Rəssamlıq Akademiyası təhsil ilini necə yekunlaşdırır?

 

Fuad Sadıqov: “Əsas məqsədimiz xarici tələbələrə Azərbaycan dilini öyrətmək və onları Azərbaycan incəsənəti ilə tanış etməkdir”

 

Artıq bir tədris ilinin də sonuna yaxınlaşırıq. Hər ilin sonunda təhsil müəssisələri ilin yekunu olaraq hesabat tədbirləri, iclaslar keçirirlər. Biz də tədris ilinin sonunda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qonağı olduq. Akademiyanın mətbuat xidmətinin rəhbəri və eyni zamanda pedaqoq Fuad Sadıqovla təhsil ocağında görülən işlər, qarşıdakı planlar barədə söhbətləşdik.

 

Müsahibim 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər  ixtisasına daxil olub. 4 il orada bakalavr pilləsində oxuduqdan sonra, 2 il də magistratura təhsili alıb. Daha sonra təhsilini İtaliyada davam etdirib. 2005-ci ildən 2016-cı ilə qədər Rəssamlıq Akademiyasında Beynəlxalq münasibətlər şöbəsinin müdiri kimi çalışmağa başlayıb. Həmin ildən Akademiyanın mətbuat xidmətinin rəhbəri kimi çalışmağa başlayıb.

- Daha bir təhsil mövsümün sonuna gəldik. Bu bir il ərzində Rəssamlıq Akademiyası hansı işləri gördü?

- Hər dərs ilinin sonunda il ərzində gördüyümüz işlər, nailiyyətlər barədə söhbətlər aparır, müzakirələr edirik. Bir il ərzində Akademiyanın beynəlxalq təşkilatlarla münasibətləri, sıx əlaqələri yaranıb. Xarici təşkilatların bölmələri ilə əlaqələr qurulub. Misal olaraq, son layihələrimizdən olan Misir Ərəb Respublikasının səfirliyi ilə münasibətləri nümunə göstərə bilərəm. Qahirə şəhərində tanınmış muzeylər var ki, tələbələrimiz o muzeylərlə tanış olma imkanı əldə ediblər. Bundan başqa, Rusiya təhsil ocaqları, muzeyləri ilə sıx əlaqələrimiz var. Tələbələrimizin bir qismi Almaniyanın Berlin şəhərinə göndərilib. Orada Azərbaycan günlərində iştirak ediblər.

2017-2018-ci tədris ilinin əvvəlində Rəssamlıq Akademiyasına çoxlu sayda tanınmış pedaqoq cəlb olunub. Gənc pedaqoqlarımızın çoxu yüksək intellektual səviyyəyə malik insanlardır.  Onların tələbələrə xüsusi yanaşması var. Tələbələr dərslərdən sonra emalatxanalarda qalıb işlərini görürlər. Akademiya ilə maraqlanan abituriyentlərin sayı daha da artıb.

Tanınmış rəssamlar akademiyada master-klasslar keçiblər. Bu il ərzində akademiyanın müəllimlər Türkiyənin Qaradəniz Texniki Universitetinə göndəriliblər. Onlar bizim müəllimlərlə uzunmüddətli müqavilə təklif ediblər. Müəllimlərimiz Ankarada, Antalyada dərs deyiblər. Çalışırıq ki, tələbələrin ehtiyacları haqqında məlumat toplayaq. Ehtiyacı olan tələbələrə akademiya tərəfindən yardımlar olunur. Bu işdə Akademiyanın Beynəlxalq əlaqələr üzrə prorektoru Səlhab Məmmədovun böyük əməyi var. O, tələbələrin dərs prosesi, onların ehtiyacları ilə maraqlanır lazımi yardımları göstərməyə çalışır.

Bundan başqa,  Xalq rəssamı, rektorumuz Ömər Eldarov tələbələrin dünyaya açılması üçün onlara böyük imkanlar yaradır. Rektorumuzun keçmiş sovet ölkələri arasında, eləcə də Avropada böyük hörməti var.

- İl ərzində kəsiri olan və Akademiyadan xaric edilən tələbələr olubmu?

- Bu barədə imtahanlardan sonra, yəni iyulun sonunda dəqiq məlumatlar olacaq. Ancaq statistikaya nəzər yetirsək, hər bir fakültədən kəsiri olan tələbələr var, bu da çox cüzidir. Bizim müəllimlər tələbə ilə mülayim davranırlar. Hər müəllimin tələbəyə yanaşması üçün öz metodikası var.

- Akademiyada 80 faiz ixtisaslar məhz yaradıcı sənət üzərində aparılır. Yaradıcı insanlar isə bir qədər emosional və azadlıqlarına düşkün olurlar.  Olubmu ki, tələbələr bura gələndən sonra özlərini peşəkar rəssam hesab etsinlər və bu onlarda təkəbbür halını alsın?

