Sənət dünyasının sönməyən ulduz qardaşları

 

Hələ də onların "can verdiyi" obrazların, əsərlərin cazibəsindəyik

 

Azərbaycan teatr, kino sənətinin, ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Rza və Məmmədhüseyn Təhmasib qardaşları yaradıcılıqları ilə bu sahələrdə yeni bir mərhələ açaraq öz adlarını tarixə yazdılar.

     

Onların yaşadığı illərə tarixi qaynaqların, xatirə və söhbətlərin işığında nəzər saldıqca, zamanın fövqündə dayanan bu görkəmli sənətkarların daxili gücünə, mənəvi təzyiqlərin, repressiyaların caynaqlarından qurtularaq yaratdıqları möcüzələrə, mənəvi zənginliklərinə heyrətlənməyə bilmirsən. Hər birinə Allah qeyri-adi istedad, duyum, güc və qabiliyyət bəxş etmişdi. Dövrün bütün çətinliklərinə baxmayaraq, Təhmasibləri sənət yolundan döndərmək mümkün olmamışdır. Qardaşlar həm sənətdə, həm də qəlblərdə pozulmayan izlər salıblar.

 

Evin yeganə oğlu olduğundan Abbasqulu bəyi 16 yaşında evləndirdilər. İlk övladı Rza 1894-cü ildə dünyaya gəldi. Naxçıvanın sayılıb-seçilən tacirlərindən olan Abbasqulu bəy böyük oğlunu da öz yolunun davamçısı görmək istəyirdi. Bu səbəbdən də 1909-cu ildə Naxçıvan şəhər məktəbini bitirən Rzanı Tiflisə oxumağa göndərdi. Atasının sözünü yerə salmayıb kommersiya məktəbində təhsil alan Rzanı, əslində başqa şeylər daha çox düşündürürdü. Məşhur "Şeytanbazar"da qaynayan ədəbi mühit gənc oğlanı sənətə, teatr aləminə çəkirdi.

 

1910-cu ildə Rza Təhmasib istedadlı rejissor Əli Abbasovun rəhbərlik etdiyi həvəskar aktyorlar dərnəyinə daxil olub. Ona tapşırılan rolların öhdəsindən gəlməyə çalışan Rza Təhmasibin həyatında ən ağır gün Tiflisdə səhnəyə çıxdığı məqamda baş verib. Ticarət işləri ilə əlaqədar Tiflisə gələn Abbasqulu bəy təsadüfən bilet alıb tamaşaya gedir. Əslində Abbasqulu bəy müsəlmanların "oyunbazlıq"la məşğul olmasını, aktyorluq etməsini bəyənmirdi. Amma Rza atasını bu fikirdən döndərmək üçün ondan xahiş edirdi ki, tək bircə dəfə teatra getsin. Ağlına da gətirməzdi ki, bu hadisə məhz onun səhnəyə çıxdığı gün baş verə bilər. Rza Təhmasib xatirələrində yazırdı: "...Atam yeddinci sırada lap ortada əyləşib diqqətlə tamaşa edirdi. Bu səbəbdən də rolum istənilən səviyyədə alınmadı. Çünki həyəcanımdan məşqlərdə dönə-dönə qaydasında söylədiyim, əzbərlədiyim sözlərin hamısı yadımdan çıxmışdı. Atamın vahiməsi hər şeyə üstün gəlmişdi. Görəsən, o məni tanımadı ki?" Sən demə, həqiqətən də Abbasqulu bəy Rzanı tanımamışdı. O vaxt sənət adamları Rzanın bu ilk uğursuzluğuna görə, haqqında yüksək fikirdə olmasalar da, rejissor Əli Abbasov qətiyyətlə söyləmişdi: "Səbr edin, o, böyük artist olacaq".

 

Rza Təhmasibin şəxsi istəyi ilə atasının fikirləri bir-birinə zidd gəldiyindən, gənc oğlan iki yol ayrıcında qalmışdı. Bir tərəfdən atasına, digər tərəfdən də varlığında lövbər salmış arzusuna qarşı çıxa bilmirdi. Yay tətili günlərində Naxçıvana dönən Təhmasib bu qədim şəhərin teatr mühitində fəal iştirak edirdi. O zaman Naxçıvanda olan Sidqi Ruhulla ilə görüş Rzaya böyük təsir göstərmişdi.

