“Tələbə oxumursa, günah müəllimdədir” düşünmək düzgün deyil

      

Gülçöhrə Məmmədova: “İstehsalata gələn gənc mütəxəssis müəyyən müddət hazırlıq keçməli, təcrübəli mütəxəssislərdən öyrənməlidir”

 

Ciddi təhsilin, universitetdə hər şeyin qanunauyğun şəkildə qurulmasının tərəfdarıdır. Təhsil müəssisəsinin rəhbəri olaraq bunu vacib bilir. Amma deyir ki, bəzən çətinə düşən, problemlər yaşayan tələbələri görəndə özünün tələbəlikdə imtahan sessiyalarında keçirdiyi həyəcan yadına düşür. Bu zaman onları başa düşməyə, daha yumşaq və rəhmli qərarlar verməyə çalışdığını deyən müsahibimiz Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovadır.

- Məzunu olduğunuz universitetin 23 ildən sonra rektoru təyin edilmisiniz. Söhbətə elə bununla başlayaq.

- Bəli, burda təhsil almışam. Mən universitetə 1971-ci ildə qəbul olmuşam. Həmin il Politexnik İnstitutunda (İndiki Azərbaycan Texniki Universiteti) memarlıq fakültəsi təşkil olundu və ora ilk qəbul keçirildi. O vaxta qədər institutda memarlıq fakültəsi ayrı deyildi, inşaat fakültəsinin içində bir ixtisas idi. 1975-ci ildə isə memarlıq fakültəsi bir neçə başqa fakültələrlə yanaşı, Politexnik İnstitutundan ayrıldı, İnşaat Mühəndisləri İnstitutu yaradıldı və biz təhsilimizi orda davam etdirdik. 1976-cı il isə institutunun birinci məzun buraxılışı oldu, mən də ilk məzunlardan biri idim.

Universiteti bitirəndən sonra da burda qaldım, demək olar ki, 18 yaşımdan bu universitetdəyəm. Bura mənə doğma məkandır, ikinci evimdir. Burda dostlarım, tanışlarım, rəfiqələrim, tələbə yoldaşlarım çalışır. Bu illər ərzində mənimlə bir yerdə müəllimlik fəaliyyəti göstərən və doğmalaşan, dostlaşan insanlar çoxdur. Bütövlükdə, universitetin kollektivi mənim üçün əzizdir. Universitetin hər probleminə özümünkü kimi yanaşıram, hər uğuruna öz nailiyyətim kimi sevinirəm.

- Təhsil alarkən nə vaxtsa həmin universitetin rektoru olacağınızla bağlı ürəyinizdən bir istək keçmişdimi?

- Heç vaxt elə fikirdə olmamışam. Çünki o zaman müəllim, professor, universitetin rektoru biz gənclər üçün o qədər əlçatmaz, ucada dayanan, böyük ehtiramla yanaşdığımız insanlar idi və şəxsən mənim heç ağlıma da gəlməzdi ki, nə vaxtsa universitetin rəhbəri olaram. Əlbəttə, memar olmaq istəyirdim. Hələ uşaq yaşlarımdan bu sahəyə olduqca böyük həvəsim var idi. Mən hələ orta məktəbin 5-6-cı siniflərində olanda rəssamların həyatı, əsərləri ilə maraqlanırdım, müxtəlif dünya muzeylərinin kolleksiyaları, onlara həsr olunan kitabları oxuyub öyrənirdim. İncəsənətə maraq böyük idi və vaxt keçdikcə bu, memarlığa da həvəs yaratdı. Orta məktəbin sonuncu siniflərində oxuyanda dəqiq bilirdim ki, memar olacam. Universiteti də memar olmaq, bu sahənin elmi istiqamətində fəaliyyət göstərmək həvəsi ilə bitirdim.

