İblis bizim içimizdədir
Məmməd Səfa:
"Dərviş
kimi yaşamağa haqqım yoxdur"Xalq artisti Məmməd Səfa
Qasımovla müsahibə
Könül Əliyeva-Cəfərova:
Yuğ teatrından Xalq artisti adını alan
ilk sənətkarsınız. Buna görə
sizi ürəkdən təbrik edirəm. Və
həqiqətən bu adın yaraşdığı nadir
insanlardansınız. Hansı hissləri
keçirdiniz?
Məmməd Səfa Qasımov: Çox sağ
olun. Mən də sizi bu layihə münasibətilə
təbrik edirəm, düşünürəm ki, bu,
böyük uğurdur. Sizin sənətçilərə
göstərdiyiniz diqqət təqdirəlayiqdir. Hesab
edirəm ki, bu gün Yuğ teatrında çoxdan xalq artisti adına layiq olan sənətçilər var.
Hansı hisslər keçirirəm? Yalnız və
yalnız məsuliyyət hissi. Bu adı
daşımaq məsuliyyət tələb edir, çünki
Yuğ teatrıyla bağlıdır, Vaqif İbrahimoğlunun
adıyla bağlıdır. Bu, tək mənə
verilən ad deyil, bütün teatra verilən addır. V.İbrahimoğluna, onun sənətinə,
teatrına verilən qiymətdir.
Dağlar Yusif: Deyirlər, aktyorlar modern dərvişlərdir.
Müasir dünyanın dəbdəbəsində
dərviş kimi yaşamaq çətin deyil ki?
M.Q.: Bilmirəm, “dərviş kimi yaşamaq” deyəndə
nəyi nəzərdə tutursunuz. Məncə,
öz işini, öz peşəsini layiqincə təmsil eləmək
üçün dərviş kimi yaşamağa o qədər
ehtiyac yoxdur. Sadəcə müasir
dövrdən söhbət gedirsə, bu dövrün tələblərinə
uyğun yaşamağa öyrəşməliyik. Mən cəmiyyətdən özümü təcrid
edə bilərəm, amma qızımı, oğlumu heç
vaxt. Onların həyatını
qurmağa, onları yaşatmağa bir ata kimi borcluyam. Ona görə də dərviş olub, dərviş
kimi yaşamağa haqqım yoxdur.
K.Ə-C.: İnsan zərrə-zərrə,
qram-qram qocalmaq üçün gəlibmiş dünyaya, sən
demə. Kədərlidir… Sizcə, yaradıcı adam nə zaman qocalır?
M.Q.: Çox qəribədir, yaş üstünə
yaş gəlsə də, hiss edirəm ki, içimdə bir
şıltaq, dalaşqan oğlan oturub. Mən
onunla həmişə mübahisədəyəm. Ki, özünü idarə elə, özünü
yaxşı apar. Amma içimdəki o
uşaq həmişə uşaq olaraq qalacaq. Yalnız fiziki qocalıq gəlsə, yaşam
enerjisi tükənsə, aktyor səhnəyə əlvida deməlidir.
Amma bir tərəfdən də, aktyor elə səhnədə
canını tapşırmalıdır.
K.Ə-C.: Aktyor fərd olmalıdır –
deyirsiniz həmişə və öz şəxsiyyətinizlə,
fəaliyyətinizlə bariz nümunəsiniz buna. Necə
düşünürsünüz, aktyor-şəxsiyyət
yetişdirmək üçün birinci nədən
başlamaq lazımdır?
M.Q.: Bunun üçün elə bir xüsusi üsullar
yoxdur, sadəcə, insan kimliyindən asılı olmayaraq,
qoyulmuş qanunlar ki var, söhbət yazılmayan qanunlardan
gedir, o qanunları gərək pozmasın. Əgər
mən Məmməd Səfa kimi bu qanunları pozuramsa, onda məsələ
birbaşa gəlir mənim şəxsiyyətimə söykənir.
