Əsl vəlvələ, sözü "qətlə yetirəndə" düşür

 

Tofiq Nurəli: "Gözəlliklər uğrunda həmişə ən əvvəl söz vuruşur"

 

Tofiq Nurəli 1953-cü ildə anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972-1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət” – indiki "Tibb qəzeti”ni yaratmış və 1991-1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta” da dərc olunması həmin müvəffəqiyyətin davamı idi.

 "Şehli kəpənəklər” (1983), "Yağışdan sonra” (1989), "Tənha bir qüssə” (1998), "Tənha payız yarpağı” (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. Bu il Tofiq Nurəlinin 65 yaşı tamam olur, biz də onun yubiley yaşını təbrik edir və müsahibəsini təqdim edirik:

  – Maarif Soltan sizdən "Tofiq Nurəlinin ötən kitablarından birinə yazdığım ön sözdə onun şeirlərinə "yaza bilmədiyim şeirlərim” demişdim” deyə bəhs edir. Bəs sizin həyatınızda belə hal baş veribmi? Yazmaq istədiyiniz, yaza bilmədiyiniz şeirləri başqaları yazıbmı?

 – Düşünürəm ki, "yazmaq istəyib, yaza bilməmək” bütün yaradıcı adamlara xas haldır. Sadəcə, Maarif Soltan cəsarətli davranaraq bunu dilə gətirib. Məsələn, biz gənc olanda Aşıq Ələsgəri, Səməd Vurğunun şeirlərini oxuyub "nə var e bu misranı yazmağa, mən də yaza bilərəm” deyirdik. Sonradan anladım ki, elə ən çətini o cür yazmaqdır: sadə, rəvan və mənalı. İncəsənətin hər sahəsində bu hal var: oxşar hadisəni görürsən, eyni hisləri keçirirsən, amma sən yox, bir başqası bunu ustalıqla ifadə edir. Məsələn, çox adam istəyər ki, Mikayıl Müşfiqin şeirlərini o yazaydı – çünki onun şeirləri bizim gəncliyin yazmaq istədikləridir.

 – Bəs hansısa məxsusi imza var ki sırf onun şeirlərini yazmaq istəyibsiniz?

 – Yox, belə bir sevimli ədəbi imzam olmayıb. İnanmıram ki, kiminsə bu mənada konkret ədəbi imzası olsun. Onsuz da, o – yəni bəyənilən şeirləri yazan bir şəxs var, daha onun ikincisinə nə gərək?

 – Şeirlərinizdən birində heca vəznini cərgə-cərgə, sıra-sıra qəbirlər düzülmüş qəbiristanlığa bənzədirsiniz. Necə düşünürsünüz, insanın son mənzili məzar olduğu kimi, şeirdə söz açdığınız Şərqin də son "mənzil”i heca vəznidirmi? Bihudədirmi Şərqin sərbəst şeirə marağı?

 – Hazırda Şərqin mizanlı şeiri ilə qərbin mizansız poeziyası sürətli qovuşma mərhələsi yaşayır. Məhz belə vüsalı dadan şairlər çox böyük uğur qazanırlar. Bu vəhdəti yaradıcılığında əks etdirən ilk azərbaycanlı şair, deyərdim ki, Mikayıl Müşfiqdir, şeir də "Yenə o bağ olaydı”. Bu mənada, heca vəzni ilə sərbəst şeir arasında kəskin sərhəd qoymaq lazım deyil. Məsələn, hazırda Avropada ən sevilən şairlər ispan şairləridir. Çünki İspaniya yeganə Avropa ölkəsidir ki, ərəb işğalını görüb, Şərq ruhunu duyub. Həmin vəhdəti yaratdıqları üçün də çox sevilirlər.

  – "Göldə qalır ulduzlar,

Külək qaçır tikəlir...

Soyuq sular içindən

Ulduz yığmağım gəlir” Tofiq bəy, ədəbiyyat da bir az ulduz yığmağa bənzəyir, deyəsən. Göydəki ulduzun özü yox, əksi görünə bilər sadəcə, misralarımızda. Bu məsələ ilə bağlı bəs qədər mülahizələr var. Siz necə fikirləşirsiniz, ədəbiyyat ulduzun özünü təsvir edəcək qədər güclüdür, yoxsa?

 – Ulduzu təsvir etsə, bu, artıq ədəbiyyat yox, astrologiya olacaq. Ədəbiyyat ulduz kimi əlçatmayanı izhar etməkdir. Elə uzağı ki, ona qibtə edir, simvolikləşdiririk. Çünki bir nəsnə nə qədər uzaqdırsa, o qədər seviləndir.

