Cümhuriyyətin ən gənc naziri
Cümhuriyyət-100
O, həbs düşərgəsində
işgəncələrin qurbanı olub
"Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyaları unudulmadı”. Nə yaxşı ki, unudulmadı, Azərbaycan xalqı 20-ci yüzilliyin sonunda yenidən öz müstəqilliyinə qovuşdu!
Cəmo bəy Hacınski 1888-ci ildə Qubada Süleyman kişinin ailəsində anadan olub. Qardaşı Mehdi bəy onu kiçik yaşlarında Bakıya gətirir və gimnaziyada oxudur (Mehdi bəy dövrünün tanınmış teatr xadimi, aktyoru, publisisti və ictimai-siyasi xadimi idi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin katibi olmuşdur). Bakıda gimnaziyada oxuyarkən "Kaspi” qəzeti ilə əməkdaşlıq edən Cəmo bəy, Peterburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirərkən "Qubalı” imzası altında bir çox qəzet və jurnallarda maraqlı məqalələrlə çıxış edib. 1914-cü ildə təhsilini bitirib vətənə qayıdan Cəmo bəy 1915-17-ci illər ərzində Batum vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. Ölkədə baş verən bütün xeyriyyə işlərində yaxından iştirak edən Cəmo bəy "Nicat” mədəni-maarif cəmiyyətinin ən fəal üzvülərindən biri olub. Teatra, şeyriyyətə bağlı olan gənc hüquqşünas, Müsəlman Dram Cəmiyyətinin (1916) və Azərbaycan Arxeoloji Cəmiyyətinin (1917) yaradılmasında yaxşıdan iştirak edib.
1917-ci ildə Rusiyada, daha sonra Azərbaycanda baş verən siyasi hadisələr dövrün digər ziyalıları kimi onun da diqqətini cəlb edir və hadisələrin iştirakçısına çevrilir. Belə ki, 1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilən Cəmo bəy Hacınski bir necə ay sonra Rusiya Müəssislər Məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Milli Şurasının üzvü olan C.Hacınski Mili Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. 1918-ci ilin 28 mayda Azərbaycan Milli Şurasının tapşırığı ilə F.X.Xoyski Azərbaycan Cümhuriyyətinin birinci müvəqqəti Hökumətini təşkil etdi və Cəmo bəy Hacınski dövlət nəzarətçisi vəzifəsini yerinə yetirməyə başladı. Cəmo bəy belə məsuliyyətli vəzifə ilə yanaşı, yenə də mətbuatda, cəmiyyətlərdə çıxışlarını davam etdirdi. 1918-ci ilin ilk aylarından Hacınski "Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyur, tamaşalar haqqında dövrü mətbuatda resenziyalar yazırdı.
1918-ci ildə Azərbaycan Parlamentinin üzvü seçilən C.Hacınski N.Yusifbəylinin yaratdığı dördüncü Hökumətdə poçt və teleqraf naziri vəzifəsini icra etməli oldu. 1919-cu ilin martın 14-dən 1920-ci ilin 1 aprelinə kimi bu vəzifəni yerinə yetirən gənc nazirin xidmətləri sayəsində, artıq 1919-cu ilin sonlarında Azərbaycanda 54 poçt-teleqraf xətti və bir şəhərlərarası telefon stansiyası yaradılmışdı. Bu sahədə savadlı kadrların hazırlanması üçün də işlər görüldü. Məsələn, Azərbaycanda teleqraf stansiyası, radiostansiya və poçt-teleqraf məktəbi açıldı və 1920-ci ilin martın 1-də Azərbaycan hökumətinin qərarı ilə Poçt və Teleqraf Nazirliyi nəzdində Azərbaycan Teleqraf Agentliyi - AzərTAc yaradıldı. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən arxiv sənədlərindən belə bəlli olur ki, 1919-cu ildə Paris sülh konfransına yola düşən nümayəndə heyəti Fransanın poçt və teleqraf şirkətləri ilə Azərbaycan Cümhuriyyətində dünya standartlarına uyğun poçt-teleqraf işlərinin aparılması və Gəncə radiostansiyasının Efel qülləsindəki ötürücü vasitəsi ilə Avropa radiostansiyalarına qoşulmasının təmini haqqında razılaşma əldə etmişdi. Razılaşmaya uyğun olaraq, Azərbaycana lazımi avadanlıqlar və mütəxəssislər göndəriləcəkdi.