Aşıq gördüyün
çağırar, mən müəllimlərimdən belə
görmüşəm. Əgər öz
peşənə hörmət eləmirsənsə, onda
başqalarından da bu hörməti gözləmək əbəsdir.
D.Y.: Bayaq Könüllə mübahisə
edirdik. O, sizi statik pozalar teatrının parlaq aktyoru kimi
görür, mən isə meydan teatrının… Bəs, siz
özünüzü hansı estetikanın, üslubun aktyoru
hesab edirsiniz?
M.Q.: Maraqlı sualdır, hərdən bu haqda
düşünürəm. Bir az uzaqdan
başlayım. Müəllim (Vaqif
İbrahimoğlu-red.) bizi təzə
yığmışdı. O bizə elə
tapşırıqlar verirdi ki, mən özümü çox
narahat hiss edirdim, eləyə bilmirdim, qızarıb
qalırdım, utanırdım. Axırda yaxınlaşdım
müəllimə və dedim ki, sabahdan məşqə gəlməyəcəm.
Baxdı, baxdı və dedi ki, qələt eləyəcəksən.
Get, məşqini elə. İmkan vermədi ki,
başqa söz deyim. Müəllim başqa tərbiyə
verdi bizə. Meydan teatrı
estetikasında, açıq sistemdə oynamaq,
tamaşaçıyla üz-üzə, göz-gözə
varolmaq çox çətindir. Aktyordan
böyük məsuliyyət tələb edir. Təsəvvür elə, sən həm
tamaşaçıyla, həm də tərəf-müqabillə
bir yerdəsən. Bu mənada, Vaqif müəllimin
teatrı bizdə peşəkara lazım olan vacib xüsusiyyətləri
formalaşdırdı. Digər
teatrların öz varolma üsulları,
tamaşaçıyla ünsiyyətə girmək
formaları var. Yuğ teatrında isə tamam başqadır.
Amma bu gün mən klassik teatr üslubunda da,
meydan estetikasında da oynaya bilərəm.
Özümü buna hazır hiss edirəm. Komediyada
da oynaya bilərəm. Çoxları hesab
edir ki, mən komik rolları ifa edə bilmərəm. Bəlkə də bu mənim görkəmimə yad
bir şeydir. Amma mən komediyanı
özümə yad hesab etmirəm.
D.Y.: Son bir neçə il
ərzində Yuğda baş verən proseslər heç də
onun xeyrinə deyil. O proseslər fonunda Yuğ başsız
atlıya bənzəyir. Yuğ teatrının əsasını
qoymuş sənətkarlardan biri kimi, Məmməd Səfa
olaraq mövcud vəziyyəti aradan qaldırmaq, Yuğu qorumaq
üçün nə edirsiniz?
M.Q.: Çətin sualdır. Çox məsuliyyətli
bir cavab tələb edir. Mən də
çalışacam, bu suala ehtiyatla cavab verim. Heç kimin xətrinə dəymək istəmirəm.
Yuğ dövlət teatrıdır və bu
gün onun başında dayanan, bu teatrın yaşaması
üçün çalışan insanlar var. Mən onlara da
burdan təşəkkürümü bildirirəm. Amma Yuğ teatrında aşağı-yuxarı nələrsə
baş verirsə, bunun səbəbini kənarda axtarmaq lazım
deyil. Bu gün Yuğ teatrına
aidiyyatı olmayan insanlar onu idarə edirsə, burada onların
heç bir günahı yoxdur. Günah
bizim özümüzdə, içimizdədir.
D.Y.: Söhbət konkret kimdən və ya
kimlərdən gedir?
M.Q.: Yuğçulardan… başımıza gələn hər
şeyə görə günahkar özümüzük. Yaxşı və pis nə varsa, hamısını
biz eləmişik. Ona görə, bu məsuliyyəti
dərk etməli və bu sualı özümüzə verməliyik.
Hərə öz işi ilə məşğul olmalı idi!
Mən bir nida da qoyardım bu cümlənin
sonuna. Yəqin ki, işimizlə məşğul
olmaq istəmədik, ona görə, dağınıqlıq
yarandı, xoşagəlməz məsələlər ortaya
çıxdı. Amma sonra nə oldu?
