Tolerantlığa zərbə
vuran “dini ədəbiyyat”lar
“Bunun
qarşısı alınmazsa, bütün mənfi təzahürlər
qısa müddətdə özünü büruzə verə
bilər”
Azərbaycan dövlət - din münasibətlərinin ən
yaxşı tənzimləndiyi, dini azadlığın, ideal
birgəyaşayış mədəniyyətinin hökm
sürdüyü, ksenofobiya, dini ekstremizm, radikalizm,
anti-semitizmdən uzaq bir ölkədir. Lakin bir
çox hallarda yaradılmış mövcud tolerant vəziyyətdən
sui-istifadə hallarına da rast gəlinir. Məhz belə hallardan biri də Azərbaycana gətirilən
və eləcə də ölkə daxilində çap olunan
dini ədəbiyyatlarla bağlıdır. Çünki bir sıra ölkələr və
radikal dini cərəyanlar "maarifləndimə” adı
altında öz ətrafına tərəfdar toplamaqla, Azərbaycanın
siyasi-ictimai mühitinə təsir imkanlarına nail olmağa
cəhd göstəriblər. Təbii ki, heç bir
halda buna nail ola bilməyiblər və zərərli
dini cərəyanların qarşısı pereventiv tədbirlərlə
alınıb. Lakin bu heç də o demək
deyil ki, başqa ölkələr və ayrı-ayrı dini cərəyanlar
öz niyyətlərindən vaz keçiblər.
Bu günlərdə sosial mediada və bir sıra internet
xəbər resurslarında dini ədəbiyyatla bağlı
gedən müzakirələr də diqqətdən
yayınmadı. Hətta bu məsələ ilə
bağlı aparılan müzakirələrdə
"senzura”nın tətbiq olunması fikirləri də yer
aldı.
Qanunun tələbi nədən ibarətdir?
Mövcud
qanunvericiliyə əsasən dini qurumlar, dini qurum olmayan digər
hüquqi və fiziki şəxslər Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin razılığı
ilə dini təyinatlı ədəbiyyatı, əşyaları,
dini məzmunlu başqa məlumat materiallarını istehsal,
idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. Bu "Dini etiqad azadlığı haqqında” Qanunun
22-ci maddəsində açıq şəkildə qeyd edilib.
Lakin mövcud qaydalara əsasən, bu dini ədəbiyyatların
Dövlət Komitəsi tərəfindən idxalına və
ya çapına razılıq verilməli, eləcə də nəzarət
markası vurulmalıdır. Bundan sonra həmin
dini ədəbiyyatların satışına və nəşrinə
icazə verilir.
Qeyd edək
ki, 2017-ci ildə ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın
idxal edilməsi məsələsinə baxılaraq, dini
dözümsüzlüyü, ayrı-seçkiliyi və
radikallığı təbliğ edən 63 adda kitabın
ölkəyə idxalının və yayılmasının
qarşısı alınıb. Nəşr
olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda
dini ədəbiyyatın 4-ün çapı məqsədəuyğun
sayılmayıb. 613 adda dini təyinatlı
ədəbiyyat üçün nəzarət markaları
verilib. Hüquq-mühafizə orqanları tərəfindən
ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı
ədəbiyyata baxılaraq, onlardan 99-un zərərli, yaxud
müvafiq razılıq alınmadan idxal və istehsal
olunduğu müəyyən edilib.
Dini ədəbiyyatlarla bağlı mövcud qanunlarda
qaydalar açıq şəkildə qeyd edilsə də, hələ
də bir sıra insanların narazı qalması nədən
qaynaqlanır?
Məzmun etibarı ilə ölkəyə gətirilməsinin
qarşısı alınan dini ədəbiyyatlar
hansılardır? Yerli müəlliflər
tərəfindən yazılan kitablara verilən rəylərdə
hansı mühüm məqamlara üstünlük verilir?
İmtina edilən və çapına icazə verilməyən
ədəbiyyatların Azərbaycandakı dini mühitə mənfi
təsirləri nədən ibarət ola bilər?
Bu və digər suallara cavab tapmaq və məsələyə
aydınlıq gətirilməsi üçün ekspertlərə
müraciət etdik.
"Azərbaycanın
tolerantlığını istəməyənlər az deyil”
Mövzu
ilə bağlı "Kaspi” qəzetinə
açıqlamasında Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası
şöbəsinin müdiri Nahid Məmmədov bildirdi ki, bəzi
insanların mövcud qaydalardan narazı qalmasını normal
hesab etmək də olar: "Amma qərəzsiz və
ağılla mühakimə edən insanlarımız bilir ki,
din sahəsi xaotik ola bilməz. Burada mütləq
şəkildə nizamlı davranmaq lazımdır. Qanunvericilikdə təsbit olunmuş qaydalar, eləcə
də təcrübəyə əsaslanan meyarlar bizim
üçün əsasdır. Əgər
biz mövcud hüquqi və praktik meyarlar əsasında
hansısa dini cərəyanların ədəbiyyatlarına məhdudiyyət
tətbiq ediriksə və ya ölkədə çap olunan
dini ədəbiyyatların ekspertizası zamanı zərərli
hesab edilən fikirlərin həmin kitablardan
çıxarılmasını tələb ediriksə, bunun
başqalarının xoşuna gəlməyəcəyi məlum
məsələdir.