Bəzi cümhuriyyətçilərdən fərqli olaraq Cəmo bəy 1920-ci ilin aprel işğalından sonra bir müddət həbs edilmədi. Çünki yeni "hökumət”in belə savadlı kadrlara ehtiyacı var idi. Ona görə də Cəmo bəyi sovetlər Ədliyyə Komissarlığında inzibati-maliyyə şöbəsinə rəis təyin etdilər. Bu məsul vəzifə ilə yanaşı, Cəmo bəy Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində də yaxından iştirak edir. Bu cəmiyyət "Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin təşəbbüsü ilə 1923-cü ilin 2 noyabrında yaradılmışdı. Cəmiyyətin fəaliyyəti haqqında tədqiqatçı alim Aypara Rüstəmova yazır: "20-ci illərin əvvəllərində fəaliyyət göstərən elmi təşkilatlar içərisində ən görkəmli yer tutan, elmin inkişafında əvəzsiz xidmət və çəkisi olan elmi təşkilatlardan biri şübhəsiz bu cəmiyyətdir”. Cəmiyyət yeni yarananda onun işində fəallıq göstərən ziyalılardan bir də Cəmo bəy olub...
Bolşeviklər ilk gündən Azərbaycan Cümhuriyyətinin keçmiş nazirinə inanmadılar. Odur ki, Cəmo bəy gizli olaraq nəzarətə götürüldü. İşinə məsuliyyətlə yanaşan Cəmo bəyin fəaliyyətində nöqsan tapa bilməyən hökumət, onu Sovet hakimiyyətinə qarşı əksinqilabi fəaliyyətdə günahlandırdı. Xüsusən də Azərbaycanda Eser (Sosialist İnqilabçılar) Partiyasının Zaqatala təşkilatının liderlərindən biri kimi ittiham edilərək, 1922-ci ilin 27 aprelində həbs edildi. Sorğu-sual zamanı Cəmo bəyə nə qədər ağır işgəncələr verilsə də, müstəntiq istədiyi cavabları ala bilmədi. Belə olduqda, digər günahsız "müttəhim”lər kimi Cəmo bəy üçün də lazımı "sənədlər” düzəldilərək, üç il azadlıqdan məhrum edildi. Cəzasını isə vətəndən uzaqda çəkməli oldu. 1923-cü ilin aprelin 11-də C.Hacınskinin də daxil olduğu 12 nəfərlik dustaq qrupu Moskvaya - Butırsk həbsxanasına göndərildi. Cəmo bəyin Butırsk həbsxanasında qarşılaşdığı çətinliklər Bakıda Bayıl həbsxanasında gördüklərinin yanında yalan oldu. Butırsk həbsxanasında Azərbaycandan gələn bu on iki "dustağa”, xüsusən də Azərbaycan Cümhuriyyətinin iki naziri - Cəmo Hacınskiyə və Aslan bəy Səfikürdskiyə cəhənnəm əzabı yaşatdılar. Həbsxanada onlara qarşı çox sərt rejim yaradıldı. Xüsusi hazırlanmış nəm və qaranlıq kameralarda saxlanılan Azərbaycanlı "dustaq”ların zəruri ehtiyaclarının ödənilməsinə belə məhdudiyyətlər qoyuldu. Bu cəhənnəm əzabının ömrü Cəmo bəy (elə A.Səfikürdski) üçün 1925-ci ilin 11 aprelində sona çatmalı olsa da, belə olmadı. Cümhuriyyət qurucularına əzab verməkdən ləzzət alan Sovet hökuməti onlara Zaqafqaziyada, Şimali Qafqazda, sərhədyanı ərazilərdə, Moskva və Leninqrad quberniyalarında yaşamağı qadağan etdi. Ona görə də, Cəmo bəy yenidən üç il Arxangelsk vilayətindəki Solovki həbsxanasında cəhənnəm əzabını "yaşamalı” oldu.