Sonra da gördüyünüz bugünkü mənzərə…
K.Ə-C.: Bəs bu gün Yuğ teatrı
mövcudluğunun hansı mərhələsini
yaşayır?
M.Q.: Bu gün biz Kukla teatrının binasında fəaliyyət
göstəririk. Bu mənada, mütləq o
kollektivə təşəkkürümüzü bildirməliyik.
Deyə bilərsiniz ki, axı, bu, nazirlik səviyyəsində
həll olunan bir məsələdir. Hər
halda, başqasının evinə girdik. Amma bu insanlardan
mən həmişə doğmalıq və yaxınlıq
hiss eləmişəm, direktorundan qapıçısına qədər.
D.Y.: Eşitmişəm ki, Vaqif İbrahimoğlu
Stanislavskinin adını çəkəndə “Allah rəhmət
eləsin!” deyirdi. Məncə,
V.İbrahimoğlu sağ olsaydı, bu gün
yuğçuların xatırladığı o V.
İbrahimoğluna bir neçə dəfə rəhmət
oxumuşdu. Sizə elə gəlmirmi ki,
bizim də ona rəhmət oxumağımızın vaxtı
çatıb.
M.Q.: Hə, müəllim bunu çoxdan başa
düşmüşdü. O deyirdi ki, bir teatr
poetikasının ömrü 20 ildən artıq ola bilməz. O elə bir insan idi ki, fikri hər
saat, hər dəqiqə dəyişə, daha doğrusu, yenilənə,
təzələnə bilərdi. Müəllimdə
qəribə bir proqress var idi. O, bu inkişaf ritmiylə
nəinki teatr icmasını, hətta dövrün digər
görkəmli alimlərini, filosoflarını heyrətləndirməyi
bacarırdı. Təbii ki, onun qoyduğu yolu
getmək, oradan sapmamaq, o xətti qoruyub saxlamaq
üçün gərək onun kimi düşünməyi,
o cür var olmağı bacarasan. Bu da bizdən
ötrü çox böyük və ağır məsuliyyətdir.
K.Ə-C.: Dediyiniz kimi, mərhələnin bitdiyini müəllim
özü duyurdu, duyurdu ki, Yuğda bir mərhələ bitib
və yeni mərhələ başlamaq üzrədir. Müəllim artıq “Kafkadan salam”la, “Psix”lə yeni
mərhələnin başlanğıcının əsasını
qoyurdu. Və çox təəssüf ki,
bir mərhələnin bitib başqasının
başlaması müəllimin dünyadan köçməsilə
üst-üstə düşdü. Və
bu qarğaşada hər kəs özünü itirdi.
M.Q.: Müəllimin getməyi ilə
özümüzü itirdik, bir az
özümüzə gəlməyə
başlamışdıq ki, ikinci bir zərbə – binanın
sökülməsi oldu. Düzdür, Yuğ
binadan ibarət deyil, amma hər halda məhz o bina yuğun
ekzotikasının bir parçası idi. Məhz
o binada bu poetika öz məkan həllini tapırdı. O
binadan çıxıb başqa bir məkanda var olmaq da olduqca
çətin oldu.D.Y.: Tələbələr
də doğrultmadı özünü…
M.Q.: Müəllimi adına layiq
yaşadan və yaşadacaq, ağrılı da olsa, deyəcəyəm
yalnız onun aktyorlarıdır. Bu mənada, məncə
Yuğ teatrının sənətçiləri harada
olmalarından asılı olmayaraq, o ruhun bir
parçasıdırlar, onun
daşıyıcısıdırlar.
K.Ə-C.: Amma aktyorları da vacib məqamda
susmağı seçdilər, bu susqunluq məni həmişə
incidir. Bu proseslər baş verəndə, kimlərsə durub
“mən belə elədim”, “mən elə elədim”, “Vaqif
budur”, “Yuğ budur” deyəndə, Yuğun qurucularının
o kimsələrin qarşısında susqunluğu məni
incidir.
