Bir nəslin
üç nümayəndəsi
I yazı. Səhnə mücahidi Mirmahmud Kazımovski
Tədbirlə
bağlı yolum C.Cabbarlı adına Teatr
Muzeyinə düşmüşdü. Salonların
birində bir fotoşəkil diqqətimi cəlb etdi. Şəkildə səhnə mücahidləri
Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski əks
olunmuşdu. Gənclər gimnaziyada
oxuduqları vaxt bu şəkli çəkdirmişdilər.
Şəkilin qarşısında durub
uzun-uzadı baxdıqca xəyal məni çox-çox
uzaqlara, teatr xadimi, dramaturq, rejissor, pedaqoq, Azərbaycanın
ilk peşəkar aktyorlarından biri, əməkdar artist
M.Kazımovskinin yaşayıb fəaliyyət göstərdiyi
dövrə apardı. Bu böyük insan və sənətkar
haqqında oxuduqlarım, müxtəlif sənət
adamlarından, o cümlədən ailə üzvlərindən
eşitdiyim xatirələr kinolenti kimi gözlərim
önündən gəlib keçdi...
Atanın
ruhu oğulun köməyinə çatdı
Mirmahmud Kazımovskinin oğlu Rauf 1953-cü ildə 25
yaşı olanda "O olmasın, bu olsun” musiqili komediyanın
radio tamaşasını hazırlamağı qərara
alır. O
vaxtı bəstəkar Üzeyir bəy Hacıbəyli
artıq dünyasını dəyişmişdi. Gənc rejissor böyük həvəs və
şövqlə işə başlayır. O
çalışırdı ki, radio tamaşası dahi bəstəkarın
dəst-xəttinə uyğun olsun. Ssenari müəllifi
və rejissor da Raufun özü idi. O, Məşədi
İbad roluna SSRİ xalq artisti Mirzağa Əliyevi nəzərdə
tutmuşdu. Lakin görkəmli sənətkar xəstə
olduğu üçün Məşədi İbadı oynaya
bilməyəcəyini bildirmişdi. Gənc
rejissor nə qədər çalışsa da M.Əliyevi
yola gətirə bilmirdi.
Bir gün aktyor radio komitəsinə gəlir. O, sədr Adil Əfəndiyevlə
görüşüb, ona demək istəyirmiş ki, xəstəliyi
ilə əlaqədar müəyyən müddət
verilişlərdə iştirak edə bilməyəcək. Lakin nə sədri, nə də Raufu yerində tapa
bilmir. Dəhlizə çıxarkən
radiomuzun ilk diktorlarından biri Soltan Nəcəfovla
rastlaşır. Onların arasında belə
bir dialoq olur.
M.A.Əliyev:
− Ay Soltan, sizdə cavan bir rejissor peyda olub. Elə
hey bizə zəng edir, dinclik vermir mənə. Mən də ki, özün bilirsən də, xəstəyəm,
Məşədi İbadı oynamağa halım yoxdur.
Soltan Nəcəfov məsələdən hali idi. Çünki
həmin radio tamaşasında aparıcı diktor olacaqdı.
Ona görə də gülə-gülə M.Əliyevə
deyir:
− Ay
Mirzağa, tanımırsan Raufu? Sənin
yaxın dostunun oğludur də, rəhmətlik Mirmahmud
Kazımovskini deyirəm. Yəqin
yadından çıxıb.
M.A.Əliyev
duruxsunub cavab verir:
− Əşi, sən nə danışırsan. O rəhmətliyin mənim
boynumda haqqı çoxdur. Həmyaşıd olsaq da, mənim
səhnədə gözəl və savadlı aktyor kimi
püxtələşməyimdə, səhnə davranışımda,
rus sözlərini
yeri gələndə düzgün tələffüz etməyimdə
bir dost- müəllim kimi Mirmahmud daim yardımçım
olub. Mən bunu heç vaxt itirə bilmərəm.
Allah ona qəni-qəni rəhmət eləsin.
Sonra
Mirzağa müəllim nəfəsini dərindən dərib
bir qədər uca səslə dedi:
− Ona de ki, nə vaxt istəyir gəlsin
bizə, gözləyəcəyəm...
