Qarabağ həqiqətləri
və ədaləti axtaranlar
Dünyanın “haqq tərəzisi”
Dağlıq Qarabağ münaqişəsini öz çəkisində
göstərmir
Otuz ildir ki, Azərbaycan Ermənistanın təcavüzkar
siyasətindən əziyyət çəkir. İşğala məruz
qalan və ərazilərinin 20%-ni itirən Azərbaycan
dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsi
və onun həllinə yönəltmək, eləcə də
region dövlətlərinin təhlükəsizliyi
üçün böyük təhdidə çevrilən
Ermənistanın separatçı fəaliyyəti barədə
beynəlxalq birliyi məlumatlandırmaq üçün
hüquqi və qanuni yollardan istifadə edir. Lakin
təəssüf ki, bir çox hallarda dünya birliyi
Dağlıq Qarabağ münaqişəsini ATƏT
regionundakı "dondurulmuş münaqişələr”
siyahısına daxil etməklə kifayətlənir. Beynəlxalq birliyin "dondurulmuş münaqişə”
adlandırdığı məsələ Azərbaycan
üçün ədalətsiz müharibə, onun acı nəticələri,
insanlara dəyən psixoloji zərər, iqtisadi böhran,
dağıdılmış abidələr və saymaqla bitməyən
digər mənfi ifadələrdir. Münaqişənin
həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk
qrupu isə fiaskoya uğrayıb. Demək
olar ki, vasitəçilərin fəaliyyətindən son dönəmlər
heç bir irəliləyiş nəzərə
çarpmır. Danışıqlar
prosesində ciddi irəliləyiş əldə edilmir. Ermənistan isə öz təxribatçı fəaliyyətindən
çəkinmir.
"Ermənistanın
ATƏT-də dövlət olaraq irəli sürdüyü təkliflərin
çoxu qəbul edilmir”
Azərbaycanın ədalətli mövqeyinin təbliğ
edilməsi, erməni yalanlarının üzə
çıxarılıb ifşa edilməsi istiqamətində
aparılan işlər, bu sahədəki son yeniliklər barədə
məlumat əldə etmək üçün ölkəmizi
beynəlxalq təşkilatlarda təmsil edən deputatlarla əlaqə
saxladıq.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA)
nümayəndə heyətinin üzvü, Milli Məclisin
deputatı Tahir Mirkişili bizimlə söhbəti zamanı
bildirdi ki, Azərbaycan diplomatiyası Dağlıq Qarabağ həqiqətlərini
həm Xarici İşlər Nazirliyi xətti ilə, həm də
Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan
deputatları vasitəsilə daim dünya ictimaiyyətinin diqqətinə
çatdırır. O vurğuladı ki, bütün beynəlxalq
təşkilatların plenar iclaslarında, həmçinin
ayrı-ayrı ölkələrin mətbuatında Azərbaycanın
ədalətli mövqeyi ilə bağlı çıxışlar
yer alır: "Hesab edirəm ki, artıq hər kəs Ermənistanın
işğalçı mövqeyini anlayır. Ermənistanın
ATƏT-də dövlət olaraq irəli sürdüyü təkliflərin
çoxu qəbul edilmir. Bu, həmin qurumda
təmsil edilən dövlətlərin Ermənistanın
mövqeyinə olan inamsızlığından irəli gəlir”.
T.
Mirkişili qeyd etdi ki, Ermənistanın destruktiv fəaliyyəti,
ATƏT regionunda terrorizmi və separatizmi dəstəkləməsi
və bunun zərərini hər kəs anlayır. Deputat
vurğuladı ki, beynəlxalq təşkilatların bəyanatlarında
da bunu görmək mümkündür: "ATƏT-in dövlətlərinin
ərazi bütövlüyünün bərpa edilməsi,
Avropa Parlamentinin bir qrup üzvünün Xocalı faciəsi
ilə bağlı verdiyi bəyanatlar onu göstərir ki,
hüquqi müstəvidə Azərbaycanın haqlı
mövqeyi dəstəklənir”.
"AŞPA-da
ikili standartların mövcud olmasının şahidi olduq”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin
üzvü Rövşən Rzayev isə öz
açıqlamasında bildirdi ki, qurumda təmsil olunan
deputatların fəaliyyəti uğurludur. Deputat qeyd etdi ki, azərbaycanlı
deputatlar mütəmadi olaraq Dağlıq Qarabağ həqiqətlərini
dünya ictimaiyyətinin diqqətinə çatdırmaq
istiqamətində iş aparır. O xatırlatdı ki, 2005-ci
ildə qurum, Ermənistanı işğal etdiyi Azərbaycan
torpaqlarını azad etməyə çağıran 1416
saylı qətnamə qəbul edib: "Həmin qətnaməyə
əsasən AŞPA-da Dağlıq Qarabağla bağlı
Alt Komitə yaradılıb. Amma erməni lobbisinin fəaliyyəti nəticəsində
həmin komitə öz işini davam etdirə bilmir. Hesab edirəm ki, Avropada bütün cavabdeh institutlar
bu məsələ ilə bağlı öz mövqelərini
səsləndirməyi bacarmalıdır. Təəssüf
ki, erməni lobbisinin təsirinə görə, onlar bunu etmirlər,
edə bilmirlər”.
