“O, məni döyə-döyə
oxutmasaydı, bu yerə gəlməzdim”
Kamran M.Yunis: “Mənim
uğurlarım ətrafımdakılardır”
Ömrünün hər saniyəsinin dəyərini bilir. Hətta həyatdan aldığı zərbələri belə sevir. Düşünür ki, əgər çətinlik görməsəydi, uşaq qalardı. Ona görə, insanı böyüdən və kamilləşdirən yaşı deyil, çəkdiyi ağrılar, əzablar, çətinliklərdir.
"Keçmişdəki mən” rubrikasının bu dəfəki qonağı "Vicdan haqqı” serialının Yusifi, tanınmış aktyor Kamran M.Yunisdir.
K.Yunis 1974-cü ildə Bakıda anadan olub. Keçmişinə səyahət
edərkən kövrəlir və həyatın o vaxt daha
maraqlı, rəngarəng olduğundan bəhs edir: "Ailənin
ikinci oğluyam. 11 ildən sonra isə 3-cü
qardaşım dünyaya gəldi. Aramızda 11 il məsafə olduğu üçün mənimlə
evin sonbeşiyi kimi davranırdılar. Evin
kiçiyi olanda, sanki daha çox sevilirsən. Düzdür, bizim ailədə heç birimizi ərköyün
böyüdüb, nazımızla oynamayıblar. Xüsusilə də, anam tərbiyəmiz
üçün çox çalışıb. Amma hər ailədə olduğu kimi bizi çox
sevirdilər. Müəllim ailəsində
böyümüşəm. Atam internat məktəbində
loqoped deffektoloq, anam isə bağçada müəllimə
işləyirdi”.
"Səhər əl-üz yumaq
söhbəti yox idi”
Xalq şairi Xəlil Rza Ulutürkün bacısı
oğlu olan həmsöhbətimizin elə
uşaqlığının ən gözəl xatirələri
dayısıyla bağlıdır. Deyir ki, həmin günlərin qiyməti
yoxdur: "Yay tətilimi ya Balakəndə, ya da Salyanda
keçirirdik. Yadımdadır, Xəlil
dayımın yanına bağa gedirdik. Kim
hansı işi görəcək püşk atırdıq.
Onun yanında rus sözlərini işlətmək
qadağan idi. Məsələn "uje” deməyin cəriməsi
var idi . Deyirdi ki, Azərbaycan
türkcəsini korlamayaq. Hər dəfə
həyəti bizə şumlatdırırdı. Bir dəfə
dedi ki, igid, hamısını şumla, buraya dəymə. Deyirdim niyə? Mənə qarışqa
yuvasını göstərirdi ki, yuvalarını
dağıtma... Şəhər uşağı idim, amma
heç kim mənim kimi ot çala, odun kəsə
bilmirdi. Xəlil dayımgildə səhər 8-ə
10 dəqiqə işləmiş durmağın da cəzası
var idi. Günə saat 7-də
başlamalı idik. Kim gec dursa, onu
yorğan üzünə bürüyüb hovuza
atırdıq. Ümumiyyətlə, Xəlil
dayımın "kitabında” səhər əl-üz yumaq
söhbəti yox idi. Deyirdi ki, yuxudan duran
kimi hovuza kəllə vurun, çıxın. At sürməyi sevirdim. Rayona gedəndə,
atın belindən düşmürdüm”.
Valideyn tənəsi, ana şilləsi...
Uşaqlığını həyatının ən rəngli
illər adlandırsa da, məktəbə başladıqdan
sonra yaşamının rəngi bir qədər tündləşib. Valideyn tənəsi,
ana şilləsi, "işgəncə”si ilə tanış
olub: "Məktəb dövrü başlanana qədər
evin ən sevimlisi mən idim. Lakin həmin
illər hər şey dəyişdi. Düzdür,
sevgi azalmadı, amma ciddilik artdı. Anam mənim
təhsilim üçün böyük əziyyət çəkirdi.
