“Aşıq Ədəbiyyatı”
antologiyası - xalqın yaddaş
kitabı
“Xalq Əmanəti” layihəsi
çərçivəsində təqdim olunan 16-cı nəşr
təqdim edilib
"Xalq Əmanəti” layihəsi çərçivəsində təqdim olunan 16-cı nəşr Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığına həsr olunub. Nəşr olunan "Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir."Xalqın zəngin mədəni irsi, mənəvi dəyərlərinin toplanması və gələcək nəsillərə ötürülməsi ən ümdə məsələlərdən biri kimi elmi-mədəni mühiti həmişə düşündürüb. Bu illər ərzində Xalq Bank-ın nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üç cildlik "Aşıq Ədəbiyyatı” antologiyası - "Aşıq poeziyası”, "Qəhrəmanlıq dastanları”, "Məhəbbət dastanları” da əlavə olundu və şübhəsiz, bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir”.
Xalq Bankın "Xalq əmanəti” layihəsi çərçivəsində nəşr etdirdiyi "Aşıq Ədəbiyyatı Antologiyası”nı vərəqlədikcə mədəniyyət və ədəbiyyatımızın tarixinə hədiyyə olunan əvəzsiz töhfə ilə tanış olursan. Aşıq yaradıcılığı zəngin tarixi, böyük tarixi-mədəni əhəmiyyəti və keçdiyi yolun keşməkeşləri ilə ciddi və həm də əsaslı bir mənzərəni sərgiləyir. Burada xalqın zəngin mədəniyyət təsəvvürləri, əxlaq qaydaları, arzu və istəkləri, qayğıları, qurub yaratmaq amalı, yaşam idealları və s. yaşam kateqoriyaları cəmlənir. Təqdim olunan antologiyada ustadların yaradıcılığından verilmiş seçmələr xalqla aşığın vəhdətini ehtiva edir, xalqın əvəzsiz, şəriksiz yaradıcılıq sahəsinin – aşıq sənətinin fövqəladə əhəmiyyətini nümayiş etdirir. Azərbaycan xalqının bəşər mədəniyyətində yerini, təmsil etdiyi dəyərləri, aşıladığı idealları göstərir.
Nəşrin tərtibçilərindən filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı ilə "Aşıq Ədəbiyyatı Antologiyası” haqqında söhbətləşərkən o, "Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın son səkkiz ildə həyata keçirdiyi möhtəşəm işləri tarixi ənənənin yaşarlılığının bariz nümunəsi kimi dəyərləndirdi: "Xalq Əmanəti” layihəsi eyni zamanda bir neçə nəcib məqsədə qulluq edir. Həm oxucuları milli mədəniyyətimizin sütunlarından biri olan aşıq ədəbiyyatı ilə yaxından tanış edir, həm ölkədə kitabçılıq mədəniyyətini inkişaf etdirir, həm də milli mədəniyyətimizin ən dəyərli qatlarından birini yenilənmiş şəkildə xalqa təqdim edir, yaddaşları təzələyir. Təsəvvür edin, nə qədər möhtəşəm sənət abidələrimiz vaxtında yazıya alınmadığı səbəbindən yaddaşlardan silinmiş, günümüzə çatmamışdır”, - deyə professor qeyd etdi: "Antologiyaya daxil edilən nümunələr müxtəlif mənbələrdən zərrə-zərrə toplanaraq, dərindən tədqiq edilərək xalqımızın əmanəti şəklində yenidən xalqa qaytarılır”.
Olduqca nəfis tərtibatda təqdim edilən antologiya bir sıra özəlliklərə malikdir. İlk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də Dədə Qorquddan üzü bəri böyük ustad-sənətkarlarımız nəşrdə bir toplu halında cəmlənir. Belə ki, "Aşıq ədəbiyyatı” antologiyası məqsədyönlü, düşünülmüş fəaliyyətin nəticəsi olaraq yaranıb və bütünlükdə xalq sevgisi ilə yoğurulub. Toplunu vərəqlədikcə zəngin təcrübə, görülən gərəkli işlərin son olaraq orijinal, həm də daha mükəmməl bir nümunənin ortaya çıxması ilə nəticələndiyinə əmin olmaq mümkündür. Antologiyanın dəyərini artıran maraqlı məqamlardan biri müəllifi bilinməyən aşıq şeirlərinin nəşrdə özünə yer almasıdır. "Məlumdur ki, müəllifsizlik amili şifahi xalq yaradıcılığının xüsusiyyətlərindən biridir. Aşıq yaradıcılığında isə müəllifsizlik olduqca maraqlı və nadir haldır. Ancaq ayrı-ayrı tədqiqatlar belə halların mövcudluğunu təsdiqləyir. Bu baxımdan, müəllifi məlum olmayan şeirlərin bir başlıq altında toplanaraq nəşrə salınması, həm də adları bizə məlum olmayan sənətkarların ruhuna dərin sayğının ifadəsidir”, - deyə M.Allahmanlı söylədi.
