Əşya olmaq istəməzdim

 

 Çingiz Əlioğlu: “VII sinifdə oxuyandan şərablarla maraqlanıram, təcrübəm az deyil”

 

 “Əşyaların taleyi” layihəsi

 

Mən onu – haqqında danışacağım şairi tələbəlik illərindən xatırlayıram, müəllimim olub və universitetin unudulmaz illərində onun öz yeri, öz xatirə ünvanı var. Söhbət şair, tərcüməçi Çingiz Əlioğludan gedir. O, bizə – ötən on ildə təhsil alan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin tələbələrinə nəşriyyat işi fənnindən dərs deyirdi, "xatirə xalturası” etmədən, "keçmişpərvərliyə” yuvarlanmadan bir doğma günün, xatırlanmağa layiq bir dərs saatının təfsilatını danışmaq pis olmaz.

Universitetə təzə başlamışdıq, müəllimlərə, tələbə yoldaşlarımıza yenicə isinişirdik, o günlərdə ağ kurtka, cins şalvar geyinən, özündən razı bir müəllimimiz vardı, yerişi, danışığı, ədaları, münasibəti və savadı ilə diqqət çəkirdi, ancaq məqam düşəndə sərtliyi bizə ona yaxınlaşmadan rəğbətimizi içimizdə qorumağa vadar edirdi. Günlərin birində müəllimləri gəlmədiyinə görə, dördüncü kursun tələbələrini bizim qrupla birləşdirdilər və dərsdə Çingiz müəllim qədim əlyazmalardan, daş basma üsulundan, taxta abidələrdən danışanda qəfildən auditoriyaya bir sual ünvanladı: Gər ağacı nədir? Otağa sükut çökdü. IV kursun tələbələrinin susması, illər əvvəl keçdiyi mövzudan ağızlarına su alıb oturmaları Çingiz Əlioğlunun lap cızdağını çıxardı, əsəbiləşən müəllim dedi ki, əgər suala cavab verməsəniz, istisnasız olaraq hamınıza "2” yazacağam. Qrup rəhbərini göndərdi ki, təcili gedib hər iki qrupun jurnallarını gətirsin. Mən isə lap arxa cərgədə əyləşmişdim, sualın cavabını bilsəm də, ürəklənib cavab verməyə cürət eləmirdim. Nə isə, vəziyyətin şuluq olduğunu görüb içimdəki ehtiyatın, çəkingənliyin başından basıb, yerimdən qalxıb dilləndim: "Erkək tut ağacı”. Çingiz müəllim o saat hansı rayondan olmağımı soruşdu, dedim. Çağırdı ki, gəl bundan sonra ilk sırada – müəlliminlə üzbəüz otur. Bəzən bilgiyə görə irəli çəkilməyin tale bəxşişi olmasını o gündən daddım və həmin hadisəni həyatın bir sıra məqamlarında İlahi işarə kimi qavradığım da olub. Beləcə başlayan ünsiyyətimiz, daha sonra isə həmkar, dost, iş yoldaşı münasibətləri ilə əvəzləndi. Şair Çingiz Əlioğlunu sözün, poeziyanın "gözləri” ilə görmək Azərbaycan oxucusunun az qala yarım əsrlik nəsibidir, "əşyaların gözü” iləsə ilk dəfədir "görünür”:

 

– Çingiz müəllim, sizcə, insanın sahib olduğu əşyalar nə dərəcədə onun dünya görüşündən xəbər verir?