Deputat
dedi ki, bütün bunlara baxmayaraq, hər 3 aydan bir
AŞPA-nın Strasburqda keçirilən sessiyalarında və
komitə iclaslarında Azərbaycan nümayəndə heyətinin
üzvləri işğal edilmiş əraziləri barədə
fikirlərini səsləndirirlər.
R. Rzayev
xüsusilə 2016-cı ildə Azərbaycanın lehinə
hazırlanmış məruzələrə diqqət çəkdi.
O, Böyük Britaniyadan olan deputat Robert Volterin
"Dağlıq Qarabağ və Azərbaycanın
işğal olunmuş digər ərazilərində
zorakılıq hallarının artması” və Bosniya və
Herseqovinadan olan deputat Milisa Markoviçin "Azərbaycanın
sərhədyanı ərazilərində yaşayan əhalinin
qəsdən sudan məhrum edilməsi” adlı məruzələrin
səsə qoyulması zamanı baş verənlərdən
danışdı: "Qurum Milisa Markoviçin Sərsəng
su anbarı ilə bağlı hazırladığı
"Azərbaycanın sərhədyanı bölgələrinin
sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsini səsə qoyaraq qəbul etdi. Lakin
digər məruzə ilə bağlı səsvermə
zamanı çox müəmmalı hadisə verdi. Səsvermə
nəticəsində bu məruzə qəbul olunsa da, bir
neçə dəqiqə sonra dedilər ki, səslər
düzgün hesablanmayıb. İkinci dəfə
səsvermə keçirildi və məruzə qəbul edilmədi.
Biz AŞPA-da ikili standartların mövcud
olmasının şahidi olduq”.
"Dünya
birliyi Xocalı soyqırımın unudulmasının necə
bağışlanılmaz səhv olduğunu
anlamalıdır”
Azərbaycan
ədalətli mövqeyinin dünya birliyinin diqqətinə
çatdırılması, Ermənistanın
işğalçı siyasətinin dayandırılması
istiqamətində iş aparsa da, bəzən
haqsızlıqla üzləşir. BMT-nin
işğal edilmiş ərazilərlə bağlı qəbul
etdiyi qətnamələri yerinə yetirməyən Ermənistanın
təcavüzkar siyasətinə göz yumulur. Bunu tək azərbaycanlı ekspertlər yox, xarici
ekspertlər də ifadə etməkdən çəkinmir.
Beynəlxalq
münasibətlər üzrə tanınmış
amerikalı ekspert Peter Tase öz açıqlamasında
bildirdi ki, dünya üçüncü dünya müharibəsinin
astanasındadır, çünki Ermənistan silahlı
qüvvələri tərəfindən azərbaycanlılara
qarşı törədilmiş Xocalı soyqırımı
kimi cinayətlərə və onların səbəblərinə
lazımi diqqət ayrılmayıb. Ekspert vurğuladı ki,
beynəlxalq birlik geriyə baxmalı və azərbaycanlılara
qarşı törədilmiş soyqırımın
unudulmasının necə bağışlanılmaz səhv
olduğunu anlamalıdır: "Hesab edirəm ki, Ermənistan
prezidenti Serj Sarkisyan və onun köməkçiləri
öncə ədalətə çağırılmalı,
beynəlxalq birlik ikili standartlar tətbiq etməkdən
çəkinməlidir. Azərbaycanın ərazi
bütövlüyü dərhal təmin edilməlidir”.
Ermənilərin
fiaskoya uğrayan cəhdləri
İkili standartların tətbiq edildiyi,
haqsızlığa, insanlığa qarşı törədilmiş
cinayətlərə göz yumulduğu bir zamanda haqq səsinin
dünyaya çatdırılması çətindir. Xüsusilə
dünyadakı erməni lobbisinin fəaliyyəti əsas maneələrdən
biridir. Xocalı faciəsinin
ildönümünün qeyd edildiyi bir zamanda ermənilər
özlərinin törətdiyi və öz
soydaşlarını qətlə yetirdikləri Sumqayıt
hadisələrini dünya ictimaiyyətinin gündəminə
gətirir və həqiqətə kölgə salmağa
çalışır. Belə ki, ermənilər
ABŞ-da, Avropa Parlamentində Sumqayıt hadisələri ilə
bağlı dinləmələr keçirib öz yalanları
ilə dünya birliyini yenidən aldatmağa cəhd göstərdilər.
