Şair və katib – Anna
Axmatova
Kolodnı, Lev
Anna Axmatovanın ilk dəfə Parisdəki rus nəşriyyatı tərəfindən çap edilən "Mənim bioqrafiyam” əsərində oxuyuruq: "Mən 24 iyun 1889-cu ildə Sarakinilərin Odessadakı Bolşoy Fontan adlanan ərazidə yerləşən bağ evində dünyaya gəlmişəm. Atam Andrey Antonoviç Qorenko həmin zamanlar dəniz donanmasının mühəndis-mexaniki idi. Anam İnna Erazmovnanın – Gənclik illərində Naradovol ("Narodnaya volya” partiyasının üzvü – X.N.) sıralarında olub – qızlıq soyadı Stoqovadır. Mən təxəllüsümü anamın anası knyaginya Axmatovanın adından götürmüşəm”.
Yaxınlarının əhatəsində o, dəfələrlə Müqəddəs ananın şərəfinə keçirilən Vladimir İkonası bayramı günündə dünyaya gəldiyini bəyan etmişdi. Həmin bayram isə Uqra çayı ətrafında Moskva ordusu ilə sonralar öz həmyerliləri tərəfindən hakimiyyətdaxili müharibələr zamanı öldürülən Axmat xanın döyüşçüləri arasında baş verən tarixi qarşıdurma ilə əlaqədar olaraq qeyd edilir. Anna Andreyevna məhz Axmat xanı öz əcdadı hesab edirdi, çünki onun ulu nənəsi knyaz nəslindən idi və Axmatova soyadını daşıyırdı.
Yaxın dostların əhatəsində qeyd etdiyi ad günlərində özü haqqında deyirdi: "Mən Anna Sretenskayayam”. Onun adı müqəddəs qadın Annanın şərəfinə qoyulmuşdu. Axmatova təxəllüsü ilə yazmaq qərarı qızının şeir yazdığını bildikdə həm bu vəziyyətdən, həm də Qorenko soyadının şeirlərin altında imza olaraq yazılacağından narazılığını bildirən atası ilə söhbətlərindən sonra yaranır.
1907-ci ildə Annanın nişanlısı Nikolay Qumilyov tərəfindən Parisdə nəşr olunan jurnalda dərc edilən ilk şeirini A.Q, inisialları ilə imzalamışdı.
Nəzərə alsaq ki, Anna Andreyevna atasına hörmət bəsləmir, onu sevmir və bunu gizlətmirdi o zaman onun qızlıq soyadından imtina etmək səbəbi aydın olur. Kimsə tərəfindən nəzərə çarpmayan ilk şeirinin çap edildiyi həmin ildə gimnaziyanı bitirməsi haqqında əldə etdiyi attestatında da bu soyad qeyd edilib.
Adındakı iki "a” saiti ilə, soyadında üç "a”nın həmahənglik yaratması səbəbindən müəllifə olduqca xoş gələn "Axmatova” təxəllüsü belə yarandı.
Ukrayna köklərinə gəldikdə isə burada izləri təkcə soyadda axtarmaq olmaz. Anası Ukrayna dilində danışırdı. Gəncliyində Anna bir neçə ay Kiyevdə yaşamış, burada ilk məhəbbətinə rast gəlmişdi. Gimnaziyanı bitirib uzun zaman universitet olaraq tanınan qadın kurslarının hüquq fakültəsinə qəbul olur, uzun müddət təhsil almasa da öyrəndikləri bəhrəsiz ötüşmür – diqqətini təkcə hüquqa deyil, həm də italyan dilini öyrənməyə yönəldir, "İlahi komediya”nı orijinal dildə oxumağa imkan verən latın dilini mənimsəyir.
Xarici dilləri asan öyrənirdi, fransız dilini uşaqlıqda bacısına keçilən dərslərdə mənimsəmişdi. Ailə həyatı qurduqdan sonra Parisdə olarkən fransız dilini mükəmməlləşdirdi və bu dili bütün həyatı boyu unutmadı. Ata tərəfdən əcdadlarının birinin yunan olduğunu və "burbon sümüyü” adlanan əyri burnunun ondan miras qaldığını söyləməyi də unutmurdu.
Anna Andreyevnanın sözlərinə görə ana babası Erazm İvanoviç Stoqov "jandarm-polkovniki” olmuşdu, amma Axmatova üçün bundan daha önəmlisi onun Uralda hərbi xidmət keçdiyi zaman Puşkini canlı olaraq görməsi idi.
Axmatovanın bütün hallarda müxtəlif xalqlar, müxtəlif şəhərlərlə əlaqəsi vardı. Uşaqlıqda dəfələrlə yaşayış yerini dəyişməli olmuşdu. Qara dənizdə mühəndis-dənizçi olan atası Baltikaya xidmətə göndərilmişdi, valideynlərinin boşanmasında sonra isə evlər dəyişildi.
Elə bu səbəbdən də Anna Axmatovanın sağlığında işıq üzü görən, onun ədəbi fəaliyyətinin başlandığı şəhərdə nəşr edilən ilk kitabının ön sözünün müəllifi Boris Filippov iddia edir: "Anna Axmatovada (o həm də Qorenkodur) həm tatar, həm də yunan əcdadlarının qanı dolaşır, Novorossiyadan birbaşa Tsarskoe seloya təkcə şair kimi deyil, həm də puşkinşünas kimi gəlmişdi… Amma poetik ifadəsində cənub havası deyil, ən qeyri-adi, təkrarolounmaz sadə Axmatova gözəlliyi ilə bərabər, daha çox şimal ab-havası duyulur…”
Anna Axmatova ilk şeiriylə şeirinin naşiri ilə ailə qurmamışdan üç il əvvəl – on səkkiz yaşında debüt etmişdir. Həm də şair olan bu naşir bütün dünyanı gəzməyi hədəfə almışdı. Toydan yarım il sonra arvadını tərk edərək həmin dövr üçün uzunmüddətli və təhlükəli hesab edilən Afrikaya səyahətə yollanmışdı.
Evlilikdən iki il sonra şairlərin Annanın paytaxtdan uzaqda olmağın darıxdırıcı göründüyü zamanlar gəldiyi Tver əyalətində ata nənəsinin himayəsinə verilən Lev adlı oğlu dünyaya gəlir.
Kiyevdən Peterburqa köçən Anna Axmatova Ali tarix-ədəbiyyat kurslarına qəbul olur, amma onun üçün həqiqi universitet ərinin yaratdığı "Şairlər sexi” – poetik emalatxanası olmuşdur.
