Məcnunlar və Leyli
Məcnunlar və Leyli
Esse
V hissə
"Leyli
və Məcnun”da Zeydin "xüsusi missiyası” var: O
özü də eşq bəlasını və məzəmmətini
daddığı üçün aşiqləri anlayır,
onlara kömək etmək istəyir. Füzuli
göstərir ki, bu dünyada bir nəfər də olsa
insanı anlayan, onun əməllərinin mahiyyətini başa
düşən, onun təklənməsinin səbəbini
qavrayan, ona bəraət qazandıran kimsə mütləq
tapılır. İnsan heç zaman tam mənada
tək qalmır.
Əsərdə
Zeyd həm qara xəbəri yetirən, həm də əsərin
sonunda böyük sevinci müjdələyən kəs olur:
O, həm Məcnuna Leyinin İbni Səlama ərə getdiyini,
başqasının "ruzisi”nə çevrildiyini
çatdırır, həm də aşiqlərin o biri
dünyada qovuşduğunu yuxusunda görür. Beləliklə, Zeyd dövründəki aşiqlərə
eşqin cəfasını çatdırır, hər əsirdə
sevib-seviləcək, Leyli və Məcnunu örnək biləcək
gələcək nəsilləri isə eşqin səfasından
xəbərdar edir.
***
Füzulinin "Leyli və Məcnun”unda bədii lövhələr,
obrazı tanıtmalar uzun-uzadı təsvir edilmir. Çünki
bu əsərdəki mövzu, obrazlar orta əsrlərdə o
qədər bəlli, yazıb-oxuyanlara o qədər aydın
idi ki, şair qəhrəmanlarının kimliyini, hadisələrin
necəliyini açmağa, izah etməyə ehtiyac duymurdu.
Sanki özündən əvvəlki müəlliflər
daha çox əsərin süjetini, hadisə
ardıcıllığını, obrazlar sistemini qələmə
alıb, Füzuli isə əsərin mahiyyətini yazıya
köçürüb.
***
"Leyli
və Məcnun”da o qədər "yalan” var ki... Bu cür pak, müqəddəs bir sevgi naminə
danışılan "yalanlar” da saysız olurmuş. Məsələn, Leyli ərə gedəndə bu
qara xəbəri Zeyd Məcnuna çatdırır və Məcnun
da sevdiyinə naləli bir məktub yazır. Zeyd həmin məktubu Leyliyə çatdırmalıydı,
ancaq ərli qadına bunu vermək elə də asan məsələ
deyildi. Həmin vaxt Leyli xəstə idi.
Zeyd İbn Səlamla sehrbazlıqdan, tilsimdən
danışaraq onda bilgin bir adam təsiri
oyatmağa çalışır. Deyir ki, dərmanını
bilirəm, onun yazılı duası məndədir. Beləcə, Məcnunun məktubunu Leyliyə
çatdırır, həmçinin məşuqun
cavabını aşiqə.
Əsər
boyunca tez-tez bu cür yalanlar danışılır, Leyli ərini
tilsimli olduğuna inandırıb onunla həmyastıq olmur, rəfiqələrini
bağda aldadıb Məcnunun görüşünə gəlir,
anasını aldadır ki, eşq sözünün mənasını
bilmir və s. Bütün bu yalanlar dövrün
reallığında vüsala çatmağın ancaq
aldatmalarla, kələklə baş tutduğunu, saf, təmiz
eşqin köməksiz qalmasını bizə
aydınlaşdırır: bu daxili etirazçı tondan
aydın olur ki, yalnız öz doğma hislərini gizlədənlər
rahatlıqla vüsala çatırlar, səmimilər, gün
kimi aydın olmağa çalışanlar isə yox...
***
Əsərin
əvvəlində – əzab divanının girişində
Qeysin anadan olması səhnəsində, qəhrəmanın
dilindən deyilir:
Bildim ki,
ğəmin sənin ki, çoxdur,
Ğəm çəkməyə bir hərifi yoxdur.
