Azərbaycan kinosu 120: tarixi, bu günü
və gələcək inkişaf perspektivləri
Namidə
Bingöl
"Bu kino ki var, bu çox qəlizdir. Həm qəlizdir, həm də vacib…”. Hər halda, "Bəyin oğurlanması” filmində mərhum aktyor Səməndər Rzayevin təkrarsız
səsi ilə dediyi bu sözləri çoxumuz
xatırlayırıq. Amma mövzumuz "Bəyin
oğurlanması” filmi ilə bağlı deyil. Ümumilikdə Azərbaycan kinosunun yaranma tarixi ilə
bağlıdır.
Kino aləmi maraqlı olduğu qədər, həm də
mürəkkəbdir. Müxtəlif insan taleləri,
dövrün tarixi hadisələri lentə alınır.
Aylar, illər, əsrlər keçsə də,
insan hafizəsinin unutduqları kino lentinin yaddaşında
qalır. Məsələn, bir məqam var
ki, çoxlarımız tez-tez onu yaşamalı oluruq. Sovet dövründə çəkilən filmləri
izləyəndə məkanların köhnəliyi
"nostalji” təsiri bağışlayır. Köhnəliklə yeniliyin harmoniyasını Azərbaycan
filmlərindən izləməyin isə ayrı gözəlliyi
var. Elə isə Azərbaycan kinosunun 120 illiyinə birgə nəzər
salaq.
Azərbaycan kinosu necə
yarandı?!
1898-ci il. Bu rəqəm çoxlarımıza qəribə
görünə bilər. Halbuki, bizdən bir əsrdən
də uzaq olan bu
tarixdə Bakıda ilk kinosüjetlər göstərilməyə
başlayıb. Bu tarixdə milli kinomuz öz
yolunda ilk addımlarını atmağı bacarıb. Bir məqamı da qeyd etmək lazımdır ki,
1898-ci ildə nə Türkiyədə, nə də İranda
kino çəkilməyib. Dövrün
çətinliklərinə, təlatümlərinə
baxmayaraq, Azərbaycan kinosu inkişaf yolunu seçə bilib.
Təbii ki, ilk Azərbaycan
kinosu ilə bağlı araşdırmaları
tanınmış kinoşünas Aydın Kazımov üzə
çıxarıb. Onun arxivdən əldə
etdiyi mənbələrə görə, Bakıda
nümayiş olunan ilk kinosüjetlər fransız fotoqraf
A.M.Mişon tərəfindən çəkilib. "Bibiheybətdə neft fontanı
yanğını, Balaxanıda neft fontanı”, "Şəhər
bağında xalq gəzintisi” kimi süjetlər olub. Aydın müəllim axtarışlarını
davam etdirərkən süjetlərin göstərilmə
tarixini əks etdirən afişanı da əldə edə
bilib. 1898-ci ilin 2 avqustundan başlayaraq Azərbaycan
kino tarixinin yaranma vaxtı müəyyənləşib.
Təbii, bu müəyyənləşsə də,
rəsmi kino günü kimi qeyd olunması ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Belə ki, 2000-ci ilin 18 dekabrında mərhum
prezidentimizin imzaladığı sərəncama əsasən,
2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bundan başqa, 1915-ci
ildə Tiflisdə çəkilən "Neft və milyonlar səltənətində”
filmində Lütfəli bəy rolunu Hüseyn Ərəblinski
oynayıb. 1916-cı ildə isə Üzeyir Hacıbəyovun
"Arşın mal alan” operettası əsasında
ilk Azərbaycan kinokomediyası çəkilib.
Cümhuriyyətimizin süqutundan
sonrakı kino tariximiz
1923-cü ildə Azərbaycan
Foto-Kino İdarəsinin (AFKİ) təsis olunması millilik
baxımından böyük əhəmiyyət kəsb edirdi.
