Niyazi sənətinin böyüklüyü

 

Maestro pult arxasına keçəndə “məni yaşadan budur” deyirdi

 

Milli dirijorluq məktəbimizin formalaşması və böyük inkişaf yolu keçməsi məhz onun adı ilə bağlıdır - SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin. Maestro Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də musiqimizin  təşəkkülünə əvəzsiz töhfələr verib.

 

O, musiqini seçdi

 

Niyazi Azərbaycan musiqi sənətinə böyük sənətkarlar bəxş etmiş Hacıbəyovlar nəslinin övladı idi. Evlərində gözünün açandan musiqi sədaları eşidərək böyümüşdü. Atası Zülfüqar bəy böyük nüfuz sahibi idi. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəyovun başçılıq etdiyi Azərbaycan opera truppası mütəmadi olaraq Tiflis şəhərində çıxışlar edirdi. Bakıya gəlib-getmək çətinlik yaratdığından, Zülfüqar bəy ailəsini Tiflisə köçürməli oldu. Zülfüqar Hacıbəyovun Tiflisdəki evində doğulan uşağa Knyaz adını qoydular. İllər ötəndən sonra o, dünyanın tanıdığı maestro kimi musiqi sənətində izini qoydu.

 

Zülfüqar Hacıbəyovun Bakıdakı evi uzun müddət görkəmli adamların görüş yeri kimi tanınıb. M. Maqomayev, Ə.Haqverdiyev, Mirzə Cəlil, H.Cavid, A.Şaiq, H.Ərəblinski, A.Şərifzadə, S.Ruhulla və başqa görkəmli şəxsiyyətlər bu evdə tez-tez görüşərdilər. Belə görüşlər adətən tanınmış xanəndələrin - C.Qaryağdının, S.Şuşinskinin, H.Sarabskinin ifaları, Qurban Primovun tarının unudulmaz sədaları ilə yadda qalardı. Yeni milli operalar və musiqili komediyalar ilk dəfə bu evdə dinlənilib müzakirə edilirdi. Balaca Niyazinin uşaqlıq illəri həmin musiqi məclislərində keçər, xatirəsində unudulmaz izlər buraxardı.

 

Niyazi uşaqlıqda hərbçi də, idmançı da olmaq istəmişdi. Ağırlıq qaldırma ilə məşğul olmuşdu,  hətta bu idman növü üzrə  "Dinamo” cəmiyyətinin birinciliklərində dəfələrlə Azərbaycan rekordunu yeniləyib. Yaxşı futbol hakimliyi vardı, təyyarə idmanına maraq göstərirdi. Ancaq musiqi bütün istəklərini kölgədə qoydu - o, musiqini seçdi. Uşaqlıqda skripka çalmağı da öyrənmişdi. Sonralar  "Təbiətimdə sərt nə varsa, hərbçi olduğum o uşaqlıq çağlarımdan, xasiyyətimdə yumşaq, həlim nə varsa, 12-13 yaşımda Şefferlinqdən aldığım skripka dərslərimdən qalıb” demişdi.

 

Atasının və əmisinin məsləhəti ilə 1926-cı ildə Moskvaya gedən Niyazi görkəmli musiqiçi Mixail Qnesinin bəstəkarlıq sinfinə daxil olur. Paytaxtın qaynar musiqi həyatı - opera tamaşaları, simfonik musiqi və kamera musiqisi konsertləri gəncin istedadının inkişafına müsbət təsir göstərir. 1929-30-cu illərdə isə Niyazi bəstəkarlıq sahəsində biliyini zənginləşdirmək üçün Leninqradda Q.Popovun və P.Ryazanovun apardığı məşğələlərdə iştirak edir. 1931-ci ilin axırlarında Niyazi səhhətinə görə Leninqraddan Yerevana gəlir və imtahan verərək Yerevan Dövlət Konservatoriyasında Stepanyanın bəstəkarlıq sinfinə qəbul olur. Lakin o, tezliklə Dağıstan MSSR Xalq Maarif Komissarlığı elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri təyin edildiyindən, dərsləri yarımçıq qoymalı olur.

 

Bakıya döndükdən sonra yaradıcılıq arzularını uğurla həyata keçirdi. 23 yaşlı gənc Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçildi. O, eyni zamanda kino və teatr musiqisi sahəsində fəal çıxış etdi. Niyazi atası Zülfüqar bəylə birlikdə ilk səsli bədii film olan "Almas” üçün musiqi yazdı, həmçinin, dirijorluq fəaliyyətinə başladı. O, tükənməz enerjisi və fitri istedadı ilə simfonik orkestrə 46 il başçılıq etdi.

