İnam olmasa, uğur da olmaz

 

Azərbaycanı “Next Stage Europe 2018” beynəlxalq festivalında təmsil edən gənc dramaturq Ülviyyə Heydərova: “Alman tamaşalarının havasını udduq”

 

13-17 iyun tarixlərində Höte İnstitutunun təşkilatçılığı və "LIT:Potsdam” ədəbiyyat festivalının dəstəyi ilə Almaniyanın Potsdam şəhərində Next Stage Europe 2018 beynəlxalq teatr festivalı keçirilib. Azərbaycanı həmin festivalda yazıçı-publisist, AzTV-nin əməkdaşı Ülviyyə Heydərova təmsil edib. O, bu festivala "Uşaqlıq” adlı mono pyesi ilə qatılıb. Həmkarımız festivala dəvət aldıqda, ilk xəbər tutanlardan biri də biz olmuşduq. Ü.Heydərova bu festivalda iştirakçı olacağına inana bilmədiyini demişdi: "Ən böyük arzum pyesimin Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin teatr səhnələrində öz həllini tapması idi. Əsərimin bəxti ilk olaraq Almaniyanın Postdam şəhərində açıldı”. Festivalda iştirak edən pyesini 4 dilə tərcümə etdirən Ülviyyə Heydərova sözügedən festivaldan  geri dönüb. Yazar səfər barədə ilk təəssüratlarını "Kaspi”yə bölüşdü.

 

- İstərdik, səfərlə bağlı təəssüratlarınızı bizimlə paylaşasınız.

- 13-17 iyun tarixlərində Höte İnstitutunun təşkilatçılığı ilə keçirilən Next Stage Europe 2018 festivalı biz yazarlar üçün çox əlverişli və münasib oldu. Bu festivalda Azərbaycan daxil olmaqla Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Ermənistandan olan gənc dramaturqlar iştirak edirdilər. Festival çərçivəsində Hans Otto Teatrının yaradıcı heyətinin iş təcrübəsi ilə yaxından tanış olduq. Orada Reithalle Teatrında Hans Otto Teatrının redaktorları Kristofer Hanf və Jonas Lüşerlə, Babelsberqdə Film və Televiziya Universitetinin Marlen Ditrix xiyabanında professor Torsten Şlyüzla, Berlin İncəsənət Universitetində professor, dramaturq Paul Brodovskiylə, Berlində Felix Bloch Erben müəllif və teatr agentliyində Gesun Pagels və Morits Staemmlerlə görüşdük. Müasir teatr tendensiyaları və dramaturgiya barəsində fikir mübadiləsi apardıq. Hətta teatr agentliyi ilə əməkdaşlığımız yarandı. Belə ki, bu günlərdə pyesimin ingilis versiyasını həmin agentliyə təqdim edəcəm. Bundan başqa, Berlindəki Höte İnstitutunda olduq, Deutsches Theater-da tamaşaları izlədik. Festivalda, həmçinin məşhur alman ssenaristləri Pol Brodovski, Mişel Dekar, Yonas Lyüşer və başqaları tərəfindən seminarlar keçirildi ki, bu seminarlar bizim üçün çox faydalı keçdi. Fürsətdən istifadə edib, sizin vasitənizlə çalışdığım Azərbaycan  Dövlət Televiziyasına festivalda iştirak etməyim üçün yaradılan şəraitə görə təşəkkür edirəm.

 

- Necə oldu ki, siz belə bir festivalda iştirak etdiniz?

 

- ADO Teatrının rəhbəri Elmin Bədəlov belə bir festivalın keçirildiyini və mənim orda iştirak etməyimi məsləhət görmüşdü. Qeyd edim ki, bundan əvvəl də mən o festivala müraciət etmişdim, amma seçilməmişdim. Bu dəfə isə bəxtim gətirdi. Pyesi onlara təqdim etdikdən ayyarım sonra mənə dəvətnamə gəldi ki, siz festivalda iştirak etmək hüququ qazanmısınız. Bu mənim üçün çox sevindirici oldu. Açığı, heç gözləmirdim. Qeyd edim ki, festival iştirakçılarının dram əsərləri Höte  İnstitutunun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib.

 

- Pyesinizin həmin festivalda seçiləcəyinə ümidiniz var idimi?

