“ 24-lər”dən
on birincisi
BDU-100
Və ya vəzifədən
çıxarılandan sonra “qeybə” çəkilən
rektor
Əvvəla, onu qeyd edim ki, bu gün də
çoxları belə fikirləşir ki, sovetlərin
dövründə sənədləşmə işi çox
yaxşı aparılıb. Amma əsasən, bunun
əksinin şahidi oluram. Məsələn,
"BDU-nun rektorları” sil-silə yazılarımla
bağlı yenidən kitabxanalara, arxivlərə baş vurmalı
oldum. 1941-44-cü illərdə BDU-ya rəhbərlik
edən Şamil Rəhim oğlu Əliyev haqqında arxivlərdə
demək olar ki, heç bir sənəd tapmadım. Yalnız BDU-nun arxivində Ş.R.Əliyevin
1944-cü ilə qədər olan fəaliyyəti haqqında
qısa informasiya əldə edə bildim. Lakin 1944-cü
ildən 1969-cu ilə qədər (1969-cu ildə vəfat edib)
onun yaşam və iş fəaliyyətini əks etdirən
bir sənəd belə əldə edə bilmədim. Sanki, Şamil Əliyev BDU-dan rektor vəzifəsindən
çıxandan sonra "qeyb” olub.
Yeri gəlmişkən, əldə etdiyim informasiya üçün
BDU arxivinin işçilərinə, xüsusən də
Şəhla xanıma dərin minnətdarlığımı
bildirirəm.
Amma işçilərdən fərqli olaraq, gəlişim
arxivin müdiri Xalidə xanımın ürəyincə
olmadı. Hətta əsəbi halda bildirdi
ki, bu mövzuda nə qədər kitablar yazılıb, buna
yenidən ehtiyac varmı? Hörmətli
Xalidə xanım, əvvəla, BDU-ya rəhbərlik edən
24 rektorun həyat və fəaliyyətini bir yerdə əks
etdirən heç bir kitab yoxdur, yalnız məqalələr
yazılıb. Sizin qeyd etdiyiniz kitablar Xalid Əlimirzəyevin
"Azərbaycan Dövlət Universiteti 50 ildə” (1969), Aslan
Atakişiyevin "Bakı Dövlət Universitetinin tarixi”
(1991) və hazırda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun
"Bakı Dövlət Universiteti” (2000), "Bakı
Dövlət Universiteti-90” (2009) və "Bakı Dövlət
Universiteti-95” (2014) əsərləridir. Bu kitablarda BDU-nun
yaranma tarixi, inkişafı, elmi-tədqiqat mərkəzinə
çevrilməsi və s. məsələlər ətraflı
şəkildə şərh edilib.
BDU-nun tarixini əks etdirən arxiv sənədlərindən,
elmi mənbələrdən və xatirələrdən belə
aydın olur ki, universitetin fəaliyyəti dövründə ən
gərgin, ağır, çətin illər repressiya
dövrü və Böyük Vətən Müharibəsi
illəri olub.
Çünki bu illərdə universitetdə təhsil
tamamilə siyasiləşdirilib. Hökumət
var-gücü ilə BDU-nu "yeni mütəxəssis kadrlar
–sosializm uğrunda çarpışan mübarizlər”
ştamplayan emalatxanaya çevirməyə
çalışmışdır (Qismən buna nail də
olmuşdur).
Belə çətin illərdə BDU-ya rəhbərlik
edən ziyalılarımızdan biri də Şamil Rəhim
oğlu Əliyev olub. Ş.Əliyev 1912-ci ildə Ağdam
rayonunda, sadə bir ailədə dünyaya gəlib. Doğulandan
iki il sonra atasını itirən Şamil, bir neçə il
böyük qardaşının himayəsində
böyüyüb. İllər sonra isə tərcümeyi-halında
qeyd etdiyi kimi, 1920-24-cü illər də Şuşada uşaq
evində qalıb və ilk təhsilini də orada alıb.
1924-cü ildə Şuşa Pedaqoji Texnikumuna
daxil olan Şamil, 1928-ci ildə buranı yaxşı qiymətlərlə
başa vuraraq, daha mükəmməl təhsil almaq
üçün üz tutur Bakıya. Elə həmin il BDU-nun tarix fakültəsinə qəbul olur.
1931-ci ildə təhsilini başa vuran Şamil
müəllim yenidən Ağdama qayıdır. 1933-cü ilin sonlarına kimi həm Ağdamda, həm
də Şuşada pedaqoji fəaliyyətlə məşğul
olur. Həmin illərdə bölgələrdə ali təhsilli kadrlar az olduğu
üçün gənc müəllim bir müddət
Şuşa Pedaqoji Məktəbində direktor və
Şuşa Rayon Təhsil Şöbəsində müdir əvəzi
işləyir. 1929-cu ildə Azərbaycan
Kommunist (b) Partiyası sıralarına daxil olan Şamil müəllim
artıq mərkəzin diqqətində idi.