Çünki o dövr üçün bu
çox vacib idi. Həmçinin o vaxtlar AFKİ-nin nəzdində
Bakıda "Təyyarə", "Edison",
"Milyon", və s. kinoteatrlar da var idi.
1924-cü ildə
AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi"
(rejissor V.V.Vallyuzek) adlı bədii film ekranlara
çıxarıb. Etnoqrafik cəhətdən
maraqlı olan bu filmdə müəlliflər Şərq
ekzotikasından qaça bilməyiblər. Çünki Şərq ritmləri, rəngləri
zənginlik baxımından çox seçilir.
Müstəqillik
dövrümüzün zəngin kino tarixi
Cəfər Cabbarlı adına "Azərbaycanfilm”
kinostudiyasının direktoru Müşfiq Hətəmov
bugünkü Azərbaycan kinosunun müstəqillik
dövründəki inkişaf yolundan danışarkən
maraqlı məqamları qeyd edib: "Kino mədəniyyətin
o sahəsidir ki, orada sürətli inkişaf gedir. Azərbaycan kinosu hər zaman inkişaf yolunu
seçib. Azərbaycan kinosu artıq
özünün islahatlar mərhələsinə başlayıb.
Bu gün Azərbaycan filmləri dünyanın
50-dən çox ölkəsində göstərilir. Müstəqillik dövründə çox
maraqlı filmlərimiz çəkilib. Təbii
ki, bu filmlərin ərsəyə gəlməsində görkəmli
rejissorlarımızın rolu xüsusi qeyd olunmalıdır.
Hüseyn Mehdiyev, Ayaz Salayev, Yavər Rzayev, Elçin
Musaoğlu, Şamil Əliyev kimi rejissorlarımız müstəqillikdən
bu yana çox məhsuldar işləyirlər. Müstəqilliyimizdən
danışırıqsa, ümummilli lider Heydər Əliyevin
adını xüsusi qeyd etməliyik. Çünki
bir dönəm oldu ki, Azərbaycan kinosu durğunluq
dövrü yaşamaq məcburiyyətində qaldı. Müstəqilliyimizə qovuşan zaman Azərbaycan
kinosu dirçəlməyə başladı. Təbii ki, kino sahəsinə Heydər Əliyevin dəstəyi
yüksək idi. Bu illər ərzində
azərbaycanlı rejissorlar bir-birindən maraqlı kinolar
çəkib.
Müstəqillik dövrü Azərbaycan
kinosunun "Yarasa”, "Güllələnmə təxirə
salınır”, "Sonuncu dərviş”, "Ovsunçu”,
"Qisas almadan ölmə”, "Haray”, "Yaddaş”, "Fəryad”,
"Hər şey yaxşılığa doğru”,
"Yalan”, "Əlvida, cənub şəhəri”,
"Arxada qalmış gələcək”, "Dolu”,
"Nabat” və bir çox nümunələri müasir
kinomuzun yeni nəfəsidirlər. Müstəqillik
dövrümüzün daha bir uğurlu rejissoru var ki, çəkdiyi
filmlərində ulu öndərimizin obrazlarını
yaradıb. Tanınmış kinorejissor
olan Vaqif Mustafayev Heydər Əliyevin fəaliyyətindən bəhs
edən silsilə filmlər çəkib. "General”, "Birinci”, "Moskva. Kreml”,
"Lider”, "Tale”, "Əsl məhəbbət
haqqında” və digər filmləri böyük
tamaşaçı marağına səbəb olub.
Prezident İlham
Əliyevin isə "Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı,
kino sənətinin sürətli inkişafına böyük
təkan oldu. Bir məqamı da qeyd etmək istərdim, ola bilsin ki, çəkilən filmlər gələcəkdə
kino kimi tamaşaçını cəlb etməyə bilər.