 

Bir müddət Naxçıvan teatrında çalışan, bir sıra əsərlərin rejissorluğunu edən Təhmasibin ən çox yadında qalan Mirzə Cəlillə olan görüşləri olub. Bununla əlaqədar Təhmasibin xatirələrində oxuyuruq: "İlk müvəffəqiyyətli rejissor işim üçün "Ölülər" pyesinə minnətdaram. Bu müvəffəqiyyətin bir səbəbi də əsərin öz məzmunudur. Qazanılan qələbənin xeyli hissəsi mərhum şair Qəmküsarın payına düşür. Pyesi düzgün başa düşməyimə, onun ictimai mənasını düzgün izah etməyimə görə, mən hər şeydən əvvəl, ona borcluyam".

 

Tiflis Ticarət Məktəbini bitirdikdən sonra Bakıya gələn Rza Təhmasib bir müddət müəllim işləyib. Hələ Tiflisdə tanış olduğu Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi ilə Azərbaycan Dövlət Dram Teatrında işə düzəlib. Bununla da Rza Təhmasibin teatr aləminə gəlişi yaddaqalan obrazlarla, tamaşalarla əbədiləşdi. O, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi müqtədir sənətkarlarla çiyin-çiyinə işlədi, saysız-hesabsız rolların ifaçısı oldu. Onun quruluş verdiyi "Hacı Qara", "Madrid", "Vəfa", "Şeyx Sənan", "Özgə uşaq" pyesləri Azərbaycanda teatr sənətinin realist ənənələrlə inkişafına səbəb oldu. Cəfər Cabbarlı Rza Təhmasibin rejissorluqaktyorluq fəaliyyətini yüksək qiymətləndirərək, onu musiqişünas, heykəltəraş aktyor, sənətkar adlandırardı. "Aktyor bir musiqişünasdır ki, çaldığı aləti - musiqi yenə özüdür".

 

Təhmasib elə bir dövrdə fəaliyyət göstərirdi ki, yan-yörəsindəki aktyorlar repressiyaların qurbanı olurdu. Aktyorun bacısı Cəmilə xanım vaxtı ilə mənə söyləmişdi: "1935-ci ildə qəflətən atamı gecə tutub apardılar. Mülkümüzü müsadirə edərək əlimizdən aldılar. Qardaşlarım Bakıda idi. Bir neçə gün üzbəüz məhəllədə qulluqçularımızın yaşadığı evdə qaldıqdan sonra qardaşım Məmmədhüseyn gəlib bizi Bakıya apardı. Bir müddət anamla onun yanında qaldıq. Qardaşım Azərbaycanın müxtəlif rayonlarında müəllimlik edirdi. Bizonunla birgə bu rayonları gəzirdik. Böyük qardaşım Rza isə Moskva Kinematoqrafiya İnstitutunda oxuyurdu. Beş ildən sonra atam həbsdən buraxıldı. Amma Bakıda qala bilmədi. Biz yenidən Naxçıvana qayıtdıq. Orada hər şey dağılıb bərbad günə düşmüşdü. İndi də fikirləşirəm ki, o ağır günlərdən qardaşlarımı nə xilas etdi? Mənə elə gəlir ki, onlar qızğın vaxtlarda Bakıda olmadıqlarından qurtuldular. Yoxsa, ailəmiz bütövlükdə "qara siyahı"ya düşmüşdü. Bu ağrı-acılar atama baha başa gəldi. Valideynlərimi itirdikdən sonra mənim qayğımı qardaşlarım çəkdi. Rza ilə mənim aramda 20 yaşa qədər fərq olduğundan, ona həmişə ata kimi baxırdım".

 

Təkcə teatrda deyil, kino sənətimizin inkişafında da Rza Təhmasibin fədakarlığı çoxdur. Böyük öndər Heydər Əliyev bu unudulmaz sənətkar haqqında deyirdi: "Rza Təhmasib çox böyük bir insan, Azərbaycan incəsənətinin görkəmli xadimi idi. O həm teatr, həm də kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir. Mən ona həmişə böyük hörmət bəsləmişəm, sənətini qiymətləndirmişəm... Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin kinoya çəkilməsi və bütün dünyaya yayılması Rza Təhmasibin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Mən hələ onun başqa xidmətlərini demirəm. Rza Təhmasib unudulmayacaq".

 

Rza Təhmasibin rejissoru olduğu "Onu bağışlamaq olarmı?", "Bir ailə", "Səbuhi", "Bakının işıqları", "Mahnı belə yaranır" filmlərinə bu gün də tamaşaçılar tərəfindən maraqla baxılır. "Onu bağışlamaq olarmı?" filminin ssenari müəllifi Məmmədhüseyn Təhmasib, rejissoru Rza müəllim, musiqisi Tofiq Quliyevindir. Üç korifeyin Azərbaycan kinosuna ərməğan etdiyi bu film əbədiyaşarlıq qazanıb.