Bu gün Kamran Yunis məqamına
çatmağımın hər bir zərrəsində
anamın əvəzolunmaz zəhməti var. Çünki o, məni
döyə-döyə oxutmasaydı, bu yerə gəlməzdim.
Əzbərçi idim, bu gün öyrəndiyim sabah yadımdan çıxırdı. Həm də 2-ci sinifdən aktyor olmaq istədiyim
üçün meylimi ədəbiyyata salmışdım.
Qalan fənlər isə 2-ci, 3-cü dərəcəli
idi. Təbii məktəbi bitirmək
üçün ədəbiyyat kifayət etmirdi, ona görə,
döyülə-döyülə oxuyurdum”.
Deyir ki, anası onu dəhşətli dərəcədə
döysə də, bu, heç vaxt pisinə gəlməyib. Oxumaq və böyük adam olmaq üçün
döyüldüyünün fərqində idi: "Valideynlərim
aktyor olmağımı istəmirdilər. Mənim
üçünsə, kino, teatr sehirli dünya idi. Artıq aktyor olmaq istəyi bütün ruhuma
yayılmışdı. Anam da teatrı dəhşətli
dərəcədə sevirdi. Sadəcə
düşünürdü ki, o qədər böyük sənətkarlar
var ki, onların fonunda itib-batacam”.
"Ağzından” tökülən
kəlmələr həyatımı dəyişdi”
Aktyorluq arzusuna çatsa da, ailə xoşbəxtliyini
tapa bilməyib. Bunu günahını isə, uşaq
vaxtı "ağzından” tökülən kəlmələrdə
görür: "Evimizdə mənim aktyor olmağımla
bağlı söhbətlər gedəndə, valideynlərim
deyirdi ki, aktyorların ailəsi tez dağılır. Həmişə
bir cavabım var idi: "Ailəm dağılır,
dağılsın da, cəhənnəmə
dağılsın. Yetər ki, aktyor olum”. Hərdən bu barədə
düşünürdüm ki, həqiqətənmi bu cümləni
deyəndə Allah eşidirmiş. Sanki mənim
həyatım o cümlədən sonra quruldu. Ailə qurdum, bir
qızım oldu. Ailəm
dağıldı. Həyatım qaynar
qazana döndü, amma aktyor oldum. Bəzən
deyirlər ki, dua edəndə
düşünüb-daşınıb dua edin, birdən
göylərin qapısı açıq olar, Allah səni
eşidər. Ona görə də, mən
həmişə əzizlərimə deyirəm ki,
qarğış etməyin. Həmişə
xoş arzular dilə gətirin”.
"Yekə kişisən,
danışığına fikir ver”
Amma yenə də bu həyatı yaşamaqdan, aktyor
olmaqdan peşman deyil. Gözlərindən, hətta saçlarının rəngindən
oxunan əzablarını belə sevir:
"Yaşadıqlarımdan peşman deyiləm. Ömrümün hər saniyəsinin dəyərini
bilirəm. Bütün
yıxılmaqlarımın bu gün "mən” olaraq
yetişməyimdə böyük haqqı var. Nə
yaxşı ki, yıxıldım. Yeniyetmə,
uşaq qalmamağıma görə, yıxılmaqlarıma
minnətdaram. İnsanı böyüdən
ağrılar, əzablar, çətinliklərdir.
