Həsən
bəy Zərdabi məktəbi
“Əkinçi"
qəzeti maarifçilik ideyalarını
özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat
nümunəsi idi
"Əkinçi" qəzetinin
səhifələrində yer alan baxışlar bu gün üçün də
aktuallığını saxlayır, bir növ mayak rolunu oynayır. Nəşr təkcə
əkinçinin texnologiyalarını təbliğ etmirdi, eyni zamanda
böyük maarifçi
rol oynamaqla
insanları inamlı gələcəyə doğru
səsləyirdi. "Əkinçi” qəzeti qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz
şəxsiyyət Həsən bəy Zərdabinin böyük əməyinin, xalq və millət qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin nəticəsi
idi”. Böyük maarifçi demokrat, təbiətşünas,
ictimai xadim Həsən
bəy Zərdabinin - görkəmli mütəfəkkirin xatirə
günündə məhz onun
xalqımızın ictimai fikir,
mədəniyyət tarixində oynadığı roldan danışılır.
O vaxtdan bəri mükəmməl biliyə və
geniş dünyagörüşünə malik Zərdabinin
tükənməz irsi milli məfkurə, sivil, mədəni
quruculuq qaynağı kimi, müxtəlif elm sahələrində
çalışan tədqiqatçıları -
filosofları, iqtisadçıları, jurnalistləri,
filoloqları daim maraqlandırır. Haqqında əsərlər
yazılır, tədqiqatlar aparılır, monoqrafiyalar
nəşr edilir. Çoxsahəli
yaradıcılığa, dərin biliyə, geniş
dünyagörüşünə malik olan Zərdabinin elmi irsi uzun illərdən bəri
müxtəlif elm sahələrinin
nümayəndələri tərəfindən öyrənilib tətbiq
edilir. Elə bunun nəticəsidir
ki, Azərbaycanda zərdabişünaslıq
elminin əsası qoyulub.
Böyük mütəfəkkir Azərbaycan
xalqının tarixində, həmçinin milli
teatrımızın və xeyriyyəçilik hərəkatının
banisi, mətbuatımızın yaradıcısı, ilk
qızlar gimnaziyasının açılmasının təşəbbüskarı
və təşkilatçısı, Azərbaycan müəllimlərinin
1906-cı ildə keçirilmiş birinci qurultayının təşkilatçısı
və sədri kimi də şöhrət qazanıb. Onun adı
xalqın maariflənməsi, mənəvi dirçəlişi
və fikir təkamülü ilə
bağlıdır. Azərbaycan xalqının ictimai-siyasi, fəlsəfi və elmi fikrinin XIX əsrin II
yarısı – XX əsrin əvvəllərində davam etdirilməsində, yeni
ictimai mühitə, tarixi
şəraitə uyğun şəkildə
daha da zənginləşdirilməsində
Həsən bəy Zərdabi özünəməxsus yer tutur.
İctimai fikrin inkişafı tariximizin yarım əsrə
yaxın bir dövrü məhz Həsən bəyin adı ilə
bağlıdır. Bu dövrdə onun möhtəşəm
fəaliyyəti xalqın tarixi ilə elə
qaynayıb-qarışmışdır ki, onları hətta
bir-birindən qoparıb ayırmaq mümkün deyildir.
XIX əsrin 60-cı illərindən XX əsrin ilk illərinədək
davam edən bir dövrdə ictimai-mədəni inkişaf
tariximizdə baş verən elə bir böyük və
kiçik hadisə göstərmək mümkün deyildir ki,
Zərdabinin orada iştirakı olmasın.
1861-1865-ci illərdə Moskva Universitetinin
fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsində
təhsil almış Həsən bəy Bakıya
qayıtdıqdan sonra Tiflisdə dövlət məmuru, Qubada
məhkəmə katibi və Bakı gimnaziyasında ilk ali təhsilli
müəllim kimi çalışmış, rus dilində təbiət
fənnini tədris etmişdi. Həmin dövrdə o, xalqın cəhalət və gerilikdən azad olması, maarif və
mədəniyyətə qovuşması üçün
milli qəzetin yaradılmasını zəruri
hesab edirdi. Bu məqsədlə o,
1870-ci ildən etibarən Azərbaycan dilində qəzet nəşrinə
icazə almaq üçün
dəfələrlə Qafqazın rəsmi qurumlarına
müraciətlər etmişdi. Onun təkliflərinə
nə qədər müqavimət göstərilsə də, ruhdan düşməmiş, əzmi və iradəsi
ilə bütün maneələri keçmiş və mübarizədən sonra qəzetin nəşrinə icazə ala bilmişdi. İstanbuldan mətbəə ləvazimatı
gətirdikdən sonra, nəhayət,
1875-ci il iyul ayının 22-də ilk milli Azərbaycan qəzeti
olan "Əkinçi”nin birinci
nömrəsini çapdan
çıxardı. Xalqımızın mədəniyyət
tarixində əlamətdar hadisə olan
"Əkinçi”nin nəşrə başlaması ilə dövri mətbuatımızın əsası
qoyuldu. Qəzet maarifçilik
ideyalarını özünə yenilməz bayraq
etmiş ilk Azərbaycan
mətbuat nümunəsi idi.
