“AVESTA” AZƏRBAYCAN DİLİNDƏ

 

Qədim azərbaycanlıların müqəddəs saydığı bir kitab var: "Avesta”.   Neçə  yüzilliklərdir ki, "Avesta” bəşər mədəniyyətinin əski çağlarda yaratdığı mənəvi sərvət kimi tədqiq olunur, öyrənilir və bu ədəbi abidədə qədim, ulu babalarımızın dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşləri əks olunduğu üçün daha artıq maraq doğurur. Düz 247 ildir ki, "Avesta” Avropa alimlərinin tədqiqat obyektidir və bu 247 ildə "Avesta” ilə bağlı o qədər həqiqətlər və bir o qədər də müəmmalar meydana çıxmış ki, bu da avestaşünaslıfq deyilən müstəqil bir elm sahəsinin meydana çıxmasına səbəb olmuşdur. Heç şübhəsiz, bu sırada Azərbaycan alimlərinin də müəyyən xidmətləri olmuşdur. Bu sahədə filologiya elmləri doktoru Baloğlan Şəfizədənin "Avesta” ilə bağlı tədqiqatları  xüsusilə seçilir. Baloğlan Şəfizadə  "Zərdüşt, Avesta, Azərbaycan”, "Avesta”, "Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)” əsərlərində bu problemlərə xeyli dərəcədə aydınlıq gətirmişdir.

"Avesta” Zərdüşt təlimini özündə əks etdirir. Zərdüşt  peyğəmbər, islahatçı və zərdüştiliyin banisidir. Avropa alimləri Zərdüştün yaşam dövrünü eramızdan əvvəl  XV-XII əsrlərə aid etmiş, onun dinini bəşər tarixində yeni bir era adlandırmışlar.  Onun anadan olduğu yer – Vətəni haqqında müxtəlif versiyalar mövcuddur. Zərdüştün Azərbaycanda doğulduğunu bildirən alimlərin fikri daha məqbul hesab edilir.

Bu yaxınlarda "APOSTROFF” nəşriyyatı «Avesta» əsərinin  "Seçilmiş "Avesta Vəştləri”ni Azərbaycan dilində oxuculara təqdim etmişdir. Zərdüştülüyün müqəddəs kitabı hesab edilən "Avesta”  şair-tədqiqatçı Xanlar Həmid sərbəst  tərcümə yolu ilə oxuculara çatdırıb (redaktoru professor Qəzənfər Kazımov). Xanlar Həmid Lerikin ucqar bir dağ kəndində yaşayır, amma çox zəngin bir kitabxanası olan bu kənd ziyalısı neçə illərdir ki, "Avesta” ilə  məşğuldur, bu ədəbi abidəyə aid kitablar oxuyub, nəticədə belə qərara gəlib ki, "Avesta»”nı ilk dəfə tam şəkildə Azərbaycan dilinə tərcümə etsin, zərdüştülüyün mənşəyi, onun təlimi, Ali Tanrı-Ahura Mazda ilə bağlı inancları, həqiqətlərim oxuculara çatdırsın.

Xanlar Həmid kitaba ön söz də yazıb və bu ön sözdən – "Giriş əvəzi”ndən görünür ki,  o, "Avesta” mətnini dərk etməyə qabil bir ziyalıdır. Ona görə də biz söhbətimizə elə "Giriş əvəzi”ndən başlamaq istəyirik. Xanlar Həmid yazır ki,  "Avesta”  qədim ariya dilində qələmə alınmışdır. Ariya dili bizim eramızdan əvvəl VI əsrin ortalarında  fars dilinin İran və Şərq mühitində hakim dilə çevrilmişdi, ancaq az sonra Əhəmənilər dövründə ariya dili ümumişlək bir dil kimi öz ömrünü başa vurdu, yalnız "Avesta” mətnlərində qaldı ki, onu da ancaq kahinlər, maqlar oxuyub tərcümə edirdilər. Halbuki, Zərdüşt bir peyğəmbər kimi zühur edərkən bütün İran Şərqində, Əfqanıstanda, Hindistanda, Orta Asiyada, Suriyada ariya dili bütün dialekt və şivələri ilə mövcud idi. Amma bu dil sıxışdırılandan sonra onu başa düşmək çətin və anlaşılmaz olmuşdur.