Xüsusən, bir çoxları dini ədəbiyyata
biznes maraqları çərçivəsində baxırsa, həmin
ədəbiyyatın çapı böyük bir layihənin
tərkib hissəsidirsə, o zaman narazılıq başa
düşüləndir. Çünki bu addımla ölkədəki
dini durumu qarışdırmaq istəyənlərin, cəmiyyətimizi
parçalamaq, dini nifrət və düşmənçiliyi,
təfriqəni yaymaq istəyənlərin qarşısına
əngəl kimi çıxırıq. Bu
da onların planlarının ölkəmizdə açıq
şəkildə həyata keçirmələrinə maneədir”.
N.Məmmədov
əlavə etdi ki, dini təyinatlı ədəbiyyat
(kağız və elektron daşıyıcılarında),
audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu
başqa məlumat materiallarının istehsalına,
idxalına, ixracına, habelə sərbəst
yayılmasına DQİDK tərəfindən razılıq
verilməsinə konkret olaraq, aşağıdakı hallarda razılıq verilmir:
- Dini
etiqadın və dini həyat tərzinin zor işlətməklə
və ya zor işlədəcəyi ilə hədələməklə,
habelə dini, sosial ədavət və düşmənçilik
yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə;
-
Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst
yayılması insanpərvərlik prinsiplərinə zidd olan
dinin (dini cərəyanın) yayılması və təbliği
məqsədi ilə həyata keçiriləcəyi ehtimal
olunduqda;
-
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların)
yayılması və təbliği halları
aşkarlandıqda;
-
Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst
yayılması ictimai təhlükəsizliyə və ya
ictimai qaydanın pozulmasına səbəb ola
biləcəyi hallarda;
- Dini
dözümsüzlük, radikal təriqətçilik və
camaatçılıq ideyaları təbliğ edildikdə;
-
Onların əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən dini təbliğat
aparılması məqsədilə idxal edildiyi
aşkarlandıqda;
- Ölkədəki
tolerantlıq durumuna mənfi təsir göstərən, dini
ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə;
-
Onların ölkədə dini duruma mənfi təsir göstərə
biləcəyi ehtimal edildiyi digər hallarda.
Məhz qeyd edilən məsələlərdən irəli
gələrək, dinşünaslıq ekspertizası müəllifləri
yerli və ya xariciyə ayırmır. Bizim
üçün əsas subyekt materialın özüdür.
Müəllifin kimliyinə o zaman diqqət edilir ki, onun adı
hansısa böyük miqyasda qanun pozuntusunda, cinayətdə və
s. məsələlərdə hallansın və bu da ən
son araşdırılan məsələdir. Əvvəllər
də dəfələrlə dini ədəbiyyatın nəşri
ilə məşğul olan fiziki və hüquqi şəxslərə
tövsiyə etmişik ki, həssas dini məsələlərlə
bağlı maarifləndirmə işi aparılarkən
ölkədəki dini mühit, insanların, xüsusilə
dindarların həssaslıq göstərdiyi məqamlar,
müəyyən fikirlərin cəmiyyətdə doğura
biləcəyi reaksiyalar mümkün qədər nəzərə
alınmalı, dindarların heysiyyatına toxuna biləcək
nüanslardan maksimum qaçılmalıdır. Hətta mümkün qədər mülayim və
ehtiyatlı danışıq və yazı üslubu
seçilməlidir. Bəzən məzhəbçiliyi
qabardan, başqa dinlərə və ya əqidə sahiblərinə
həddən ziyadə nifrət aşılayan məlumat
materiallarına rast gəlirik. Nəzərə
alınmalıdır ki, ölkəmizdə dini sahədə
çox rəngarəng mənzərə var və burada
müxtəlif xalqların, dinlərin və məzhəblərin
nümayəndələri mehriban şəkildə
yaşayırlar. Bu o deməkdir ki, din sahəsində
fəaliyyət göstərənlər də cəmiyyətimizin
bu unikal özünəməxsusluğuna xələl gətirəcək
düşüncədən uzaq olmalıdırlar.
Etiraf etməliyik
ki, Azərbaycanın tolerantlığını, multikultural dəyərlərə
verilən önəmini istəməyənlər də az deyil. Biz bu təhdidi hiss etdiyimiz zaman adekvat
addımlar atmaq məcburiyyətində qalırıq”.