Amma universitet vaxtı tale elə gətirdi ki, mən təhsillə bərabər ictimai işlərdə və tələbə elmi cəmiyyətində də çox fəal iştirak edirdim. Bəlkə də bunlar çox kiçik faktlardır, amma tələbə üçün önəmlidir. Mənim elmi işim o zaman ali məktəb tələbələrinin ümumittifaq müsabiqəsində diplom aldı. Bu, mənə ruh verən amil idi. Universitetin 5-ci kursunda olduğum zaman Moskvada sosialist ölkələrinin tələbələrinin qurultayı keçirildi. Azərbaycandan 4 nəfər getmişdi, onlardan 3-ü tələbə idi. Bizim universitetdən məni seçib göndərmişdilər. Bunlar hamısı məndə daha fəal olmağa, ictimai işlərdə işləməyə həvəs yaratdı. Tələbə kimi fəal idim, bu aktivlik də yəqin ki nəzərə çarpırdı. Mən 5-ci kursda oxuyanda Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradıldı. Elə həmin il məni institutun komsomol komitəsinin katibi - bütün institut tələbələrinin lideri seçdilər. Əlbəttə, bu, fərqli hadisə idi. Düşünürəm ki, bu, gələcək həyatıma təkan verən məqam oldu.

- Yəni, yol özü açılırdı...

- Bəli, bu istiqamətdə yol açıldı. Bir müddət bu işdə çalışdım. Lakin elmi fəaliyyət məni daha çox cəlb etdiyi üçün sonra kafedraya assistent keçdim. Eyni zamanda dissertasiyam üzərində işləməyə başladım. Beləliklə, universitet mənim həmişəlik iş yerim oldu.

- Rektor olmağınızdan danışanda bir müsahibənizdə şans məsələsini də vurğulamısınız.

- Əsas faktor zəhmət, insanın intellekti və məqsədyönlü fəaliyyətidir. Bunlar irəli getməyə, kütlədən seçilməyə imkan verir. Yalnız zəhmətlə, özünü inkişaf etdirməklə nəyəsə nail olmaq mümkündür. Bu amillərlə yanaşı yəqin ki, şansın da müəyyən rolu var.

- Qeyd etdiniz ki, biz o vaxt rektora əlçatmaz baxırdıq. Əlçatmaz deyəndə nəyi nəzərdə tutursunuz? Tələbələrin rektorun qəbuluna getməsinin indiki qədər asan olmadığını, yoxsa ümumi ab-havanı?

- Ab-hava elə idi ki, müəllimə bütövlükdə daha böyük hörmət, ehtiram var idi. Universitetdəki atmosfer indiki qədər demokratik deyildi. İctimai, elmi işlərdə aktiv tələbə olmağıma baxmayaraq, mən rektorun kabinetində heç vaxt olmamışdım. Rektoru hərdənbir universitetin koridorunda, tədbirlərdə filan uzaqdan görürdüm. 5-ci kursda komsomol komitəsinin katibi seçiləndə ilk dəfə rektorun kabinetində oldum. Adi tələbələrin rektorla görüşmək, kabinetində olmaq, yaxud onunla söhbət etmək kimi imkanları demək olar ki, yox idi.

İndiki dövrdə universitetdə ab-hava daha demokratikdir. Mən hər ilin oktyabr ayında bütün fakültələrin birinci kursunda təhsil alan tələbələrlə görüşüb söhbət edirəm. Eyni zamanda il ərzində vaxtaşırı əlaçılarla, ictimaiyyətçilərlə, müxtəlif tələbə qrupları ilə görüşürəm. Qəbul günlərim var və bu görüşlərdə tələbələri dinləyirəm.

- Rektor olaraq işə başladığınız ilk vaxtlarda da tələbələrə bu qədər açıq idiniz, yoxsa bu münasibət zamanla formalaşdı?

- O zamanda bu proseslər bütün ölkəmizdə, həmçinin, universitetlərimizdə gedirdi. Mən bu mühiti daha müasir, demokratik və açıq etmək üçün mümkün qədər çalışırdım. Fəaliyyət istiqamətlərimdən biri də tələbələrlə universitetin rəhbərliyi arasında ikitərəfli əlaqənin yaradılmasıdır. Çalışıram ki, problemləri tələbələrdən eşidim, onları maraqlandıran, narahat edən məsələləri öyrənim. Universitet rəhbərliyinin hansı siyasəti apardığını və bunu nə üçün etdiyini tələbələrə izah etməyə və onlardan dəstək almağa çalışıram. Bu, çox vacibdir. Təhsil prosesində iki tərəf iştirak edir: müəllim və tələbə. Onların ikisinin də iradəsi, düşüncəsi, enerjisi bir istiqamətə yönəlirsə, müsbət nəticə əldə oluna bilər.

- Sizə görə, tədrisin uğurlu alınmasında müəllimin, yoxsa tələbənin payı çoxdur?