Antologiyanın ikinci cildində qəhrəmanlıq, üçüncü cildində isə məhəbbət dastanları toplanıb. Bu dastanlarda Azərbaycan xalqının mədəniyyəti, tarixi, bədii-fəlsəfi düşüncəsinin bütün çalarları öz ifadəsini tapıb. M.Allahmanlı topluya daxil edilən poetik nümunələr, məhəbbət və qəhrəmanlıq dastanlarının hər birinin öz məzmun bitkinliyi, tərkib genişliyindən əlavə, həm də əsərlərin mövcud olan müxtəlif versiyalarının tədqiqi, ilkin variantların bərpası, daha mükəmməl mətnlərin seçilməsi ilə əhəmiyyətli olduğunu vurğuladı. Belə ki, nəşrin digər özəlliyi antologiyada xalqın mənəvi yaddaşına dastan qəhrəmanları kimi daxil olmuş sənətkarların, ustadların yaradıcılıq nümunələrinin yer almasıdır. Məsələn, "Koroğlu” dastanından Koroğlunun, Cünunun, "Əsli və Kərəm” dastanından Kərəmin, "Aşıq Qərib” dastanından Qəribin, "Tahir və Zöhrə” dastanından Tahir Mirzənin və digərlərinin real sənətkar kimi bədii məkana gətirilməsi məsuliyyətli və həm də əhəmiyyətli addımdır.
Antologiyanı forma nöqteyi-nəzərindən gözəlləşdirən, onun bədii dəyərinə rəng qatan, zəngin məzmununu rəssamın nəfis zövqü və incə fırçası ilə canlandıran illüstrasiyalar isə ayrıca bir tədqiqatın mövzusu ola bilər.
Mənəvi sərvətimiz
"Aşıq Ədəbiyyatı Antologiyası”nın Xalq Bankın əsas binasında yerləşən bədii qalereyasında təqdimatı zamanı çıxış edənlər də toplunun nəşrini xalqımızın mədəni irsinin zənginləşməsinə əvəzsiz töhfə kimi dəyərləndirdilər. Milli Məclisin deputatı, akademik Nizami Cəfərov antologiyanın təqdimatını giriş sözü ilə açaraq «Xalq Əmanəti» layihəsi çərçivəsində nəşr olunan işlərin özəl cəhətlərindən danışdı: " Hər şeydən əvvəl, seçim həddən artıq dəqiqdir. Çap olunan əsərlərin həm intellektual, həm də mənəvi dəyərlər baxımından nəşrinə ehtiyac var. Nəşrlərin hamısında akademik dəyər gözlənilir. Əsərlərdən mötəbər mənbə kimi istifadə etmək olar. Nəşrlər həmçinin poliqrafik cəhətdən yüksəkdir, beynəlxalq müqayisəyə layiqdir”. Antologiyanın görkəmli alimlər tərəfindən işləndiyini deyən akademik nəşrdə Dədə Qorquddan başlayaraq müasir günümüzədək yaşayıb-yaradan 168 aşığın əsərlərinin yer aldığını vurğuladı. Bu nəşr mənəvi sərvətimiz olan aşıq sənətinin dərindən öyrənilməsinə kömək edəcək».