– Hesab edirəm ki, insanın həyatına daxil elədiyi, ətrafında görmək istədiyi, gözünün, könlünün öyrəşdiyi bütün əşyalar bu və ya digər şəkildə onun həyatının bir parçasıdır. Əşyalar xarakterimizin təzahür formasıdır. Adamlar əşyaları vasitəsi ilə bir növ özlərini, daxili dünyalarını bəyan eləyirlər. Məsələn, mənim əşyalarımın bu kabinetdə müəyyən bir düzülüş qaydası var. Başqa birisi yəqin ki, onları tamam fərqli qaydada yerləşdirərdi. Avanqardın babalarından olan Fridrix Nitsşe deyirdi ki, sözlər hələ heç nəyi ifadə eləmir; əsas o sözün deyilmə tərzi, ahəng tonudur. Sonra sözün ardınca musiqi gəlir, o musiqini dilə gətirən isə ehtirasdır. O ehtirasın arxasında da bir şəxsiyyət dayanıb. Dolayısı ilə, bunlar hamısı sözlərlə ifadəsi mümkün olmayan şeylərdir.

Əşyalar da müəyyən bir ahəngin carçısıdırlar.

 

– Sizə hansı dövr üçün xarakterik olan geyim tərzi, istifadə edilən əşyalar daha maraqlıdır, hansı dövrdə yaşamaq istəyərdiniz?

– İbtidai icma quruluşunda. İsveç Parlamenti qərar verib ki, İsveç qadınlarının ilin isti fəsillərində ictimaiyyət arasında belə toples –qurşaqdan yuxarı çılpaq gəzmək hüququ var. Bu yaxında həyat yoldaşım Südabə xanımla Karlovı-Varıda olduq. Aralarında cavan-yaşlı kişilərin də olmasına baxmayaraq, Almaniyadan gəlmiş turist qadınlar, demək olar ki, alt paltarında gəzirdilər. Təbii ki, biz bu əxlaq təzahürünü qəbul edən deyilik, amma görünür təhtəlşüurumuzda qəfəsdən qurtulma istəyi də var. Bəzi adamlar havanın isti vaxtlarında evdə tək olanda çılpaq gəzir, dolayısı ilə o qadağalardan sıyrılmaq istəyir.

Məndə qəribə bir zövq öncəduyumu var. Təhtəlşüur səviyyəsində hansı rəngin dəbdə olacağını öncədən duyuram. Və illər göstərir ki, bu duyum məni aldatmır. Məsələn, keçən il özümə tox qırmızı rəngə "poliverlər” almağa başladım, gəldi o rəng ilin rəngi oldu. Hər-halda, dövrün dəbinə uyğun geyinmək zövq və həm də imkan tələb edir. Amma ola da bilər adamın imkanı olmasın, bu zaman o, təmiz, əyninə oturan geyim alırsa, bu, xoş təsir bağışlayır. Adam geyimi elə geyməlidir ki, uyuğa bənzəməsin. İnsan özü də cəmiyyətdə ahəng yaradan bir ştrixdir. Bir də görürsən müəyyən səliqə və zövqlə geyinmiş adamların arasında diskant səs təsiri bağışlayan bir adam gəlir, öz bayağı görünüşü ilə o rənglər xorunu korlayır, o ahəngi pozur. "Ahəng” sözünü tez-tez işlədirəm. Çünki mənim üçün təbiətin yaranış fəlsəfəsinin əsasını ahəng və ritm təşkil edir.

 

– Əşyalara münasibətdə fanilik duyğusundan danışmağınızı istərdim... Yəni bu ötəri dünyada əşyalar fəlsəfəsi və bizdən sonra qalan əşyalarımız nəyi ifadə edir?

– Mən ümumən fanilik duyğusuna yad adamam. Küll halında bu hisslə yaşayan birisi deyiləm. Həyata və dünyaya yetərincə nikbin baxıram. O ki qaldı əşyalara, desəm ki, onlar yeri gələndə bizdən çox yaşayır, təkrar olacaq. Amma ən yaxşı halda əşyalar bizdən sonra müəyyən müddət bizə aid bəzi informasiyaların daşıyıcısı hesab olunurlar. Bu informasiya məsələsi çox ciddi nüansdır. Çünki Yer kürəsinin müxtəlif qatları özündə müxtəlif informasiyaları cəmləyib. Heç nə həyatda elə-belə baş vermir. Əşyalar da səninlə hər təmasdan sonra hansısa informasiyanı özünə hopdurur. Yeri gəlmişkən, bu da dəqiq bir məlumatdır ki, ən böyük informasiya daşıyıcısı sudur. Necə olur bu? Deməli, bu daş da, taxta da, canlıdır, həm də axı Yer kürəsi özü də canlı bir orqanizmdir – bu əşyalar da o orqanizmin üzvləri. Belə olan halda, onların məlumat ötürmək və daşımaq imkanı var.

