Yenilməz “Cavad xan”

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə bu il silsilə mədəniyyət tədbirləri həyata keçirilir. Belə tədbirlər teatrlarımız üçün də izsiz ötüşməyib. Davamlı olaraq teatrlarımızda yüzilliklə bağlı səhnəyə qoyulan tamaşalardan biri də iyunun 3-ü Akademik Opera və Balet Teatrında premyerası keçirilən bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baleti oldu.

“Cavad xan” balet tamaşası XIX əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Başda Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan olmaqla Gəncə əhalisinin yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir. Yeni səhnə əsərinin quruluşçu baletmeysteri xalq Artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılovdur. Bir pərdəli baletdə rolları Xalq artisti Gülağası Mirzəyev (Cavad xan), Əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (General Sisianov), Makar Ferştandt (I Aleksandr) və aparıcı solist Ayan Eyvazova (Gürcü şahzadəsi) ifa edirlər.

Bir saata yaxın davam edən baletdə XIX əsrin əvvəllərində Gəncə xanlığının fəaliyyəti, rusların Gəncəni işğal etməsi, Cavad xanın şücaəti anbaan sərgilənir. Gürcü şəhzadəsinin rəqsi ilə başlayan baletdə Rusiya saray bal rəqsindən sonra artıq rusların gələcək planlarının izləri görünür. I Aleksandrın başçılıq etdiyi ziyafətdən sonra siyasi məsələlər həll olunur.

Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Bir tərəfdə saray rəqsləri gedirsə, digər tərəfdə Cavad xanın hökmranlıq etdiyi Gəncə əhlinin qəhramanlığı həzin musiqi sədaları altında balet ifaçılarının mahir rəqslərində öz cizgilərini tapır. Siyasi məsələlərin başlandığı anda simasında bütün qəddarlığı və zülmkarlığı tamlıqla yarada bilən general Sisianov I Aleksandr ilə birikdə Gəncənin xəritəsinə baxaraq onun işğal planını qururlar. Hər dəfə bu xəritə göstərildikdə generalı canlandıran Samir Səmədov qəzəblə əlini xəritəyə uzadır və cibinə doğru apararaq “Gəncə bizim olacaq” jestini edirdi.

Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan  Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta, buna müəyyən qədər müvəffəq olur. Tarixdən də bilirik ki,  Gəncə,  Qarabağ,  Şəki  xanları,  ləzgi  şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Baletdə də ilk döyüş səhnəsində qəhrəmancasına düşmən önünə çıxan Cavad xan oğulları ilə birlikdə düşmən qüvvələrinə əzmlə sinə gərə bilirlər. Düşmənin ilk döyüşdən geri çəkilməsinə müvəffəq olurlar. Bu səhnədə balet ifaçılarnın qılıncla musiqi sədalarına uyğun şəkildə döyüşmələri qəhrəmanlıq pafosunu artırırdı. Musiqinin enmə, qalxma və zirvə nöqtələrində hadisələrin gedişatı dayanmadan dəyişir və ifaçılar puant edərək o kuliminasiyanı göstərə bilirdilər.

Səhnənin sol küncündə hazırlanmış böyük Gəncə divarlarının dekoru tamaşaya xüsusi canlılıq gətirirdi. Qaranlığın çöküşündə qalanın üzərində yanan məşəllər və Cavad xanın qalanın başına çıxaraq qılıncını xalqına uzadıb döyüşə səsləməsi tarixi film kadrını xatırladırdı. Bütün hadisələr sadəcə musiqi sədaları altında pantomim hərkətlərlə davam edirdi. Pantomima burada mühüm rol oynayırdı, çünki aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməkliyi ilə çatdırırdılar. Ona görə də baletin məzmununun açılmasında bu pantomim vasitələrdən geniş faydalanmışdılar.

Cavad xanı oynayan Gülağası Mirzəyev hər dəfə xanımı ilə rəqs edən zaman milliliyi, qəhrəmanlığı, eyni zamanda da xalqının iztirablı günlərini və gözlənilən acı taleyini bütün vücudu ilə duyur və tamaşaçıya çatdıra bilirdi. General Sisiyanov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, artıq bu dəfə xanlığın saxlanması şərti ilə rus himayəsi altına keçmək mümkün olmayacaq, xanlıq ləğv olunacaq. Bir an belə üzü gülməyən Cavad xan döyüş vaxtı oğlunun öldüyünü görən zaman ildırım sürəti ilə yüyürüb yıxılan oğlunu qolları arasına alaraq içində səssiz bağırır. Bu səhnədə balet ustası üz ifadəsini ecazkar şəkildə dəyişərək həm acını, həm də qəzəbi eyni anda yaşayıb inandırıcı şəkildə çatdırırdı. Oğlanları öldürüldükdən sonra üzləri kəfənlə örtülmüş cəsədlərin yanında ana obrazında hüznlü rəqsləri ifa edən aktrisalar ananın ümidsizliyini, çarəsizliyini, qolu-qanadı sınmış quş kimi yüngül hərəkətlərlə heysiz süzürdülər. Bu anda qaranlıqdan libaslı ölən oğulların ruhları peyda olaraq analarına təskinlik verir, mərdliyə çağırırdılar. Artistlərin bu səhnədə balerinaları xəfif meh kimi bir qolundan digər qoluna ötürməsi iztirabverici simli alətdə səslənən notlarla həmahənglik təşkil edirdi. Can üstündə olan insan kimi musiqi gah artır, gah ani dayanır, bitmək bilməyən kədəri obrazlar vasitəsilə zala ötürürdü.