Axmatovanın "Axşam” adlı ilk toplusu 1912-ci ildə işıq üzü görmüşdü. İki il sonra çap edilən "Təsbeh” adlı ikinci kitabı isə müəllifə poetik şöhrət gətirir. "Təsbeh” doqquz dəfə nəşr edilmişdir.
"Təsbeh”in müəllifin icazəsi olmadan baş tutan nəşrlərindən biri 1922-ci ildə Berlində Marina Svetayevanın əri Sergey Efronun yaratdığı rus nəşriyyatında işıq üzü görmüşdür. Bu Letniy Sadın məşhur şəbəkəsinin qızılı basması ilə nəşr edilən qara cildli kitab idi. Günümüzə qədər qorunan yeganə nüsxə biblioqraf N.A.Rubakinin kolleksiyasından V.İ.Lenin adına kitabxanaya hədiyyə edilmişdir. Kitabda onun – biblioqraf Rubakinin vəsiyyətinə əsasən ölümündən sonra Moskvaya gətirilən kolleksiyasına məxsusluğu haqqında ekslibris qeyd edilib. Bu barədə həmin kolleksiyadan olan bütün kitablara əlavə edilmiş – RSB kimi yazılan şifrə təsdiq edir.
Bu kiçik kitabı əlimə alıb vərəqlədikdə titul vərəqində karandaşla yaz;lan imzasız şeirləri gördüm. Yəqin ki, bu qeyd kitab sahibi tərəfindən aparılmışdı.
Bunlar kimin şeirləri idi?
Qeyd edilən səkkiz misra ölçüsünə görə toplunun digər şeirlərini xatırladır.
Pırtlaşıq saçlı küknar
Yuxulu səmaya baxır.
Üzərində yanan şam
Ətrafına nur saçır.
Əlini ver, dilənçi!
Bu sükut edən üfüq,
Bu işıqlı çəmənlik
Səbəbsiz vəhdətdə deyil.
Görəsən, bu sətirlərin Rubakinin kolleksiyasından olan "Təsbeh” kitabının sərlövhəsində yazılma səbəbi nədir? Rubakinin Axmatovanın əsərlərindən öndə yazmasına məcbur qaldığı şeirin müəllifi kimdir?
Bəlkə bu şeir Axmatovanın unutduğu şeirlərindəndir? Axı dəfələrlə olub ki, pərəstişkarları ona yaxınlaşaraq şairin unutduğu, itirmiş olduğu şeirlərini onun üçün oxumuş və şair həmin şəxslərin yaddaşının yardımı ilə onları bərpa etmişdi...
Ümumi qəbul edilmiş anlayışlara əsasən Anna Axmatovanı gözəl adlandırmaq olmazdı: əyri burnu, arıq görünüşü vardı; İvan Bunin epiqramda onun görünüşünü lövhə ilə müqayisə etmişdi. Amma bütün bunlarla yanaşı şairin xarici görünüşü müasirlərini arıqlığı və profilinin heç bir əhəmiyyət kəsb etmədiyi ilahi gözəlliyi ilə vəcdə gətirirdi. Bir çoxları onu kraliça hesab edirdi, yanında olarkən insanlar ona xüsusi diqqət göstərirdilər, o isə özünü müvafiq qaydada aparır, hər bir vəziyyətdə, yaxınların əhatəsində vüqarı, boy-buxunu, qaməti, jestləri ilə seçilirdi.
Bu, onun anasını məzəmmət
etməyə meylli olan oğluna xoş gəlmirdi:
– Ana, özünü kraliça kimi aparma!
Amma kübarlıq
onun daxilindən gəlirdi, Peterburq salonlarında da,
Moskvadakı darısqal mənzildə də o, kraliçaya bənzəyirdi.
Məlum olduğu kimi
onun qədər – A.Axmatova Nikolay Qumilyovdan başlamış
İosif Brodskiyə kimi şairlərin şeirlərində tərənnüm
edilmişdi – heç bir şairə müasirləri tərəfindən
bu qədər şeir həsr edilməmiş və hədiyyə
olunmamışdı. Həsr edilmiş
şeirlərdən bəyəndiklərini "Yüz
güzgü” adlandırdığı qovluqda
toplayırdı. Marina Svetayeva, Boris Pasternak, Osip
Mandelştam və bir çox digər şairlər ona
müraciətlə şeirlər yazmışdılar.
Rəssamlar tez-tez
ondan portret üçün poza verməsini xahiş edirdilər.
Axmatova qalereyasının
başlanğıcını əsrin əvvəllərində
hələ heç kimin tanımadığı rəssam
Modilyani qoyur. Altmanın (Natan
İsayeviç Altman, 1889-1970 – rus rəssamı, avanqard rəssamı
– kubist, heykəltəraş və teatr rəssamı, RSFSR-ni əməkdar
rəssamı (1968), portret ustası. Anna Andreyevna
Axmatovanın portretini 1914-cü ildə çəkmişdir –
X.N.) avanqard üslubda çəkdiyi
portret isə xüsusilə məşhur idi.
Axmatovanın portretini
Petrov-Vodkin də çəkmişdir. Bu
yaxınlarda məlum olmuşdur ki, Serebryakovanın
fırçası ilə çəkilmiş portret Parisdə
yerləşir. Bütün bu təsvirlərdə
Axmatova müxtəlif formalardadır, özündən daha
çox rəssamların ideallarına bənzəyir. Petrov-Vodkinin portretində Anna Petroqrad
Madonnasını ("Petroqrad madonnası” digər adla
"1918-ci il Petroqradda”əsəri Rusiya rəssamı Kuzma
Petrov-Vodkinindir – X.N.) xatırladır.
Fotolardakı isə digər Axmatovadır.
Ola bilər ki, Qorenko
soyadını dəyişməsinə səbəb lirik
şeirlər müəllifi olduğu halda imzasının
şeirlərinin altında heç bir halda kədərlə
assosiasiya edilməməsi idi.
Soyadı dəyişərək,
major musiqi səsləri kimi beş sait hərfli
təxəllüs düşünmək çətin deyildi.
Amma tale
belə gətirdi ki, bu beş səs təkcə
öz tonallığına görə fərqlənmədi.
Başlanğıcda
hər şey qaydasında idi, narahatlığa səbəb
görünmürdü. Gənclər
öz mənzilində dostların, kitabların, gözəl əşyaların
əhatəsində yaşayırdı. Əsərləri
jurnallarda dərc edilir, kitabları çap olunurdu. Amma nəhayətdə
lirik mahnılar yerini hönkürtüyə verdi,
sevginin, təbiətin, həyatın şərəfinə səslənən
himn əvəzinə rekviem sədaları ucalmağa
başladı.