 

– Sizin böyük rəsm əsəri kolleksiyanız var. Bildiyim qədərilə, evinizin birini art-qaleraya etmək və nəvəniz Sunurçin xanımı da ora rəhbər təyin etmək istəyirsiniz. Bu, illərlə qoruduğunuz əsərlərin onilliklər sonra da itib-batmamağından doğan istəyinizlə bağlı addımdır?

– Əvvəllər sadəcə, öz zövqümü oxşamaq üçün sənət əsərləri yığırdım. Sonra onların övladlarımın tərbiyəsində, dünyagörüşünün formalaşmasında xüsusi rolu olduğunu gördüm. Belə olan halda niyə də bu istəyimi reallaşdırmayım? Nəvəmin gözəl rəsm duyumu var. Yəqin yarandığı təqdirdə həmin art-qalereyaya elə onun adını qoyacağam, verəcəyəm özü işlətsin. Düşünürəm, gələcək nəsillərə bəxş edəcəyim bu töhfə mənim tərəfimdən də elə şairə yaraşan bir jest olar.

 

– Çingiz müəllim, bildiyimiz kimi Marina Svetayeva və Anna Axmatovanın şeirlərini ilk dəfə küll halında siz tərcümə edibsiniz. Mən Svetayevanın mənzil muzeyində olanda öyrəndim ki, orada toplanan bütün əşyalar onun dövrünü nəzərə alaraq, sonradan yaradılıb. Yəni bircə boyunbağısından başqa onun özünə məxsus heç bir əşyası qalmayıb, deyilənə görə, sonradan ona məxsus əşyaların axtarışına təşəbbüs göstərilsə də, tapılmayıb heç nəyi. Sizcə, onun əşyalarına qarşı belə ögey münasibətin kökündə hansı səbəb dayanır?

– Marina çətin bir həyat yaşayıb, imkansız olub. Bu və ya başqa dərəcədə də münasibətdə olduğu hər şeyə başdansovdu yanaşıb. İstifadə elədiyi əşyaların bir qismi Koktabeldə Maksimilyan Valoşinin evində qalıb, hətta orda yanğın baş verib, bəzi əşyaları külə dönüb. SSRİ Xalq Daxili İşlər Komissarlığında qvardiyaçı olmuş həyat yoldaşının evində də qalan əşyaları olub çox güman.

"İt quyruğuna bürünmüş bir tale”yə malik adamın hansı əşyasından söhbət gedə bilər? Bəlkə də onun yeganə varı istedadı idi.

 

– Axmatova lirikasının və ümumiyyətlə bütün akmeizmin əsas cizgisi əşyavilikdi, əşyaların simvolikasıdır. Axmatova hər zaman maddiliyə qalib gəlir, şeirlərində adı gedən hər bir əşya öndə olur. Onun lirikasında heç bir əşya təsadüfən seçilməyib. Onlar lirik qəhrəmanın daxili xarakteristikasının vasitəsi kimi seçilib. Yevgeni Reyn demişdi: "Onlar maddi aləmin sirli işarələri idi. Və sanki hər birinin səmavi dünyada analoqu var". Anna Axmatovanın muzeyində də olanda görürdük ki, o heç nəyi atmır. Oğlunun uşaq vaxtı çəkdiyi rəsm dəftərlərindən tutmuş xırda əşyalara kimi. Bu iki qadının əşyalara münasibətində bir paradoks var. Bu paradoksdan danışaq, Çingiz müəllim.

