“Nuri-didə
Ceyhun”un missiyası
Üzeyir Hacıbəylinin
qardaşı vətənə
niyə dönmədi?
Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasının 100 illiyi
ilə əlaqədar
il ərzində
müxtəlif səpkili
tədbirlər keçirilir
və layihələr
hazırlanır. Mədəniyyət ocaqlarımız da bu işdən kənarda qalmaq niyyətində deyil.
Belə ki, martın 10-da - Milli Teatr Günündə
Azərbaycan Dövlət
Musiqili Teatrında
108-ci mövsümün növbəti
premyerası, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə
"Nuri-didə Ceyhun”
tamaşası təqdim
olundu.
İdeya müəllifi Musiqili Teatrın direktoru, əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Əliqismət
Lalayev olan tamaşanın quruluşçu
rejissorluğu əməkdar
incəsənət xadimi
Mehriban Ələkbərzadəyə
məxsus idi. Əsərin özünü isə yazıçı-dramaturq Əli
Əmirli qələmə
alıb.
Biz də bu gündə teatrımızın
bayramını qeyd etmək və dahi Üzeyir Hacıbəylinin qardaşının
həyatını, onların
yaşadığı dövrdə
hansı hadisələrin
necə cərəyan
etdiyini bilmək üçün teatra yollandıq. Öncə onu qeyd edim ki, tamaşanın
premyerasına mədəniyyətimizin,
teatrımızın ziyalıları,
sənət adamları,
teatrşünaslar, mətbuat
nümayəndələri dəvət
olunmuşdu.
Tamaşanın nümayişindən əvvəl bütün iştirakçıları milli
teatrın yaranmasının
145 illiyi münasibətilə
təbrik edən əməkdar incəsənət
xadimi, sənətşünaslıq
doktoru, professor Məryəm
Əlizadə Azərbaycan
teatrının çətin,
lakin şərəfli
bir yol keçdiyini
qeyd etdi. Bu il ölkəmizdə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin
silsilə tədbirlərlə
qeyd edildiyini söyləyən sənətşünaslıq
doktoru vurğuladı
ki, bu tədbirlərə
teatrlarımız da qoşulub və öz töhfəsini verməkdədir.
Ceyhun Hacıbəylinin vətən
həsrəti...
Daha sonra pərdələr açıldı
və tamaşa başladı. Tamaşanın mövzusu Azərbaycan
səhnəsində ilk dəfə
dahi bəstəkar Üzeyir Hacıbəylinin
qardaşı, yazıçı-publisist,
tərcüməçi, naşir,
ictimai xadim, azərbaycançılıq ideyalarına
sonadək sadiq qalan Ceyhun Hacıbəylinin
həyatından bəhs
edirdi. Səhnədə yazıçının məşəqqətli mühacirət
həyatı, cümhuriyyətimizin
keçdiyi çətin,
şərəfli mübarizə
yolu nümayiş olunurdu. Tamaşada hadisələr konkret
bir tarixi şəxsiyyət ətrafında
cərəyan etsə
də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş
obrazı səhnəyə
gətirilmişdi. Burada Azərbaycanı
müstəqil dövlət
olaraq tanıtmaq üçün Paris Sülh
Konfransına ezam olunmuş qrupun fəaliyyəti önə
çəkilib.
Sonradan Fransada yurd həsrətli
yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına,
həyat yoldaşı
Zöhrənin istəyinə,
qardaşı Üzeyirin
çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq,
doğma diyarına geri dönmür. Səbəb isə gün kimi aydındır...
Qardaşı Üzeyir Hacıbəylinin
təhdidlərə məruz
qalacağından qorxurdu.
İztirab dolu həyatında
bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən
aldığı zərbələr
ömrünün sonuna
qədər mühacir
həyatında onu müşayiət edir.
Keçirdiyi bütün sarsıntılara
baxmayaraq, Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha
ümidini itirmir.
Aktyor oyunu və səhnə
plastikası
Tamaşa C.Hacıbəylinin öz məni, daxili səsi ilə mübahisəsi ilə başlayır. Səhnədə Ceyhun Hacıbəylini
əməkdar artist Pərviz
Məmmədrzayev canlandırır.
Yazdığı kitabların içində
ümmanlara qərq olan nasir öz
uşaqlığına qayıdır.
O illəri nənəsi
ilə söhbətində
xatırlayır.
Bu obraz P.Məmmədrzayevin
tam əyninə biçilmişdi. Səhnədə duruşu, mimikaları, jestləri, danışığı,
hətta susması belə şahanə idi. Zalda əyləşən tamaşaçıları özünə
valeh etməyi bacardı. Hesab edirəm ki,
məhz Ceyhun Hacıbəyli obrazı onun bu günə
qədərki yaradıcılığının
ən parlaq nöqtəsidir. Bu obrazı ilə aktyorun potensialına bir daha valeh
oldum. Ceyhun obrazının seçimi
Mehriban Ələkbərzadənin
ən uğurlu aktyor seçimlərindən
biri idi. Pərviz Məmmədrzayevlə
yanaşı, Şövqi
Hüseynov, Elçin
İmanov, Gülnarə
Abdullayeva, Ülviyyə
Əliyeva, Nicat Əli, Gülçöhrə
Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev,
Firuz Məmmədov və Şaban Cəfərov da öz rolları ilə bizə bir tarix yaşatdılar.