Amma bu filmlərdə millətimizin kimliyi və
gələcək nəslə böyük mənəvi dəyərləri
əks olunub. Filmlərimizdə əks
olunan əxlaqi və mənəvi dəyərlərimiz gələcək
nəsillər üçün çox yaxşı
informasiyadır. Bu filmlərin
xalqımızın mədəni tarixində qiyməti yoxdur.
Zəif və sifarişlə çəkilmiş
filmlər isə tarixin səhnəsindən silinib gedəcək.
Baxmayaraq ki, kinomuz mürəkkəb dövr
yaşayıb, amma tarixin səhnəsindən silinməyib.
Çünki hər addımda dövlət
qayğısı ilə rastlaşırıq. Onu da deyim ki, Azərbaycan kinosu tarixində çox
istedadlı nəsil gəlir. Bu nəsli
qorumalıyıq”.
Müşfiq Hətəmov Azərbaycan
kinosunun inkişaf baxımından ən şanlı dövrlərinə
də toxunub: "XIX əsrin sonlarında Azərbaycan kinosunun
əsası qoyulur. Amma XX əsrin 20-ci illərində
Azərbaycanda çəkilən filmlərdə bizim adlar
görünməyə başlayır, milli kadrlar yetişir,
özümüzə aid mövzulara toxunulur. Azərbaycan kino sənətində milli kadrların
hazırlığına da bu vaxtdan başlanılıb.
Bu zaman milli rejissor və aktyor kadrlarına
ehtiyac vardı. Amma nə edilməli idi?!
Belə ki, 1925-ci ildə Şamil Mahmudbəyovun
təşəbbüsü ilə AFKİ-nin nəzdində
studiya təşkil edilib. C.Cabbarlı,
M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxuyublar.
Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli
kadrların inkişafına kömək məqsədilə
Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli
kimi məşhur kinorejissorlar, eləcə də Q.M.Lemdeq,
V.R.Lemke, A.V.Qalperin, və başqa kinooperatorlar dəvət
olunublar, C.Cabbarlı, A.M.Şərifzadə və
başqaları kino yaradıcılığı işinə
cəlb ediliblər. AFKİ sonralar, 1926-1930-cu illərdə
"Azdövlətkino”, 1930-1933-cü illərdə "Azərkino”,
1933-cü ildə "Azfilm”, 1934-cü ildə "Azdövlətsənayesi”,
1935-1940-cı illərdə "Azərfilm”, 1941-1959-cu illərdə
"Bakı Kinostudiyası”, 1961-ci ildən isə
C.Cabbarlı adına "Azərbaycanfilm”
Kinostudiyası adlanır”.
1950-80-ci illər isə kinomuzun
intibah dövrü kimi tarixə düşüb
Doğrudan da,
1950-80-ci illər arasında bir-birindən maraqlı filmlərimiz
çəkilib. "Bəxtiyar”, "Görüş” , "Uzaq sahillərdə” kimi filmlərimizdə
kinomuza yeni aktyor nəsli qədəm qoyub. "Bir
cənub şəhərində” filmində kinorejissor Eldar
Quliyev öz debütünü yaradıb. Həsən
Seyidbəyli ("Bizim Cəbiş müəllim”, "Nəsimi”),
Arif Babayev ("Gün keçdi”, "Uşaqlığın
son gecəsi”), Şamil Mahmudbəyov ("Şərikli
çörək”), Hüseyn Seyidzadə ("O olmasın, bu
olsun”, "Dəli Kür”), Tofiq Tağızadə ("Mən
ki, gözəl deyildim”, "Yeddi oğul istərəm”,
"Dədə Qorqud”), Eldar Quliyev ("Babək”), Kamil
Rüstəmbəyov ("Axırıncı
aşırım”), Rasim İsmayılov "Sizi dünyalar qədər
sevirdim”), Teymur Bəkirzadə ("Yol əhvalatı”) kimi
rejissorlar milli kinomuzun inkişafında mühüm rol
oynamışlar. Azərbaycan kinosunda uşaq
filmlərinin ən yaxşı nümunələrini
kinorejissor Əlisəttar Atakişiyev yaradıb. "Bir qalanın sirri”, "Sehrli xalat” kinolentləri
bu gün də uşaqlarımızın sevə-sevə
baxdıqları kino əsərlərindəndir.