– Bu, hər şeydən əvvəl insan fərdiyyəti, xarakteri və tərbiyəsindən asılı bir məsələdir. Marina İvan Svetayevin qızı idi, atası məşhur Puşkin muzeyinin yaradıcı və ilk rəhbəri olmuşdu. İlk baxışdan bu qız o mühitdə – saxlancın qədrini bilən muzey işçisinin ailəsində böyüdüyü üçün, onda əşyalara bağlılıq olmalı idi, amma o, insana, daha doğru desək, öz həmcinslərinə bağlılıqla yadda qaldı. Anna isə knyaz nəslinə mənsub idi və o kübarlıq təzahürləri onunla bağlı hər şeydə, həm yazısında, həm həyat tərzində özünün geniş ifadəsini tapdı. Bir məqam da var, Axmatovanın həyati itkiləri daha çox olub. O, Nikolay Qumilyov kimi böyük bir şairi itirib. Peterburqda məşhur "Kresti” (Xaçlar) həbsxanası var. Yuxarıdan baxanda xaça bənzəyir. Onun ömrü gah oğlu, gah ərinə görə bu həbsxananın qapılarında keçib. Ona görə də, əlində olanın qədrini bilib.

 

– İnsanlar əşyalara münasibətdə ölçü hissinə sahibdirlər. Necə olmalı, necə tənzimlənməlidir bu hiss?

– Əgər insan hərisdirsə, heç bir ölçü duyğusu kara gəlməyəcək. Bütün həyatı belə keçəcək. Heç vaxt yadına düşməyəcək ki, Allahın hüzuruna əliboş gedəcək.

Əlbəttə ki, gözütoxluq gözəl xüsusiyyətdir. Gözütox adam daxilən böyük olur. İlk növbədə çalışır ki, minimum ehtiyaclarını ödəyə bilsin. Bizim dərvişlik fəlsəfəmizdən gəlir bu. Dərviş olan kəsin özünə aid heç nəyi olmaz. Kimdir o dərviş? Yaranışla bağlı böyük insani baxışların daşıyıcısı. Bir də var çalışan insan: quran, yaradan çaba göstərən, bunun müqabilində nələrisə artıq dərəcədə qazanan və s. O şəxsin də insanlıq əyarı, insanlıq göstəricisi imkansızlara nə dərəcədə əl tutmağı ilə ölçülür. Doğrudan da, o, bunu rəhmlə, səxavətlə, reklama görə yox, öz şəxsi insanlıq təyinatını ödəmək üçün eləyirsə, onun zəngin olmağının xalqa xeyri var. Pifaqor deyirdi ki, əmlakı olmayan insanın vətəni yoxdur. İndi o əmlakı olan insan, öz imkanları daxilində sərvətini vətəni, xalqı, məhrumiyyətdə olanlar, yalqızlar, yazıqlar üçün xərcləməlidir. Hacı Zeynalabdin Tağıyev bu xüsusiyyətlərə görə böyük idi və o, bunu xeyriyyəçi olsun deyə yox, məhz Tanrının təyinatını yerinə yetirsin deyə edirdi, özünü bu cür daxilən məmnun hiss eləyirdi. İnsanın ən böyük qələbəsi öz üzərində qələbəsi – nəfsinə üstün gəlməyidir.

 

– İndi keçək sizin əşyaların taleyinə. Elə birinci "Qurani-Kərim” kitabından başlayaq. Sizdə bildiyim qədəri ilə, bu kitabın çox nadir bir nüsxəsi var.