- Əslində, bu, təkcə  bizim yox, ümumi bir problemdir. Əvvəlki nəsillərin tələbələrinə nəzər yetirsək, görərək ki, onlar öz üzərilərində çalışıb və tanınmağa doğru yol qət ediblər. Tələbəyə bir az pozitiv yanaşıb, dəstək olub işini qiymətləndirəndən sonra elə hesab edir ki, yəqin onun xüsusi bir istedadı və özəlliyi var. Gərək insan öz üzərində çalışsın, ünsiyyət qursun, əlaqələrini genişləndirsin, biliklərini təkmilləşdirsin. İrəli getmək üçün maliyyə imkanları olmasa da, başqa yollar axtarıb tapsın. Bu gün müasir dövrdür, yüksək texnologiyalar əsridir, tələbələr xaricdə keçirilən sərgilərlə maraqlanmalı, o sərgilərdə ölkəmizi tanıtmaq, nəinki ölkəmizi, özlərini bir rəssam kimi təsdiq etmək üçün iştirak etməlidirlər. Əgər dünyanın o biri ucunda keçirilən sərgidə iştirak etmək üçün imkanları yoxdursa, elektron şəkildə öz əsərlərini göndərsinlər. Yəni tələbədən çox şey asılıdır.

- Tez-tez valideynlərin "mənim övladım peşəkar rəssamdır, ancaq Akademiyanın qabiliyyət imtahanından keçə bilmədi” kimi fikirlərini eşidirik.

- Rəssamlıq Akademiyasına daxil olmazdan öncə, az-çox, hamının istedadı olur. Uşaq evdə bir at, göz şəkli çəkəndə valideyn uşağını dahi və fitri istedad sahibi hesab edir. Biz onlara başa salmağa çalışırıq ki, Rəssamlıq Akademiyasında qəbul imtahanlarında tələblər tamam başqadır. Qabiliyyət imtahanında tələbə baş, natürmort və digər üslubda əsərlər çəkməlidir. Təkcə qız gözləri, yaxud oğlan şəkli çəkmək qabiliyyətli olmaq demək deyil. Valideyn düşünür ki, uşağı çox istedadlıdır. Bəzi valideynlər, övladı bir göz şəkli çəkdikdə, düşünür ki, onun uşağı fitri istedadlıdır və ona müəllim tuturlar. Neçə dəfə olub ki, bizim tanınmış rəssamlar da abituriyentlərlə məşğul olublar. Həmin uşaqlarla bir neçə ay çalışıblar, amma heç nə anlamayıblar. Hər şəkil çəkən qabiliyyətli, istedadlı olmur. Uşaq evdə 50 dənə şəkil çəkə bilər. Elə uşaqlar var ki, onu saxlamaq olmur,  divar kağızının üstündə belə nəsə çəkirlər. Bu o demək deyil ki, onun bacarığı var...

- Bəzən, yaradıcı sənəti təkmilləşdirməyə ehtiyac duymurlar və bunu ilahidən gələn bir istedad kimi qiymətləndirirlər.

- Xarici universitetlərə səfər zamanı oradakı işlərlə tanış olanda  görürəm ki, hansı ixtisasda çalışırsa-çalışsın, tələbə daima oxuyur, intellektual səviyyəsini yüksəldir. Fikrimcə, rəssamlıq sənətində oxuyan tələbələr də elə etməlidir. Nə üçün? Bir faktı deyim. Almaniyanın Azərbaycandakı səfirliyi ilə birlikdə "Almaniya bir rəssamın gözü ilə” adlı sərgi elan etdik.  Tələbələrin sərgi üçün gətirdikləri rəsmlər eynilik təşkil edirdi - Almaniyanın bayrağı, "Mercedes” avtomobili və s. Hansı ki, axtarış sistemlərində Almaniya yazanda, bu ölkənin yüzlərlə gözəl şəhərlərinin şəkilləri çıxır. Hansısa bir şəhərin mənzərəsini götürürsən, baxıb oradan nəsə çəkirsən. Aşağıdan da şəhərin adını yazırsan. Fikrimcə, buna çox da böyük intellekt lazım deyil. Amma baxırsan ki, üçüncü-dördüncü kursun tələbəsi "Mercedes” şəkli çəkir. Başa düşürəm, "Mercedes” Almaniya istehsalı olan avtomobildir. Fikrimi onunla əsaslandırıram ki, bu problem təkcə rəssamlıqla bağlı deyil, hər bir tələbə oxuyar, amma intellekti olmaya bilər.