Məcnuna qədər də dünyada qəm vardı,
ancaq ona yiyə durmağa, bütövlükdə sahiblənməyə
sanki kimsə tapılmırdı. Məcnun anadan olana qədər
atası uzun illər övlad həsrəti ilə
alışıb-yanırdı, övlad möhnətinin diktəsiylə
"qurduğu qara çadırlar xalqa Qədir gecəsi kimi əziz
idi”, düşünürdü ki, qəfil başına bir
iş gəlsə, malına-mülkünə yiyəlik edəcək
kimsə yoxdur. Füzuli övlad sahibi olmağın, nəsil
artırmağın fəzilətini uca tutur, bu işin həyatın
əsas qayələrindən biri hesab ediyini belə ifadə edir:
Can
cövhərinə bədəldir övlad.
Övlad qoyan, qoyar həmin ad.
Yaxud:
Fərzəndəsiz
adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Yəni şair deyir ki, valideynin canına övladın
canı əvəzdir, yalnız övladı olanlar dünyada
ad qoyub gedir, övladsız (oğulsuz) insan yox kimidir,
insanı əbədi, ölümsüz edən onun ruhunun
davamçısı olan övladıdır. Burada Füzulinin övlad,
başqa bir can sahibi – yaradıcı olmaqla bağlı fikirləri
aydınlaşır. İnsanın yalnız
övlad vasitəsi ilə nəyəsə sahib
olmasını göstərir, əks təqdirdə onu əli-ovcunu
boş kimi qələmə verir.
İnsan
bu dünyaya bir can kimi doğulur, övlad dünyaya gətirmək
öz canının əvəzində dünyaya bir can
bağışlamaqdır. Sanki bir can, başqa bir canla əvəzlənir
və nəticədə Allahın insan bədəninə
üfürdüyü ruh beləcə itmir, əbədi olur. Bununla insan həm də Allahı əbədiləşdirir.
Məcnuna qədər də qəm, dərd sonsuz idi, onu
artıran, çoxaldan, yaşadan yox idi. Qəmin, dərdin
bir övladı lazım idi ki, qəm sonsuzlaşmasın,
itib-batmasın, axırı puç olmasın. Qeys dünyaya gəlməklə qəmə yiyə
durur, ona atalıq edir, sahiblənir, bu uşaq – yenicə
doğulmuş Qeys qəmdən yaşca, ilcə
çox-çox böyük olan qəmə atalıq,
böyüklük edir. Qeysin övladı
isə ona Məcnunluq ruhu üfürdüyü eşqi olur.
Allahın ruhu yeni doğulan körpələrdə
yaşadığı kimi, Məcnunun da ruhu hər yeni sevən,
eşq qəminə aludə olan sevənlərdə
yaşayır. Beləcə, qəm heç zaman
sonsuzlaşmır...
***
Qeys şüurlu doğulur, o əsərin əvvəlində
sanki dil açmağı ilə, gələcək taleyini
arzulaması ilə qanan, yetkin bir insan təsiri
bağışlayır. Qeys dünyanı nə imanla, nə dinlə,
nə valideynləri, nə də məktəblə, təlimlə
anlamaq yolunu seçmir. O dünyanı eşqin qəmi
vasitəsi ilə dərk etmək istəyir.
Həm
ver məni ğəm yemək kəmali...
Ona görə də Qeys Leyliyə vurulandan sonra eşqi
və dünyanı – sonrakı taleyini dərk edib
yaşayır.
Bu arzuya çatmaq məhz eşq vasitəsiylə gerçəkləşir:
Yuxarıdakı
misradan sonra gələn növbəti misra isə Füzuli ilə
Qeysin yolunu ayırır:
Həm
ver məni ğəm yemək kəmali,
Həm aləmi ğəmdən eylə xali.
Yəni Qeys Allahdan diləyir ki, mənə eşqi
anlamaq qabiliyyəti, ağılı ver, eyni zamanda insanları
qəmdən azad elə. Belədə bir sual ortaya çıxır: insanlar
eşqin qəmindən azad olsalar, Qeysi necə anlaya bilərlər?
Axı Qeys eşq və qəmdən
yoğurulmuş qəhrəmandır. Qəmi
anlamayanlar Qeysi, Qeysin mahiyyətini qavramayanlar isə
Füzulini dərk edə bilməz. Qeyslə
Füzulinin yolunun bir məqamda da ayrıldığı əsərdəki
kitabın yazılmasının səbəbi və çətinliyi
barədəki hissədə daha aydın nəzər
çarpır. Füzuli yazır:
Hər
kimdəki vardır istiaət,
Dərdü-qəmi
möhnəti qənaət
Oldur bu müsafirətdə yarım.
