“Bu işi
Almaniyada görsəydim, fiaskoya
uğrayardım”
Rəssam-texnoloq Qismət Məmmədli:
“Harada yaradıcılıq varsa, biz ordayıq”
Rəssam-texnoloq
Qismət Məmmədlinin əl işləri ilə onun sosial
şəbəkədəki "Qızıl Əllər” səhifəsində
tanış olduq. Onun əl işləri diqqətimizi çəkdi.
Gənc rəssam tortların üzərindəki əl işləri
ilə digər şirniyyatçılardan seçilir, meyvələrin
üzərində etdiyi oymalarla diqqət cəlb edir.
Hazırladığı 3D formatlı fiqurlarla öz biznesini
daha da genişləndirir. Bundan əlavə, toy biznesini ələ
alaraq məkanların bəzədilməsi və müxtəlif
dekorların hazırlanması ilə məşğul olur. Biz
də gənc rəssamı daha yaxından tanımaq qərarına
gəldik.
Qismət
Məmmədli Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının məzunudur. Ukraynada "İdarəetmə menecerliyi”
ixtisası üzrə təhsilini davam etdirib. Rəssamlıq
sənəti ilə uşaqlıqdan məşğul olub.
2012-ci ildən karvinq qənnadı sənəti ilə məşğuldur.
Bu sənətlə kifayətlənməyib 3D
fiqurlarının hazırlanması prosesini də uğurla həyata
keçirir.
- Rəssamlıq
Akademiyasının məzunusunuz. Yaradıcı insan olaraq
xaricdə "İdarəetmə menecerliyi” ixtisası üzrə
təhsilinizi davam etdirməyiniz sizi hədəfinizdən
döndərmədi ki?
-
Əsla. Rəssam gərək öz işlərini
satmağı da bacarsın. Təəssüf ki, biz onu
bacarmırıq. Məcburuq ki, bu işin də öhdəsindən
biz yaradıcı insanlar gələk. Bu səbəbdən həmin
ixtisasa da yiyələnməyi özümə borc bildim. Məhz
onun sayəsində öz işimi qura bildim.
- Rəssamlıq sənətinə
hansı arzu, istəklə gəlmişdiniz?
-
Ümumiyyətlə bu sahə ilə məşğul olanda
ağlıma belə gəlməzdi ki, şirniyyat sahəsi
üzrə çalışaram. Bu sənətə gələndə
yaradıcılıq işləri istehsal etməyi
düşünmüşəm. Belə şeyə daha
çox marağım olub. Uşaq yaşlarımdan modellər
yığırdım, onların hazırlanma qaydasına
baxırdım. Adi bir fincana baxanda hamı onu necə var, elə
də görür, ancaq biz onun arxa tərəfini,
fincanın hazırlanma prosesini
görməyə çalışırıq. Bəzən
fincana onu necə istifadə etmək olar deyə
düşünərək baxırıq. Belə ki,
baxdığımız fincandan lampa, güldan düzəlmək
haqqında düşünürük. Bu işin də özəlliyi
odur ki, daimi düşünürsən, nəyi necə edim, nə
alınsın. Bir sözlə, harada yaradıcılıq
varsa, biz ordayıq.
- Bəs necə oldu ki, bu sevgi sizi
dekor, bəzək işlərinə gətirdi?
-
İlk olaraq meyvə dizaynı ilə başladım. Buna
karvinq sənəti deyirlər. Mənası oyma deməkdir və
ilk dəfə Tailandda yaranıb. Karvinq taxta oymadır, tədricən
başqa sahələrdə də tətbiq olunmağa
başlayıb. Misal üçün, adi bir qarpızı kəsib
ona istənilən formanı verirsən. Karvinq sənətini
peşəkar səviyyəyə çatdırdıqdan sonra
gördüm ki, bununla məhdudlaşa bilmirəm. Tək
karvinqlə məşğul olmaq məni darıxdırır,
yeni bir şey etmək qərarına gəldim. El şənliklərində
şirniyyatların standart olduğunu və hər dəfə
şirnilərə eyni bəzəklərin vurulduğunu
gördüm. Düşündüm ki, niyə də sənətimi
tortların üzərində tətbiq etməyim? İşlədikcə
gördüm ki, burda daha maraqlı nələrsə etmək
mümkündür. İlk tort sifarişim müğənnilərimizin
biri tərəfindən gəldi. Belə ki, smoking geyiminin
üzərində 2 fərqli qadın əlləri çəkməli
idim. Qadınlardan birinin 18-22 yaş arası, digəri isə
35 yaşında nəzərdə tutulmalı idi. Əllərin
quruluşunu, dərisini, dırnaqları hiperrealizm
üslubunda işlədim. Bu, çox maraqla
qarşılandı. Düşündüm ki, niyə də
bu sənəti inkişaf etdirməyim. Bu sahədə bir
çox uğurlarım oldu. Bakıda ərəb şeyxinin
toyunda şeyxin iqamətgahının formasında tort
hazırladım. Bu tort hər kəsin diqqətini çəkdi.