– Gördüyün kimi sertifikatı da üstündədir. Bu, Rusiyanın "Nauka” nəşriyyatının çap elədiyi çox unikal bir "Quran”dır. Cəmi yeddi nüsxədə çap olunub. Bunun altıncısı məndədir. Ona görə mənim üçün ikiqat əzizdir. İkinci "Quran” isə bizim ailə dostumuz, həyat yoldaşımın ən yaxın rəfiqəsinin hədiyyəsidir. Bu kitab üz qabığından tutmuş içinin vərəqlərinə kimi gümüşü işləmələrlə zəngindir, həm də irili-xırdalı firuzə qaşlarla bəzədilib. Firuzə daşı təmizlik, müqəddəslik rəmzidir. Məndə qiymətli daşlar haqqında kitab var, orda da bu daş haqqında geniş məlumat verilir. Firuzə canlı daşdır, mirvari kimi yaşayır. Ailə münasibəti pis olan evlərdə bu daş getdikcə qaralmağa başlayır. Bu cəhəti maraqlıdır ki, o, düşdüyü mühitin təkcə istiliyi, soyuğu, nəmişliyi ilə yox, insanlar arasındakı münasibətin tonu və tərzi ilə nəfəs alır. Ona görə də çox unikal bir daşdır.

Uzun illər bundan qabaq bir dostum mənə üstü əqiq qaşlı gümüş üzük hədiyyə etmişdi. Sadə bir gümüş üzükdür. Dostum onu mənə İrandan gətirmişdi. Üstündə qara və palıdı rəngdə əqiq daşları var. Xarici səfərlərdə mənim bir növ talismanımdır. Ölkədən çıxanda mütləq onu taxıram. Və üç il öncə ürəklə bağlı problemim yarananda Türkiyənin Memorial klinikasında əməliyyata gedəndə də bu üzük barmağımda idi. Südabə xanım bütün o günlərdə dəqiqəbədəqiqə yanımda oldu, əşyalarımı ona vermişdim. Əməliyyatdan sonra baxdıq ki, üzüyün qaşı çatlayıb. Çox mistik və qəribə bir hadisədir.

 

– Bir az da qəlyanlarınızdan danışın?

– 1976-cı ildə mən AYB-yə üzv qəbul olundum. 32 yaşım vardı, Moskvada idim. Moskvada SDL-ə tez-tez gedirdim, çünki orda restoran da, kafe də vardı və həm də yaradıcı simalar həmin dönəmlərdə ora toplaşırdılar. Məşhur rus yazıçısı, "Brest qalası” əsərinin müəllifi Sergey Smirnov yaxın dostu, boks üzrə dünya və olimpiya çempionu Valeri Popençenko ilə orda görüşürdü. Mən də yavaş-yavaş onlara qoşuldum, bir müddət sonra artıq üçlükdə yığışıb şahmat oynayırdıq. Həmin gün mən Popençenko ilə oynayırdım. İş elə gətirdi ki, qalib gəldim. Hələ sevinə-sevinə dedim ki, mən artıq hər yerdə deyə bilərəm ki, hətta Popençenkonu da məğlub elədim. Qəribədir, o boyda adam qıpqırmızı oldu və burnunda mızıldandı ki, nə olsun, bu ki rinq deyil. Elə bu vaxt rəhmətlik Yusif Səmədoğlu daxil oldu zala. Yaxınlaşdı, qalxdım ayağa. Dedi ki, nə yaxşı səni gördüm, otur burda, gəlirəm indi. Bir az sonra əlində bir bükümlə qayıtdı, dedi dünən Yazıçılar Birliyinin rəyasət heyətinin iclasında səni birliyə üzv qəbul elədik, təbrik eləyirəm, bu da sənə kiçik bir hədiyyəm.

Gedəndən sonra açıb gördüm ki, bir Hollandiya istehsalı olan Şpiker qəlyanıdır, yanında da içini doldurmaq üçün balaca aləti və bir büküm də holland tütünü. O vaxtdan sonra qəlyan yığmaq vərdişim yarandı.