 – Min illərdir Ədəbiyyata "sülh göyərçini” deyibən xitab edirik. Dünyanı top-tüfənglə deyil, şeir, qəzəl, sözlə də xilas etmək mümkündür. Bu mənada "Qanınız tökülən yerdən, gün gələr Vətən doğular” misrasında vətənpərvər duyğularınızı daha yumşaq ifadə etmək mümkün idimi?

 – Əslində, o misra "Sözün qanı düşən yerdən gün gələr vətən dikələr”dir. Bu, həmişə belədir. Cəmiyyətin və vətənin yüksəlişi, həqiqətən də, sözdən başlayır. Çünki bütün gözəlliklər uğrunda həmişə ən əvvəl söz vuruşur. Elə buna görə də əsl vəlvələ, sözü "qətlə yetirəndə” düşür.

 

 – Bəs hansı situasiyaları, hisləri sözlə, şeirlə ifadə etmək sizin üçün çətindir?

 – Yazmaq elə həmişə çətindir. Amma, xüsusən, valideyn, övlad sevgisi barədə yazmaq mənim üçün daha qəlizdir. Bu mövzularda 2-3 şeirim var, onlar da çox ağrıyan zamanlarımın məhsuludur.

 – Tofiq müəllim, "poeziya hislərin tarixidir” deyirlər. Bəs siz şeirlərinizi oxuyanda o hislərin hansı anda, hansı vəziyyətdə yazıldığını xatırlaya bilirsinizmi?

 – Mən bəzi şeirlərimin hətta yazıldığı tarixi belə dəqiq xatırlayıram. Mən o vaxt ucqar kəndlərdən birində – Qonaqkənddə işləyərkən vəziyyət çox çətin idi.  Bir-iki xəstə var idi, mən də tək. Nə bir dost, nə də tanış. Bir gecə xəstəxananın qarşısında oturanda, başımı yuxarı qaldırdım ki, ay da çıxıb, lap qəribsədim. "Sən uca göylərdə təksən, tənhasan, Mən də ki qapının astanasında”. Bu şeiri hər dəfə oxuyanda yenə özümü yalqız, tək hiss edirəm.

 

 – "İnana bilmirəm” şeirinizdə qərəz, tərəddüd, ölümlə barışmazlıq duydum. Maraqlıdır ki, şeirin ilk iki bəndinə qədər bu ovqat davam edir. Lakin sonluqda "dünya dağılmadı anam gedəndə, atamı sakitcə uddu bu torpaq” deyib, həyat həqiqətlərini qəbul edən bir qəhrəmanla qarşılaşırıq. Maraqlıdır, hansı ölümlə barışmaq daha çətindir? Həyatdakı, məişətdəki, yoxsa ədəbiyyatdakı?

 – Məncə, həyatdakı ölümlərlə gec-tez barışırsan. Mütləq, barışırsan. Özü də bir müddətdən sonra təkcə barışmırsan, həm də başa düşürsən ki, bu, labüddür. Torpağın üzü soyuqdur axı. Peşəmlə və yaşımla bağlı olaraq çox ölüm görmüşəm. Balaca bir uşağın, özü də xəstəxananın həyətini belə tanımayan uşağın anası ilə gəlib, o qapıdan tək çıxdığının şahidi olmuşam. Yəni insan zamanla həyatdakı ölümlə də, ədəbiyyatdakı ölümlə barışa bilir. Amma məişət ölümü ilə barışmaq çox çətindir.

  – Kafkaya görə, adına kütlə deyilən bu cəhənnəmdə uzun zaman yanmayan adam özünü tapa bilməz. Bunun ilk şərti itməkdir. Bəzən qayıtmaq üçün getmək gərəkdir. "Qətl olunmuş vaxt” şeirində  "Baxdım ki, lap çoxdan gedib, gedənlər

Bir kimsə qalmayıb

əl eyləməyə” deyirsiniz. Bu baxımdan Tofiq Nurəlinin həyatında Kafkanın fikirləri sadəcə bir cümlədir, ya gəlmək üçün gedənlər olub?

 – Qayıtmaq üçün getmək istəyirsənsə, deməli, artıq məğlub olubsan. Getməyə və təmizlənib, yenidən qayıtmağa gərək duyursan. Mən də bu misraları, uğrunda mübarizə apardığım heç nə qalmadığı zamanda yazmışdım.

  - "Bu dünyadan suçlu gedib,

Bu dünyada puç olub gedib

O dünyada dirilən sular

xanım sular,

gəlin sular”

Niyə Tofiq Nurəliyə görə xanımlar və xüsusən də gəlinlər "su”dur? Xanımlara su deyəndə, palçıqdan yaranan kişilərin aqibəti sizi qorxutmur?