Şəhərin yaxınlığında dayanan Sisianov 1803-cü il 29 dekabr tarixli son məktubunu Cavad xana yazır və şəhəri təslim etmək barədə ultimatum verir. Məktubda deyilirdi: “Qalanı xoşluqla vermək meyliniz olmadığını görüb axrıncı dəfə təslim şərtlərini sizə göndərməyi özümə borc bilirəm… Məktubuma təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab edirəm. Bu, ona görədir ki, insanlar arasında qarşılıqlı hörmətə riayət olunmalıdır. Buna görə də ümidvaram ki… sabah günortadan qabaq məktubumun cavabını ala biləcəyəm”.

Bu cür təhqiramiz şərtləri vətənpərvər Cavad xanın qəbul etməsi mümkün deyildi. Ona görə də o, Sisianovun bu şərtlərini qətiyyətlə rədd edir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Cavad xanın səhvi onda idi ki, o erməniləri şəhərdən qovmamışdı. Belə ki, ruslar hücuma keçən kimi ermənilər şəhər darvazalarını onların üzlərinə açırlar. Qoşunu gizlincə içəri yeridəndən sonra Sisianov qalaya çıxır və artıq Gəncə mühasirədədir. Baletin bu gərgin, dramatik məqamında hadisələrin gedişatı döyüş-rəqs vasitəsi ilə öz həllini tapır. Bir neçə dəqiqə davam edən bu döyüş səhnəsi zərb alətlərinin gurultulu sədaları, tamaşaya əfsanəvi səhnə effetləri verən qırmızı işıqların artıb-azalması fonunda davam edir. Ardınca Sisianov Cavad xanı qılınc ilə yaralayır, lakin xan hələ də döyüşməyə davam edir. Silahlara əl atan ruslar Cavad xanın gözləri önündə oğlu Hüseynqulu xanı öldürürlər. Və sonda silahların Cavad xanın boğazına dirənməsi ilə döyüş sona çatır. Cavad xan öldürülür.

Bayaqdan əzmkarlıqla səslənən zərb alətlərinin gurultulu sədaları anidən simli alətlərlə əvəzlənərək ümidlərini itirmiş Cavad xanın xanımının solosuna cəmlənir. Əsgərlər arasından xanın cəsədinə barmaqları ucunda yaxınlaşan balerina arıq vücudu ilə Cavad xanın başı üstə diz çöküb taleyi ilə barışır. Bir göz qırpımında Cavad xanı başı üzərinə qaldıran əsgərlər baletin son akkord sədaları altında yavaş-yavaş gözdən itirlər.

Balet boyunca bəzən artistlər kütləvi səhnələrdə hərəkətlərin sinxronluğunu itirsələr də, kobud qırılma görünmürdü. Orkestr və dekor tarixi qəhrəmanlıq baletinin tamlığını təşkil edirdi. Baş verən hadisələrə uyğun səhnədə dəyişilən tarixi şəkillər, dokorlar və geyimlər baletdəki hadisələrin canlılığına inandırırdılar. Həm gürcü şahzadəsi, həm də xanın arvadını oynayan balerinaların fenomenal texnika ifaları zamanı sərgilədikləri performans onların istedadına dəlalət edirdi. Və ən əsası musiqi və rəqslər bir-birinə qırılmaz tellərlə bağlanmışdı. Həzin musiqinin axıcılığı fonunda baletin məzmunu bədii plastik obrazlar vasitəsi ilə açılırdı.

Ancaq bütün balet boyunca yadda qalan iki surəti xüsusilə qeyd etmək istəyirəm: General Sisianov və Cavad xan. Sisianov obrazında aktyor Samir Səmədov rus ordusu qarşısında solo ifası zamanı səhnəyə sanki qartal kimi şığıyır, üzündəki düşmən ifadəsi, soyuq bənizi dəyişmir. Musiqinin ən gərgin anında artistin on dəfədən artıq təadul etməsi seyrçilər tərəfindən gurultulu alqışlara səbəb oldu. Digər tərəfdən də Gülağası Mirzəyevin igid, barışmaz, yenilməz, genişmiqyaslı Cavad xan surətinin qüdrətini görürük. Baletin kədərli sonluqla bitməsinə baxmayaraq, qəhrəmanlıq ruhu olduqca nikbin səslənirdi…

 

 

Nigar Pirimova

 

Kaspi.-  2018.- 14 iyun. - S.12.