İtkilər nə
zaman, necə başladı?
Qorxulu və qanlı olayların
geridə qaldığının
düşünüldüyü halda, aclıq, soyuq, epidemiya
ilə keçən 1921-ci il məşum
il oldu.
Axmatova 1917-ci ilin sentyabrında
çıxan "Bəyaz qanadlılar qatarı”
kitabından sonrakı Vətəndaş müharibəsi illərində
dərc edilmədi. 1921-ci ilin baharında isə buzlar əridi:
həyat qaydasına düşməyə başladı. Həmin zaman 1917-1921-ci illərdə qələmə
alınmış şeirlərdən ibarət cəmi 100
nüsxə tirajla nəşr edilmiş
"Bağayarpağı” adlı dördüncü kitabı
işıq üzü gördü. Araşdırmaçıların
qeyd etdiyinə görə elə həmin ildə "Anna
Domini MCMXXI” adlı kitabı ərsəyə gəlir.
Şairin tərcümeyi-halında məşum keçən il də elə məhz bu il idi.
Smolensk məbədinə
gətirdik
Müqəddəs ananın səcdəgahına.
Əllərimizdəki
gümüş tabutda
Kədərdən
sönmüş günəşimizi –
Qu
quşu tək təmiz Aleksandrı...
Bu sətirlərin altında avqust
1921-ci il tarixi qeyd edilib, 10 avqustda isə
Blok dəfn edilir.
Elə həmin ilin
avqustunda daha bir ölüm baş verir. Qəzetlərdə
aralarında Nikolay Stepanoviç Qumilyovun da olduğu məhbusların
çoxsaylı dəstəsinin güllələnməsi
haqqında xəbərlər dərc edildi. Akmeizmin banisi, poeziyanın ustadı divara
dayayıb... aktiv inqilabçı kimi güllələmişdilər.
Vida mərasimi Kazan kilsəsində baş tutdu.
Nikolay Qumilyovun "Cinayət
işi”ni tədqiq etmiş,
N.S.Xruşşov dövrünün məşhur hərbi
hüquqşünası Terexov bu yaxınlarda xəbər
verdi ki, şair heç zaman inqilabçı
olmamışdır, hüquqşünasın fikrincə onun
bütün günahı cinayət məqsədləri
haqqında bilgiləndirildiyi halda bu barədə orqanlara
heç bir xəbərdarlıq etməməsi idi.
Amma bu versiya mübahisəlidir.
O ki qaldı Anna Axmatovaya, onun nəzər-nöqtəsi
mənim fikrimcə daha ağlabatandır: Qumilyovun heç bir
günahı olmayıb. Aleksandr Soljenitsinlə
görüşdükdə Anna ona hər şeyi
danışdı – hər şey orqan əməkdaşı,
NKVD-nin gələcək Xalq Komissarı əvəzi, Briklərin
və Mayakovskinin mənzilinin daimi qonağı Yakov Aqranov tərəfindən
saxtalaşdırılmışdır. "bizə zamanla sübut edəcəklər ki,
1921-ci ildə baş tutan "Qumilyov” işi təxribat idi” –
A.Soljenitsin "Qulaq Arxipelaq”da yazırdı. Və ardınca
oxuyuruq: "A.Axmatova bu məsələdə nə qədər
əmin olduğunu mənə bildirdi. O mənə hətta bu
işi quran çekistin adını da söylədi
(yanılmıramsa, Y.Aqranovdu)”.
Anna Axmatova ilə Nikolay Qumilyovun
nikahı baş tutmadı və qarşılıqlı
razılaşma əsasında 1918-ci ildə ləğv edildi,
beləliklə faktiki olaraq neçə il
əvvəldən alınan qərarı hüquqi cəhətdən
rəsmiləşdirdilər.
Amma birinci həyat
yoldaşı ilə mənəvi bağlılıq həmişəlik
qaldı, ilk məhəbbətin xatirəsi hər zaman yaşadı,
Qumilyovun ölümündən sonra isə Anna Axmatova
özünü dul hesab etdi.
Qumilyovun
ölümü rus ədəbiyyatı haqqında hər
hansı təsəvvürü olan hər kəsi mütəəssir
etdi. 1921-ci ildə şairin 35 yaşı
tamam olurdu. Güllə onu zirvədə
haqladı. Onun hansı yüksəkliyə
qədər qalxa biləcəyi məlum deyil, bəlkə də
bu nakam şair əzablar içində ölən Aleksandr
Blokun adının parladığı səmaya, günəşə
qədər ucalacaqdı.
Qumilyovun şeirlərini
sevənlərin gözündə Anna Axmatova
ömrünün sonuna kimi onun dul qadını olaraq qaldı.
Şairə özü də onu on illərlə
həbsxana kameralarının barmaqlıqlarına baxmağa məcbur
edən cəlladlara özünü güllələnmiş
"xalq düşməni”nin dul qadını kimi təqdim
edirdi. Atanın kölgəsi Qumilyov və
Axmatovanın oğlu Levin də üzərinə
düşdü.
Dindirilmə zamanı
müstəntiq "alma almaya bənzər” düşüncəsi
ilə həbs edilmiş tələbə Lev Qumilyovdan
soruşurdu:
"Biz sizin
atanızı güllələmişik. Yəqin
ki, siz bizə nifrət edirsiz?”
Başqası yəqin ki, bu suala cəngavər təki
cavab verməyə söz tapmazdı. Lev Qumilyovun cavabı isə çox
layiqli idi:
– Bu, müharibə kimidi. Müharibədə ölənlərin
oğulları dövlətə nifrət etmirlər ki.
Lev Qumilyov dörd dəfə
həbs edilib, həbsxanada, düşərgədə, sürgündə
yatıb və dustaq olduğu bütün bu illər ərzində
anası özünü onun köləsi hesab etmişdir.
Oğlunun (ikinci dəfə)
və ərinin – sənətşünas Nikolay Puninin – eyni
vaxtda həbs edilməsinin ardınca, (bu hadisə Leninqradda
Nikolayevin Smolnı dəhlizində güllələnməsindən
sonra baş vermişdi) Anna Axmatova yubanmadan Moskvaya
yollanmışdı. Həbs edilənlər
isə bu zaman Lubyankada əzab çəkirdi.