Çox adamın həsəd apardığı, bir
çoxunun isə rənglə ağartdığımı
düşünən ağ
saçlarımın hər birində ömrüm,
günüm yazılıb. Ağ
saçlarıma belə, minnətdaram. Hər
bir hüceyrəmə görə, Allaha, anama, atama,
qardaşlarıma minnətdaram. Qardaşlarım
bəzi məqamlarda mənə atalıq ediblər. Mən təpədən dırnağa anamam, atamam,
qardaşlarımam. Özümü bu
gün də böyük aktyor saymıram. Al Paçino,
Mel Gibson gələr, adama deyər, "yekə kişisən,
danışığına fikir ver”... Mənim
uğurlarım ətrafımdakılardır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, 2-ci sinifdən artıq gələcək
sənətini seçib. Deyir ki, sehirli səhnəyə bir dəfə
çıxdı, bir də düşə bilmədi:
"Milli Dram teatrında Xəlil dayımın gecəsi
keçirilirdi. Biz də ailəlikcə tədbirə
getmişdik. O vaxt teatra gedən adam
mütləq gül alırdı. Mikayıl Mirzə şerlər
dedi və gülləri səhnədə ona verəndə məni
qucağına götürdü. O vaxt səhnə məni
çəkdi və o gündən səhnənin sehrinə
qapıldım. İnsanların
baxışı məni sehirlədi”.
"Yaş böyüdükcə
sevgilər, xəyanətlər də böyüdü”
Yaşlandıqca
dünyanın rəngini dəyişməsinin səbəbini
isə belə izah edir: "Uşaq vaxtı elə bilirdim ki,
böyüyəndə bir yaşdan sonra dünyaları fəth
edəcəm. Alınmadı... Elə bil ki, həyat
ayağımdan zindan kimi daşlar salladı və məni yerə
bağladı. Uşaqlıqda
dünyanın rəngi ona görə fərqli idi ki,
atamız, anamız daha cavan idi. Anamın məni
döyməyə gücü var idi. Bizim də
qaçacaq yerimiz yox idi. Sevdiklərimiz az
idi. Yaş böyüdükcə sevgilər, xəyanətlər
də böyüdü. Uşaqlığımız
ona görə rəngli idi ki, insanlar həyatı yola vermirdi.
Böyüdükcə insanların həyatı
yola verdiklərini görürsən və necə boz həyatda
yaşadığını anlayırsan”.
Adətən uşaq vaxtı amansızca döyülən
uşaqların nifrət dolu olduqlarını deyirlər. Aktyor deyir ki, onun sevgi dolu
olmasının səbəbi Vaqif İbrahimoğludur: "Ana
övladının böyük olması üçün onu
söyər də, döyər də, təhqir edər də...
Mən bunların hamısını
yaşamışam. Nifrətlə də
böyüyə bilərdim. Ustadım
Vaqif İbrahimoğlunu tanıyandan sonra həyata baxış
bucağımı dəyişdim. O, mənə həm sənəti,
həm də həyatı öyrətdi”.
"Anamı məktəbdə
görəndə nəfəsim kəsilirdi”
Müsahibimizin
uşaqlıqda ən böyük qorxusu anasının məktəbə
gəlməsi olub: "Anamı məktəbdə görəndə,
nəfəsim kəsilirdi, o gedəndən sonra yaşamağa
başlayırdım. Nadinc uşaq deyildim amma oxumaqla aram yox idi. Bir gün ingilis dili müəlliməmiz
mənə dedi ki, Kamran, axşam evə gedən kimi,
oxumamağını zəng vurub anana deyəcəm. Anama demək ölümünə döyülmək
idi. Dərsdən çıxdıq, 4 dost idik. Fikirləşirdik ki, neynəyək? Dostum dedi
ki, gedək müəllimin telefon xəttini kəsək. Yoldan "lezva” tapdıq və xətti iki yerdən
kəsdik. Təxmin etdiyimiz kimi gecə zəng
gəlmədi. Amma səhər söhbət
yenə həmin yerə gəldi. Müəlliməm dedi
ki, dünən telefon işləmirdi bu gün deyəcəm. Bu dəfə evdə öz telefon xəttimizi kəsdim.
Amma anam 4 gün sonra xəbər tutdu və yetərincə
kötəkləndim”.
Bilsəydim
borc tapardım...
Məşhur aktyor ilk pulunu da elə aktyorluqdan
qazanıb.