Sonra Xanlar Həmid Zərdüştün kimliyi barədə məlumat verir, atasının adının Porişasp, anasının adının Dohdo, həyat yoldaşının adının Hvov, oğlanlarının adlarının İsad-vastra, Urvatat-nara, Hvara-çitra, qızlarının adlarının Freni, Poruşista və Triti olduğunu qeyd edir. Çox maraqlı adlardır. Bəs "Avesta” nədən bəhs edir?  Xanlar Həmid  ilk növbədə, adları şərh edir:  "Ali Tanrı-Ahura Mazda kainatın yaradıcısıdır. Mazda, Məzda, Mazdə-Ma-maya, yaxud yaradıcı nüvə, başlanğıcdır. Ahura Mazda "Müdrik Tanrı” deməkdir. Zərəhuştra, Zarahuştra, Zaratuştra. Bunlar ariya dillərini əhatə edən bütün ərazilərdə  səs, söz, Tanrı, var olan, yolçu anlamını ifadə edirlər. "Avesta”, "Əvesta”. Min illər boyu şifahi şəkildə dildən-dilə keçərək bir şeir toplusu kimi yaranan sənət toplusunun adıdır.  Xanlar Həmid "Avesta”da olan digər adların da mənasını aydınlaşdırır və əlbəttə, tədqiqatçılara, onların fikirlərinə istinad edir. Daha sonra müqəddimə müəllifi zərdüştülüyün mahiyyəti barədə söz açır.

"Avesta” ayrı-ayrı "Qatlar”dan ibarətdir. Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, "Qatlar” "Avesta”nın ən qədim hissələridir və bilavasitə Zərdüştün qələmindən çıxmışdır. Dörd ünsür, ulduz və planetlərə insan-Allah surəti  vermək, öküzün ruhuna sitayiş, onu qorumaq "Qatlar”dakı  dini təfəkkürün məzmununu təşkil edir. Bizim tədqiqatçılar onu da qeyd edirlər ki, "Avesta”da əksini tapan dini baxışın əsasını dualizm təşkil edir.  İşıqla qaranlıq, ölümlə həyat, xeyirlə şər, ədalətlə zülm arasında daim mübarizə gedir. Dini aləmdə bu mübarizəni  Hörmüz ilə Əhrimən  arasında gedən konflikt təşkil edir. Burada böyük şairimiz Səməd Vurğunun yarımçıq qalmış, bitirə bilmədiyi "Hörmüz və Əhrimən” mənzum pyesini xatırlayırıq. Səməd Vurğun  çox güman ki, "Avesta” mətni ilə, həm də  müxtəlif alimlərin fikirləri ilə tanış imiş. Xalq şairi Bəxtiyar Vahabzadə "Səməd Vurğun” monoqrafiyasında (1968)  bu əsərdən də söz açır. "Avesta” müəllifinin – Zərdüştün çox hallarda öz fikirlərini Ahyuramazdanın (Hörmüzün) dili ilə ifadə etdiyini yazır. Əsərdən bu parçanı misal gətirir:

 

Gələr Zərdüşt deyər,

Bəzən mənim öz ehtişamım var.

Bəşər qəlbi müqəddəsdir,

Bu qüdsiyyətlə kamım var.

 

Ölüm iblisə layiqdir,

Həyatdır ən şirin nemət,

Qaranlıqdan uzaqlaş ki,

İşıqdır ən böyük zinət.

 

Çalış qəlbin saf olsun ki,

Təmizlikdir sənin hüsnün,

Bütün ömründə zəhmətsiz,

Hünərsiz keçməsin bir gün.

 

Bir Allah adlanan eşqi

Sən öz qəlbində axtarsan,

Özün öz hüsnünü tapsan,

Ölüb getsən də sən varsan.

 

B.Vahabzadə  məşhur İran alimi Məhəmməd Müninin "Məzdi-yasna və təsiri an dər ədəbiyyati-parsi” əsərindən belə bir sitat gətirir: "Zərdüşt dininə görə, hər bir bəşər övladında müqəddəs, ilahi bir zərrə əmanətidir. Bu zərrəyə nə ad verirsinizsə, verin: ruh ya vicdan! Bu müqəddəs zərrə bizi əslimizə və yaranış dair Əsinin mərkəzinə bağlayan bir vasitədir. Yalnız bu ilahi işıqdır ki, insanı heyvanlıq  aləmindən nicat verir. Zərdüştə görə, o müqəddəs zərrə bu maddi dünya həyatında  bizi yüksək tərəqqilərə, səadət və kamala  çatdırır. Kamal yolunda irəliləmək və Allaha qovuşmaq üçün düzgün yol, əsl yol hesab olunur və deyilir: "Yol birdir, o da düzlük yoldudur”. "Avesta”da məhz xeyir işıq, təmizlik şüarları səslənir. Yaxşılıq, xeyirxahlıq təbliğ olunur.  Xanlar Həmidin tərcüməsindən bir parçaya diqqət yetirək:

 

    Dua edirəm hər gün –

    Xoşbəxtlik üçün.

    Dua edirəm uca səslə.

    Ölməz Günəşə.

    Dua edirəm

    Ölməz işığa.