 

- Bilirdim ki, pyesim seçiləcək. "Uşaqlıq” monopyesini hər bir teatrda çox rahatlıqla səhnələşdirmək olar. Ancaq bununla belə, yenə də tərəddüdlərim var idi. Hər pyesin öz taleyi var. Bu əsərin də taleyi elə Almaniyada açıldı. Yəqin ki, bundan sonra da özünə bir yol tapacaq.

 

- Festival çərçivəsində gənc dramaturqlarla, yazarlarla tanış oldunuz. Hazırda gənc yazarlar hansı mövzulara müraciət edirlər?

 

- Müxtəlif mövzulara müraciət edirlər. Baxmayaraq ki, hər şey deyilib. Bununla belə, mövzuya yanaşma fərqliliyi var. Ukrayna və Belarusdan gələnlər daha çox siyasi mövzulara üstünlük vermişdilər. Amma məsələn, gürcü dramaturq Quram Mergelişvilinin əsəri "Y-xromosom” adlanırdı. Mövzu selektiv abort haqqında idi. Nə qədər dramaturq varsa, bir o qədər mövzu və ya mövzuya yanaşma tərzi var.

 

- Festivalda iştirak edən "Uşaqlıq” monopyesi nədən bəhs edir?

 

- "Uşaqlıq” monopyesim uşaq evində böyümüş klounessa haqqındadır. Uşaqlıq illərini ağır şəraitdə keçirən klounessa seçdiyi kloun sənəti ilə uşaqları sirkdə və özəl tədbirlərdə əyləndirir, oradan aldığı məvaciblə yaşayır. O, günlərin bir günü hamilə olduğunu biləndə gözləmədiyi halla üzləşir. Yadına uşaqlıq illəri düşür. Qadın qarnındakı körpəyə uşaqlıq illərindən bəhs etməyə başlayır, onu gələcək həyatla tanış edir. Lakin klounessa düşünür ki, o, uşağına həyat vermək üçün ona sevgi ilə yanaşı maddi dəstək də olmalıdır. Klounessa dilemma qarşısında qalır: yad uşaqlara görə öz uşağından vaz keçsin, yoxsa öz uşağına görə yad uşaqlardan? O, qarnındakı körpəni əyləndirmək üçün cürbəcür sirk oyunları, akrobat hərəkətləri göstərir. Bütün bunlar isə əslində bir bəhanədir. Ana öz övladına şar üfürə-üfürə ona həyatını göstərir. Şar onun üçün həm övlad, həm də planetdir. Sonda ana hər şeydən yorulur və düşünür ki, ən yaxşısı övladına Günəşi bağışlamaqdır. O, uşağına Günəşi bağışlamaq üçün otağını, yuvasını, bəlkə də özünü tərk edir.

 

- Festivaldakı çıxışınızda hansı mövzulara toxundunuz?

 

- Orada mənə Şərq xanımı və yazıçısının gündəlik həyatı barədə sual verdilər. Gündəlik həyat tərzim və bu gündəlik qayğılarımın içərisində pyes yazmağa necə zaman ayırmağım haqqında danışdım. Azərbaycan teatrı ilə bağlı fikirlərimə gəlincə isə, bildirdim ki, bizim Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadədir. Teatrımızın tarixi ilə bağlı onları məlumatlandırdım. Müasir Azərbaycan ədəbiyyatından və onun teatrlara necə təzahür etməsindən bəhs etdim. YUĞ teatrı və onun yaradıcısı Vaqif İbrahimoğludan danışdım. Yeni yaradılan müstəqil teatrlardan bəhs etdim. Azərbaycan mədəniyyətindən və onun qonaqpərvərliyindən danışdım. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir, dövlətimizin mədəniyyətimizin dəstəkçisi olduğunu bildirdim.

 

- Teatrlarımızın dram əsərlərindən necə qıtlıq çəkdiyindən danışdınızmı?

 

- (Gülürük) Təbii ki, danışmadım. Teatrlarımızda ustad dərslərinin və seminarların keçirilməyi ilə bağlı çıxış etdim. Çox istərdim ki, teatrımızda gənc dramaturqların studiyası yaradılsın. Eyni zamanda, yaradıcılıq studiyalarının yaranmasının da tərəfdarı olduğumu bildirdim. Qeyd edim ki, onların özləri də teatrlarda dramaturq qıtlığı yaşayırlar.

 

- Bəs oradakı teatr prosesi ilə tanış olmaq imkanı əldə etdinizmi?