M.Q.: Müəllim olsaydı, elə
danışmayacaqdılar…
K.Ə-C.: Müəllim yox idi, amma onun
aktyorları var idi orda… Mən sizdən gözlədim, Fərhad
(İsrafilov – red.) müəllimdən, Vidadi (Həsənov-red)
müəllimdən gözlədim, Sona xanımdan
(Sonaxanım Mikayılova – red), Gülzar (Qurbanova – red.)
xanımdan gözlədim…
M.Q.: Bu məsələ çox qarışıq və
mürəkkəb məsələdir. Yuğda
baş verənlərin bizdən asılı olan və olmayan
səbəbləri var idi. Amma bayaq da dediyim
kimi, biz hamımız – qapıçısından Xalq artistinə
qədər, günhakarıq. İndi mən
bu məsələləri açıb-ağartmaq, kimlərinsə
qəlbini qırmaq istəmirəm. Necə deyərlər,
bir qəlbi inşa edə bilmirsənsə, niyə
qırırsan..
K.Ə-C.: Aydın Talıbzadə “Otello”
tamaşasını 3 dinin konfrantasiyası kimi yozub. Nədənsə,
mənə həmişə elə gəlib ki, bu, sırf
Aydın müəllimin interpretasiyasıdır və Vaqif
müəllimin yozumu ilə heç bir əlaqəsi yoxdur. Prosesin birbaşa iştirakçısı kimi siz
necə düşünürsünüz?
M.Q.: Yalnız onu deyə bilərəm ki, bu tamaşa məndən
ötrü yeni bir səhifə açdı. İstər
ifaçılıq, istərsə tərəf-müqabillə
münasibət baxımından yaddaşıma həkk
olunmuş tamaşadır. Ona görə
yox ki, Otellonu mən oynayırdım. Sadəcə,
Yuğda bir neçə tamaşalar olub ki, yaddaşıma həkk
olunub. Məsələn, “Oğul”, “Salam”, “Səma”, “Sirlər
xəzinəsi” və “Can üstə”… Uzun zaman
keçməsinə baxmayaraq elə hesab edirəm ki, o
tamaşalar məhz bu günün tamaşalarıdır.
Aktyorun böyüməsi, inkişaf eləməsi
üçün çox böyük imkanları olan
tamaşalar idi.
K.Ə-C.: Siz heç zaman “Psixosof”
teatrının aktyoru olmamısınız və Vaqif müəllim
də sizi belə qəbul eləmişdi. Psixosofu qəbul etməsəz
də, prosesi keçir, hətta onu aparırsınız. “Statik pozalar” teatrının aktyoru kimi o ahəngi, yəni
ruhun hikmətiylə öz estetikanızı necə vəhdətdə
saxlaya bilirsiniz?
M.Q.: Bir gün Vaqif müəllim otağında tutdu
yaxamdan, sıxdı divara və dedi ki, niyə mənim dediklərimi
hamı eləyir, sən eləmirsən?!.
Dedim, Vaqif müəllim, bu “eləyə bilmirəm” söhbəti
deyil, mən, sadəcə, elə eləmək istəmirəm.
Mən onu sizin dediyiniz variantda qəbul edə
bilmirəm, mənim təbiətim belədir də… amma o təklif
olunan variantın içində özüm üçün
elə xırdalıqlar tapıram ki, bu xırdalıqlarla da həmən
mahiyyəti tamamilə əks etdirmək mümkündür.
Bu o demək deyil ki, mən müəllimin dediklərini
qəbul eləməmişəm, əksinə mən onu təpədən-dırnağa
qəbul etmişəm. Amma bütün bunları öz
orqanikama, ruhuma, bədənimə uyğun olaraq dərk etməyə,
dəyərləndirməyə çalışmışam
ki, özüm olum.D.Y.: Mənə həmişə
elə gəlib ki, Məmməd Səfa səhnədə də,
ekranda da öz variantlarını oynayır. İstənilən
rolunu “Məmməd Səfa teatrı”nın
estetikasında oynayır. Öz variantlarınıza bu
sadiqliyinizin sizi köhnəldəcəyindən, ştampa
çevirəcəyindən qorxmursuz ki?..