Kinorejissor Rasim Ocaqov həm
də professional kinooperator kimi bir neçə filmdə
çalışıb. Rejissor kimi isə "Qatır Məmməd”,
"Tütək səsi”, "Ad günü”,
"Bağlı qapı”, "Park”, "Özgə
ömür”, "İstintaq”, "Ölsəm,
bağışla”, "Qətldən yeddi gün sonra” ,
"Təhminə”, "Həm ticarət, həm ziyarət”
filmləri müasir kinomuzun yeni nümunələri idi. Bu filmlərdə sadə insanların obrazları ilə
imperiyanın eybəcərliyi kinomotoqrafik dildə
nümayiş olunub.
Milli kinomuzda yaranan ləngimə
prosesinin səbəbləri
Azərbaycan kinosunun inkişafından danışırıqsa, müəyyən dönəmlər var ki, onları da qeyd etməliyik. Belə ki, 80-ci illərin sonlarından başlayaraq milli kinomuzda çox ciddi problemlər yarandı. Xüsusilə SSRİ-nin dağılmasından sonra, digər respublikalarda olduğu kimi, Azərbaycan kinosu da ciddi böhranla üzləşdi. Vahid mərkəzdən maliyyələşmənin dayandırılması nəticəsində respublikaların
kinostudiyaları iflic vəziyyətə düşmüşdü. 1980-ci illərdən başlayaraq kino sahəsində ləngimə müşahidə olunmağa başlayıb.
Əməkdar mədəniyyət işçisi, tanınmış ssenarist Yusif Şeyxovun sözlərinə görə, ləngimə müşahidə olunsa da, bu proses çox çəkmədi: "Bu ləngimə daha çox, dövlətin 3-4 il müddətinə kino istehsalına vəsait ayırmaması ilə bağlı idi. Əslində 90-cı illərin ortalarından başlayaraq kinomuzun ən maraqlı dövrlərindən biri başladı. "Özgə vaxt”, "Sarı gəlin”, "Yarasa”, "Hər şey yaxşılığa doğu” kimi filmlərimiz çəkildi. Söhbət sənət baxımdan uğurlu filmlərdən gedir. Filmlərimiz xaricdə göstərilməyə başladı, festivalların yüksək peşəkarlıq mükafatlarını qazandı”.
Milli kinomuzun inkişafında mühüm rol oynamış filmlərimiz də var
Son illər yaradılan filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş etdirilir, yüksək mükafatlara layiq görülür. "Nar bağı” (rejissor İlqar Nəcəf), "Qırmızı bağ” (Mirbala Səlimli), "İçəri Şəhər” (İlqar Safat), "Çölçü” (Şamil Əliyev), "Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül), "Üçüncü günün adamı” (Babək Şirinsifət), "Qara bağ” (Amil Məmiyev) və başqa filmlər dünyanın nüfuzlu festivallarında nümayiş olunmuş və mükafatlar qazanmışdır. Bunlar, əsasən dövlət sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında istehsal edilən ekran əsərləridir.
Bu gün milli kinomuz yeni inkişaf mərhələsini yaşayır. Yeni filmlər çəkilir, kadr problemi qismən həll olunub, filmlərimiz beynəlxalq festivallara göndərilir. Təbii ki, indiki mərhələdə kinolarımıza dövlətimizin dəstəyi xüsusi vurğulanmalıdır. Çünki dövlətin bu sahəyə dəstəyi olmasaydı, uğurlarımız da olmazdı.
Azərbaycan kinosu, 120 yaşın mübarək!
Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Kaspi 2018.- 21 iyun.- S.13.