- Şərti qiymətləndirmə aparsaq, bərabər olduğunu deyə bilərəm. Nə qədər müəllim tələbəni öyrətməyə çalışırsa, bir o qədər də tələbə öyrənməyə hazır olmalı, bunu arzu etməlidir.

- Amma son vaxtlar təhsillə bağlı yanaşmalarda müəllim faktoru önə çəkilir. Deyirlər ki, müəllimin tədris metodu yaxşı olarsa, zəif tələbə də oxumağa meyilli olar...

- Biz özümüz də şagird, tələbə olmuşuq. Elə öz təcrübəmizdən danışaq, xoşumuza gələn, öz fənnini gözəl bilən və gözəl çatdıran müəllimlərin dərsi bizim üçün daha maraqlı olurdu. Gözəl çatdırmaq məsələsini xüsusi vurğulamaq lazımdır. Bu, pedaqoji məharətdir. Bəzən gənclər öz ixtisasını da fənnini gözəl tədris edən müəllimlərin təsiri altında seçir. Əlbəttə, müəllimin nüfuzunun, professionallığının, pedaqoji bacarığının əhəmiyyəti böyükdür. Amma "tələbə oxumursa, günah müəllimdədir” demək də düzgün deyil. Tələbə artıq 18 yaşına çatmış vətəndaşdır, onun şəxsiyyət vəsiqəsi var, səsvermə hüququna malikdir, tam yetkin olmasa da, müstəqil insandır. Ona görə, tələbə öz qarşısında məqsədlər qoymalıdır. Nə istəyir? Hara çatmaq istəyir? Universitetə nə üçün daxil olub? Tələbə "bu müəllim yaxşı deyil, ona görə dərsi yaxşı oxumuram” deyirsə, mən onu başa düşə bilmərəm. Əgər sən qarşına məqsəd qoyub bu universitetə qəbul olmusansa, mütəxəssis olmaq istəyirsənsə, bilik almaq üçün çalışmalısan. Müasir ali təhsildə tələbələrin sərbəst işləməsinə, sərbəst bilik əldə etməsinə çox önəm verilir. Bunun üçün dərsliklər, elektron kitabxana, elektron mühazirələr, internet var.

Azərbaycan ali təhsil sistemindəki pedaqoqlar qədər heç bir qərb universitetinin müəllimi tələbə ilə işləməyə vaxt sərf etmir. Ali məktəblərin professor-müəllim heyəti öz fəaliyyətinə böyük məsuliyyətlə yanaşır, təhsilin keyfiyyətini təmin etmək üçün tələbələrə həm auditoriyalarda, həm dərsdən kənar vaxtda kömək edir, məsləhətlər verirlər. Universitet rəhbərliyi isə təhsilin nəticələrinə görə müəllimlərin işinə qiymət verir. Qərb təhsil sistemində isə müəllimlər tələbələrin nə dərsə davamiyyətinə, nə təhsilin müvəffəqiyyətinə görə məsuliyyət daşımırlar.

 - Bəlkə elə bizim problemimiz də bundadır ki, tələbəni hazıra öyrədirik?

- Bəli. Biz bəlkə də tələbəyə bir qədər artıq himayədarlıq edirik. Nəticəsi də bu olur. Tələbə oxumursa, müəllim yox, tələbə özü günahkardır.

- 18 yaşdan sonra gənclərin müəyyən məqsədləri olmasını vurğuladınız. Həm də qeyd etdiniz ki, hər il birinci kursa qəbul olanlarla görüşürsünüz. 18 yaşlı gənclərimiz universitetə məqsədli halda gəlirlərmi?

- Çoxu məqsədli halda, öz ixtisasını istəyib gəlir. Düzdür, müxtəlif səbəblərdən təsadüfən düşənlər də olur. Zaman keçdikcə biz onlarda bilik almaq iradəsini, mütəxəssis olmaq arzusunu o qədər də hiss etmirik. Amma çalışırıq ki, onlarda da maraq yaradaq, təhsil aldığı ixtisas barədə dolğun məlumat verək, onun gərəkli və perspektivli olduğunu başa salaq. Qeyd etməliyəm ki, ölkəmizin inkişafı, memarlıq və inşaat sahəsinin həm miqyas, həm keyfiyyət baxımından böyük nailiyyətləri bizim ixtisasların reytinqini artırıb. Universitetimizə gələn tələbələrdə motivasiyanın xeyli artması danılmazdır.