 – Bu misraları yazanda düşünürdüm ki, sular bu dünyadan o dünyaya səfər edəndə təmizlənir. Sanki dünya təzələnir. Amma düz deyirsiniz, xanımların su kimi hər an gərəkli və duru olma missiyası var. Amma mən bunu yazanda, düzü, kişilər barədə düşünməmişəm.  

 – "Bu yurdda, bu obada,

bu cür gözəlliyinlə,

bu təmiz, pak qəlbinlə

sən xoşbəxt olmalıydın

ola bilməzdin ancaq

Heç cür,

heç cür Tükəzban,

elə sən də Fatimə...”

Maraqlıdır, kişilər bunu duyursa, niyə o tükəzbanlar, fatimələr bədbəxt olur? Əlinizdə deyilmi onların üzünü güldürmək?

 – Təəssüf ki, birini xoşbəxt etmək konkret şəxsin əlində deyil. Biz sadəcə, anlıq sevinclər yaşada bilərik qarşımızdakına. İnsanı tam mənada xoşbəxt etmək üçün gərək bütün ətrafı səfərbər olsun. Qaldı ki tükəzbanların, fatimələrin xoşbəxtliyinə,  Peyğəmbərimizin gözəl bir kəlamı var: "Cənnət anaların ayaqları altındadır”. Peyğəmbərimiz hələ o dövrdə anladırdı ki, analar xoşbəxt olmasa, cəmiyyətin nicatı mümkünsüzdür.

  

 – "Son kəndli şairi mənəm bəlkə də” deyən "kəndli şair” kəndi gənclərə sevdirməyin yolunu nədə görür?

 – Müharibə dövründə dağ kəndləri, sözün əsl mənasında, viran qalmışdı, insan üzünə həsrət idi. Mənim yaşadığım Quba rayonun Yerdi kəndində günlərlə maşın səsi eşidilmirdi. Vəziyyət elə ağır idi ki, kəndlilər də iş arxasınca şəhərə pənah aparırdılar. İndi çox şükür ki, böyük fərq, irəliləyiş var. Qaldı ki, suala, zorla nəsə yaratmaq mümkün deyil. Ələlxüsus da, sevgi.

 

 – "Ata yurdun bulaqları, çayları büsbütün gözyaşıdır” – deyirsiniz. Gözyaşında boğulmamaq üçün nə edək?

 – Sadəcə, mübariz olmaq lazımdır. Bu o demək deyil ki, hər şey bərbaddır. Daha yaxşı olmağın yolunda çarpışmalıyıq. Bu şeir də mübarizənin zəruriliyini bildirən çətin dövrlərdə yazılıb. Zaman keçdikcə məişətimizdəki "ağlaşmalar” məni usandırır. Hətta öz şeirlərimdəkilər belə. Bilirsiniz, bizim ədəbi nəsli vaxtında düzgün yola istiqamətləndirən olmadı. Hərdən düşünürəm ki, ağlamağımız bütün yaradıcılıq sahələrinə nüfuz verib. Amma bu, əksinə olmalı idi. biz mübarizlik əxz etməliydik.

 

 – Tofiq müəllim, həkimliyinizdən gələn hansı məqamlar sonradan şeirlərinizdə öz əksini tapıb?

 – Şeirə kim haradan üz tutursa, o sahənin elementlərini də özü ilə gətirir. Həkim yazarlar ədəbiyyata ən azı yod qoxusunu gətirə biliblər. Çünki bəzi şeirləri oxuyanda o dəqiqə hiss edirsən ki, bunu həkimdən başqası yaza bilməz. Mən o zamanlar xəstəxananın reanimasiya şöbəsində işləyirdim. Bura elə yer idi ki, xəstələrin 40%-nin belə, yaşaması böyük uğur idi. İlk vaxtlar gözümün qarşısında can verən insanları görəndə, sarsılır, özümə gələ bilmirdim. Yavaş-yavaş bu sarsıntı vərdişə çevrildi və ölüm gözümdə adiləşdi.

 

 – Şeirlərinizi oxuyanda hiss etdim ki, bu şeirlər çap olunmayan dövrlərinizdə özünüzün özünüzə pıçıltılarınızdır. Nə dərəcədə doğru müşahidədir bu?