Az
vaxt ərzində qabaqcıl fikirlər mərkəzinə
çevrilən qəzetin ətrafında toplanmış böyük realist və
mütəfəkkir yazıçı Mirzə Fətəli Axundov, maarifpərvər şair
Seyid Əzim Şirvani,
dramaturq Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani,
publisist Əhsənül-Qəvaid,
Ə.Heydəri və başqaları yenilik
uğrunda və hər cür
gerilik hallarına qarşı mübarizə
aparırdılar. Qəzet "maarifdən, elmdən məhrum
bir xalq işıqdan
məhrumdur” şüarını bütün
fəaliyyəti üçün məramnamə
kimi qəbul edib, sonadək
bu ideyaya sadiq qaldı.
Bu gün də Azərbaycan mədəniyyəti, ədəbiyyatı
və mətbuatı Zərdabinin məktəbindən təkcə
qidalanmır, həm də bu ideyaları gələcək nəslə
ötürür.
Bütöv dövrün
yaradıcısı
"19-cu əsrin
sonlarında bir sıra şəxsiyyətlər
yaşayıb ki, onlarsız müasir Azərbaycan xalqını və Azərbaycanı
təsəvvür etmək mümkün deyil” deyən xalq şairi Sabir Rüstəmxanlının
fikrincə, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə,
Həsən bəy
Zərdabi, Əlimərdan bəy Topçubaşov,
Üzeyir Hacıbəyli kimi
şəxsiyyətlərsiz bizim millətimiz,
onun bugünkü mədəniyyəti,
ədəbiyyatı mövcud olmazdı:
"Bu baxımdan Həsən bəy Zərdabi
təkcə mətbuatın yaradıcısı deyil. Həm də Azərbaycan tarixində bütöv bir dövrün yaradıcılarından biridir. Azərbaycanı çağdaş
dünya mədəniyyətinə qoşan insanlardan biridir”. Mətbuat tariximizin
«Əkinçi»dən başladığını deyən
S.Rüstəmxanlının sözlərinə görə, mətbuat
tarixi hər xalqda bir cür yol
keçib: "Bəzi xalqlarda
dini mətbuatdan, bəzilərində xəbərlərdən
başlayır. Bizim mətbuat tariximiz haqqında danışanda da «Əkinçi»yə istinad
edirik. Bu, demokratik qəzetdir və bügünkü
tələblər səviyyəsindən baxanda
yüksək bir mətbuat səhifəsidir”.
S.Rüstəmxanlı hesab edir ki, «Əkinçi»
özündən sonra yaranan qəzetlərə, ictimai fikir
tarixinə, maarifçiliyə, teatr quruculuğuna, bir sözlə,
mədəni həyatımızın bütün sahələrinə
təsir edib: "Bununla da Həsən bəy Zərdabi
böyük bir məktəb yaradıb: həm mətbuat məktəbi,
həm də maarifçilik məktəbi. Bu məktəbin
həm Azərbaycan, həm də türk
dünyasındakı maarifçilik məktəblərinə
böyük təsiri olub».
«Əkinçi»nin
56 sayı
Həsən bəy Zərdabini
Azərbaycan ictimai fikir
tarixində, milli mətbuatımızın
yaradılmasında əvəzsiz xidmətləri olan şəxsiyyət kimi
dəyərləndirən «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı: «Həsən bəy Zərdabi
təkcə Azərbaycanın deyil, ümumiyyətlə,
türk dünyası tarixində çox nadir insanlardan biridir. Təəssüf
ki, biz Həsən bəy
Zərdabinin irsinə yalnız son dönəmlərdə
sahiblik iddiasını ortaya
qoymuşuq. Düzdür,
sovet dönəmində onun
əsərləri tədqiq olunub, ancaq birtərəfli
araşdırılıb”.
A.Aşırlı deyir ki, İsmayıl bəy
Qaspralıya nisbətən biz Həsən
bəy Zərdabini ictimai fikir
xadimi kimi hələ
təqdim edə bilməmişik: "Təsəvvür
edin, İsmayıl bəy "Qaspralı
Həsən bəy Zərdabidən qəzetçilik ənənələrini
öyrəndi və «Əkinçi»dən xeyli
sonra «Tərcüman»ı nəşr etdirdi. İsmayıl bəy Qaspralı türk dünyası tarixində ictimai fikrin
oyanışı prosesində tarixi bir obraz kimi
təqdim olunur. Təəssüf ki, biz Həsən bəy
Zərdabini bu cür
təqdim edə bilməmişik. Bəlkə də bu, «Tərcüman» qəzetinin daha
uzun müddət nəşr olunması ilə
bağlıdır. Ancaq
«Əkinçi»nin 56 sayı işıq üzü
gördü. Bu
sayların verdiyi impuls,
enerji və ideyalar «Tərcüman»
və ondan sonrakı ümumtürk
dünyası qəzetçiliyinin əsas konsepsiyası idi. Həsən bəy Zərdabinin əsərləri
həmişə Azərbaycan tarixinin
möhtəşəm bir salnaməsi kimi yaddaşlarda olacaq».