O, həmin zaman hər kəsin
müraciət etdiyi insana – Stalinə məktub yazdı.
Amma həmin kəslərdən fərqli olaraq məktubu
göndərmədi, qəbula aparmadı.
O, Stalinin köməkçisi məşhur
Poskrebışevlə əlaqəsi olan yazıçı
Lidiya Seyfullinanın yanına gəldi.
Şairə kömək etməyə
çalışan Lidiya ona saat on radələrində məktubla
birlikdə Kremlin darvazasına yaxınlaşmağı
tapşırdı. Amma Spasskidəki əsas qapıya deyil, Troitskidə –
qarşısında şahmatdakı top fiquruna oxşayan
qüllənin ucaldığı tərəfdən.
"Kutafyevada” Kremlin qülləsinin yanında saat on radələrində
– məktubu təqdim etdiyi köməkçi
"çatdıraram” dedi.
Axmatova həmin yerə
dostu, yazıçı Boris Pilnyakla birgə
yollanmışdı. Məktubu gözətçiyə
Pilnyak verdi. Bu sətirlər də məhz
həmin hadisədən qaynaqlanırdı:
Streles* qadınlar kimi hönkürəcəyəm
Kreml qüllələrinin
altında.
(*Streles – Streleslər
– XVI əsr – XVIII əsrin əvvəlində Rus dövlətində
daimi qoşunları təşkil edən xidməti adamlar; odlu
silahla silahlanmış piyada döyüşçü.
Pul, çörək, bəzənsə torpaqla
məvacib alırdılar. XVII əsrin
axırlarında streles üsyanları baş vermişdir.
Streles qoşunları I Pyotr tərəfindən
nizami ordunun yaradılması ilə ləğv olunmuşdur.
– X.N.)
Elə həmin
gün həmin ünvana hələ Stalinə şeirlər həsr
etməyən Boris Pasternak da ərizə göndərmişdi.
Görünür gələcəkdə işlərin
axarı dəyişməsəydi, o məktub da heç zaman
yazılmayacaqdı.
Hər şey
nağıllarda olduğu kimi xoşbəxt sonluqla
yekunlaşdı. Həyəcanlanmış
şairlər məktubu təqdim edib görüşdülər
və bütün günü söhbət etdilər. Hər
şey Volxonkoda kommunal mənzildə baş verdi.
Axmatova gecəni orada qaldı. Səhər öyrəndi ki, əri və oğlu
artıq azaddırlar, Leninqrada gediblər və oradan teleqram
vurublar.
Uzun illər sonra Anna şair Anatoli
Naymana həmin həbsin tarixçəsindən bəhs edərkən
söhbəti bu sözlərlə bitirdi:
– Bu da mənim Stalinlə münasibətimin
tarixçəsi, hətta o lopabığ arabir
soruşurmuş ki, "rahibə necədir?”
Stalin Anna Axmatova haqqında bir də 1939-cu ildə,
insanlar onu demək olar ki, unutduqları zaman xatırladı. Axmatovanı
tanımayan gənclik yetişirdi. Çünki
şairin son kitabı 1922-ci ildə işıq üzü
görmüşdü.
Kremldə
yazıçılarla görüş zamanı Stalin ehtiramla
"rahibə”ni yada salmışdı, ədəbiyyat həyatın
digər sahələri kimi saysız itkilər vermişdi.
Anna Axmatovanın Kutafye qülləsinə
birlikdə getdiyi Pilnyak da yüzlərlə başqa
yazıçı və şairlər kimi vəfat etmişdi.
O, azadlıqda, oğlu Lev isə
yenidən barmaqlıqlar arasında idi.
Yenə
mübahisə etdi qəzəbli dəcəl –
Yenisey düzənliklərinə qədər məşhur.
Sizcə
o avaradı, şuandı*, sui-qəsdçidi
Mənimsə yeganə oğlumdu axı.
(*Şuan –
1793-1803-cü illərdə Bretan və Normandiyaya gələn
royalist üsyanının iştirakçısı – X.N.)
Otuzuncu illərdə heç bir
sovet nəşriyyatı, heçbir jurnal onun şeirlərini
dərc etmirdi, hətta adını belə yazılarda dərc
etməyə icazə yox idi! O, sağ ikən unudulmağa məhkum
edilmişdi.
Amma azadlıqda idi,
paytaxtda yaşamaq hüququ vardı, Moskvaya oğlunun qayğılarını
çəkməyə gələrkən bu hüququndan
müntəzəm olaraq istifadə edirdi. Kremldən
təxminən yüz metr aralıda, Zamoskvoreçyedə,
Bolşoy Ordınkada, dostlarının evində
yaşayırdı. Yuxusuz gecələrdə
düşüncələrində oğlunu cəzalandırana
müraciət edirdi.
Streletsdə ay. Zamoskvoreçye. Gecə.
Səlib yürüşüdək keçir ecazkar həftə
saatları.
Qorxulu yuxu gördüm. Görəsən doğrudanmı
Kimsə, kimsə yardım edəmməz mənə.
Kremldə
yaşamayaq – Preobrajenets haqlıdı
Burda qədim vəhşiliyin mikrobları
qaynaşır.
Borisə
qorxu ilə, İvana qəzəblə
Xalqın
hüquqları əvəzinədir yalançının təşəxxüsü
Stanslar*
(1940)
(*Stans – Hərəsi
4-12 müstəqil bənddən ibarət kompozisiya cəhətdən
bitirilmiş lirik şeir növü. Rus
poeziyasında Lermontovun, Puşkinin stansları oxucular
arasında olduqca geniş yayılmışdır – X.N.)
Lakin bu dəfə
tale Axmatovanın üzünə Kutafye qülləsində
olduğu kimi gülmədi.
Oğlunun həbsindən sonra Anna, təkcə onun
azadlığa buraxılması haqqında ərizə
yazmırdı. O, həm də indi hamıya məlum olduğu kimi bizə
– gələcək nəsillərə də ünvanlanmış
böyük terrora məruz qalan bütün anaların,
xalqın adından müraciətlər, ərizələr
yazırdı. Bu, sətirləri onun qəlbini
yandıran, öz taleyindən dolayı deyil, oğlunun həyatını
məhv edəcəyindən qorxduğu üçün
kağız üzərinə köçürməyə
ehtiyat etdiyi "Rekviem” idi.
Otuzuncu illərdə Axmatova
çox az sayda şeir yazmışdı.
Axı boynunda boyunduruqla necə yazmaq olardı?
