəfə səhnədə "Rəvayəti
Şahzadeyi Xəzər” tamaşasının məşq
prosesində burnum qırıldı və əyildi. Elə həmin
an məni xəstəxanaya apardılar və burnuma müdaxilə
edildi. Çox az müdaxilə olundu. Ancaq başqa heç
bir estetik əməliyyatım olmayıb. Həmin an tez-tələsik
burnumu tikdilər deyə, indi hiss edirəm ki, nəfəs
almaqda problem yaşayıram. Bu hadisənin üzərindən
artıq 7-8 il keçib. Hərdən düşünürəm
ki, nəfəs problemimi ortadan qaldırmaq üçün
burnumu düzəltdirim. Ancaq şəkillərimdə də
var, mənim bundan əvvəlki burnum daha gözəl idi.
- İncəsənət qurban tələb edir deyirlər.
Siz
nələri qurban vermisiniz?
- Məşq proseslərində
çox xoşagəlməz, ekstremal hallar yaşamışam.
Hətta bir dəfə "Oliver Twist”
tamaşasında İlqar Cahangirlə məşq edərkən
səhnədən bilməyərək məni yerə
atmışdı. Onurğam böyük zədə
görmüşdü. Bu kimi hadisələri tez-tez
yaşayırıq. İndiki Günel Məmmədova
olmağım üçün çox qurbanlar vermişəm...
Müəyyən layihələr olub ki, mənim həyatımı
dəyişə biləcəyinə rəğmən, onlardan
teatra görə imtina etmişəm. Hər zaman teatrdakı
işimi digər fəaliyyətimdən üstün bilmişəm.
Bəzən bu sənət sevgisi mənim
sağlamlığıma zərər də yetirib. Ancaq indi
başa düşürəm ki, əgər sağlamlığım
olmasa, həyatda heç nə əldə edə bilmərəm.
İndi öz sağlamlığımın qeydinə
qalmağa başlamışam.
- Sizi Azərbaycan
teatrının sarı gəlini deyə
çağırırlar və teatr, kino aləmində tək-tük
təbii sarışınlardansınız. Ancaq bəzən
deyirlər ki, siz əslində qarayanız birisiniz və
saçlarınızı boya ilə saraldırsınız.
- Qətiyyən. Mən anadangəlmə
sarışınam. Hətta mənim tələbəlik illərimdə
belə boyasız şəkillərim var. Bunların
hamısını öz sosial şəbəkədəki
hesabımda paylaşıram. Əslində mənə baxanda
bunu həmən anlamaq olar. Burda çətin heç nə
yoxdur.
- Xarici
görünüşünüz sizi azərbaycanlı
xanıma bənzətmir. Bu, çətin anlarınızda
köməyinizə çatıbmı?
- Çox olub. Simamım
avropalı xanımlara bənzəməyindən məmnunluq
duyuram. Bir çox film və kinolarda xarici obraz kimi mənə
tez-tez müraciət edirlər. Görünüşümlə
bağlı bir çox xarici filmlərdə də rol
almışam. Bu baxımdan qarşımda daha çox
şanslar açılıb. Öz imicimdən və
görünüşümdən çox razıyam. Bir
çox filmlərdə rus, italyan, gürcü
xanımlarını canlandırmışam. Rejissorlar deyir ki,
səni hər bir xalqın nümayəndəsinə
çevirmək mümkündür. Çünki üz cizgilərin
buna imkan verir. Bu da təbii ki, bir aktrisa olaraq məni məmnun
edir. Xarici görünüşümə görə heç
kimə bənzəmirəm. Elə özüm kimiyəm. Bu
görünüşüm məni hamıdan fərqləndirir.
- Qidalanmağınıza fikir
verirsinizmi?
- Əslində qidalanmağıma o qədər də
diqqət yetirmirəm. Səhərlər ümumiyyətlə
yemək yemirəm. Tək çay içib, evdən
çıxıram. İş rejimim çox gərgin olur. Hətta
elə günlər olur ki, gün ərzində yemək
imkanım olmur. Axşamlar evə gələndə nə
yedimsə odur. Sözün düzü, yeməklə heç
vaxt dostluq etməmişəm. Sevdiyim yeməklər də
"fast-food”lardır, onlar isə ziyanlıdır. Amma rəqslə
davamlı məşğul olduğum üçün bu da
özünü göstərə bilmir. Əslində
iştaham olanda, oturub yaxşı yeyirəm. Bununla
yanaşı, yeməsəm, günlərlə qala bilərəm.
Ancaq çaysız yaşaya bilmərəm.
- Bəzən gözəl qadın görəndə
deyirlər ki, o xanımın daxili gözəlliyi üzünə
vurub.
- Hərdən nurani insanları
görəndə hiss edirəm ki, o insanın daxili də
safdır. Mən insanları o qədər də yaxşı
tanımıram. Ancaq real həyatı səhnə
hesab edib, gündəlik oynayan insanlar da var.
İçi-çölü bir olan insanlar da tanıyıram.
İnsan nə yaşayırsa, onun simasında əks olunur.
Ətrafımızda insanlar var ki, birinə baxanda deyirlər,
onun həyatı keşməkeşli olub. Üzdə mələk
görünüb, içəridən iblis olanlar da az
deyil.
Xəyalə Rəis
Kaspi.-2018.-13 iyun.-S.12.