 

Rza Təhmasib bir aktyor kimi də filmlərə çəkilirdi. "Fətəli xan", "Almaz", "Qanun naminə" tamaşaçıların yadındadır. Xüsusilə də "Qanun naminə" filmində Rza Təhmasibin böyük məharətlə yaratdığı Qaloş obrazı gözlərimiz önündən çəkilmir. Böyük aktyor bu rolun daxili məkrini, min sifətini, hiyləgər xüsusiyyətlərini çox maraqlı jestlərlə, baxışlarla tamaşaçıya çatdırırdı. Onun vahiməsi, hikkəsi, qəzəbi unudulmur. Cəmilə xanım danışırdı ki, o film ekranlarda gedəndən sonra nəvəsi Rza babasına söyləyib: "Mən məktəbə getmirəm. Hamı mənə Qaloşun nəvəsi deyir". Rza Təhmasib də qəhqəhə çəkərək "Əla, deməli, istəyimə nail olmuşam. Mənim bundan böyük qiymətim yoxdur" söyləyib.

 

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq artisti, milyonlarla tamaşaçının sevimlisi olan Rza Təhmasib uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, aktyor nəslinin yetişməsində böyük zəhmət çəkmişdir. Sənətkar 1980-ci ildə dünyasını dəyişib. Bir tamaşaçı olaraq, biz hələ də böyük aktyorun "can verdiyi" obrazların cazibəsindən ayrılmamışıq.

  

Azərbaycanda folklorşünaslığın əsasını qoyan Məmmədhüseyn Təhmasib Hacı Abbasqulunun ikinci oğludur. Məmmədhüseyn müəllim uzun müddət ali məktəblərdə dərs deyib. Şifahi xalq ədəbiyyatının tədqiqində son dərəcə böyük və gərgin əməyi olub. Mövsüm və mərasim nəğmələrinin toplanıb tədqiq edilməsindən tutmuş "Kitabi Dədə Qorqud", Azərbaycan xalq dastanları, Cabbarlının, Nəsiminin, Nizaminin şifahi xalq ədəbiyyatı ilə bağlılığı, Molla Nəsrəddin lətifələri haqqında elmi-tədqiqi əsərlər yazaraq folklorumuzun təhlilində cəfakeşlik göstərmişdir.

 

Aşıq yaradıcılığı haqqında fundamental araşdırmalar aparan M.Təhmasib Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq edən alimlərimizdən biri idi. 1949-cu ildən ömrünün sonunadək "Koroğlu"dan ayrılmadı. Onu müxtəlif yönlərdən təhlilə çəkdi, dönə-dönə nəşr edilməsinə nail oldu. Eposun ayrı-ayrı nəşrlərinə yazdığı müqəddimələrdə "Koroğlu"nun xalqımızın milli-mənəvi sərvəti olmasını, onun məhz Azərbaycan mühitində yaranıb formalaşmasını, sonralar başqa xalqların folkloruna da yayılmasını danılmaz faktlarla sübuta yetirmişdir. Onun bu sahədəki xidmətləri bir qəhrəmanlıq nümunəsidir. Çünki folklorşünaslığın inkişafında, eləcə də folklorşünaslar nəslinin yetişməsində Məmmədhüseyn Təhmasibin çox böyük xidmətləri var.

 

Məmmədhüseyn Təhmasib həm də dramaturq idi. Onun pyesləri Milli Dram Teatrında tamaşaya qoyulurdu. 1939-cu ildən 1968-ci ilədək teatrlarda onun yeddi pyesinə səhnə həyatı verilmişdi. "Qaçaq Nəbi", "Onu bağışlamaq olarmı?", "Bir qalanın sirri" filmlərinin ssenarisi Məmmədhüseyn Təhmasibə məxsusdur. Filologiya elmləri doktoru, professor Məmmədhüseyn Təhmasib həm tərcümə ilə məşğul olub. Bayron, Jül Vern, İ.Petrov kimi yazıçı şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

İnsanın xoş əməlləri onun ikinci ömrü deməkdir. İllərin, ayrılığın gücü məhz bu ömrün çırağını söndürə bilmir. Bu səbəbdən Təhmasib qardaşları sənət dünyasının sönməyən ulduzlarına çevrildilər.

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

 

Kaspi  2018.- 3 mart.-  S.7.