Amma tənqidçiləri, düşmənlərini
cavabsız qoymurdu:
Peyğəmbər
deyiləm mən
Su tək şəffafdır həyatım.
Amma oxumaq
istəmirəm
Həbsxana açarlarının səslərinin ahəngiylə.
Yazılma tarixi 1937-ci il göstərilən daha bir şeir əvvəlkilər
kimi şairin vəfatından sonra ortaya
çıxarıldı:
Düzünü
desəm əgər;
Bu cür
kəmərə görə
Qurğuşun
kasa gözləyirəm
Mən birinci katibdən.
Katibdən, yəni
Stalindən. Axmatovanın onun fikrində
rahibə kimi formalaşmasına səbəb nə idi, rəhbərlə
şair arasında hansı münasibət var idi?
***
Tələyə
düşmüş hər bir şəxs kimi Anna Axmatova təkcə
ümumxalq faciəsindən deyil, həm də şəxsi həyatından
yazır, onun kədərli taleyində Stalinin rolunu əzablı
şəkildə götür-qoy edirdi.
Görəsən,
şair rəhbərin maraq dairəsinə nə zaman tuş gəldi?
Məlumdur ki, Stalin ədəbiyyata diqqəti bu
sahədə vaxtının əsas hissəsini mədəniyyətin
problemlərinə həsr edən, ədəbiyyat və incəsənət
haqqında məqalələr yazan Trotskiyə zidd gəlmək
üçün ayırırdı. Beləliklə,
1923-cü ilin "Pravda” qəzetində Trotski Anna
Axmatovanın yaradıcılıqda yaxın olduğu
"akmeizm” üslubunu müasir ədəbiyyatdan, "yeni
şairlər"dən ayırdı, özü də bunu
öz adından deyil, həm də həmin zamanlar rəhbərliyə
yaxın fəhlə sinfinin adından etdi. Doğrudur,
Trotski onun yaradıcılığına toxunmurdu, hətta
müəllifləri həvəsləndirərək "Nədən
istəsəz yazın” deyirdi.
Axmatovanın təqibi də elə
həmin il başlandı. Berlində
rus dilində onun "Anna Domini” adlı şeir toplusu dərc
edildi ki, həmin zamanlar bu adi hal idi. Qeyri-adi
olan o idi ki, bütün tiraj ölkə xaricində qaldı,
çünki onu sərhəddən SSRİ-yə keçirməyə
icazə vermədilər. Bu, Petroqradda
çap olunan toplu idi. Berlin toplusuna
senzuranın qiyama çağırış
işartıları gördüyü bir neçə şeir
də əlavə edilmişdi. Tilsim davam
etdi. Kitabın vətənə yolu
bağlı qaldı.
Berlin toplusu
Axmatovanın bədbəxtliyinin yeganə səbəbi deyildi.
Görün, bu barədə o özü nə yazırdı:
"Orada – SSRİ-də dərc edilməyən şeirlərin
olması mənim günahımın üçdə biri idi,
ikinci hissə Korney Çukovskinin "İki Rusiya (Axmatova və
Mayakovski) məqaləsi, üçüncü hissə
Konservatoriyanın zalında (Moskva) "Russkiy sovremennik”in
(aprel, 1924) tədbirində "Yeni il balladası”nı
oxumağım idi. O şeir "Russkiy sovremennik”in 1-ci sayında,
başlıqsız çap edilmişdi...”
Korney Çukovskinin
tarixçilərin iddia etdikləri kimi hər iki şairə
sevgi ilə ərsəyə gələn məqaləsi müəllifin
müxtəlif şəhərlərdə oxuduğu, daha sonra
yazılı formaya saldığı mühazirələr əsasında
yazılmışdı. Amma müəllif şairin
hüquqlarını müdafiə etməsini məqalədə
bu cür ifadə edirdi:
"Axmatovanın "Bəyaz qanadlılar
qatarı”nı oxuyaraq – onun ikinci şeir kitabını (burada
Çukovski səhvə yol vermişdi, əslində bu,
müəllifin üçüncü kitabı idi – L.K.)
düşündüm, görəsən Axmatova rahibə
olmağa tələsməyib ki? Birinci
kitabın sadəcə adı rahibəlikdən xəbər
verirdi – "Təsbeh”, ikinci isə sonuncu səhifəsinə
qədər monastır estetikası ilə yüklənib.
Axmatovanın surətində hansısa sərt ehtiras vardı,
və onun sözlərinə görə dodaqları təkəbbürlü
görünürdü, gözləri "müqəddəscəsinə”
baxır, əlləri "solğun” və "quru” idi. Onun
peyğəmbərə bənzəyən sifətinin
yuxarı hissəsində qara örpək görürəm...”
Amma məgər Vətəndaş
müharibəsi dönəmində xalqın çəkdiyi əzablardan,
qətllərdən sonra şairin "qəzəbli
coşğunluğa" ixtiyarı çatırdımı?
Axmatovanın hər zaman
xatırladığı və yazılı halda qoruyub
saxladığı növbəti "günah" Moskvada
çox az müddət nəşr edilən "Russkiy
sovremennik" jurnalının təşkil etdiyi ədəbi
gecə idi.
Tədbirin
keçirilməsində məqsəd ictimaiyyətin diqqətini
yeni jurnala cəlb etmək idi. Tədbirdən
iki gün sonra "Pravda" qəzetində Axmatovanın
çıxışı haqqında təhqiramiz tonda bəhs
edilən hesabat peyda oldu, guya o, "ölülər
haqqında nəsə oxumuşdu". Əslində
isə hamı bilirdi ki, Axmatova Konservatoriyanın zalında
oxuduğu şeir keçmiş əri Nikokay Qumilyovdan bəhs
edirdi.
Jurnalın ilk nömrəsi
işıq üzü görən kimi bütün digər nəşrlərdə
Anna Axmatovanın əksinqilabi fəaliyyəti haqqında hiddətli
tənqidi misralar gəzişməyə başladı, o
"ölkə daxilində ədəbi mühacir"
adlanır, "Bizim orqanlarda Xodaseviç, Axmatova və
başqalarına yer yoxdur" kimi fikirlər səslənirdi.
Onun halına çoxdan ölməli olan
qadın kimi "acıyır", hələ də
yaşadığı üçün təəccüblənirdilər.
Anna Axmatovanın
iddiasına əsasən elə həmin vaxtlarda (1925) "onun
haqqında qərar" hazırlandı. Şairin
fikrincə bu, MK-nin qərarı idi.