Vəziyyəti ağır olsa da, Şamil müəllim
təhsilini davam etdirmək, elmi axtarışlar aparmaq istəyindən
dönmür.
1933-cü ilin sonlarında yenidən Bakıya gəlir və
V.İ.Lenin adına Azərbaycan Pedaqoji
İnstitutunun (indiki N.Tusi adına ADPU) aspiranturasına daxil
olur. 1938-ci ildə onu bu instituta direktor
müavini təyin edirlər. 1939-cu ilin sentyabrına kimi
bu vəzifədə işləyən Şamil müəllimi,
həmin il Azərbaycan Kommunist (b)
Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü
ilə Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərirlər.
1941-ci ildə təhsilini başa vuran Şamil
müəllim vətənə qayıdır və bir necə
ay Mərkəzi Komitədə işləyir.
1941-ci il iyunun sonlarında Şamil Rəhim oğlu
Əliyev BDU-ya rektor təyin edilir və 1944-cü ilin aprel
ayının sonlarına kimi bu vəzifəni yerinə yetirir
(1944-cü il, mayın 22-dən BDU-nun rektoru vəzifəsini
Abdulla Qarayev icra edib). Xatirələrdən və
deyilənlərdən belə aydın olur ki, Şamil müəllim
çox gənc olmasına baxmayaraq, vəzifəsinin öhdəsindən
layiqincə gəlib. Qalma-qallardan,
intriqalardan çox uzaq olan, təbiətən mülayim,
xoşrəftar, hər işi səbirlə, təmkinlə həll
etməyi bacaran Şamil müəllim BDU-ya ölkənin
çox ağır və çətin illərində rəhbərlik
edib. Dünyanı lərzəyə salan,
milyonlarla insanın ölümünə səbəb olan,
böyük şəhərləri xarabaxanaya çevirən
müharibə, universitet həyatına da sağalmaz yaralar
vurdu. Bu, tədris prosesində özünü da
qabarıq büruzə verdi. Müəllim çatışmazlığı ilə
üzləşən elm məbədində 1942-43-cü tədris
ilində universitetin akademik heyətindən 16 nəfər
işdən getmiş, yalnız 7 nəfər mütəxəssisi
dəvət etmək mümkün olmuşdur. Müharibənin birinci günü universitetin rektoru
Cəbrayıl Ələsgərovun könüllü olaraq vəzifəsindən
imtina edib cəbhəyə getməsi BDU kollektivinin bir növ
könüllü səfərbərliyinə "siyasi zəmanət”
oldu. Cəbhəyə
ilk yola düşən tərkibdə BDU-dan 159 nəfər
müəllim, 23 nəfər aspirant, 1141 nəfər tələbə
vardı.
Müharibə qayda-qanunlarına əsasən, BDU
hökumət tərəfindən hərbiləşdirildi. Rektor Ş.Əliyevin 1941-ci
il 15 iyul tarixli əmrinə əsasən əvvəlcə
universitetin əsas binasının, sonra isə bütün
fakültələrin özünümüdafiəsi təşkil
edildi. Elə həmən ilin avqustunda rektor daha
bir əmr imzaladı. Bu əmrə əsasən,
bütün fakültələrdə tibb bacıları
hazırlanması üçün 4 aylıq kurslar təşkil
olundu. Bütün bu tədbirlər
universitetdə hərbi işlərin mükəmməl
görülməsinə istiqamətləndirilmişdi. Rektor Ş.Əliyev hərbi-bədən tərbiyəsi
fənlərinin tədrisinə xüsusi fikir verirdi. O,
1942-ci il 27 noyabr tarixli əmrində bu sahədə
tədrisin səviyyəsinin daha da yüksəldilməsini bir
daha tələb edirdi. Dövlət Müdafiə Komitəsinin
"SSRİ vətəndaşlarının ümumi məcburi
hərbi təlimi haqqında” qərarına əsasən,
1942-ci ilin mayında universitetdə 32 nəfərdən ibarət
xalq qoşunu bölüyü və 68 nəfərdən ibarət
qadın batalyonu yaradılaraq, müntəzəm olaraq məşğələlər
keçirilməyə başlandı. Hətta
BDU rəhbərliyi elmi-tədqiqat işlərinin
mövzularını seçərkən hərbi təşkilatlarla
razılaşmalı, çox hallarda isə yalnız
onların sifarişlərini yerinə yetirilməli idi. Bu mövzuların yerinə yetirilməsinə ciddi nəzarət
var idi. Çünki, bəzən bu
mövzular dövrünün ən yüksək
mükafatına layiq görülürdü. Məsələn, görkəmli alim Yusif Məmmədəliyevin
metodlarının, tövsiyələrinin istehsalatda tətbiqi
böyük iqtisadi səmərəyə səbəb
olmuşdur. Müharibə illərində
Bakıda alkilbenzol istehsalı zavodunun tikilməsi və
işləməsi buna sübutdur. Və
yaxud 1944-cü ildə Y.Məmmədəliyev "Aviasiya
yanacaqları üçün yüksək keyfiyyətli əlavələr
alınmasının yeni metodunun hazırlanmasına görə”
Stalin mükafatına layiq görülmüşdü. Amma burada bir faktı da qeyd etmək yerinə
düşərdi ki, həmin illər ərzində siyasi
mövzular daha çox üstünlük təşkil edib.