1928-ci ilin iyununda həbsxanadan buraxılan Cəmo bəy elə düşünürdü ki, bu əzablı günlərə son qoyuldu. Amma elə həmin il qardaşı Əhməd bəyin RSFSR CM-nin 58-1, 58-2, 58-10 maddələri ilə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsi” bu arzularını puç etdi. Hökumət onu həbsxanadan buraxsa da, nəzarətdə saxladı. Hətta bir müddət Azərbaycanda və Tiflisdə məsul vəzifələrdə işləməyə "şərait” də yaratdı. 1928-ci ilin iyulundan Bakıda Respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında, 1930-31-ci illərdə Tiflisdə Zaqafqaziya Kənd Təsərrüfatı İdarəsində, 1933-cü ilin noyabrından 1934-cü ilin noyabrına kimi "Azərittifaq” sistemində, 1934-cü ilin sonlarından 1937-ci ilin yanvarına kimi Sənaye Kooperasiyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1937-ci ilin yanvarında hökumət Sənaye Kooperasiyasında Cəmo bəyin işlədiyi baş məsləhətçi vəzifəsini ləğv edir və bir daha ona heç bir yerdə iş tapılmır. 1937-ci ilin oktyabrına kimi işsiz qalan Cəmo bəyi elə həmin ərəfədə yenidən həbs edirlər. Budəfəki həbs onu daha çox incitdi. Çünki 11 yaşlı oğlu Camalın və iki aylıq qızı Nellinin həyatından çox nigaran idi. "Xalq düşməni”nin ailəsi kimi onları necə əzablı günlər gözlədiyini yaxşı bilirdi.
C.Hacınskini ikinci dəfə, Azərbaycan SSR Cinayət Məcəlləsinin 72, 73-cü maddələri əsasında, 4-cü şöbə, 2-ci bölmənin rəisi leytenant Qalstyan və 4-cü şöbənin rəisi Sinmanın "xeyir-duası” ilə həbs edilir. Cəmo bəy hələ yarası sağalmayan əzabları yenidən yaşamalı olur. Yenə də eser təşkilatının üzvü olmaqda təqsirləndirilən cümhuriyyətçi, silahlı üsyan yolu ilə Sovet hakimiyyətini devirməkdə təqsirləndirilirdi. İstintaq 1937-ci ilin oktyabrından 1938-ci ilin dekabrına qədər çəkdi. 1938-ci ilin 2-3 dekabrında Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının səyyar qapalı məhkəmə iclası dövlət ittihamçısı və müdafiə olmadan işə baxdı. C.Hacınski Azərbaycan CM-nin 21, 64-cü maddələri ilə günahkar sayılaraq 8 il müddətinə ciddi rejimli islah əmək düşərgəsində saxlanılmaqla və 4 il siyasi hüquqlardan məhrum edilməklə, əmlakının yarısı müsadirə olunmaqla azadlıqdan məhrum edilir.
Yenidən Cəmo bəyin sürgün həyatı başlayır. 1938-ci ilin şaxtalı, boranlı bir qış axşamı onu, cəzasını çəkmək üçün Kirov vilayətinin Vyatka 3-cü həbs düşərgəsinə yola salırlar. Bu, onun vətəndən son gediş oldu. Əslində Cəmo bəyin "ölü çanı” sürgünə aparılırdı. Onun ruhu, fikri-zikri burda başsız qalan ailəsinin və istiqlalını itirən vətəninin yanında qalırdı. Bu gedişin son olacağı sanki ona agah olmuşdu. Daha nə işgəncələrə dözürdü, nə də özündə güc tapa bilirdi. "Ölü” ikən "diri” olan Cəmo bəy, 1942-ci ili başa vura bilmədi. Qərib diyarda, soyuq həbsxana divarları arasında, vətənindən, əzizlərindən nigaran dünyasını dəyişdi.
Azərbaycana "xoşbəxtlik” gətirən
Sovetlər Hacınskilər ailəsinin məhvinə
çalışsa da, buna
nail ola bilmədi. Həm atasız, həm də anasız böyüyən
Camo (Cəmo bəy oğluna
öz adını qoymuşdur
və ikinci dəfə 1937-ci ildə həbs
edilib 1938-ci ildə sürgünə
göndəriləndə onun ömür-gün yoldaşı Mariya vəfat etmişdir, iki uşaq tək-tənha
qalmışdır) bu
dünyanın hər çətin üzünü
görsə də, xoşbəxtlikdən, pis
əməllərdən uzaq olur. Əksinə, məktəbdə
nizam-intizamı, yaxşı oxuması ilə
çoxlarına nümunə göstərilir. Sonra ali təhsil alan Camo tarix
elmləri doktoru,
professor adına layiq görülür. Uzun illər
Bakı Ali Partiya Məktəbində prorektor
və tarixi kafedrasının müdiri
vəzifələrində çalışıb.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
Kaspi 2018.- 22 iyun.- S.15.