"Bax, siz o qədər
mühüm şəxsiyyətsiz ki, haqqınızda
MK-nın – həbs olunmasın, amma heç yerdə də
çap edilməsin kimi qərarı olub".
Görünür, həqiqətən
buna bənzər nə isə olub. Ola bilər
ki, arxivlər açılmağa başladıqca biz
böyük şairin taleyini həll edən qərarı
öyrənəcəyik.
MK-nın filoloqlar tərəfindən
öyrənilən 1925-ci ildə partiyanın ədəbiyyat
sahəsindəki siyasəti ilə bağlı məlum qərarında
nə Axmatovanın, nə digərlərinin adları çəkilmir.
İstisna deyil ki, həmin zaman məxfi sərəncam
çıxmış, açıq şəkildə kimlərinsə
adları yazılmışdı. Yeri gəlmişkən,
məhz 1925-ci ildə Mixail Bulqakovu çap etməyi
dayandırdılar.
Anna Andreyevna həmin zamankı vəziyyətini
"vətəndaşın məhvi” adlandırırdı. Onun sözlərinə görə Stalin
"Böhtan” şeirini heç bir əsas olmadan "öz
payına götürmüşdü”:
Onun
rüsvayçı sayıqlaması aydın olacaq hər kəsə
–
Qonşusunun gözünə baxa bilməsin kimsə.
Əgər əvvəllər
onun şeirləri mütəmadi olaraq dərc edilir,
kitabları həmin zaman üçün böyük tirajla
çap edilirdisə artıq bu istiqamətdə bütün
yolları bağlanmışdı. Görünür
ki, senzura idarələrinə onu təkcə dərc etməməklə
bərabər həm də heç bir kontekstdə
adını xatırlamamaq əmri verilmişdi. Portretləri rəsm sərgilərindən
götürülmüşdü, klub səhnələrində
çıxışlarına icazə verilmirdi.
Ölkənin və
xalqın məşəqqətli günlərində heç
zaman mühacirətə yollanmağı düşünməyən,
həyatını onsuz təsəvvür etmədiyi şəhəri
tərk etməyən "Daxili mühacir” adlandırılan
şair üçün bütün bunları yaşamaq
olduqca çətin idi.
Həqiqətən də
zərif Axmatovanı şair olduğu torpağa bağlayan
hansısa kosmik, maqnitik güc var idi. Onun
seçim yolu qalmışdımı? Qurtuluşu
ədəbiyyatşünaslıq və tərcümə ilə
məşğul olmaqda gördü.
Onun təbiətdən gələn,
müasirləri və o cümlədən Qumilyov tərəfindən
qeyd edilən daha bir istedadı var idi:
Kiyev
şəhərində
Qış
yuvasında
Qadın
deyil, cadugərlə evləndim...
Qohumlara, dostlara və
tanışlara bəzən elə gəlirdi ki, Axmatovanın
dili ilə danışan təkcə özü deyil, həm də
kabusdur. Parapsixologiya pərəstişkarı
olan şairin telepatiya sahəsinə da aid edəcəyi
epizodlar bir çox xatirələrdə öz əksini
tapıb. O, insanların gələcək taleyindən xəbər
verirdi. Bir dəfə bir qızcığaz haqqında
danışarkən ona böyük gələcək vəd
edən Anna Andreyevna öncəgörənlik etdi: "Əgər
o, on altı yaşında Nitsada vərəmdən vəfat
etməzsə...”. Bu sözlər həyata
keçdi. Şair tez-tez səbəbsiz yerə
hər kəs tərəfindən tanınmış insanlar
haqqında söhbət salır və tezliklə onların vəfat
etməsi xəbəri yayılırdı.
Altmışıncı illərin əvvəlində Soljenitsinə
dedi: "Az müddət sonra bütün dünyada məşhur
olacaqsız. Çətindi...”
Əlbəttə ki,
bu nadir vergi şairin sonunda heç yerə getmədən
doğma vətənində ikinci yaradıcı şəfəqin
gəlişinə qədər yaşayacağına, sonra isə
ədəbiyyata, xalqa geri dönəcəyinə inam yaradırdı.
Bu qayıdış yeddi il sonra – Stalinin Kremldə ordenlə təltif
edilmiş yazıçılarla görüşdə
sualından sonra baş tutdu.
Naşirlər onun
haqqında komanda halında xatırladı. Şeirlərini təqdim etməsini xahiş etdilər.
Kitabının çapını təklif etdilər.
Hadisədən sonra fəaliyyətə
başlayan komanda o qədər vahiməli idi ki, hətta
müəllif hüquqlarını pozmaq bahasına belə
olsa eyni kitabı iki fərqli nəşriyyat hazırlamağa
başlamışdı, sanki öz aralarında müsabiqə
keçirilirdi ki, Axmatovanın kitabını hansı daha tez
nəşr edəcək.
Kitab 1940-cı ildə "Altı
kitabdan” adı ilə çap edildi, çünki bura beş köhnə kitab və 1924-1940-cı illərdə
yazılmış yeni şeirlər daxil edilmişdi.
Lakin qüdrətli
hökmdar müəllifin həmin vaxt artıq ona xarakterik olan
kiçik şeirlərdən ibarət "Rekviem” adlı
poema yazmasında xəbərsiz idi. (Həm
də necə şeirlərdən).
Uzun zamandan bəri gözlənilən
kitabın çap edildiyi il Axmatova
artıq "Qəhrəmansız poema” əsəri üzərində
çalışırdı və bu çalışma on ildən
artıq davam etdi.
Müharibə ilk
günlərindən Leninqrada yaxınlaşdı, blokadada
olarkən şəhərin milyonlarla sakini kimi Axmatovanı da əzablı
ölüm gözləyirdi. Lakin gecə
şairin evinə onu mühasirəyə alınmış
şəhərdən çıxarmaq əmri verilmiş təyyarəçi
gəldi. Əmr dəqiqliklə yerinə
yetirildi, Anna təyyarə ilə cəbhə xəttindən
keçərək uzaqlaşdı.
Əmri kim
vermişdi? Axmatova bunu Stalinin etdiyini
düşünürdü.
Şair yenidən
Moskvaya gəldi. Həmin günlər o,
yenə də düşmənlərlə üzbəüz
idi. Lakin Moskva Axmatova üçün
doğma şəhər idi. 1918-ci ildə
o, şərqşünas alim Vladimir Şileykoya ərə gedərək
3-cü Zaçatyevski döngəsində yaşamağa
başlamışdı.