- Hazırladığınız
tortların ən ucuzu neçəyə olub?
- Tortların minimal qiyməti
hər zaman olub, amma maksimal
qiyməti olmur. Tortun üzərinə elə bir detal qoya
bilərsən ki, milyonlarla ölçülər.
Məsələn, mən tortun
üzərində real qızıl
aksesuarlardan istifadə
edirəm ki, onlar qida üçün
nəzərdə tutulur.
İsveçrə istehsalıdır və insan orqanizmi
üçün də
xeyirlidir. Ona minimal qiymət
qoymaq olmur. Ərəb şeyxinin toyunda hazırladığım iqamətgah
formasında tortun qapılarının önündə
kiçik çilçıraqlar
var idi ki,
onlar brilyantdan idi. Ona görə sizə
dəqiq qiymət deyə bilmərəm.
- Sosial şəbəkələrdə
sizi Qismət Məmmədlidən çox
"Qızıl Əllər”
deyə tanıyırlar.
- "Özdad” şirkəti
tərəfindən 2 dəfə
"Qızıl Əllər”
mükafatına layiq görüldüm. Ondan sonra qərara
gəldim ki, "Qızıl Əllər” adlı kompaniyamı yaradım. Təcrübədən keçirdiyim sahələri
birləşdirdim. Burada furşet,
meyvələrin dizaynı,
dəbdəbəli xüsusi
sifarişlə ərsəyə
gələn tortlar və 3D fiqurlar, bəzək üçün
dekorasiyaların hazırlanması
ilə məşğuluq.
- Hazırda üzərində çalışdığınız
şirniyyat varmı?
- İndi bir işimi təhvil verdim. Sifarişçi bəy İstanbul
boğazında sevdiyi
xanıma evlilik təklifi edib. O tortun üzərində həmin səhnəni canlandırmaq istəyir. Həmin səhnəni xəyalımda
canlandırdım və
ona başqa bir dizayn verdim.
Belə ki, İstanbul boğazının
özünü - Ayasofya
məbədi, Kız kulesi ilə o mənzərəni canlandırdım.
3 metr uzunluğu
4 metr eni bir tort ərsəyə gəldi.
- Bəs 3D fiqurlarını necə hazırlayırsınız?
- 3D fiqurlarını müxtəlif
materiallardan hazırlayırıq. Sifarişçilər hər hansı bir obrazı istəyirlər. Biz də həmin obrazları hazırlayırıq.
Onlardan bəzilərini kirayə veririk, bəzilərini satırıq. Müxtəlif məkanlarda bəy-gəlin
masalarını bəzəyirik.
Dekorasiyalar, süni ağaclar,
çiçəklərin hamısı bizə məxsusdur.
- 3 D fiqurları
hazırlamağı necə
qərara aldınız?
- Dekor sənəti ilə məşğul olanda gördüm ki, nəsə çatmır. Standart, şablon şeylər
gözümüzü yorur.
Qərara gəldim ki,
3D fiqurlar hazırlayım.
3D fiqurunda ilk sifarişim yol polislərinin istifadə etdiyi "BMW” markalı nəqliyyat vasitəsi olub. Mən o modeli yığdığım
zaman YPX işçilərinin
minik avtomobillərinə
baxırdım. Onlar da mənə baxıb, niyə onların avtomobilinə diqqətlə
baxdığımı düşünürdü.
Maşının aerodinamikası, onun
əyrilik dərəcəsinə
baxıb ölçü
götürürdüm. Polislər də mənə qəribə baxırdı.
Öz işimi onlara göstərəndən
sonra yol polis işçisi maşınını
yanımıza gətirib
dedi ki, buna bax, daha
yaxşı işlə.
Daha sonra "Ferrari” hazırladım.
Bunu hazırlamaq çox çətindir. Bu maşını hazırlayanda
mənə aydın oldu ki, elmdən
milyonlar qazanmaq mümkündür. "Ferrari”nin dizaynı çox inkişaf edib. O, cəmi bir xətt üzərində
yığılıb. Onu axtarıb
tapmaq mənim üçün böyük
bir uğur idi. Nə qədər dahi
olasan ki, maşını bir xətt üzərində
yığasan.