Rauf Kazımovski vaxtı itirmədən ertəsi
günü sevincək Mirzağa Əliyevgilə gedir. Kişi onu
görcək çox sevinir. Sanki
qarşısında duran Rauf deyil, dostu Mirmahmud idi. O,
gülümsünüb deyir: "Mən Məşədi
İbad rolunu dostum Mirmahmud Kazımovskinin ruhuna xatir ifa edəcəyəm...”
Mirzağa
Əliyevin fisincan plovu
Rejissor Rauf Kazımovski
"Məşədi İbad” radio tamaşasını
1953-cü ilin aprel ayında hazırlayıb başa
çatdırdı. Tamaşa radioda veriləndən
sonra nəinki dinləyicilərin, həm də mütəxəssislərin
diqqətini cəlb etdi.
Bu hadisədən bir neçə gün keçdi. Aktyor
Mirzağa Əliyev Raufu evinə qonaq çağırdı.
Aktyor gözəl və məşhur Azərbaycan
xörəyi – fisincan plov bişirtdirmişdi.
M.A.Əliyev üzünü Raufa tutub dedi: "Oğlum,
Allah-təala o arağı necə haram sayıbsa, bir gör , plovnan getmir”. O, bunu deyib stolun
üstünə iki qədəh qoydu və konyakdan
süzdü. Sonra sözünə əlavə edərək
dedi: "Bilirəm, bu fisincandan Mirmahmudun da evində bişir.
Amma qarşındakı fisincanı
görürsən də. Tərkibi
qovurulmuş və çəkilmiş qozdur,
lavaşanadır, doğranmış yağlı quş ətidir,
yağdır. Bir də ki, ən əsas rənginin
qapqara olmasıdır. Bu çox vacibdir,
belə də olmalıdır. Qəhvəyi
olsa ko deyil” (əslində - kov deyil, yəni sayılmır –
A.K). M.A.Əliyev bunu deyəndə hər
ikisi güldü.
Sonralar
Rauf Kazımovski ötən günləri xatırlayıb
deyirdi: "Böyük sənətkarımızın evində
fisincan plovu yeyəndən sonra düzü, bu yeməyə elə
aludə oldum ki, mənim ən çox sevdiyim xörək
oldu. Xoşbəxtlikdən nənəm içərişəhərli
olduğundan fisincanı bişirməyi gözəl bilirdi...”
Mollaxanadan
teatra
Dövrünün sayılıb seçilən
ziyalılarından olan Mirmahmud Kazımovskinin adı Azərbaycan
teatr tarixinə ilk peşəkar aktyorlardan biri kimi
yazılıb.
Nəslin
ağsaqqalı M.Kazımovski Bakıda Mirələkbər
kişinin ailəsində 1882-ci il
fevralın 27-də dünyaya göz açıb. O, əvvəlcə
mollaxanada oxuyub, sonra isə teatr xadimi Həbib bəy Mahmudbəyovun
üçsiniflik rus-tatar (Azərbaycan – A.K) məktəbində
gələcəyin böyük sənətkarı Hüseyn
Ərəblinski ilə birgə təhsil alıb. Hətta
onlar ilk dəfə səhnəyə 1897-ci il
martın 9-da "Lənkəran xanının vəziri” tamaşasında
da birgə çıxıb.
M.Kazımovski
bununla bağlı "Xatiratım” da yazır: "Ərəblinskinin
və mənim səhnəyə qayət həvəsimiz
olduğu üçün xəyalımız bu idi ki, gedib
artistlik dərsi oxuyaq. Mixaylovski adına
şəhər məktəbində oxuduğumuz zaman orada
Dmitri Yakovleviç adında bir qoca gürcü müəllimimiz
var idi. Yaxşı oxuduğumuz
üçün o mərhum bizi çox sevərdi.
Artistlik barədə ona müraciət edib məsləhət
istədikdə, çox şad olub dedi: "Çox gözəl
olar. Siz müsəlmanlarda heç oxumuş, yəni
kurs qurtarmış artist yoxdur”.
Bundan
sonra Həbib bəyin istedadlı şagirdləri Cahangir
Zeynalovun ev tamaşalarında, müxtəlif
teatr truppalarında, teatr bölmələrində, hətta həvəskarların
dərnəklərində aktyor kimi çıxış ediblər.