Təsbehlərim də var. Heç vaxt oynatmamışam, həvəskarı da olmamışam. Amma qəribə səslənsə də, mənim indi hər iki evimdə təsbeh kolleksiyam var. Bunun da bünövrəsini rəhmətlik İmamverdi Əbilov qoyub. Füzulinin 500 illiyində İraqa getmişdik. O vaxt da İraqda ucuzluq idi. Bir gün vitrinin qarşısında dayanıb üzüklərə baxırdım. Rəhmətlik İmamverdi müəllim yaxınlaşdı, dedi, bir bax, bu tərəfdə nə gözəl təsbehlər var. Bildirdim ki, onlara marağım yoxdur. Onda mənə Sur təsbehlər barədə məlumat verdi, dedi ki, vaxtilə bu təsbehi almaq üçün insanlar evlərini satırmış. Bunu deyəndən sonra mən 2 Sur təsbeh aldım. Qara təsbehlər idi. Yəni demək istəyirəm ki, hər şeyin öz yaranma tarixçəsi var. Ondan sonra kəhrəba, mirvari və s. növ təsbehlər aldım. Amma onları evin içində belə, əlimdə oynatmaq kimi bir vərdişim yoxdur.

 

– Çingiz müəllim, bəs bu şallağı sizə kim verib?

– Səfərlərin birində qazaxlı dostlarımdan biri məni öz dostu ilə tanış elədi, məlum oldu ki, bu adam atçılıq zavodunun sahibidir. Dostum dedi ki, bu adam sənə yəhər-yüyənli, şallağı-filanı da üstündə bir at bağışlamaq istəyir. Utandım deyəm ki, ömrümdə at minməmişəm. Dedim ki, bilirsiniz də atı burdan Azərbaycan aparmaq çətindir, orada da dördüncü mərtəbədə yaşayıram. Onda bağım da yox idi hələ. Dedim yəhəri saxlayın, hədiyyədir, atı da bura gələndə minərəm. Sonradan ora səfər edəndə həmin tanışlardan uzaq qaçırdım ki, birdən mənə desələr gəl gedək at minməyə, nə edərəm...  Amma şallağı götürdüm, bəlkə evdə arvadı döyüb-eləməyə yarayar. Təbii ki, bu bir zarafatdır, mən həyat yoldaşıma heç vaxt əl qaldırmamışam.

 

– Şərab tıxaclarından danışaq, bildiyim qədəri ilə onların da kolleksiyasını toplayırsınız.

– Dayım Mustafa Əfəndiyev uşaq vaxtı mənim tərbiyəmlə məşğul olub, o dayımı çox sevirdim. Hələ Moskvaya getməmişdən əvvəl rus-fin müharibəsində yaralanıb gəlmişdi, Hələ ailə qurmamışdı, nahara evimizə gələrdi, rəhmətlik anam da onun üçün nahar hazırlayardı. Fizuliyə yaxın Tağ, Tuğ kəndlərində yaxşı çaxır ustası dostları var idi. 5-10 litrlik çəlləklərdə çaxır gətirərdi bizə. Özünə böyük, mənəsə balaca stəkanda süzərdi. Dayımın formalaşdırdığı o zövqlə, sonra da çalışmışam yaxşı şərab dadım. Şərablar haqqında da traktatım var, o kitabda dünyadakı müxtəlif növ içkilər, onların texnologiyasının necə yaranması öz əksini tapır. Bax, beləcə, növbəti hobbim yarandı. Daha çox onların tıxaclarına diqqət yetirirdim, indi təxminən 1500 tıxac var məndə. Əsasən İtaliya, Fransa, Almaniya, Çili, CAR və ABŞ-ın Kaliforniya ştatında hazırlanan şərablara üstünlük verirəm. Məsələn, məndə elə şərab var ki, hazırlandığı ölkədən Azərbaycana xüsusi çamadanda gətirilib. Ondan bir yeşik gətirtmişdim, bir yeşikdə 12 ədəd olur, İtaliya istehsalıdır. İtaliyanın Toskana vilayətində hazırlanıb. Orada bu gün də həmin soyadda – Vernaççiya di Sanginiginano nəsil var. Bu şərabçı nəslin əsası Leanardo Da Vinçi yaşayan vaxtlarda qoyulub. Bu şərabı Da Vinçi, Roma Papaları içiblər. Toskanada şərabçı ailələr çoxdur, amma ən qədimi bu nəsildir. Bir işlə məşğul olanda onun dərinliyinə getməyi, tarixini öyrənməyi sevirəm. Alman şərablarını da sevirəm. Oğlanlarımın toyunda bir şərab açmışdım, hələ mənə veriləndə 30 illik tarixi var idi. Qaydası necədirsə, elə də saxladım. 28 il də mən saxladım. Toyda yaxın dostlar üçün açdım. O yaşda şərab, xüsusən də Avropada təxminən 25 min yevrodur. Necə deyərlər, zər qədrin zərgər bilər.