Maarifçilik ideyalarının yaşaması
"1875-ci ilin
22 iyulunda "Əkinçi” adı ilə
nəşrə başlayan qəzetin əsas
məqsədi, hər şeydən əvvəl ictimai-siyasi məsələləri
işıqlandırmaq idi. Zərdabi
qəzet vasitəsilə Azərbaycan xalqının gözünü açmaq,
onu cəhalət və avamlıq yuxusundan ayıltmaq, köhnə cəmiyyətin
çürüklüyünü
hamıya göstərmək, xalqı öz
insani hüquqları uğrunda
mübarizəyə çağırmaq istəyirdi” deyən professor İzzət Rüstəmov
"Əkinçi”nin uzun ömür
sürmədiyini qeyd edir:
"Ancaq bu qəzetlə
Azərbaycan milli mətbuatının əsası
qoyuldu. Həsən bəy Zərdabi qəzetin
birinci sayında "Dövr
dəyişir. Dəyişən dövrə uyğun
olaraq biz öz hərəkətlərimizə yenidən
yanaşmalıyıq. Adət-ənənəmizə,
maarifimizə yenidən baxmalıyıq” deyə
yazırdı. «Əkinçi» maarif
carçısı idi. İki
il müddətində Azərbaycanın gələcəyi
üçün böyük
rol oynadı”.
Professorun sözlərinə
görə, Zərdabinin Azərbaycan mətbuatında rolu təkcə «Əkinçi» ilə bitmir. Beə ki,
«Əkinçi»ni bir
qığılcım kimi qiymətləndirmək
lazımdır: "Qəzetdən gələn ideyaları
20-ci əsrin əvvəllərində Azərbaycanda digər
mətbuat orqanları davam etdirdi.
Bunlardan biri bizim «Şərqi-Rus» qəzeti idi.
Daha sonra «Həyat»,
«Tazə həyat», «İrşad», «Füyuzat» jurnalı kimi nəşrlər
Zərdabinin ideyalarını davam etdirirdi. Həsən bəy Zərdabi «Həyat»
qəzetində ən cəsur müxbirlərdən biri idi. Onun
məqalələrinin əksəriyyəti bu
qəzetdə dərc olunmuşdu”. İ.Rüstəmovun araşdırmalarına görə, Zərdabinin «Əkinçi»dən
başladığı elmi ideyalar 1906-cı ildə «Həyat» qəzetində
davam etdirilib. Əli bəy
Hüseynzadə, Məhəmməd Hadi,
Ömər Faiq Nemanzadə və digərləri
Zərdabinin vaxtilə qəzetdə irəli sürdüyü
ideyaları yayıblar: ”Füyuzat»
jurnalında Zərdabinin təqribən 7 məqaləsi dərc
olundu. Bu məqalələr
böyük maarifçinin
məktəbli balalara, onların təliminə
yönəldilmiş elmi məqalələri
idi”. Professor Azərbaycan
mətbuatının yaradıcısının, mədəniyyətinin
qurucusunun irəli sürdüyü
ideyaların bu gün
də yaşamasından fərəhləndiyini bildirir: ”Yeni dəyərlərimizə
qiymət verməsi, ortaq dil
məsələsi və s. məsələlər
Zərdabi tərəfindən irəli sürüldü
və Azərbaycan mətbuatı bu
ideyaları davam etdirdi.
Bu gün də həmin
ənənələrə sadiq
olmağımız böyük mütəfəkkirin
ideyalarının yaşaması deməkdir”.
Professorun fikrincə, bu yaxınlarda Həsən bəy Zərdabinin
doğulduğu Zərdab şəhərində
böyük mütəfəkkirin fəaliyyətinə
həsr olunmuş məqalələrdən
ibarət kitabın təqdimatı da Zərdabi
irsinə sadiqliyimizin ifadəsidir: "Kitabda yer alan
məqalələr rus dilindən Azərbaycan
dilinə tərcümə olunub. Həmin
nəşrdə yer alan
məqalələrin əksəriyyəti vaxtilə «Kaspi» qəzetində çap
olunub. Zərdabinin «Kaspi»də müvəqqəti
redaktor işlədiyi dövrdə
Əlimərdan bəy Topçubaşov qəzetin
baş redaktoru idi. Hesab edirəm ki, bu gün
də Azərbaycan mətbuatı Zərdabinin maarifçilik
ideyalarını uğurla davam
etdirir”.
Təranə Məhərrəmova
Kaspi.- 2018.- 29 iyun.- S.12.