M.Q.: Heç vaxt işlədiyim rejissorun
variantını qəbul etməmək, onu silmək kimi iddiam
olmayıb. Sadəcə həmişə
rejissorun variantları yanında öz variantlarımı da
yerbəyer eləməyə çalışmışam və
həmişə bu prinsipə sadiq qalmışam. Rejissor fikrini realizə etməklə yanaşı, həm
də öz müəllifliyimi qoruyub saxlamışam. Əgər
mənim variantlarım rejissor fikrinə xələl gətirmirsə,
işə ziyan vurmursa, görəcəyimiz işin məna təbiətini
daha da zənginləşdirirsə, niyə də onlardan
yararlanmayaq…
K.Ə.C.: Məmməd Səfa
şablonlardan, stamplardan qaçmaq üçün nə edir
və bunu bacarırmı?
M.Q.: Heç vaxt bu barədə düşünməmişəm!K.Ə.C.: Məsələn, Fuad Poladovda belə
məqamlar var idi. Bilirdin ki, bu jest, bu yeriş,
bu səs, bu tövr yalnız ona xasdır. Bu həm çox gözəldir, həm də qorxulu
bir tərəfi var. Bu gözəl şeyin qorxulu məqama
çevrilməməsi üçün nə etmək
lazımdır.
M.Q.: Bu ştamp deyil, özünəməxsusluqdur və
çox gözəl bir şeydir. Allah Fuad Poladova rəhmət
eləsin, əgər bundan sonra bir 20 il də
yaşasaydı və oynasaydı, biz onu maraqla izləyəcəkdik,
qəbul edəcəkdik. Ona görə ki, bir fərd
kimi, şəxsiyyət kimi bütöv və maraqlı insan
idi. Aktyor sənəti, aktyorluq missiyası
eləcə səhnəyə çıxıb rejissorun
verdiyi mizanları yerinə yetirməklə bitmir. Necə ki, səhnədə hər şeyi
düzgün edəndə aktyor maraqlı görünür,
eləcə də gərək həyatı düzgün
yaşayasan, hər şeyi düzgün qurasan. Bir vaxtlar Dram Teatrının “qızıl
dövrü” vardı, mən tələbə idim, amma o zaman
bütün tamaşalara baxırdım. Ağasadıq Gəraybəylidən
bu yana o dövrün bütün
aktyorlarını görmüşəm. Heç
biri bir başqasına bənzəməzdi, hərəsi bir
cür dahi idi və bu, məhz bayaq dediyimiz özünəməxsusluğun
sayəsində mümkün olurdu. Bununçün
gərək qapıdan o tərəflə qapıdan bu tərəfi
balansda saxlamağı bacarasan. Sənət
şəxsiyyətə dayanır, şəxsiyyət yoxdursa
sənət də, peşə də yoxdur.
D.Y.: “Qapıdan o tərəf və bu tərəf”
…çoxmu ehtiyac duyursuz qapıdan o tərəfdəki Məmməd
Səfanı gizlətməyə?..
M.Q.: Heç vaxt qapıdan o tərəfdəki Məmməd
Səfanı gizlətməyə ehtiyac duymamışam. Sadəcə, onu həmişə məsuliyyətli
olmağa, özünü idarə etməyə dəvət
eləmişəm. Mənim ixtiyarım
yoxdur ki, qapıdan o tərəfdə özümü peşəmə
yaraşmayacaq formada aparım. Mənimçün
ən böyük dəyər qapıdan o tərəfdədir.
Qapıdan bu tərəfdəki isə mənim
peşə tərəfimdir, təzahürdür. Səhnə retgen kimi sənin içini göstərəcək.
Ona görə, əvvəlcə qapıdan o tərəfdəki
Məmməd Səfanı qorumaq, təmiz saxlamaq lazımdır.D.Y.: Hansı qəhrəmanınızın,
hansı rolunuzun altından imza atardınız ki, bu mənəm,
Məmməd Səfadır?