Mən Mətbuat və İnformasiya Nazirliyində baş idarə rəisi işləyəndə Almaniyaya getmişdim. Orada çap dəzgahları da istehsal edən "Mam Miller” firması var. Bir gün Reyn vadisində bu firmanın rəhbəri bizi 8-ci nəsil bir şərabçılıq evinə dequstasiyaya apardı. Burda bizim üçün müxtəlif növ şərablar açdılar. 5 il, 10 il yaşı olan. Orda şərabçı bizdən soruşdu ki, Qafqazda bu proses necədir, mən də şərabçılıq tariximiz, Azərbaycanda onun arealı, texnologiyaları, hansı üzüm sortlarının əkilməyi, yetişdirilməyi barədə məlumat verdim. Dedi ki, birinci dəfədir görürəm, bir yazıçı şərab haqqında bu cür müfəssəl məlumat verir. Bunun şərəfinə bizi öz qədim içki saxlancına apardı. Başqa qapıdan keçib, divarı qənbərlə hörülmüş uzun bir dəhlizdən keçdik. Dəhlizin ortasında bir də gördük, əlini atdı, divarda bir qapı açıldı, təxminən 8 kv metrlik yer, dəmir barmaqlıqdakı lampanın işığında stellajlarda şərab butulkaları göründü. Dedi ki, bu şərabların ən cavanın yaşı əlli ildir. Məlumat verdiyi qədəri ilə ata-babası bu şərabları hələ faşistlərin vaxtından qoruyub saxlaya bilmişdi. Birini götürüb gəldik, açdı, biz də 8-9 adam idik, adama bir qədəh düşdü. Yaxşı şərab gərək açılandan sonra 2 saat eləcə qala, çünki tərkibində aldegeid adlı maddə var, o özünü tutmaq üçün hava ilə təmas vacibdir. Nəzərə alsaq ki, VII sinifdə oxuyandan şərablarla maraqlanıram, təcrübəm az deyil. O ki qaldı tıxaclara, artıq gözüm bağlı halda da əlimə alsam, barmaqlarımın toxunuşu ilə tıxacı yoxlayıb, şərabının necə olmasını dəqiq deyə bilərəm.

 

– Çingiz müəllim, bir də sonda istərdim mənə əvvəlcədən məlumat verdiyiniz bir rəsm barədə danışaq.

– Bu barədə müsahibələrimdə çox danışmışam. Vaxtilə yaratdığımız və bu gün də Finlandiyada fəaliyyət göstərən Fin-Azərbaycan Mədəniyyət Körpüsü Cəmiyyətinin Finlandiya tərəfdən prezidenti, Skandinaviya ölkələrinin məşhur yazıçısı, aktyoru, həmçinin müğənni kimi də fəaliyyət göstərən xanım Aulikki Oksanen öz əsərlərinin hər vərəqinə şəkil çəkib. O mənim ad günümə hədiyyə etmək üçün vüqarlı Azərbaycan qadını obrazı yaratmaq istəmişdi, əynində də qədim üst geyimlərimiz. Görürsən çəkib, maral buynuzu üstündə öz obrazlarını da qatıb.

 

– Hansısa əşya olmaq istəyərdinizmi?

– Mən qəti şəkildə əşya olmaq istəməzdim. Canlı varlığam, düşünən insanam, həyata yetərincə sualları olan, onlara cavab tapmağa çalışan adamam, bir əşyaya sığışıb qala bilmərəm...

 

Söhbətləşdi: Fərid Hüseyn

 

 

Kaspi $g 2018.- 3 mart.- S.12-13.