- Rəssamlığı
3 istiqamətdə birləşdirirsiniz,
bunlardan hansı daha gəlirlidir?
- Azərbaycanda yeməyə
çox önəm verirlər. Dekor işinin əziyyəti çox olsa da, gəliri o qədər də çox deyil. Tortların bəzədilməsində isə
gəlir çoxdur.
Dekoru hər kəs edə bilir, ancaq tortu hər
kəs yaxşı bəzəyə bilməz.
- Tortların üzərində sənət
əsərləri yaratmaq
ideyası sizə haradan gəldi?
- Bir çox yerli dəbdəbəli toylarımızda tortu bişirmək üçün
dekorçunu xaricdən
gətizdirirdilər. Hansı ki,
o şirniyyatçılar tortu
çox baha qiymətə ərsəyə
gətirirlər. Bu da müştərini aldatmaqdan başqa bir şey deyil.
Orda çox aldadıcı nüansların olduğunu
gördüm. Bu da mənə təsir edirdi. Axı biz bunu bacarırıqsa, niyə onu xaricdən
gətizdirməliyik.
- Rəssam şəkil çəkməlidir deyə
bir düşüncə
var. Gənc rəssamlar
isə bu stereotipləri məhv edirlər.
- Əvvəllər
mən də elə düşünürdüm ki,
ixtisasımı bitirdikdən
sonra emalatxanam olacaq və orda şəkillər çəkəcəm. Ancaq sonra
gördüm ki, tək bununla dolanmaq olmur. Rəssamlığı başqa sahəyə
tətbiq edəndə
daha gəlirli olur. Həyatın inkişafına gətirən
amil riyaziyyatdır.
Riyaziyyatla rəssamlığın birləşməsi proqress
yaradır. Misal üçün,
fotoaparat. Sürdüyümüz avtomobil riyazi hesablama sayəsində gedir. Rəssamlıqla onun aerodinamik
quruluşunu verirlər.
Geyindiyimiz paltarları tikiş
maşınları tikir,
anacaq onu rəssamlar dizayn edir.
- Demək olar ki, toy biznesini ələ almısınız.
- Bizdə hər şeyi bayağı edirlər. Qonşuda var, məndə
niyə yoxdur prinsipi ilə yaşayanlarımız çoxdur.
Həyatı boyu düşünməzdim
ki, toy biznesinə gələrəm. Madam ki,
burdayam, etdiyim işi zövqlə
görməyə çalışıram.
Bunu Almaniyada etsəydim, fiaskoya uğrayardım.
- Səbəb?
- Xaricdə özəl günlərdə balaca bir tort olsa kifayət
edir. Xaricdə qıza gül
alanda, onu dünya hesab edir. Bizim qızlara hədiyyə
olaraq gül alanda deyir bunun
hədiyyəsi hanı
(gülürük).
- Rəssamların
ikinci evləri emalatxanalar olduğu halda, sizin çalışdığınız
məkan varmı?
- Bəli, mənim də çalışdığım
bir emalatxanam var. Ən gözəl sənətkarlar sərgilərdə
deyil, emalatxanalarda olur. Elə sənətkarlar tanıyıram ki, çox peşəkar rəssamlardır. Emalatxanalardakı rəssamlarımızın
zamanında PR olsaydı,
onlar Leonardo da Vinçidən də məşhur olardılar. Sadəcə
olaraq ömürlərini
emalatxanalarda keçiriblər.
Onların bacarığından da istifadə edilir.
- Nə mənada?
- Əmək baxımından. Onlar sadəcə
olaraq gəlirləri hesabına sifarişli işlər görüblər.
Bəziləri həmin rəssamların
əl işləri hesabına xarici rəsm festivallarında yer tuturlar.
- Gələcək
hədəfləriniz nələrdən
ibarətdir?
- Hədəflərim hazırladığımız
məhsulları xaricə
ixrac etməkdir. Həmin məhsulları "Made in Azərbaycan”
brendi altında istehsal etmək istəyirəm. Bundan başqa,
qısametrajlı filmlər
çəkmək niyyətindəyəm.
Qeyd edim ki, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində mərhum
televiziya rejissoru Tariyel Vəliyevdən rejissorluq təhsili almışam.
- Aktyor olmağı necə, istəmisiniz?
- Aktyor olmaq istəməmişəm.
Əslində, rəssam yaxşı
aktyor olur. Belə ki, rəssam aktyorun jestinə, mimikasına, plastikasına
bələddir. Gərək insan
öz sahəsini çox da bölməyə.
Fiziki olaraq bunu çatdırmaz.
Xəyalə Rəis
Kaspi 2018.- 22 iyun.- S.15.