M.Q.: Çox çətin sualdır… İcazə verin,
bu sualı cavabsız qoyum… Qorxuram, verəcəyim
cavab özümdən böyük olar. Yəqin
ki, bu sualı cavablandırmaq üçün bir xeyli vaxt
lazımdır.
D.Y.: Məncə, siz bu sualın cavabını çox
yaxşı bilirsiz, sadəcə demək istəmirsiniz…
M.Q.: Yox, çətin sualdır. Düşünmədən,
suala cavab vermək xatirinə nələrsə demək olar.
Heç vaxt düşünməmişəm bu
barədə, sadəcə mən bütün rollarımı
sevirəm və heç birinə fərq qoymuram.
K.Ə.C.: Səfa müəllim, İblisi
oynamaq çətindir?
M.Q.: Yox… İblis bizim içimizdədir də, sadəcə
onu bir az hərəkətə gətirmək lazımdır, vəssalam.D.Y.: Məncə, Məmməd Səfa
nə oynayıbsa hamısı İblisidir.
M.Q.: Filmi nəzərdə tutursunuzsa, çox mürəkkəb
bir film idi. Orda bir xətt boyunca 8-9 personajı
canlandırırdım və çalışırdım ki,
biri o birinə oxşamasın. Hesab edirəm
ki, o film məhz “aktyor filmi”dir.
D.Y.: Bütün orqanikanızda, yerişinizdə,
duruşunuzda, auranızda bir dirəniş, bir
qarşıdurma intonasiyası var. Bəs, müasir Azərbaycan
teatrı necə, sizi qane edirmi? Problemlər sözsüz ki,
var, bəs siz əsas problemi nədə görürsüz?..
M.Q.: Bəli, problemlər var – yaşam olan yerdə
problemdən qaçmaq mümkün deyil. Hər
kəs əvvəlcə öz işini dərindən bilməli
və onunla məşğul olmalıdır. Əgər
bu gün Məmməd Səfa bilirsə ki, bacarmır, sənətə
yaramır, onda çıxıb getməlidir… Nə
qədər ağrılı da olsa, hər kəs bunu
özü dərk etməlidir. Məncə,
ən böyük problem iddia və potensial problemidir. Bəzən iddialarımızla,
bacarığımız, potensialımız üst-üstə
düşmür. Məsələn, mən
bu gün tələbələrlə tamaşa qura bilərəm,
amma, axı, bilirəm ki, bu, başqa peşədir və mən
rejissor deyiləm. Bu mənada, gərək hər kəs
özünü bilsin, onda mənə elə gəlir, problemləri
çözmək də asan olar.K.Ə.C.:
Yeni yaranan özəl teatrlara münasibətiniz necədir və
dəstək olursunuzmu? Hər hansı bir təklif gəlsə
qəbul edərsizmi?..
M.Q.: Qəbul edərəm, amma baxır mənə nə
təklif edirlər. Görüm, bir onu bacararammı,
özümü o formada, o məzmunda tapa bilərəmmi…
Bunlar bir az düşünmək tələb
edən məsələlərdir.
D.Y.: Deyirlər ki, sənətçi
yaradıcılıq prosesində özündən daha
böyük qəhrəmanlar yaratmağı
qarşısına məqsəq qoymalıdır. Bəs siz
proses zamanı hansı məqsədləri qoyursuz
qarşınıza?..