- Universitetdən sonra tələbələri gözləyən iş dünyasından danışaq. Əvvəllər bu təyinatla idisə, bu gün şirkətlər universitetdən artıq iş cəhətdən təcrübəli kadrlar gözləyirlər. Kadrları hələ universitetdə ikən iş dünyasına hazırlamaq cəhətdən hansı işləri görürsünüz?

- Universitetin 4-cü kursunu bitirmiş tələbənin tam hazır mütəxəssis kimi istehsalata getməli olduğunu hesab edən biznes rəhbərləri səhv düşünürlər. 4 illik bakalavr təhsili – baza təhsilidir. İstehsalatda gənc mütəxəssis praktiki hazırlıq keçib iş yerinə uyğunlaşmalıdır. Əvvəllər də belə idi, 5 illik mühəndis təhsili alıb işləməyə gedənləri - sovet təhsilindən danışıram - gənc mütəxəssis kimi işə götürürdülər. Onlar təcrübəli kadrların yanında müəyyən dövr işləyib öyrənirdilər. 3 il gənc mütəxəssis sayılırdılar. Sonra artıq tam hazırlıqlı mütəxəssis kimi işlərini davam edirdilər. İndi də belə olmalıdır. İstehsalata gələn gənc mütəxəssis müəyyən müddət hazırlıq keçməli, təcrübəli mütəxəssislərdən öyrənməlidir.

Biz bu prosesi müəyyən qədər asanlaşdırmağa və müddətini azaltmağa çalışırıq. Hazırda universitetdə oxuyan tələbə 4-cü kursun sonuncu semestrini tam olaraq istehsalatda təcrübə keçir. Bununla yanaşı, biz təhsilin praktiki komponentini artırmağa çalışırıq və bunun üçün istehsalatla əlaqələri gücləndiririk. Bəzi tələbələrimiz yuxarı kurslarda artıq işləyirlər. Yay aylarında da işləyənlər çoxdur. Bu kimi imkanlar sayəsində də praktiki biliklər əldə edirlər.

- Özünüz də tələbə olmusunuz. Rektor kimi düşünəndə o vaxt hansı tələbə yanaşmanızın səhv olduğunu düşünürsünüz?

- Aradan çox zaman keçib, ona görə tələbə olanda nə və necə düşündüyüm tam olaraq yadımda qalmaya bilər. Mən ciddi təhsilin, universitetdə hər şeyin qanunauyğun şəkildə qurulmasının tərəfdarıyam. Amma bəzən çətinə düşən, problemlər yaşayan tələbələri görəndə özümün imtahan sessiyalarında keçirdiyim həyəcan yadıma düşür və onları başa düşməyə çalışıram. Bu zaman daha yumşaq və daha rəhmli qərarlar verməyə çalışıram.

- Müsahibə boyu da hiss etdik ki, xarakterinizdə ciddiliklə yanaşı həm də bir rəhmlilik, yumşaqlıq var...

- Yəqin ki, həmişə ciddi olmaq da bir şey deyil, müəyyən məqamlarda yumşalmaq da lazımdır (Gülür-A.A).

- Rektorun işləri çox olur, amma həm də evin xanımı olmaq var. Mətbəxə keçməyə vaxtınız olur?

- Təbii ki iş çoxluğundan buna az zaman ayırıram, evdə köməkçim var. Amma bayram günləri və həftə sonları mətbəxə keçib öz məxsusi yeməklərimi bişirməyi sevirəm. Mətbəxdə işləmək mənim üçün istirahətdir. Mətbəxin də öz gözəlliyi var. Evdəkilər də mən mətbəxə keçəndə sevinirlər.

- Evdə nəvə var?

- Bizim evdə - yox. Oğlum xaricdə yaşayır, nəvəmin biri ölkədə deyil. Qızım Bakıdadır, iki övladı var. Amma mənim işimlə bağlı biz həftədə bir, maksimum iki dəfə görüşə bilirik.

- Nəvələr demir ki, ay nənə, hardasan?

- Yəqin ki, onlar da bu həyata öyrəşiblər. Düşünürlər ki, nənə elə belə olmalıdır.

      

 

Aygün Asimqızı

 

Aygün Əziz

 

Kaspi.-  2018.- 15 iyun.- S.12.