100 yaşlı Ordum!
Azərbaycanın Silahlı Qüvvələri
torpaqları işğaldan azad etməyə hazırdır
"Təməli ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin
qarantıdır. Yeni inkişaf mərhələsinə qədəm
qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü
ordusu və xalqımızın güvənc yeridir” fikirlərini
bu gün təkcə vətənin müdafiəsində
ayıq-sayıq dayanan, onun hər qarışı uğrunda
yalnız vuruşmağa deyil, həm də canını fəda
etməyə hazır olan əsgər və zabitlərimizlə
bərabər, hər bir Azərbaycan vətəndaşı
söyləyir. 100 yaşlı Milli
Ordumuzun qüdrəti hər azərbaycanlıya qürur və
şərəf hissi yaşadır.
Ordu quruculuğunda əsas bazalardan
biri
1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi
mühüm tədbirlərdən biri Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun
yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa
da, Xalq Cümhuriyyəti
süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu
prosesi dayanmış, ulu öndər
Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə
gəlişindən sonra
müstəsna xidmətləri sayəsində ölkəmizdə
hərbi kadrların hazırlanması prosesi geniş vüsət
almışdı. Ümummilli liderin cəsarətli
addımları sayəsində Bakıda Cəmşid
Naxçıvanski adına Hərbi Məktəb
yaradılmışdır. O zaman bu qərarı vermək
böyük cəsarət tələb edirdi. Azərbaycanda
milli hərbi kadr hazırlığı üçün baza
rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı
SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin
dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən
komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə
ehtiyac olmadığını əsaslandırmağa
çalışsalar da, Heydər
Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti
bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti
Azərbaycanda hərb sənətinə marağın güclənməsinə,
azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib
çıxarmışdı. Təsadüfi deyildir ki, C.Naxçıvanski
adına Hərbi Məktəb, Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan
birinə çevrildi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində
öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan
mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi.
Keçmiş Ali Sovet Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin
yaradılması barədə qərar qəbul etsə də,
müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi
qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə,
kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və
iqtidarda olanların yaratdıqları xaos,
özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi
təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən
torpaqlarımızın işğalını davam etdirir,
ayrı-ayrı silahlı birləşmələr müxtəlif
qrupların maraqlarına xidmət edirdilər. 1993-cü
ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi
ilə hakimiyyətə qayıdışından sonra ordu
quruculuğu istiqamətində də
mühüm addımlar atılmış, 1994-cü il
mayın 12-də Ermənistan-Azərbaycan hərbi
münaqişəsində atəşkəs haqda müqavilə
imzalandıqdan sonra Azərbaycanda
Milli Ordunun formalaşması prosesi daha da sürətlənmiş,
həyata keçirilən siyasət nəticəsində
Silahlı Qüvvələrin maddi-texniki təminatının
yaxşılaşdırılmasına, şəxsi heyətin
mənəvi-psixoloji hazırlığının
artırılmasına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırılmışdır.
Varislik ənənələrinin bərpası
Müstəqilliyinin ilk illərində ölkədəki
mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi
təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən
yaradılan ordu istər struktur, istərsə də peşəkarlıq
baxımından mövcud şəraitin tələblərinə
cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli
xarakter daşıyırdı. Vahid
komandanlığın olmaması nəticəsində
silahlı dəstələr müxtəlif şəxslərin
əlində cəmlənmişdi və onların əmrlərini
yerinə yetirirdi. Digər tərəfdən,
Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi
iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla
aparılmasına mane olurdu. Məhz bu vəziyyəti
yaradan səriştəsizlik ucbatından, müstəqilliyini
yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə
getmirdi. Ordu əsas vəzifəsini yerinə
yetirmək əvəzinə, bəzi fərdlərin
ambisiyalarının icraçısına çevrilmişdi.
Yaranmış vəziyyət dövlət
çevrilişi həddinə çatmışdı.
Böyük tarixi şəxsiyyət Heydər
Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı respublikanı labüd süqutdan xilas
etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi
başlandı. Silahlı Qüvvələrin
formalaşması prosesi geniş vüsət aldı. Çox keçmədən Ordumuz cəbhədə
uğurlu əməliyyat həyata keçirdi, bir sıra
yaşayış məntəqələrimizin düşməndən
azad edilməsinə nail oldu.
Nəhayət,
1994-cü il mayın 12-də atəşkəs
barədə sazişin imzalanması ordu quruculuğunda
köklü islahatlar aparılmasına şərait
yaratdı. Orduya çağırışla
bağlı bütün problemlər həllini tapdı, fərarilik
halları aradan qalxdı. Dövlətçiliyi
və hərbçi şərəfini uca tutan zabitlər rəhbər
vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırıldı, hərbi vətənpərvərlik
işi gücləndirildi. Ordu quruculuğunun
müxtəlif sahələri ilə bağlı digər zəruri
addımlar atıldı.
Silahlı Qüvvələrin döyüş
hazırlığının səviyyəsi təkcə hərbi
texnikadan deyil, bu texnikanı idarə edə biləcək
savadlı, ixtisaslı kadrlardan, zabit korpusundan əhəmiyyətli
dərəcədə asılı idi. Bu istiqamətdə
də mühüm zəruri məsələlər həllini
tapdı. 1993-cü il noyabrın 1-də
Prezidentin müvafiq Fərmanı ilə Dövlət
Müdafiə Şurası yaradıldı. Həmin
gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə
məsələləri geniş müzakirə olundu,
müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin
təşkili, döyüş hazırlığının,
qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin
təkmilləşdirilməsinə, sosial şəraitin
yaxşılaşdırılmasına istiqamətləndirilmiş
tədbirlər müəyyən olundu. Bu,
olduqca vacib amillər idi və ümummilli lider ordu
quruculuğuna məhz bu məsələləri həll etməklə
başladı. Nəticə etibarilə, bu proses dünya
təcrübəsinə və milli dəyərlər sisteminə
əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə
atılan düşünülmüş addımlar öz bəhrəsini
verdi - nizami ordu yaradıldı və
formalaşmağa başladı.