 

M.Maqomayevin "Nərgiz” operasının Moskvada Azərbaycan Mədəniyyəti Günlərinin proqramına daxil edilməsi də maestronun həyatında yeni səhifə açdı.  Niyazi ongünlüyün yekun konsertində böyük uğurla dirijorluq edərək Vətənə özünün ilk və nüfuzlu mükafatı - "Şərəf nişanı” ordeni ilə qayıdır.

 

1961-ci ilin yanvarı isə Niyazinin sovet ölkələrində tanınmasına yol açır. Leninqradın məşhur Dövlət Akademik Opera və Balet Teatrının dirijor pultu arxasına keçən maestro, gənc Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletinin tamaşasını hazırlamağa başlayır. Bir müddət sonra bu əsər sovet balet sənətinin möhtəşəm hadisəsinə çevrilir.

 

Niyazini izləyən uğurlar bir-birinin davamı idi. 1974-cü ildə R.Taqorun eyniadlı əsəri əsasında yazdığı "Çitra” baletinin musiqisinə görə, maestro C.Nehru adına mükafata layiq görüldü. Balet Moskvada Kreml Teatrının böyük səhnəsinə çıxır. Baletin ilk tamaşasında iştirak edən R.Taqorun qız nəvəsi Nandita Kripalani tamaşadan sonra "Baletin musiqisində Rabendranat Taqorun əsl poetik yaradıcı ruhu hökm sürür” demişdi. Maestro isə pult arxasına keçəndə "məni yaşadan budur” deyirdi.

  

Üzeyir bəyin sevgisi

 

Mahaçqala Niyazi üçün təkcə ilk iş təcrübələrini keçən şəhər deyildi. O, ilk sevgisini burada tapır. Bir gün anası Böyükxanım oğlanları ilə birlikdə İran səfarətxanasını təmsil edən Əlisgəndər və Rəşid adlı ziyalıların evinə qonaq gedir. Bu evin Həcər adlı qızını görəndən sonra Niyazi onlara daha tez-tez gəlməyə başlayır. Sonradan gənclər gizlicə məktublaşırlar. Bir gün Həcərin "qardaşlarımın xidməti işi ilə bağlı İrana köçəcəyik” dediyi sözlər Niyazi üçün kədərli xəbərə çevrilir. Səhərədək gözünə yuxu getmir və Həcərə məktubunda "Gəl, qaçaq!” təklifini edir.

 

Onların evliliyi 51 il davam edir. Sıxıntını da, çətinlikləri də birgə yaşayırlar. Zülfüqar bəyin Bakıdakı ikiotaqlı mənzili kiçik olduğundan, onlar bir müddət kirayə  qalırlar. Hətta Niyazinin, işin çoxluğundan, yorğunluq və qayğılar üzündən vərəmdən əziyyət çəkdiyi günlər də olur. Həcər bu çətin günlərdə onun yanından ayrılmır. Bircə dəfə də şikayətlənmir. O, Niyaziyə çətin, əzablı günlərin dostu olur. Niyazinin sənət dostları - Q.Qarayevlə, F.Əmirovla sonradan sərinləşən münasibətlərini tənzimləməyə çalışır.

 

Həcər xanım xatırlayırdı: "Üzeyir bəyin övladı olmadığından o, bütün məhəbbətini Niyaziyə həsr etmişdi. Onun istedadına inanaraq sənət yolunu düzgün istiqamətləndirmişdi. Ancaq hər ikisinin ətrafında olan bəzi insanlar onların münasibətlərini gərginləşdirməyə cəhd ediblər. Xoşbəxtlikdən bu, o qədər də uzun çəkməyib. Məsələn, Niyazi "Arşın mal alan”ı işləyərək əsərdə müxtəlif dəyişikliklər etmişdi ki, ekranda gözəl səslənsin. Amma bəzi naxələf adamlar Üzeyir bəyin yanına gedərək ona deyiblər ki, Üzeyir bəy, bu, biabırçılıqdır. O, hətta özündə cəsarət tapıb "Arşın mal alan”ı da təhrif etməkdən çəkinmir. Beləliklə, onların arasına inciklik toxumu səpirdilər. Niyazi bunu çox ağır yaşayırdı. Hərdən də uşaq kimi kövrələrək məndən soruşurdu: "Axı onlar niyə anlamaq istəmirlər ki, mən nə etdiyimi bilirəm?” Niyazi "Arşın mal alan”ın ictimai baxışına getmək istəmirdi. Deyirdi ki, Həcər, əgər musiqi barədə pis danışsalar, özümü saxlaya bilməyəcəyəm. Onu güclə yola gətirdim. Film başa çatandan sonra Üzeyir bəy Niyazini bağrına basdı. Sevincindən danışa bilmirdi. Təkcə bu sözləri dedi: "Ay səni, qoçaq oğlan. Çox sağ ol, hər şey yerində idi”. Niyaziyə elə bil dünyanı bağışladılar”.