Şeirlərindən biri elə belə
də adlanır: "Üçüncü Zaçatyevski”
Döngəciyim,
döngəm,
İlmə ilə bağladın boğazımı.
Təravət qoxuyur Moskva çayı.
İşıqlar süzülür pəncərələrdən.
Sol əlimin
altında səhradır,
Sağ əlimin
monastır...
Şair elə sonralar
da Moskvaya gələrkən dostlarının evində
qalırdı. Osip Mandelştam arvadı ilə
birgə Arbatda Naşokinski döngəsindəki mənzilin
qısa müddətlik sahibi olduqları zaman şairə
onlarda gecələyirdi. Mandelştamı
Annanın gözləri qarşısında həbs etdilər.
Anna dostunun da gələcək taleyini öncədən
görmüşdü:
Nə
vaxtsa dəlisov paytaxt şəhərində
Nevanın
sahilindəki mənasız bayramda
Mənfur
balın sədaları altında
Gözəl
qafadan açacaqlar örpəyi...
Bir dəfə Mandelştam Anna
Andreyevnanı həmin evdə yaşayan yazıçı
Viktor Ardov və arvadı aktrisa Nina Olşevski ilə tanış edir. Anna
Andreyevnanın evlərində ömrünün sonuna kimi məskunlaşacağı
ailə ilə tanışlığı bu cür baş
tutur. (Ardovlar Zamoskvoreçyeyə köçdükləri
zaman o, həftələrlə, aylarla orada
yaşayırdı).
Axmatovanın yolu hərbi
vəziyyətdə olan Moskvadan əvvəlcə
Çistopola, oradan isə uzaq Daşkəndə
uzanmışdı. Bir dəfə ora Leninqradın rəhbəri
– şairin taleyi ilə maraqlanan A.A.Jdanov zəng edərək
soruşur:
– Bizim Axmatova necədir?
Anna Andreyevnanın həyatında
daha bir şəfəq parladı. Oğlu həbs
müddətini başa çatdıraraq cəbhəyə
könüllü döyüşçü qismində getməyə
nail oldu. Uğurla döyüşdü, ordu ilə
bərabər Berlinə qədər getdi.
Qələbədən
sonra Moskvada böyük həcmli şeir kitablarının nəşrləri
hazırlanırdı. Müəllif siqnal nüsxəni əlinə
almağa müvəffəq oldu, hətta məşhur poeziya
kolleksiyaçısı, möhtəşəm arxivi
V.İ.Lenin adına kitabxanaya
bağışlanan Anatoli Tarasenkova da hədiyyə etdi. Və siqnal sayı arxayın yerdə saxlandı, belə
ki, bununla 10 min sayda tirajı məhv edilmiş əzabkeş
kitabın bir nüsxəsi qoruna bildi.
1946-cı ilin avqust səhərlərindən
birində Axmatova küçəyə çıxan zaman
köşklərdə A.A.Jdanovun "Zvezda” və
"Leninqrad” jurnalları haqqında məruzəsi ilə bərabər
qərarın dərc edildiyi qəzet gördü.
Məruzədə Axmatova
haqqında elə fikirlər yazılmışdı ki, bunun
yalan və kobudluğu onları sitat şəklində
yazmağa da imkan vermir:
"Gah rahibə, gah
azğın, daha doğrusu azğınlığı ilə
duanı qarışdıran azğın rahibə”. Və
sairə...
Rahibə
sözünün haradan qaynaqlandığını artıq
bilirik. Bəs azğın? Bu təhqirin izi ədəbiyyatçı Boris
Eyxenbaumun 1923-cü ildə işıq üzü görən
Axmatovanın yaradıcılığı haqqındakı
kitabında öz əksini tapıb, burada qəhrəmanın
obrazı "gah ehtiraslı azğın qadın, gah da yoxsul
rahibə kimi” göstərilir.
Amma qəhrəman
müəllif deyil!
Məruzə və qərar
üçün materiallar hazırlayan mütəxəssislər
əlbəttə ki, Anna Axmatova haqqındakı bütün sənədləri
əldə etmişdilər. Onun hələ
inqilabaqədərki dövrdə – 20-ci illərin
başlanğıcından şairin adının çəkilməsi
qadağan edilənə qədər yazdığı
şeirləri analiz edirdilər.
1946-cı ildə
baş verən hadisə 1925-ci ildəki hadisə ilə
müqayisə edilə bilməzdi. İndi
nəşriyyatların qapıları şairənin
üzünə kip şəkildə bağlanmışdı.
Onu Yazıçılar İttifaqından xaric
etdilər. Ərzaq kartlarından məhrum
edildi. Milyonlarla şagird və tələbə
dərslərdə, mühazirələrdə, imtahanlarda
qürurlu adı təhqirlə xatırlayırdılar.
Axmatova yenidən
götür-qoy etməyə başladı, "qərar” nə
üçün məhz ona aid idi? Xatırladı ki, az əvvəl Moskvada, Yazıçılar
evinin Kolonnı zalında onun çıxışı
baş tutmuşdu. Alqışlanma on beş
dəqiqə çəkmişdi. Hələ o
zaman fikir mübadiləsi zamanı Boris Pasternaka demişdi ki,
bütün bunların sonu yaxşı olmayacaq. Öncəgörən qadın bu dəfə də
haqlı idi.
Ertəsi gün
üçün planlaşdırılmış
çıxış gözlənilmədən ləğv
edildi. Axmatova təhlükə hissi ilə
evə qayıtdı.
Bədbəxtliyin
daha bir səbəbi vardı: Axmatovanın doğma şəhərdə
olduğunu təsadüfən öyrənən, 1945-46-cı
illərdə gənc yaşında Rusiyanı tərk edən
Britaniya xarici işlər nazirliyinin əməkdaşı
İsaya Berlin öz təşəbbüsü ilə Anna
Andreyevnanın yaşadığı "Fontannıy dom”da
peyda oldu. O, Annaya çoxdan heyran idi. (Həmin
görüş rus poeziyasına axmatova şeirinin bir neçə
silsiləsini bağışladı).
Elə həmin gecə
"Fontannı dom”da, Leninqradda ingiltərə lideri, məşhur
nitqi keçmiş müttəfiqlər arasında "soyuq
müharibə”nin başlanmasına səbəb olan
U.Çerçilin oğlu Randolfu qonaq çağıran,
İsaya Berlinin universitetdə birlikdə təhsil
aldığı gənclik dostu axtarışlara
başlamışdı.