Lakin ilk maaşının xatirəsini saxlaya bilməyib:
"Rövşən İsgəndərov məni "36 kadr”
filminə dəvət etdi. İlk pulumu
qazandım və özümə qızıl üzük
aldım. Deyirdim ki, bunu ömrümün
axırına kimi barmağımda gəzdirəcəyəm.
Amma qismət olmadı... Çətin günlərin
birində qızımın anası məndən xəbərsiz,
onu uşağın müalicəsi üçün satdı.
Bilsəydim bəlkə də hardansa, borc
tapıb verərdim, amma qoymazdım satılsın”.
"Utandığımdan
o qədər qızardım ki...”
Həyatdakı tək məqsədi bütün insanları sevmək olan aktyorun elə ilk sevgisi də məktəbdə olub: "İlk sevgimə qovuşmadım, hətta qızın özünə də demədim. İlk gün anam məni məktəbə gətirdi, sinfə girən kimi gözəl bir qız gördüm. Qız birinci sıradakı partada əyləşirdi, mən 3-cü sırada. Ona baxmaqdan doymurdum. Həyatda ən böyük arzum onun yanında oturmaq idi. Bir gün qızın yanında oturan oğlan nadinclik elədi və müəllim ayağa qaldırıb möhkəm danladı. Dedi ki, keç arxada əyləş. Mən də düşünürəm ki, görəsən, qızın yanında kim oturacaq. Gözləmədiyim bir vaxtda, müəllim mənə dedi ki, Kamran, dur gəl otur burada. Mən utandığımdan o qədər qızardım ki... Bütün qanım üzümdə, qulaqlarımda idi. Əşyalarımı necə sevinclə, həyəcanla yığıb getmişdim. Arzuma çatdım. Həmin gün dərs qurtarana kimi utandığımdan qıza baxmadım. Sonra o qız bizim sinifdən tez getdi. Sinif yoldaşlarımızla görüşdük, amma hələ də o qızı tapa bilmirəm ki, bircə dəfə görüm”.
"Sevmədiyiniz
adamla yaşamayın”
Sonda gənclərə məsləhət verən qəhrəmanımız vurğuladı ki, gənclər gördükləri hər şeydə gözəllik axtarsınlar: "Gənclər kamil olsunlar, cahil olmasınlar. Dünyanı gözəl görməyə, gözəlləşdirməyə çalışsınlar. Onda öz dünyaları da gözəl olacaq. Ömür sənə bir dəfə verilib və sevmək üçün verilib. Sevin, vətəni, insanları, körpələri, ağacları, əşyaları sevin. Sevməkdən gözəl nə var ki...”.
Ailə xoşbəxtliyini dadmayan aktyor
peşman olmamaq üçün ailə qurarkən diqqət
edilməli olan məqamlardan da danışdı:
"Dünyanın xərçəngdən də dəhşətli
bir xəstəliyi var, qısqanclıq... Qısqanmasınlar.
Qısqandıqları adamın yanında dayanmasınlar.
Əgər gördün ki, münasibətdə
qısqanırsan ondan uzaqlaş. Qısqanclıq
inamsızlıqdan yaranır. İnsan həyatında olan,
inandığı qadını qısqanmamalıdır. Mən
ötəri hiss yaşadığım insanları
qısqanmışam. Qısqandığım qadını həyatımda
saxlamıram. Qısqanclıq ailəni dağıdır.
Ağacı içindən yeyən qurd kimi, qısqanclıq
da ailəni içindən yeyir. Bir də ayılırsan ki,
kişi də sənin deyil, qadın da. Sevin... Sevmədiyin yoldaşın
bir ay sonra sənin deyil. Xəyanətlər sevgisizlikdən
yaranır. Sevgisizlik insanları uçuruma aparır. Sevmədiyiniz
adamla yaşamayın”.
Aygün
ƏZİZ
Kaspi.-2018.-2 mart.-S.12.