M.Kazımovski "Axşam səbri xeyir olar”
tamaşasında ilk dəfə qadın rolunda (Çimnaz
xanım) oynamaqla, sonralar da qadın rollarını ifa edib. Bununla əlaqədar aktyorun
tərcümeyi-halına müraciət edək: "Mənim
qadın rolunda oynamağım başıma böyük
müsibətlər gətirdi. Hər dəfə
tamaşadan çıxandan sonra mürtəce gənclər
dalımca düşüb söyüş
yağdırırdılar. Hətta onlar dəstə
ilə üstümə hücum çəkir, küçələrdən
afişaları qopardır, olmazın oyunlar
çıxarırdılar. Odur ki, mən
bu təqib və tənədən yaxamı qurtarmaq
üçün afişalarda familiyamı "Kazımovskaya”
yazdırırdım”.
Günlərin
birində səhər tezdən iş dalınca getməyə
hazırlaşan Mirmahmudun mənzilinə polislər girib, onu
polis idarəsinə getməli olduğunu bildirirlər. Polis idarəsində pristav onun adını və
soyadını soruşur. Sonra qəzəblənib
yumruğunu stola çırpır: "Yalan deyirsiniz. Sizin əsl soyadınız Kazımovskayadır.
Siz nə məqsədlə qadın
soyadını daşıyırsınız? Bu, nə fırıldaqdır? Mirmahmud
başına gələnləri danışsa da, pristav ona
inanmır. Aktyoru
yalnız ertəsi günü həbsdən azad edir.
Vaxtilə
aktyorların çətin şəraitdə fəaliyyət
göstərmələrini xatırlayaraq ümummilli lider Heydər
Əliyev demişdi:"İncəsənət xadimlərinə
divan tutulması bütün tərəqqipərvər
ictimaiyyəti, teatrın bütün dostlarını hiddətləndirirdi.
Hüseyn Ərəblinskinin öldürülməsi
onları xüsusilə bərk sarsıtmışdı.
Hüseyn
Ərəblinski, onun həmkarları və məsləkdaşları
olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə,
Mirmahmud Kazımovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski,
Əbülfət Vəli və başqaları teatrın
özünü qoruyub saxlamaq uğrunda daimi, hətta fədakarcasına
mübarizə şəraitində xalqı Azərbaycan və
rus dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin
ən yaxşı əsərləri ilə tanış
edirdilər”.
Aktyorlarımız həqiqətən
teatrımızı yaşadıb inkişaf etdirmək naminə
sözün əsl mənasında özlərini fəda
edirdilər.
Mirmahmud Kazımovski təkcə dram səhnəsində
deyil, operada da çıxış edib. 1908-ci il yanvarın 12-də
bəstəkar
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun”
operası ilk dəfə tamaşaya qoyulanda Mirmahmud Kazımovski Leylinin atası rolunu
ifa etməklə bərabər, həm də səhnədə
ərəb rollarında da oynayıb. Hətta o, opera teatrı
üçün dörd operetta, dram teatrı
üçün "Həmşəri mənzili”, "Kəndxuda”,
"Nadanlar”, "Uşaq mənimdir...” pyeslərini yazıb.
Onun 14-ə qədər
böyük və kiçik həcmli səhnə əsəri
vardır:
"Daşım-daşım”, "Molla Cəbi”, "Vurhavur”,
"Nə qanır, nə qandırır”, "Yaftiməli”,
"Ədalət divanı”, "Kəblə Xoşməmməd”,
"Vəfasız məşuqə”, "Cümşüd bəy”
və s.