Aşıq sənətinin gələcəyə daşınması
İlk dəfə olaraq "Kitabi-Dədə Qorqud” dastanlarından bir sıra poetik parçaların seçilərək aşıq poeziyası nümunələri kimi topluya daxil edildiyini qeyd edən Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı: «Toplunun birinci cildi ("Aşıq poeziyası”) Dədə Qorquddan bu yana yaşayıb-yaradan ustadları əhatə etməklə zaman baxımından da xalqımızın sənət haqda təsəvvürlərini əks etdirən əsaslı mənbə kimi mühüm əhəmiyyət kəsb edir”-deyə bildirdi: "Antologiyanı çapa hazırlayarkən hər şeirin üzərində aylarla çalışdıq. İlk dəfə Dədə Qorqud ədəbi şəxsiyyət kimi ortaya qoyuldu. Onun söylədiyi ozan şeirləri nəşrdə yer aldı”. Nəşrin üstünlüyündən danışarkən M.Qasımlı kitabda sovet dönəmində çıxdaş olunan sənətkarların şeirlərinin yer aldığını diqqətə çatdırdı: "Antologiyanın həm tarixi, həm də bədii əhəmiyyətini artıran əsas amillərdən biri də sovet senzurasının "redaktəsinə” məruz qalmış müxtəlif epizod və hadisələrin, əhvalatların bərpa olunmasıdır. Eyni zamanda, xalqımızın dini təsəvvürlərini əks etdirən mətn və şeirlər sovet redaktəsindən azad edilərək ilkin, əsas versiyalarında kitaba daxil edilib. Antologiyanın dəyərini artıran maraqlı məqamlardan biri müəllifi bilinməyən aşıq şeirlərinin nəşrdə özünə yer almasıdır. Bu baxımdan, antologiyanın aşıq sənətinin bundan sonrakı inkişafında böyük əhəmiyyəti olacaq. Bu nəşr aşıq sənətinin gələcəyə daşınmasında rol oynayacaq. "Aşıq Ədəbiyyatı” antologiyası xalqın yaddaş kitabı kimi əvəzsizdir”.
Yazılı ədəbiyyatla şifahi ədəbiyyatımızın həmişə çulğalaşaraq inkişaf etdiyini deyən professor Qəzənfər Paşayev aşıq ədəbiyyatının dilimizin inkişafında böyük rol oynadığını qeyd etdi: "Dilimizin inkişafında aşıqların ədəbiyyatı sevməsinin böyük xidməti olub. Aşıqlar el içində olduğundan onların poeziyası sevilib. O şairlər ki, bu amilləri gözləyiblər onların şeirləri xalqın dilinin əzbəri olub”.
Əsl Xalq Əmanəti
Tənqidçi, ədəbiyyatşünas Şirindil Alışanlı "Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan üçcildliyi düşünülmüş fəaliyyətin nəticəsi kimi qiymətləndirdi: "Toplu gələcək nəsillər üçün ən gözəl xəzinədir”.
Antologiyanın bədii tərtibatçısı, Xalq rəssamı Arif Hüseynov «Aşıq ədəbiyyatı antologiyası» üzərində işləməsindən qürur duyduğunu söylədi: «Bu, mənim ikinci layihəmdir. Əvvəl Sabirin «Hophopnamə»si üzərində işləmişəm. Özümü xoşbəxt hesab edirəm ki, yaşımın bu çağında belə nəşrlər üzərində işləmək mənə qismət oldu”.
Əməkdar İncəsənət xadimi Aşıq Ulduz antologiyanı yüksək dəyərləndirərək: «Bu kitab milli sərvətimizdir»- dedi: "Son zamanlar aşıq sənətinə diqqət artıb. Dövlət səviyyəsində bu istiqamətdə bir sıra işlər görülüb. Mən xoşbəxtəm ki, bu tarixdə yaşayıb yaradıram və bütün bu inkişafı görürəm”.
Aşıq Əhliman isə sazı aşığın silahdaşı adlandırdı: "Aşıq ədəbiyyatı antologiyası” toplusunun nəşrində zəhmət çəkənlərin hər birinə minnətdarlıq edirəm. Çünki bu sənəti qoruyub gələcək nəsillərə çatdırmaqda əvəzsiz iş görülüb”.
Tədbirdə iştirak edən qonaqlar "Xalq Əmanəti” layihəsinin əhəmiyyətindən danışdılar, təqdim edilən antologiyanı Azərbaycan ədəbiyyatı və mədəniyyətinə töhfə verəcək hadisə adlandırdılar: "Xalq Əmanəti” layihəsinin xalqımıza bəxş etdiyi "Aşıq Ədəbiyyatı” antologiyası nəsillərin, əsrlərin nəhəng təcrübəsinin, qədim ənənələrinin və saf arzularının sənət qatında bir-birinə qovuşaraq yaranan bir abidədir. Böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu abidə xalqımıza bir ərməğandır, əsl Xalq Əmanətidir!”
Xalq Bankın layihə çərçivəsində gördüyü işlər, layihənin davamlı olaraq həyata keçirilməsi, eyni zamanda xalqımızın mədəni irsinin zənginliyi bu sahədə görüləsi işlərin çox, "Xalq Əmanəti” layihəsinin isə ömrünün uzun olacağını qeyd etməyə əsas verir.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
Kaspi 2018.- 1 mart.-
S.13.