Tərtibat və dekorasiya
Tamaşada səhnənin dekorasiyası
da fərqli və gözoxşayan idi. Belə ki, səhnənin
mərkəzində fırlanan
və hündürlüyə
qalxan kiçik səhnədən istifadə
edilmişdi. Səhnənin ön hissəsində isə dördbucaqlı dəmir diyircəkli çərçivə qərar
tutmuşdu ki, o çərçivənin içərisində
keçmişə və
gələcəyə səyahət
etmək mümkün
idi. Zamana səyahət edən
bu dördbucaqlı çərçivə tamaşa
boyu səhnədə
aktyorları müşayiət
edir. Sadə olduğu qədər
də mürəkkəb
dekorasiyadan istifadə
edən rejissor seçdiyi avadanlıqlarla
fikrini tam olaraq tamaşaçıya çatdırır.
Belə ki, tamaşa başlayanda Ceyhun Hacıbəyli nənəsi
ilə söhbət edir, anası obrazını canlandıran
xalq artisti Fatma Mahmudova isə ona Məlikməmmədin
nağılını danışır.
7 yaşına səyahət edən nasir o illəri öz dili ilə
xatırlayır. Fatma Mahmudova
hər zaman gülməyi çox sevdiyini, gülmək üçün bir himə bənd olduğunu vurğulayır.
Üzeyir, Zülfüqar,
Ceyhun Hacıbəyli kimi dahi, tarixi
şəxsiyyətləri dünyaya
gətirən ana obrazının güləyən
şəxs kimi təqdim edilməsi, düzü, o qədər
də xoş gəlmədi. Biz Fatma xanımı seriallarda, tamaşalarda hər zaman komediya janrının mahir ifaçısı kimi görmüşük.
Bəlkə də gözümüz
onun o obrazlarına daha çox öyrəşib. Üzeyir Hacıbəylinin
bacısı obrazını
yaradan əməkdar
artist Ülviyyə Əliyeva
da komediya aktrisası olsa da, obrazının öhdəsindən layiqincə
gəldi. Komediya janrına
alışmış aktyorlar
bu gün özlərini dram aktyoru kimi göstərə bildilər.
Rejissorun
gördüyü Ceyhun
Hacıbəyli
Tamaşaçılar əsəri seyr edərkən, bir növ, cümhuriyyətin
qurulduğu o dövrü
xatırlayır, insanların
çəkdiyi çətinlikləri
müşahidə edir,
dövrün insanlarının
hansı hadisələrlə
rastlaşdığını izləyir, bir müddətlik də olsa, o zamanı yaşayır. Bu baxımdan
tamaşanın rejissoru
Mehriban Ələkbərzadəyə
təşəkkür düşür,
aktyorların seçimi,
səhnənin dekorasiyası,
aktyorların plastikası
çox gözəl və inandırıcı
idi.
Tamaşada Ceyhunun yaşadığı
illər hissə-hissə
göstərilir. Belə ki, həyat
yoldaşı Zöhrə
ilə Parisə getməsi, orada yaşadığı hadisələr
olduğu kimi öz əksini tapmışdı. Zöhrə obrazını
teatrın aktrisası
Gülnarə Abdullayeva
canlandırırdı. Gülnarə xanımın ifasında
bu obraz əhatəli, dolğun və gözoxşayan idi.
Ceyhun Hacıbəylinin oğlunu gənc aktyor Nicat Əli canlandırırdı. Özünü Fransa vətəndaşı hesab edən və təyyarəçi olmağa qərar verən bu gənc elə təyyarə qəzasında vəfat edir. Rejissor bu səhnəni də elə aktyorun öz səsi ilə təsvir edir. Ailənin çəkdiyi vətən həsrəti, övlad dərdi onları daha da sarsıdır. Nicat Əlinin "Plastik Dram Teatr Studiyası”ndan aldığı dərsləri isə zalın ən axırıncı oturacağından sezmək olardı. Gənc aktyorun səhnədə duruşu, hadisələrə olan reaksiyası, plastikası gözoxşayan və mükəmməl idi.
Tamaşa boyu diqqətimi çəkən digər bir məqam isə rejissorun aktyor seçərkən Üzeyir Hacıbəylini tamam başqa bir obrazda görməsidir. Bu obraz şəkillərdə, sənədli filmlərdə gördüyümüz eynəkli, saçları ikiyə ayrılmış o simaya deyil də, kök və bir o qədər də qalın səsi olan aktyor Elçin İmanova həvalə edilmişdi. Açığı, onu dahi Üzeyir Hacıbəyliyə oxşatmaqda bir qədər çətinlik çəkdim. E.İmanov hər nə qədər obrazının öhdəsindən gəlirdisə də, görünüş olaraq Üzeyir bəyi onun simasında xatırlamaq asan olmurdu.
Hissi, həyəcanı artıran musiqi
Sözsüz ki, hər bir tamaşada musiqi böyük təsiredici qüvvədir. Sözügedən tamaşada musiqi xüsusi zövqlə seçilmişdi. Böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev Bəzən idi. Tamaşa boyu musiqinin yüksəkliyi sözləri tam eşitməyə qoymasa da, aktyorların səhnə plastikası onu ört-basdır etməyi bacarırdı.
"Nuri-didə Ceyhun” tamaşasının ərsəyə gəlməsində təkcə adlarını sadaladıqlarımız deyil, eyni zamanda, səhnə arxasında çalışanların da zəhməti var. Belə ki, tamaşanın quruluşçu rəssamı Füsal Rəhimov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, rejissor assisenti Elməddin Dadaşovdır.
Tamaşanın səhnələşdirilməsi müasir gəncliyin klassiklərimizi, fədailərimizi daha yaxından tanıması üçün ən ideal fürsətdir. Əsəri izlədikdən sonra insanın ürəyindən bu sözləri bir daha təkrar etmək keçirdi: Yaşasın cümhuriyyətimiz, müstəqil Azərbaycanımız!
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2018.-13 mart.-S.12.