Zövq əhlinə yoxdur etibarım.
Yəni kim ki, dərdi qəmi-tanıyır, ona dözə
bilir, mənə bu məsələdə (əsərdə),
bu yolda ancaq onlar yar ola bilər. Məcnunun
dünyanın qəminə çiyin vermək arzusu,
insanları dünyadan xilas etməsi, qəmə sahiblənmək
"iştahası” Məcnunun təklənməsinə, onu
anlamayanların əsarətində qalmasına səbəb
olur. Füzuliylə Məcnunun "fikir
ayrılığı” bu məqamda daha aydın nəzərə
çarpır: Çünki Məcnun qəmi bir ruhda,
özündə cəmləmək istəyir, qəm ancaq ona
aid olsun, Füzuli isə yaratdığı qəm
dastanının anlaşılması üçün qəminin
paylanması, bölüşülməsini "umur” ki, həmdərdsiz
(oxucusuz, xiridarsız) qalmasın. Əsərdə
Məcnun arzusuna çatır, əsər yazılandan, seviləndən
sonra, yaşadığı müddətcə isə
Füzuli.
***
Leylinin nisbətən çirkin xanım olması ilə
bağlı müxtəlif mənbələrdə məlumat
var. "Leyliyə Məcnun gözüylə bax” deyimi də
məhz bu cür dilimizə hopub. Ancaq Füzuli əsərdə
onların hər ikisini gözəl təsvir edib və mən
onların hər ikisinin cazibəli, füsunkar olduğu qənaətini
ruhuma daha yaxın hesab edirəm. Amma əsərdə
Qeysin Leylidən daha gözəl olmasına bir yerdə
işarə var:
Kim, Leyli
olanda mətlub,
Bir
güzgüyə gər açıb gözünü,
Güzgudə
görəydi öz-özünü,
Öz
arizinə olurdu meyli,
Qılmazdı həvayi-hüsni-Leyli.
Yəni Qeys Leylini görmək istədiyi vaxt, əgər
güzgüyə baxsaydı, özünü görərdi,
öz simasına aludə olardı və Leylinin gözəlliyini
arzulamazdı.
Ancaq
eşq aradakı bu gözəllik fərqini itirir:
Girdabi-bəlayə
oldular ğərq,
Qalmadı aralarında bir fərq.
Yəni eşqə düşəndən sonra
aralarındakı gözəllik nisbəti itir. Əgər rəmzilikdən
uzaqlaşıb sırf rasional yanaşsaq, bu bərabərlik
eşqin yaratdığı bərabərlik idisə də Məcnunun
olduğu gözəllik mərtəbəsindən Leylinin
dayandığı gözəllik mərtəbəsinə
enişidir. Çünki, daha sonra Qeys Məcnuna
çevrilir və eşq onu haldan, görkəmdən
salır. Bu bərabərləşmədəki
xırda bir işarə, Qeysin Məcnunluq halına
keçidinin əsərdəki ilk ştrixi, közərtisidir.
***
Leylinin eşqindən anası xəbər tutanda ona deyir
ki, sən oğlan deyilsən ki, eşqini hamı bilə. Ona məsləhət
bilir ki, pəncərə kimi daim çölə boylanma,
piyalə kimi əldən-ələ gəzmə, nəğmə
kimi pərdələrdə yaşa. Leyli
bütün bunlara əməl etmir, bu sevgidən hər kəs
xəbərdar olur. Leylinin gücü
ürəyindəki nəğməni cəmiyyətə
çatdırmağa çatır, Məcnun isə nəğməsini
Tanrıya eşitdirə bilir. Leyli ilə
Məcnunun səadəti isə cəmiyyətin eşitdiyi
eşq nəğməsi ilə, Allaha ucalan eşq nəğməsinin
arasındakı uçurumda qalır. Leylinin nəğməsinin
əli cəmiyyətin yaxasına və Məcnunun qəlbinə
çatır, Məcnunun sevgi şərqisinin səsi isə
Allahın ətəyinə...
Fərid
Hüseyn
Kaspi 2018.- 3 mart.- S.20.