    Fikrimlə, əməlimlə

    Və həqiqi sözlərlə

    Ehtiram göstərirəm

    Günəşə.

 

 "Avesta”da məhz xeyirxahlıq və nəcabət təbliğ edilir, xoşbəxtlik yolları işıqlandırılır ki, insanlar bu yolla hərəkət etsinlər. Başdan-ayağa müdrik fikirlərdən, uca kəlamlardan hörülən "Qatlar”da bu gün üçün də müasir səslənən həqiqətlərlə qarşılaşırıq. «Həqiqət-ən yaxşı xoşbəxtlikdir”.bu fikir dönə-dönə  təkrar olunur. Zərdüştün yaratdığı təlim insanları məhz düzgün və ədalətli olmağa səsləyir ki, bu gün də o fikir köhnəlməyib.

Zərdüştün dövründə də yalançılar, riyakarlar, zalımlar varmış. Onlar Şəri təmsil edirlər. Xeyir isə həmişə insanlara haqq yolunu göstərib. Ədəbiyyatşünas, professor Xəlil Yusiflinin "Avesta”da haqqında maraqlı fikirlərlə bizi tanış edir: "Zərdüşt  üzünü gah Ahuraməzdəyə, Vohumanaya, Artaya tutur, onlardan kömək istəyir, gah da insanlara müraciət edərək onları xeyrə xidmət etməyə, heyvandarlıq və əkinçiliklə məşğul olmağa, fikirdə, sözdə, işdə xeyirxah olmağa çağırır». X.Yusiflinin "Avesta”dan etdiyi  poetik tərcümədən bir parsanı təqdim edək:

 

      İndi üz tuturam qulaq asana:

      Dinləyin özünüz yaxşı sözləri.

      İki etiqadı yaxşı anlayın,

      Ta seçin birini məhşər günündə,

       Hər iki ruh başdan əkiz yaranıb.

       İndi də fikirlə, sözdə və işdə,

       Onların əsli bil, xeyirlə şərdir.

       Xeyirxah xeyiri, şər şəri seçib.

Xanlar Həmidin "Giriş əvəzi”ndə maraqlı bir fikirlə də qarşılaşırıq: "Pəhləvi dilində sonradan təkrarən yığılıb hazırlanan  "Avesta”»da  Adurbadaqanda – Azərbaycanda  olan bir çox dağ, çay, göl adları verilmişdir. Məsələn, Savah-Savalan, Siyakomand-Siyahkuh, yəni Qarabağ (Astaradakı Siyəku), Hoşdodsar-Həştadsər-Qarabağda zirvə, Aharz-Əhər, Spedrud-Qızılüzən, Kour-Kür, Arazi-Araz, Ərəszurə-Zəngəzur və s”. Təbii ki, bu araşdırmalar davam etməlidir.

 Xanlar Həmid bundan əlavə (Ön söz və sərbəst tərcümə nəzərdə tutulur),  kitabın sonunda ayrıca qeydlərlə çıxış edir. Mətndə nəzərə çarpan elə sözlər və ifadələr var ki, müasir oxucu üçün çətin və anlaşılmazdır. Amma ən dəyərlisi tərcüməçinin tərtib etdiyi lüğətdir. Maraqlı olsun deyə bəzi sözlərin izahını nəzərə çarpdıraq:

  Fravaşi – ruh, doğulmamışdan əvvəl mövcud olan və öləndən sonra yaşayan, möminlərin ruhu, qoruyucu mələklər.

 Haoma   bitki, içki.

Parəndi-Bolluq ilahəsi

"Vəşt” – himn.

"Avesta” Azərbaycan yazılı ədəbiyyatına xüsusilə klassik ədəbiyyata təsir edən möhtəşəm bir abidə kimi də diqqətəlayiqdir. Nizaminin "İskəndərnaməsi”ndə, Nəsiminin şeirlərində, Füzulinin əsərlərində, həmçinin "Dədə Qorqud” dastanlarında "Avesta”nın xeyirxah izlərini görmək olar. "Avesta” Qərb ədəbiyyatına da təsirsiz qalmamışdır. Məsələn, alman filosofu F.Nitşenin bütün yaradıcılığı  "Avesta” ideologiyasına söykənir (Bu haqda Baloğlan Şəfizadənin  "Azərbaycan ədəbiyyatı tarixi” kitabında ayrıca bir fəsildə söz açılır).

  Əlbəttə, "Avesta” və onun tərcüməsi barədə  çox danışmaq olar. Amma biz bu tərcüməni ədəbiyyatımız və elmimiz üçün uğurlu bir təşəbbüs hesab edir, tərcüməçiyə uğurlar arzulayırıq.

 

VAQİF  YUSİFLİ

Kaspi.-2018.-10-12 mart.-S.19.