M.Q.: Özündən böyük qəhrəmanı
yaratmaq xeyli çətin və mübahisəli məsələdir,
gəl, hələ biz özümüz boyda qəhrəmanı
yaradaq, sonra bu barədə düşünərik. Mənim
anamın bir dayısı var idi, həmişə ağappaq
geyinərdi, səliqəli, ağ
saqqalı vardı. Radioların təzə
çıxan vaxtı atam mənimçün bir radio
almışdı, mən də gələnə də
göstərirdim, gedənə də. Bu kişi
gəldi çıxdı bizə, gələn kimi getdim gətirdim
radionu qoydum qabağına, dedim, baba, bax, atam mənə radio
alıb. Kişi, indiki kimi yadımdadır, radioya əl vurmadı,
o yanına baxdı, bu yanına baxdı… baxdı… baxdı…
baxdı… sonra antennasını çıxardı,
haçandan-haçana “çıq” eləyib yandırdı,
bir də fırladı, baxdı və qayıtdı ki, hə,
bala, yaxşı radiodur. Sındırma, saxla,
bu, gözəl radiodur. Baxın, mənimçün
ən böyük “aktyor sənəti” odur. Bu gün də
o kişi gözümün
qabağındadır. Mən necə
hayıl-mayıl o kişiyə baxırdım və gözləyirdim
ki, görəsən, nə deyəcək. Bu gün də mənə aydın deyil ki, o insanda nə
idi məni belə sehirləyən, cəlb edən. Bax, bütün sirr ordadır… o sirri çözmək
gərəkdir. Təbii, müəllimlərimdən
çox şey öyrənmişəm. Allah
qəni-qəni rəhmət eləsin Nəsir Sadıqzadə-red.)
müəllimə, sözlə işləməyi
o öyrədib mənə. Tamaşanın ərsəyə
gəlməsində ən vacib mərhələ stolarxası
məşqdir ki, bunu da Nəsir müəllimdən öyrənmişəm.
Lakin mənim üçün birinci dəyər hər zaman o
kişi olub.D.Y.: Məmməd Səfa da
bizim üçün müəyyən mənada, elə o
kişidir. Hər dəfə çıxır,
eyni yeriş, eyni hərəkətlər, lakin sən bilmirsən
ki, o nə edəcək. Bax, bu bilinməzliyi
necə qoruyursunuz? Maraqlı
qalmağın bir sirri varmı? Yoxsa bu,
bilaixtiyar əmələ gəlir?
M.Q.: Yox, bilaixtiyar heç nə əmələ gəlmir.
Sadəcə çalışmışam ki,
yalan danışmayım. Onsuz da həyatımız
bir çox məqamlarda yalanlar üstündə qurulub. Bu gün də davam edir, istər qapıdan o tərəfdə,
istər bu tərəfdə. Onsuz da, elədiyim
oyundur, istədim-istəmədim. Əgər
tamaşaçı qarşısına
çıxmışamsa, deməli, hansısa bir oyunu ona təqdim
edirəm. Bu oyunun içinə yalan da
qatmış olsam, onda bu, işin keyfiyyətinə xələl
gətirər. Bu mənada,
çalışmışam ki, elədiyim heç nəyə
yalan qatmayım. Bir dostumuz var, adını
deməyəcəyəm, deyir ki, bir dəfə durmuşam,
sağımdan-solumdan insanlar keçir, heç biri mənə
dəymir, toxunmur, amma hiss edirəm ki, hamısı mənə
toxunub gedir. Bu sözdə bir həqiqət
var. Bu və bu kimi məqamlar, istədin-istəmədin, səni
yalanlara aparır. Küçədə
biri ilə rastlaşırsan, istəmədən üzünə
bir təbəssüm gətirirsənsə, artıq bunun
özü də bir yalandır. Aktyor
peşəsi üçün bunları zərərli yalanlar
hesab edirəm. Nəyə görə?
Tələbə vaxtı instituta gələndə
yolumun üstündə, kilsənin qabağında bir
qadın dayanırdı. Uzun illər o yerdə
dayanıb dilənirdi. Sonra bir müddət
yoxa çıxdı. Bir dəfə
metroda rastlaşdıq. Dilənmirdi, amma
üzündəki o yazıqlıq hələ də
qalmışdı. Çünki istəməsə
də, artıq o ifadə üzünə həkk olunmuşdu.
Aktyor sənətini də belə hesab edirəm,
onu zorlamaq olmaz, yalançı ifadələr çox təhlükəlidir,
onu qəlibə sala bilər. Yalançı ifadələrlə
aktyor özünü, aktyor təbiətini zorlamış
olur.K.Ə-C.: Həyatdan aldığınız ən
böyük dərs nə olub?
