Teatrlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə
necə hazırlaşır?
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd ediləcək. Sərəncamına əsasən hazırlanan tədbirlər planının öz tətbiqini tapmaqdadır.
Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanıb.
Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir, kitablar nəşr olunur, sənədli filmlər çəkilir. Bəs görəsən teatrlarımız necə bu yubileyə hazırdırlarmı? Biz də mövzu ilə bağlı aparıcı teatrlarımızda sorğu keçirdik. Onların bu tarixi hadisəyə necə hazırlaşdıqlarını xəbər aldıq. Məlum oldu ki, əksər müəssislər kimi teatrlarımız da bu yubileyə hazırlaşır və bunun üçün yeni tamaşalar və konsert proqramları hazırlayırlar.
Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi hazırlanır
Azərbaycan Dövlət Musiqili Teatrı bu yubileyə xüsusi hazırlaşır. Belə ki, teatrdan verilən məlumata görə 108-ci mövsümün növbəti premyerası 10 mart - Milli Teatr Gününə təsadüf edəcək. Və həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə, eyni zamanda, Cümhuriyyətin qurucularından olan Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş "Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq. Quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.
Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacağı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.
"Nuri-didə Ceyhun” pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir. Fransada yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına geri dönmür.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, Anton Ferşdant, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edirlər.
Maraqla baxılan bu səhnə əsərində böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibçisi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.
"Cavad xan” tamaşası Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə yeni tamaşanın hazırlandığını vurğuladı: "Cümhuriyyətimizin bir əsirlik yubileyinə biz də mədəniyyət ocağı olaraq ciddi cəhdlə hazırlaşırıq. Bizim yubileyə töhfəmiz yeni balet tamaşamız olacaq. Belə ki, Azərbaycan bəstəkarı Sərdar Fərəcov yeni "Cavad xan” baletini yazıb. Bu tamaşanın quruluşu üzərində işlər başlayıb. Tamaşa ilin 2-ci rübündə tamaşaçılara təhvil veriləcək. Tamaşa üzərində son işlər gedir. Bu tamaşanı Cümhuriyyətin 100 illiyinə həsr etmişik. Tamaşa üçün xüsusi eskizlər, kostyumlar xalq rəssamı Rafiz İsmayılov tərəfindən hazırlanır. Tamaşaya baletmeystr Kamilla Hüseynova quruluş verir. Sözügedən tamaşanın dirijor isə xalq artisti Cavanşir Cəfərova məxsusdur”.
Üzeyir Hacıbəylinin
"Dulusçu” əsərini yenidən oynamağı
planlaşdırırıq
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə danışdıq. O, bizimlə söhbətində Cümhuriyyətimizin bizə çox şey qazandırdığını və bunun mədəniyyətə, ələlxüsus da teatrlarımıza öz təsirini göstərdiyini bildirdi: "2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın yəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Biz bu yubileyi xüsusi qiymətləndiririk. Pantomima Teatrının bu yubiley barədə hazırlıqlarına gəlincə isə bildirim ki, teatrımızda Cümhuriyyətin 100 iliyinə dair tamaşa hazırlanmayıb. Bununla bağlı xüsusi bir göstəriş almamışıq. Ancaq onu qeyd edim ki, biz mayın sonu iyunun əvvəllərində Üzeyir Hacıbəylinin "Dulusçu” əsərini yenidən oynamağı planlaşdırırıq. Bu tamaşanı da məhz Cümhuriyyətin 100 illiyinə həsr etməyi düşünürük”.
E.Rəfiyev Pantomima Teatrında hər hansı tamaşanın gec səhnə həlli tapmasından danışdı. Bildirdi ki, teatrın öz dəsti-xətti və üslubu olduğu üçün qısa zaman kəsiyində hansısa tamaşa hazırlamaq mümkünsüzdür: "Biz yenidən oynayacağımız bu tamaşanı müstəqilliyimizin 100 illiyinə həsr edəcəyik. "Dulusçu” milli ruhda olan bir əsərdir. Hesab edirəm ki, yubiley ərəfəsində bu tamaşa tam yerinə düşəcək”.
Yubileyi daha masştablı şəkildə keçirəcəyik
Abdulla Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova deyir ki, Kukla Teatrı və onun nəzdində fəaliyyət göstərən "Oyuq” teatr studiyası il ərzində bir sıra konsert-tamaşa proqramları ilə çıxışlar edirlər: "Bilirsiniz ki, Kukla Teatrı təkcə teatr müəssisi olaraq tamaşalar nümayiş etdirməklə kifayətlənmir, biz həm də Azərbaycan xalqının tale yüklü ictimai-siyasi-mədəni tədbirlərində fəal iştirak edirik. Uşaqların zövqünü oxşayan bir teatr müəssisəsi olaraq dövlətimizin bayram günlərində tədbirlər, konsert-tamaşalar keçirmişik. Cənab prezidentimizin Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı məlum sərəncamından irəli gələrək Kukla Teatrında da belə tədbirlərin reallaşması gözlənilir. Tədbir çərçivəsində səhnəciklərlə, konsert-tamaşalarla birlikdə konsert proqramı keçirməyi nəzərdə tutmuşuq. Ötən il Mayın 28-də Oyuq teatr studiyası açıq havada konsert proqramı ilə çıxış etdi, bu da azyaşlı və eləcə də orta, böyük nəslin nümayəndələri tərəfindən maraqla qarşılandı. Biz həmin konserti bu il daha miqyaslı şəkildə keçirəcəyik. Belə ki, Kukla Teatrından Bulvar ərazisi boyunca yürüş edəcəyik. Bundan əlavə açıq havada konsert proqramı ilə çıxışlarımız olacaq. Artıq konsertin hazırlıqlarına da başlamışıq. Mayın sonuna yaxın bu layihələri gerçəkləşdirməyi planlaşdırırıq. İnanırıq ki, bu Cümhuriyyətin 100 illiyinə layiq, yaddaqalan, maraqlı bir tədbir olacaq”.
Xəyalə Rəis
Kaspi 2018.- 1 mart.- S.10.