Lakin azərbaycanlı gənclərin fəaliyyəti
nəticəsində onların bu cəhdi uğursuzluqla nəticələndi.
Hətta Kaliforniyadakı dinləmələr zamanı Amerika
Erməni Assambleyasının ABŞ-ın Qərb region
üzrə direktoru Mihran Tumacançıxışında həm
özünü, həm də bütün erməniləri
çətin vəziyyətə salaraq, Ermənistanın
Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı
qırğın törətdiyini etiraf edib və
dolaşıq fikirləri ilə əslində özlərini
ifşa etdi. Lakin ümumilikdə bu cür təxribatlara
qarşı davamlı mübarizənin aparılması
vacibdir. Çünki ermənilər və ermənipərəst
qüvvələr dayanmadan fəaliyyət göstərir.
Bəs biz mübarizəni necə
aparmalıyıq?
"Biz hədəflərimizi
bilirik”
Bu məsələ
ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin
deputatı Elman Nəsirov bildirdi ki, Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında diaspor təşkilatlarının
üzərinə böyük məsuliyyət
düşür: "Bu günlərdə Niderlandda
keçirilən Dünya Azərbaycanlıları Konqresinin
qurultayında bu məsələlər gündəmə gəldi.
Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov öz
çıxışında vurğuladı ki, Azərbaycanın
üzləşdiyi problemləri, Ermənistanın etnik təmizləmə
siyasəti ilə bağlı həqiqətləri dünya
ictimaiyyətinə koordinasiya olunmuş şəkildə
çatdırmaq lazımdır. Bu məsələdə
diaspora ilə yanaşı, medianın da üzərinə məsuliyyət
düşür”.
Deputat
xatırlatdı ki, Dünya Azərbaycanlıların
Dördüncü Qurultayında çıxış edərkən,
prezident İlham Əliyev dedi ki, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar
elə etməlidir ki, onlar siyasi amilə çevrilsinlər. Yəni müxtəlif dövlət qurumlarında,
iqtisadi sferalarda güc faktoruna çevrilsinlər və Ermənistanın
işğalçı siyasəti ilə bağlı
yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırsınlar.
E. Nəsirovun fikrincə, bu istiqamətdə fəaliyyət
göstərmək üçün həmin ölkələrin
KİV-ləri ilə sıx əlaqədə olmaq
lazımdır.
Deputat həmçinin
əlavə etdi ki, biz hədəflərimizi bilirik və həmin
hədəflərə çatmaq üçün dövlətimizin
strateji xətti məlumdur, bununla bağlı yol xəritəsi
var: "Hesab edirəm ki, bu istiqamətdə daha ciddi nailiyyətlərin
əldə olunacağını indidən söyləmək
mümkündür”.
Və
sonda...
Bu gün bir çox dövlətlər ədalətsizliklə
üz-üzədir. Təkcə ATƏT regionunda Azərbaycan,
Gürcüstan, Moldova və eləcə də Ukrayna
işğaldan əziyyət çəkir. Dünya birliyinin, ayrı-ayrı beynəlxalq
institutların daşıdığı öhdəlik və
məsuliyyət var. Dövlətlərin ərazi
bütövlüyü və onların sərhədlərinin
toxunulmazlığı kimi sərt, işğalçı
qüvvələrə öz yerini göstərən prinsiplər
var. Bu prinsiplər mövcuddur, lakin yazılı şəkildə.
Dünya birliyi, münaqişələrin tənzimlənməsinə
cəlb olunan dövlətlər, vasitəçilik edən
diplomatlar iradə nümayiş etdirmir. Əvəzində
çox zaman haqsızlığa göz yumur, yalnız
danışıqlar aparmaqla kifayətlənir. Niyə işğalçı qüvvələr ədalət
məhkəməsinə çağırılmır? Niyə onlar beynəlxalq hüquq prinsiplərinə əməl
etmədikləri üçün məsuliyyətə cəlb
olunmur? Bu kimi sualları davam etdirmək
mümkündür. Lakin cavabı yoxdur.
Daha doğrusu, cavabı var, lakin cavab verməkdə
məsuliyyət daşıyan qüvvələr hər zaman
bu suallardan yayınır, diqqəti başqa istiqamətə
yönəldir. Dünya qloballaşır,
dəyərlər isə itir. Dünyanın
ədalət tərəzisi də artıq öz prinsiplərinə
sadiq deyil. Belə olan halda isə bizə
bir yol qalır. Nə qədər ədalətsizliklə
üzləşsək də, mübarizəni davam etdirmək
və bütün müstəvilərdə düşmən
təxribatlarının qarşısını almaq.
Leyla Məhərrəmova
Kaspi.-2018.-6 mart.-S.13.