Komitə rəsmisi bir çox hallarda mətbuatda
"qadağan edilmiş dini ədəbiyyatlar”
anlayışına rast gəlindiyini vurğuladı: "Hər
şeydən öncə onu qeyd edim ki, "qadağan
olunmuş dini ədəbiyyat” anlayışı hüquqi
baxımdan doğru deyil. Biz hər hansı ədəbiyyatın məzmununa
uyğun olaraq, onun idxalının, ölkədə
çapının və ya yayılmasının məqsədəuyğun
olub-olmaması haqqında münasibətimizi bildiririk. Əvvəlcədən də qeyd etdiyim imtinaya səbəb
kimi göstərdiyimiz meyarlar bizim üçün əsasdır.
Bunun qarşısı alınmazsa, bütün
mənfi təzahürlər qısa müddətdə
özünü büruzə verəcək və nəticədə
fəlakətlə qarşı-qarşıya qala bilərik.
Yaxın Şərqdə baş verən hadisələrin
qızışdırılmasında bu faktorun nə dərəcədə
mühüm rol oynadığını hər birimiz
yaxşı gördük”.
"Dini ədəbiyyatlara nəzarət təhlükəsizliyin başlıca şərtidir”
Şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, dini ədəbiyyatlar və bu kimi məlumatlandırma vasitələrinə nəzarətin gücləndirilməsi Azərbaycanın dövlət və milli maraqlarına xidmətdir: "Digər tərəfdən, hər bir fikir adamı bilir ki, dünyada təhlükəli "dini müqavimət”in qarşısını siyasi güclə almaq mümkünsüzdür. Düşünürəm ki, Azərbaycanda yad təsirlərin, radikal düşüncələrin qarşısının alınması üçün mövcud addımlar atılır. Dövlət-din münasibətlərinə təsir etmək imkanının ən asan yollarından bir məhz dini ədəbiyyat vasitəsilə həyata keçirilir. Buna görə də bir sıra ədəbiyyatların vaxtında zərərsizləşdirilməsi, ifşa olunması və hətta nəzarətdə saxlanması dövlətin müvafiq qurumları tərəfindən həyata keçirilir. Bu da Azərbaycan xalqının mənafeyinin qorunmasına yönəlik addımlardır”.
C.Əzimbəyli qeyd etdi ki, dini ədəbiyyatlara nəzarət dövlətin təhlükəsizliyi üçün başlıca şərtdir: "Çünki bəzi ədəbiyyatlarda dövlətin maraqlarına zidd olan, dinlərarası, məzhəblərarası münasibətləri pozmağa yönəlmiş çağırışlar olur. Ona görə də dövlət nəzarətinin gücləndirilməsi təqdir olunasıdır və milli mənafeyimizə də ən böyük xidmətdir.
"Məsələyə obyektiv şəkildə baxılır”
Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirdi ki, Azərbaycanda dini ədəbiyyatların ölkəyə gətirilməsi və ya çapı ilə bağlı icazənin verilib-verilməməsi məsələsi Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin nəzarətindədir: "Komitənin müvafiq strukturunun verdiyi rəy əsasında kitablar nəşr olunur. Düşünürəm ki, hər bir ölkənin milli təhlükəsizlik konsepsiyası olur və buna uyğun addımlar atılır. Son illər dini məsələlər də həssas mövzuya çevrilib. Çünki bir çox hallarda dini mövzulardan istifadə edib dövlətlərin daxilində müəyyən siyasi problemlər, münaqişələr, o cümlədən vətəndaş qarşıdurması yaradılır. Yəni, indiki dönəmdə dini fikirlər vasitəsilə müəyyən ideologiyaların ayrı-ayrı ölkələrə yeridilməsinin şahidiyik. Ona görə də belə bir şəraitdə dini ədəbiyyatlara nəzarətin olması normal qarşılanmalıdır”.
Ş.Həsənlinin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət komitəsi həm xarici, həm də yerli müəlliflərin kitablarının nəşrinə razılıq verir: "Bu barədə hər bir kəsin məlumatı var. Onu da qeyd edim ki, bu gün də komitə tərəfindən müvafiq işlər görülür. Sadəcə, istər yerli, istərsə də xarici müəlliflərin yazdığı dini ayrı-seçkiliyə təşviq edən, dini ixtilafları, ədavəti qızışdıran ədəbiyyatların nəşrinə icazə verilmir. Bu da müəyyən müəlliflərin narazılığına səbəb ola bilir. Amma düşünürəm ki, məsələyə obyektiv şəkildə baxılır və faydalı olan dini ədəbiyyatın nəşrinə icazə verilir”.
Bəxtiyar MƏMMƏDLİ
Kaspi 2018.- 6 mart.- S.7.