Məsələn, reallıqdan çox uzaq olan,
Aprel sosialist inqilabının "nailiyyətlərini” vəsf
edən yüzlərlə mövzuda yazılan əsərlər,
elmi işlər buna bir daha sübutdur. 1942-ci il dekabrın 29-da universitetin Böyük Elmi
Şurasının iclası oldu. İclasda
rektor Ş.Əliyev siyasi tərbiyə işinə dair
"Beynəlmiləl tərbiyə” mövzusunda məruzə
etdi. Məruzədə irəli
sürülən şərtlərin həyata keçirilməsində
universitetin komsomol və partiya təşkilatları çox
böyük fəallıq göstərdi. Onlar
siyasi tərbiyənin həyata keçirilməsində
marksizm-leninizm nəzəriyyəsini əsas
götürürdülər.
1930-cu illərdə hökumət tərəfindən
parçalanan BDU 1941-ci ilin sonlarında yenidən birləşdirildi. 1941-ci ilin oktyabrında AK
(b) P MK və Respublika Xalq Komissarları Sovetinin qərarına
əsasən 1941-42-ci tədris ilində V.İ.Lenin adına
Azərbaycan Pedaqoji İnstitutu, K.Marks adına Xalq Təsərrüfatı
İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi
İnstitutu və Xarici Dil Müəllimləri İnstitutu
BDU-ya birləşdirildi. Nəticədə, universitet yenidən
xeyli genişlənsə də, bu proses çox az çəkdi. 1943-cü ilin
iyununda Bədən Tərbiyəsi İnstitutu yenidən bərpa
oldu. 1944-cü ilin yanvarında Azərbaycan Dövlət
Qiyabi Pedaqoji İnstitutu, həmin ilin sentyabrında isə
V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutu ayrılıb müstəqil instituta
çevrildi.
Müharibə illərində çətinliklər olmasına
baxmayaraq, BDU-da yeni kafedralar, fakültələr, şöbələr
də yaradıldı. 1944-cü ilin əvvəllərində Azərbaycan
Xalq Komissarları Şurası və Kommunist Partiyası Mərkəzi
Komitəsi şərq xalqlarının tarixinin və dillərinin
öyrənilməsini gücləndirmək barədə qərar
qəbul etdi. Beləliklə,
1943-1944-cü tədris ilində BDU-da 49 kafedra, 10 fakültə
fəaliyyət göstərirdi. 1944-cü
ilin yanvarında universitetin nəzdində Fizika-Riyaziyyat Elmi-Tədqiqat
İnstitutu yaradıldı. Bütün bu
çətinliklərə baxmayaraq, BDU həmin illərdə
ölkədə ən güclü elmi mərkəzə
çevrildi və bu nailiyyətlərin əldə edilməsində
işgüzar, bacarıqlı bir rəhbər kimi Şamil
müəllimin də əməyi var idi.
Bəşər tarixi göstərir ki, dövlətin
bir idarəetmə formasından digərinə, bir siyasi rejimdən
başqasına keçməsi hədsiz dərəcədə
çətin və məsuliyyətli məsələdir. BDU fəaliyyətini
uzun illər hakim partiyanın tələb və təkliflərinə
uyğunlaşdırmağa məcbur olsa da, bu gün o,
xalqın yaddaşın da millətin maarif, mədəniyyət
və elminin ulu təməli üzərində
çatılmış ən gur ocaqdır. Bu ocağın daha gur alovlanması üçün
hər bir azərbaycanlı onun dəyərini bilməli və
gələcək nəsillərə layiqincə ötürməlidir.
Qərənfil
Dünyaminqızı,
Əməkdar
jurnalist
Kaspi 2018.- 21 iyun.- S.15.