 

Niyazinin konsertlərində oturmasaydım...

 

Bu gün Niyazi sənətindən dərs aldıqlarına, maestrodan görüb-götürdüklərinə görə, onu minnətdarlıq edən bəstəkarlar, musiqiçilər çoxdur. Niyazi biliyini kimsədən əsirgəməzdi. O, istedadı olan adamlarla dost idi. Tanışlıqla, dostluqla sənətdə özünə yol tapanları qəbul eləmirdi. Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov dirijor olmaq istəyini məhz Niyazi sənətini sevdiyi ilə əlaqələndirir: "Orta məktəbi bitirib Dövlət Konservatoriyasında professor Rauf Atakişiyevin sinfinə daxil oldum. İkinci kursda oxuyanda dirijorluğa meylim olduğunu hiss etdim. Dirijor olmaq sevdasına maestro Niyazinin sayəsində düşmüşdüm. O vaxtlar Bakıda dirijorluq məktəbi olmadığından, Niyazidən dərs almamışdım. Fikrimcə, Maestro Niyazinin istedadı, böyüklüyü, Azərbaycan musiqi mədəniyyətinə verdiyi əziyyətlər olmasaydı, Azərbaycanda dirijorluq məktəbi olmazdı. Mən maestro Niyazinin konsertlərində oturmasaydım, atamın əsərlərinin premyerasnı duymasaydım, bu peşəyə yönəlməzdim”.

 

Y. Adığzəlov Sankt-Peterburqda dirijorluq üzrə oxumağa qərar versə də, maestro Bakıda ali məktəb bitirən gəncin dirijor olmaq istəyini heç də isti qarşılamayıb: "Niyazinin mənim dirijor olmağıma reaksiyası çox sərt oldu. Dirijor ola bilməyəcəyimi dedi. Səbəbini soruşanda "dirijor olmaq üçün uzun illər oxumaq lazımdır” dedi. Mən də cavabında oxuyacağımı dedim. Bir az da əsəbiləşdi ki, ona deməmiş xaricə oxumağa gedirəm. Maestronun o qədər böyük ürəyi var idi ki, Sankt-Peterburqa gedəndə müəllimimə vermək üçün məktub yazdı. Məktubun mətni təxminən belə idi: "Yalçın mənim dostumun nəvəsidir. Bilmirəm, Yalçından dirijor alınacaq, ya yox, amma onu doğma övladınız kimi qəbul edin”. Y.Adığzəlov  N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında dirijorluq ixtisası üzrə təhsil alsa da,  maestroya onun dirijorluğunu görmək qismət olmur: "Mən Sankt-Peterburqdan qayıdanda artıq Niyazi dünyasını dəyişmişdi. Niyazi yaşasaydı, yolum bəlkə də başqa cür olacaqdı. Bəlkə də sənət yolunda çox əzab-əziyyət çəkməyəcəkdim. Çünki Niyazi istedadlı insanları görəndə dəstəkləyirdi”.

 

 

Martın 16-sı Niyazinin doğum günüdür. Hər il maestronun doğum və anım günlərində Bülbül prospekti 21-də yerləşən, indi muzeyə çevrilən mənzilinə sənət adamları toplaşır. Tanınmış mədəniyyət xadimləri, Niyazi sənətinin vurğunları, gənc musiqiçilər maestronun sənətinin böyüklüyündən danışırlar. Həmin gün maestronun sehrli çubuğunun qüdrəti ilə dilə gələn musiqilər də səslənir. Həmin gün unudulmaz maestronun ruhu yenidən bu divarlar arasına qayıdır, sənətinin böyüklüyünə olan hörmət və sevgini eşidir, dinclik tapır...

 

Təranə Məhərrəmova

 

Kaspi.-2018.-15 mart.-S.15.