 

- Festivalın proqramında Hans Otto Teatrına tur daxil edilmişdi. Orada xanım rejissor bizi teatrla ətraflı şəkildə tanış etdi. Bir məqam diqqətimi çəkdi. Teatrın rejissoru deyir ki, onlar bir aydan sonra teatrdan ayrılacaqlar, çünki oraya yeni rəhbər gələcək. Yeni rəhbər isə teatrın bütün yaradıcı heyətini yeniləcəyək. 5 ildən bir bu proses davam edir. Onlar beş ildən bir işlədikləri teatrları, yaşadıqları yerləri dəyişirlər. Sadəcə, bu, bir qanundur və onlar bu qanuna riayət edirlər. Hans Otto Teatrının repertuarı zəngindir, genişdir. Teatrın nəzdində Uşaq və Gənc Tamaşaçılar Teatrı da fəaliyyət göstərir. Həqiqətən geniş masştablı bir teatr idi. Onun emalatxanasında, dərzi sexlərində oldum. Gördüm ki, kulisdə, səhnə arxasında, emalatxanada necə böyük bir heyət var və bu heyət həvəslə çalışır. Teatr ən son texniki avadanlıqlarla təchiz olunmuşdu. Birinci dəfə idi ki, belə bir teatr görürdüm.

 

- Onlar da tamaşaçı qıtlığı yaşayır?

- Tanış olduğum Berlin Teatrında yaşamırlar. Biz orda olduğumuz gün teatra "Paytaxt” adında festival tamaşası gəlmişdi. Mətni anlamasaq da, vizual effektlər cəlbedici görünürdü. Tamaşada hərəkətdən daha çox söz vardı. İkinci tamaşanın müəllifi gürcü Nino Haratişvili idi. Tamaşa 1927-ci ilin Gürcüstanından bəhs edirdi. Hətta bir məqamda Azərbaycanın da adı çəkildi. Təəssüf ki, alman dilində getdiyi üçün mənasını bilmədim. Tamaşa dörd saat davam etdi. Zamanı qızıl hesab edən almanlar günlərinin 4 saatını teatra həsr edirlər. Bu maraqlıdır. Düzdür, tamaşanın dilini anlamasam da, ruhunu başa düşdüm. Bir sözlə, alman tamaşalarının havasını udduq.

 

- Next Stage Europe 2018 beynəlxalq teatr festivalının məqsədi nədir?

- Layihənin məqsədi gənc dramaturqları Avropanın səhnəsi ilə tanış etməkdən ibarətdir. Adından da göründüyü kimi, "Avropanın növbəti səhnəsi”. Gənc dramaturqların əsərlərini Avropa səhnəsinə çıxarmaq və Avropanın teatr prosesi ilə tanış etməkdir. Bizim Avropada müsahibələrimiz oldu. Səfər, ən azı bir tanışlıq idi. Özümü Avropa səhnəsinin bir addımlığında hiss etdim.

 

- Bu tip layihələr gənc yazarlara nə verir?

 

- Bu layihə gənc yazarlara onların təkbaşına əldə edə bilmədiklərini verir. Misal üçün, bizim bu layihə vasitəsi ilə müxtəlif ölkələrdə yaşayan həmkarlarımızla əlaqələrimiz yarandı. Təsəvvürlərimiz formalaşır, dünyagörüşümüz artır və bu, dramaturqlarda bir qədər özünə inamı artırır, stimul verir ki, sən daha gözəl əsər yazıb dünyaya, Avropaya çıxa biləsən. Ən azından əlaqələrimiz genişlənir.

 

- İnanırsınız ki, teatrda gənc dramaturqun əsəri səhnələşdirilər?

 

- İnam olmasa, uğur da olmaz. İçimdə böyük bir inam var. Ümidimi itirməmişəm. Mən inandım və öz pyesimi göndərdim. Əsər gözəldirsə, bu, heç nəyə baxmır. Əsər rejissora toxundusa, rejissor müəllifin kimliyi ilə o qədər də maraqlanmır. 

 

- Bu səfərlə bağlı sizə qısqanclıqla yanaşan gənc həmkarlarınız oldumu? 

 

- Əksinə, dostlarım çox sevindi. Onların heç birində qısqanclıq hiss etmədim. Ətrafımdakı dostlarım, tanışlarım çox sevinirdilər. Necə ki, mən onların uğurlarına sevinirəm.

 

Xəyalə Rəis

 

Kaspi  2018.- 12 iyun.- S.21.