Prezident Heydər Əliyev noyabrın 2-də televiziya və
radio ilə xalqa müraciət edərək hamını
ölkənin azadlığı uğrunda birləşib
düşmənə qarşı mübarizəyə
qalxmağa səslədi. Prezidentin
çağırışı ilə minlərlə
könüllü gənc torpaqlarımız uğrunda gedən
döyüşlərə atılmaq üçün ordu
sıralarına gəldi. Tezliklə
könüllülərdən, Əfqanıstan müharibəsi
iştirakçısı olmuş yüzlərlə zabit və
əsgərdən ibarət hərbi hissələr və
taborlar yaradılaraq cəbhəyə göndərildi. Bütün bunların nəticəsi olaraq, Azərbaycan
ordusu erməni silahlı birləşmələrinin
respublikanın içərilərinə doğru irəliləməsini
dayandırdı, hətta əks-hücuma keçdi.
1994-cü il yanvarın 5-də aparılan
uğurlu əməliyyatlar nəticəsində Füzuli
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22
kənd işğaldan azad edildi. Həmçinin düşmən
ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər
istiqamətlərində əks-hücumlarına tab gətirməyərək
ağır itkilər verdi və geri
çəkilməyə məcbur oldu.
1993-cü
il noyabrın 23-də Milli Şurada
"Müdafiə haqqında” Qanun qəbul edildi. Qanunda ordu quruculuğunda məsul vəzifəli
şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək
məsuliyyət sahələri dəqiqləşdirilirdi.
Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil
edildi. Az sonra ulu öndər Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan kimi şəxsən cəbhə bölgələrində
ordunun, əsgərlərin vəziyyəti ilə yaxından
tanış oldu, konkret tədbirlər müəyyənləşdirdi.
Bu, ordunun şəxsi heyətinin mənəvi
hazırlığını əhəmiyyətli dərəcədə
yüksəltdi. Bununla yanaşı, Prezident
vəziyyətə uyğun çevik qərarlar da qəbul
edirdi.
Nəhayət,
ümummilli lider Heydər Əliyevin 1998-ci il
mayın 28-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan olundu. Bu Fərman ordumuzun quruculuğunda
varislik ənənələrinin bərpası və tarixilik
baxımından böyük əhəmiyyətə malikdir.
Nizami ordu
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ordu quruculuğu ilə bağlı həyata
keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli
davamçısı, prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Hərbi sahədə əsaslı
islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və
texnika ilə təchiz edilir. Təminatı
yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi
Nazirliyi tərəfindən müxtəlif təyinatlı
silah növləri istehsal edilir. Azərbaycan
Silahlı Qüvvələrinin yaranmasının 90-cı və
95-ci ildönümlərində keçirilən paradlarda
ordumuzun qüdrəti bir daha dünyaya nümayiş etdirilib.
Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri,
döyüş əməliyyatlarının vahid rəhbərlik
altında planlaşdırılması, hissələrin hərb
elminin tələblərinə uyğun idarə edilməsi,
kadrların saflaşdırılması Azərbaycan ordusunu
keyfiyyətcə yeniləşdirib. 1990-cı illərin
ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında
sıx və səmərəli əməkdaşlıq
yaradılıb. Bu əməkdaşlıq
ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdirilməsinə,
müasir standartlara uyğunlaşdırılmasına gətirib
çıxarıb. İndi hər il
iki mindən çox hərbçimiz NATO proqramlarında
iştirak edərək ən son hərbi yenilikləri mənimsəyirlər.
1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil
müəssisələri NATO standartlarına keçib,
Silahlı Qüvvələrimizin tərkibində yaradılan
sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti
ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal
iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin,
sülhün təminatına dəstək verir. Azərbaycanın Silahlı Qüvvələri bu
gün dünyanın ən peşəkar, NATO standartlarına
cavab verən ordularından biridir. Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir,
hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz
olunur, yüksək şəraitə malik hərbi şəhərciklər,
döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki,
hazırda torpaqlarımızı düşməndən azad
etməyə qadir, yüksək döyüş ruhuna malik
ordumuz formalaşıb. Bu, özünü
uğurlu aprel döyüşləri zamanı əyani şəkildə
təsdiqlədi.
Erməni
işğalının və müharibə vəziyyətinin
davam etdiyini nəzərə alan Azərbaycan
dövləti tamamilə haqlı olaraq öz ordusunun
gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini
durmadan artırır, hərbi qüdrətini yüksəldir.
Prezident İlham Əliyev öz
çıxışlarında dəfələrlə
vurğulayıb ki, ordu quruculuğu, müdafiə
potensialının möhkəmlənməsi və
güclü ordunun yaranması dövlət üçün,
hökumət üçün, hər bir vətəndaş
üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam
etdirəcəyik. Biz hər an
hazır olmalıyıq ki, öz doğma
torpaqlarımızı işğalçı qüvvələrdən
hərbi yolla azad edək və bu məqsədlə nə
lazımdırsa, Azərbaycan dövləti edir. Hazırda Silahlı Qüvvələrimizin
qarşısında dayanan bir nömrəli vəzifə
torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsidir.
Ordumuzun gün-gündən gücləndirilməsi,
döyüş qabiliyyətinin daim artırılması,
aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin
uğurla yerinə yetirilməsinə yönəlib.
Təranə Məhərrəmova
Kaspi 2018.- 26-27 iyun.- S.6.