Bu cür fərqli, mənəviyyatca
bir-birindən uzaq insanların və vəziyyətlərin
heyrətamiz vəhdəti olduqca qəribə idi!
Çox illər sonra Anna Andreyevna İngiltərədə
olarkən ona Oksford professoru mantiyası təqdim edilən
zaman öz keçmiş dostu ser İ.Berlinlə
görüşdükdə ona Kremllə əlaqəsi olan bir
tanışın sözlərinə əsasən Stalinin
onların "icazəsiz görüşündən” xəbər
tutduqda qəzəbləndiyini bildirir.
– Demək, bizim rahibə artıq
xarici casuslarla görüşür – rəhbər demişdi.
Üç il
sonra 1949-cu ildə daha bir dəhşətli hadisə baş
vermişdi – oğlu Lev Qumilyov (artıq dördüncü dəfə)
və keçmiş əri Nikolay Punin həbs edilmişdilər.
Axmatova hüquq
fakültəsində təhsil almışdı, kimə
hansı tərzdə ərizə yazacağını
yaxşı bilirdi. Amma bu, hüquqi
dövlət üçün olan qəbul edilmiş mövqe
idi, Kremldə isə xalqı bütün haqlardan məhrum edən
şəxs əyləşmişdi. O, başa
düşürdü ki, ötən dəfə olduğu kimi
oğlunu ancaq rəhbər geri qaytara bilər.
1949-ci ilə qədər Anna
Axmatova həmin dövrdə bütün məşhur və
qeyri-məşhur müəlliflərin etdikləri kimi Stalinin
şəninə bircə sətir də
yazmamışdı... Oğlunu xilas etmək
üçün o, ləyaqətini qurban verir. Məzlum
vəziyyətdə olan şairə əzab içərisində
o zaman rəhbəri adlandırdıqları kimi əsas
"sülh mübarizi”nə həsr edilmiş "Dünya
şöhrətli” adlandırdığı şeirlər
silsiləsi yazır.
Həmin zaman – 1950-ci
ildə Aleksey Surkovun redaktoru olduğu "Oqonyok” jurnalı
silsiləni üç dəfəyə dərc edir. Şeirlər rəhbərə Aleksey Surkov vasitəsilə
ötürülmüş, ona isə öz növbəsində
Axmatovanın rəfiqəsi Nina Olşevskaya təqdim
etmişdi. "Oqonyok”un redaktoru şeirləri
öz məktubu ilə birgə partiyanın MK-sına göndərir.
Ertəsi gün hökumət əlaqələri telefonu zəng
çalır və qısa dialoq baş tutur:
– Axmatovaya görə
yazmısız?
– Bəli.
– Çap etmək qərarına gəlmənizin
səbəbi nədir?
– Böyük şairi sıralara
qaytarmaq lazımdı.
– Çap edin.
Lakin Stalin
Axmatovanın qurbanını qəbul etmir, oğlunu geri
qaytarmır.
O, müstəbidə həqiqi
münasibətini bizim hələ indi oxumağa müvəffəq
olduğumuz digər şeirdə təsvir edir:
Qara qoyun
kimi girib yuxuna –
Zərif, arıq ayaqlarla.
Yaxınlaşıb
deyəcəyəm:
"Padşah, naharın necəydi?
Muncuq kimi
əlindəki kainatı
Allahın
rəhməti ilə qoruyuruq biz...
Bəs
oğlumun dadını necə
Sən də, uşaqların da bəyəndinizmi?”
"Padşah” vəfat
etdikdə dərdlər yenidən baş qaldırdı.
Malenkovun, Voroşilovun
tanışlığı ilə ərizələr
yazılır və yuxarı dairələrə
ötürülürdü. Axmatova bütün əlaqələrindən
istifadə edir, Ali Sovetin deputatları, o cümlədən
yazıçılar İlya Erenburq, Mixail Şoloxov, Aleksey
Surkov , Aleksandr Fadeyev vasitəsilə hərəkət edirdi.
Nəhayət
partiyanın XXII qurultayında, N.S.Xruşovun
çıxışından sonra Lev Qumilyovu azad etdilər və
o, Bolşoy Ordınkada anası ilə görüşdü.
Bu səbəbdən də Axmatova özünü "xruşovçu” adlandırırdı, Nikita Sergeyeviçə oğlu ilə birgə, milyonlarla əsirin azadlığı üçün minnətdar idi. Tezliklə mülayim hava buzlaqlarla əvəz edildi. Gözləri qarşısında dostu Boris Pasternakı zəhərlədilər, Anna bu hadisə ilə əlaqədar "şair hər zaman haqlıdır” demişdi.
"Doktor Jivaqo” romanında olduğu kimi "Rekviem” də müəllifin sağlığında ikən amma ölkə sərhədlərindən xaricdə işıq üzü gördü. Amma nəşr prosesi sakitliklə baş tutdu, sanki heç olmamış kimi.
İosif Brodski həbs edilən və mühakimə olunan zaman Axmatova çox kədərlənmiş, vəfatından sonra məzarı üstündə dualar etmişdi.
Elə güman edirdi ki, həyatında tufanlar baş qaldıracaq. Ölümlə qışın sonu, yazın əvvəlində 5 mart 1966-cı ildə Podmoskovye sanatoriyasında rastlaşdı. Şairə nə az, nə çox 77 il yaşamağa müvəffəq oldu.
Tabutunu uzun müddət çətinliklə yaşadığı keçmiş qraf Şeremetyevin hesabına inşa edilmiş Strannopriimnoqo evdə Sklifosofski institutunun morqunda yerləşdirdilər.
Moskvada onunla ancaq dostlar,
tanışlar vidalaşdı. Xalq şairin cənazəsinin
Sadovoe koltsoda yerləşdiyini bilmirdi. Hakimiyyət
və yazıçı-qardaşlar bunu gizlədir və mərhumu
Leninqrada yas mərasiminin keçiriləcəyi kilsəyə
aparmağa tələsirdilər.
"Rekviem”də də
gələcək nəslə müraciətlə abidəsinin
məhz orada – on yeddi ay ərzində qışqıraraq
oğlunu evə çağırdığı, "cəlladın
üzərinə atıldığı”, Leninqraddakı
"Bolşoy dom”da Moskvada Lyubyankada NKVD-nin qəbulunda saatlarla
gözləyən onun kimi bədbəxtlərlə eyni yerdə
qoyulmasını xahiş edirdi.
Rus
dilindən tərcümə edən – Xatirə Nurgül
Kaspi 2018.- 30 iyun.- S.14-15.