Məktəb proqramını "4”-lə mənimsəyən insan yaxşı intellekt səviyyəsinə sahib ola bilər. Elə insanlar var ki, məktəbdə, universitetdə təhsil alıb, ancaq adi günəş sisteminin quruluşundan xəbəri yoxdur. Bəzən, sosial şəbəkələrdə siyasi biliklərə sahib olmayan insan siyasətdən danışır. Məktəbi axıra qədər bitirməyən insan siyasət, incəsənət barədə fikir bildirir. Mən günü bu gün Kvant fizikasını oxuyuram. Ancaq qarşımda fizika müəllimi duranda, sakit oturub onu dinləyirəm. Çünki burada məndən də bilikli insan var və kiməsə ağıl öyrədə bilmərəm. Əfsus ki, bizim cəmiyyətdə belə şeylər var. İnternet qəhrəmanları günü-gündən çoxalır. Başları çıxmayan sənətlər barədə fikir bildirməyi özlərinə borc hesab edirlər. Bizim sosial şəbəkələrdə ağıl öyrədənlərimiz çoxdur. Hansı ki, onlar klaviatura arxasında pəhləvana çevrilirlər. Azərbaycandan axtarış sistemlərində ən çox müraciət edilən mövzulara nəzər saldıqda, görürük ki, bilik əldə etmək istəyi gündən-günə azalır. Ən müasir texnologiyalar əlimizin altında olsa da, gənclərin marağı başqa yönədir. Əgər İtalya haqqında peyzaj çəkmək istəyirsinizsə, mütləq İtaliya haqqında bilməlisiniz. İndiki gənclər özlərinə əziyyət vermək istəmirlər. Biz yenidən bunlar üzərində işləməliyik. Müəllimlərdən də çox şey asılıdır. Rektor auditoriyaya girib kiməsə nəsə öyrətməyəcək ki… Rektor ancaq hansısa bir koordinasiya işləri görə bilər.

- Rəssamlıq Akademiyasına qəbul olmağın çox çətin olduğunu deyirlər.

- Bizdə humanitar fakültələr də var, yaradıcı fakültələr də. Bu, sənətlə, bacarıqla bağlı bir şeydir. Düzdür, bizim akademiyaya qəbul olmaq asan deyil. Böyük konkurslar var və qəbul olmaq çox çətindir. Gündən-günə tələbələrimizin sayı çoxalır, keyfiyyətli şagirdlər gəlirlər. Bunun üçün illərlə hazırlıq keçmək lazım gəlir. Uşaqlıqdan hazırlaşırlar ki, o texnika ilə tanış ola bilsinlər.

- Rəssamlıq Akademiyasında verilən təhsil dünya standartlarına uyğundur?

- Elə şirkətlər var ki, məzunun Harvard diplomuna baxıb, ondan heç nə soruşmadan işə qəbul edirlər. Bilirlər ki, Harvardı bitirən tələbə onsuz da biliklidir. Dünyada belə məşhur bir neçə universitet var ki, onların tələbələrinə sorğu-sual olmur. Bizim akademiya incəsənət yönlü olduğundan, çox sayda təhsil ocaqlarından üstündür. Çünki bizim təhsil ocağında tələbələrə akademik biliklər verilir. Xaricdə olanda görürdüm ki, hamı modern bir şey yaratmaq istəyir. Bir də var ki, tələbə mənasız bir şey çəkir, hamı ona əl çalır. Xaricdə akademik bacarığı olan tələbələr çox azdır. Akademiyamızın diplomu bütün dünyada tanınır.

- Mən tez-tez gənc rəssamların, heykəltəraşların "bunu xaricdə etsəm, daha çox dəyər verərlər” kimi fikirlərini eşidirəm.

- Hər rəssam özü özünü yetişdirir. Düzdür, burada bəxt amili də rol oynayır. Təkcə çəkməklə iş bitmir. Rəssamın yolu çox çətindir. Çağdaş türk rəssamları var ki, onların modern sənətinə aid əl işlərinin qiyməti bir milyon dollara gəlib çıxır. 6-7 il bundan öncə həmin rəssamların sərgisini akademiyada keçirmişdik.

- Rəssamlıq Akademiyasında xarici tələbələr təhsil alırmı?

- Əlbəttə, akademiyamızda xarici tələbələrin sayı ildən-ilə çoxalır. Ərəb ölkələrindən, Rusiyadan, Afrika ölkələrindən tələbələrimiz var. Onlar akademiyamızın rəsmi saytını izləyir,  davamlı olaraq bizə məktublar yazırlar. Əsas məqsədimiz xarici tələbələrə Azərbaycan dilini öyrətmək və onları Azərbaycan incəsənəti ilə tanış etməkdir. Elə xarici tələbələr var ki, yerli universitetlərimizi bitiriblər, amma dilimizdə danışa bilmirlər. Xarici tələbələrimiz var ki, akademiyanı bitirdikdən sonra ölkəmizdə qalıb işləyirlər. Hazırda 200-dən çox əcnəbi tələbəmiz var.

- Hər il qəbul başlayanda bir mövzu gündəmə gəlir – təhsil haqlarının yüksək olması!

- Hesab edirəm ki, bizdə təhsil haqqı o qədər də çox deyil. Bundan aşağı ola bilməz. Respublika üzrə götürdükdə, Rəssamlıq Akademiyasında təhsil haqqı aşağıdır. 

 

 

Xəyalə Rəis

 

Kaspi.-  2018.- 21 iyun.- S.7.