 – Deyərdim ki, tam dəqiq müşahidədir. İllər əvvəl şair kimi etiraf olunacağım ağlımdan belə keçmirdi. Düşünürdüm ki, sadəcə, ədəbiyyata həvəsli həkim ola bilərəm. Orta məktəb vaxtında şeirlər yazırdım, amma iddiam yox idi. Yoxsa elə filologiya fakültəsinə sənəd verərdim. Bizim universitetdə Fikrət Qocanın rəhbərlik etdiyi "Çeşmə” adlı ədəbi dərnək var idi. F.Qoca 4-5 nəfər tələbəni mətbuata "Uğurlu yol” adlı yazı ilə təqdim etmişdi. Təxmini 1975-76-cı illərdə gənc şairlər arasında elan olunmuş müsabiqəyə də şeirlərimi göndərməmişdim. Yəni son dərəcədə iddiasız idim. Həmin dərnəkdəki yoldaşlarım makinada çap edib, şeirlərimi müsabiqəyə göndərmişdilər. Müsabiqə 3 mərhələli idi, amma mən elə birbaşa son mərhələyə keçmişdim. Belə hadisələrdən sonra bir az ürəkləndim. Yazdım və onunla birgə dərdlər də başladı. Yəni, həqiqətən də, ilk vaxtlarda mən sadəcə, özüm üçün yazırdım. Sonra şəhərə gəldim və gördüm ki, çap olunmaq üçün başqa mövzulara meyl etməlisən. Bunu dərk edəndən sonra boksçu Məhəmməd Əli haqqında bir şeir yazmışdım, hətta, o şeir Rusiyada da çap olunmuşdu. O zaman SSRİ elə təqdim edirdi ki, guya Məhəmməd Əli kommunist partiyasına üzv idi və bütün Amerikaya qarşı mübarizə aparırdı. "Məhəmməd Əlinin yumruqları Amerikanı yıxacaq”. Mən də bu misraları yazmışdım, sonra Moskvadakı almanaxda da çap olunmuşdu. Amma sevgi mövzulu şeirlərim gənclər arasında çox yayılmışdı. Sonra çap "meydanından” çəkildim...

 

 – Səbəb nə idi?

 – Səbəblər çox idi. Birincisi özüm idim. Məsələn, bir dəfə Pedaqoji Universitet tərəfdən keçirdim. Dayanacaqda bir neçə xanım yaxınlaşdı mənə, bir də Bakı Dövlət Universitetində belə bir hadisə yaşadım. Belə təkrarlanmalar yordu məni, həm də utandırdı. O zaman indikindən fərqli idi hər şey. Adi bir şəklin mətbuat orqanında yayımlansa, 50.000 nəfər səni tanıyırdı. İkinci tərəfdən, başqa cür basqılar başladı... Qısqanclıq hər zaman var. Sizə bu qısqanclıq barədə yaşadığım bir hadisəni danışım: Cəfər Rəmzi Bakı ədəbi mühitin qəzəl yazan şairlərindən idi. 37-ci ildə həbs olunanlar sırasında onun da adı var idi. Bizim o zamankı şöbə müdirimizin atası da 37-ci ildə həbs olunanlar arasında idi. Onun anasının yas məclisinə Əliheydər Qəmbərlə birgə gedirdik. Qapıdan içəri girən kimi "mən belə satqınla bir yerdə otura bilmərəm, sizin xəbəriniz yoxdur, M.Müşfiqin, H.Cavidin o bədbəxt şəkillərini bu satqın çəkib” deyə Əliheydər Cəfər Rəmzidən danışdı. Həqiqətən də, şəkillərin müəllifi o idi. Ə.Qəmbərov daha içəri girmədi, çıxıb çöldə gözlədi. Məclisdəki pərtliyi aradan qaldırmaq üçün qəbirüstünə getməyi təklif elədilər. Mən də Cəfər Rəmzinin qoluna girdim, gətirdim bizim maşına, icazə vermədim ki, başqa kimsə maşına əyləşsin. Bir az könlünü aldıqdan sonra soruşdum ki, mənə bir şeyi doğru-dürüst başa salın, görək, Mikayıl Müşfiqi niyə güllələmişdilər? O, mənə çox müxtəsər cavab verdi: Müşfiqin iki ildə 5 kitabı çap olunmuşdu. O, 5 kitabın güdazına getdi, qalan hamısı boş söhbətlər, bəhanələrdir. "Beş kitaba görə ətrafı onu bağışlamazdı, Bağışlamadı da...”. Cəfər müəllimin bu cümləsi hələ də qulağımda səslənir. Bax, o dövr ədəbi mühit belə idi. Gedər-gəlməzin qapısı həmişə açıq idi.

 

 Söhbətləşdi: Fərid Hüseyn, Günel Şamilqızı, Aysu Kərimova, Aytac Quliyeva

Kaspi.-2018.- 30 iyun.- S.16-17.