Aktyor 20-ci illərin əvvəllərində Bakı
Azad Tənqid-Təbliğ Teatrında işləyib, Azərbaycan
Dövlət Dram Teatrında ömrünün sonuna qədər
çalışıb. 1921-ci ildə Dərbənddə teatr
yaradıcılarından biri olub. O, müxtəlif teatr səhnələrində
"Lənkəran xanının vəziri” (Ağa Bəşir),
"Keçmişdə qaçaqlar” (İvan bəy), "Pəhlivanani
zəmanə” (Cahangir bəy), "Müsibəti Fəxrəddin”
(Əhməd), "Ölülər” (Mirzə Hüseyn və
Azarlı), "Çəkməci Seyfulla” (Allahqulu), "Dəmirçi
Gavə” (Nozər), "Otello” (Rodriqo), "Romeo və Culyetta”
(Əczacı), "Vaqif” (Qurban kişi), "Toy”
(Kolxozçu) və s. tamaşalarda bir-birindən maraqlı
rollar ifa edib. Bundan başqa rejissor kimi, teatr dəstələrində,
özfəaliyyət dərnəklərində öz əsərlərini,
digər yazıçıların "Yadımdadır”,
"Güzəməlinin övrəti”, "Müsibəti Fəxrəddin”,
"Vətən”, "Müfəttiş”, "Bəxtsiz
cavan”, "Pəri cadu” pyeslərini tamaşaya qoyub.
İdmana
aid ilk dərsliyin müəllifi
M.Kazımovski səhnə fəaliyyəti ilə
yanaşı pedaqoji fəaliyyət də göstərirdi. O, "Nicat” Maarif Cəmiyyəti
nəzdindəki məktəb komissiyasının işində
fəal çalışır, öz təşəbbüsü
ilə açdığı məktəbdə dərs deyir,
axşam kurslarında müəllimlik edirdi.
Jurnalist
H.Cümşüdlü "Mirmahmud Kazımovski”
kitabında bu maarifpərvər ziyalı haqqında yazır
ki, o bir müddət rus dili, rəsm, nəğmə, hesab dərsləri
deməklə yanaşı, həm də məktəblərdə
idman dərsi aparıb. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycanda
idmana aid ilk dərsliyin müəllifi Mirmahmud Kazımovskidir. Orta
məktəb dərsliyi həcmində yazılmış bu
kitabın iki yüzə yaxın şəkli vardır.
Maraqlı burasıdır ki, müəllif çapa
hazırladığı dərsliyin şəkillərini də
özü çəkib...
M.Kazımovski
uşaqlarda Azərbaycan ədəbiyyatına böyük məhəbbət
oyadırdı. O, həmişə şagirdlərinə deyərdi:
"Ədəbiyyat
xalqın
güzgüsüdür. Əgər bir
xalqın tarixi və mədəni həyatı ilə, onun
arzu və istəkləri ilə, sevinc və kədəri ilə
tanış olmaq istəyirsinizsə onun ədəbiyyatına
müraciət edin”.
Mirmahmud
Kazımovskinin tərif vərəqəsi
Maraqlıdır ki, o vaxtlar qabaqcıl müəllimlərə
yaxşı işlərinə görə tərif vərəqəsi
verilirdi. 30-cu illərin əvvəlində M.Kazımovskiyə
də belə bir təşəkkür vərəqəsi
verilib. Bu tərif vərəqəsində
yazılıb: "Mədəni ordu nəfərinə tərif
vərəqəsi. Yol. Kazımovski.
1-ci dairə mədəni hücum ştabı
1931-32-ci tədris ilində öz
savadsızlığını ləğv edən zəhmətkeşlər
adından, mədəni cəbhədə aktiv iştirak
etdiyin üçün sənə Proletar təşəkkürü
izhar edir. Savadsızlığı ləğv
mübarizəsində aktiv iştirakınla, sən sosialist
quruluşu işinə yardım etdin.
Yeni qalibiyyətlərə doğru. Mədəni
cəbhəni gələcəkdə də buraxma, onun birinci
sıralarında ol.
Yaşasın böyük mədəni inqlab!
1-ci dairə ştabı.”
Azərbaycanın əməkdar artisti, teatr xadimi Mirmahmud Kazımovski yorulmaq bilmədən çalışırdı. O, bir müddət Bakı kinostudiyasında da işləyib, "Bismillah” (1925), "Bakılılar” (1938), "Kəndlilər” (1939) və s. filmlərdə epizodik rollarda çəkilib.
Azərbaycan mədəniyyətinin və incəsənətinin fədakar mücahidi, artist, rejissor, dramaturq və pedaqoq Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də, 58 yaşında vəfat edib.
Bu il unudulmaz sənətkar Mirmahmud Kazımovskinin 135 yaşı tamam olub.
Aydın
Kazımzadə
Kaspi 2018.- 30 iyun - 2 iyul.- S.8.