M.Q.: Ən böyük dərs… (Susur) İstəməzdim
ki, əziz insanları nə vaxtsa itirək. Əzizlərimizi itirdikcə həyatdan öz dərsimizi
alırıq, ağrılıdır… amma həyat dediyimizin
özü də elə budur.
D.Y.: Dilənçi qadından danışdınız. Mənə elə gəlir ki, elə ən səmimi
dilənənlər, bax, o dilənçilərdir. Biz
hamımız dilənirik, birimiz sevgi, birimiz diqqət, birimiz
ümid… Məmməd Səfanın ən
böyük diləyi nə olub və kimdən olub?
M.Q.: Birinci Allahdan diləmişəm, sonra isə umacaq
yerim həmişə atam olub.
D.Y.: Bəs, ən çox nəyi itirməkdən
qorxmusuz?
M.Q.: İndiki yaşımda bunu bir neçə hissəyə
bölə bilərəm: övladlarımla, valideynlərimlə,
peşəmlə və s. Allah-təala hərəyə bir
ömür verib, hərə bir ömür yaşayacaq. Kaş, yaşayacağımız ömrü ləyaqətlə,
şərəflə yaşa bilək sonacan. Sevgiylə və sevgiyə köklənərək
yaşaya bilək. Başqa yolumuz yoxdur.K.Ə-C.: Bir dəfə
demişdiniz ki, aktyorlar Allaha ən yaxın olan insanlardır…
M.Q.: Bəli, çünki aktyor ruhuna köklənən
bir varlıqdır. Ruh da nədir? Bizim içimizdəki “mən”. Bunu mən deməmişəm
ki… deyir, bir mən vardır məndə, məndən içəri…
K.Ə-C.: Şair də, rəssam da, musiqiçi də
ruhla əlləşənlərdir…
M.Q.: Əlbəttə. Mən nə
üçün özümüzü Allaha şairdən, rəssamdan,
musiqiçidən daha yaxın hesab edirəm? Çünki
onların alətləri var, fırçası var, qələmi
var… Aktyorunsa “öz”ündən başqa
heç nəyi yoxdur. Mənim – aktyorun
söykəndiyi yalnız “O”dur. Bu mənada, aktyoru “O”na
daha yaxın hesab edirəm.D.Y.: Heç tələbələrinizə
yalan danışdığınız vaxtlar olubmu?
M.Q.: Bəzən elə məqamlar olur ki, məhz orada
yalan danışmaq lazımdır. Birdən
görürsən ki, tələbədir, gəncdir, təcrübəsizdir,
nəsə edir, alınmır. Sən ilk
baxışda baxırsan, elə hesab edirsən ki, o bu məsələyə
yaramır, amma yenə də mənim haqqım yoxdur ona bu
sözü deməyə. Çünki bu
peşədə bunu demək ağılsızlıqdır.
Bəzən heç ummadığın, nəzərə
almadığın tələbə, bir də görürsən,
elə formada özünü realizə elədi ki, heyrətlənirsən.
Ona görə, hərdən yalan danışmaq
lazımdır, söhbət qarşı tərəfi
ruhlandıran, inandıran yalandan gedir a… Özüm
də zamanında dəfələrlə bu
inamsızlığa düçar olmuşam, müəllimlərim
məni inandırıblar.
K.Ə-C.: Müəllimləriniz
çoxdur dediniz, bəs, kimi ustad hesab edirsiniz?
M.Q.: Allah qəni-qəni rəhmət eləsin,
bütün müəllimlərimə, müəllimlərim
çox olub, məni ilk dəfə səhnəyə
çıxaran, ilk addımı öyrədən Əfrasiyab
Məmmədov, Nəsir Sadıqzadə olub. Ustadım
isə bir nəfərdir – Vaqif İbrahimoğlu.
Kaspi.-
2018.- 28 iyun.- S.10-11.