Bayrama bayram qatan mükafatlar

 

Mart bayramlar ayıdır, ilk bayram ayın 8-dən başlayır və 10-nuna doğru yön alır.  Martın 10-u isə teatrın mənasını anlayan, onu sevən, teatrda işləyən, rol alan, tamaşaya quruluş verən, səhnəsindən tutmuş kulisinə qədər bütün çalışanların bayramı hesab edilir. Onların da ildə bir bayramları var -Milli Teatr günü. Bu günü çoxları səbirsizliklə gözləyir. Gözləyir ki, illərlə çalışıb külüng çaldığı səhnədə, teatrda çəkdiyi əziyyətlər qiymətləndiriləcək. Onlar dövlət tərəfindən mükafata layiq görüləcəklər. Yeri gəlmikən, indiyədək teatr sahəsində çalışan 887 nəfər fəxri ada, 15 nəfər isə ali dövlət mükafatına - "Şərəf” və "Şöhrət” ordenlərinə layiq görülüb.

Martın 9-da Teatr Xadimləri İttifaqında (TXİ) "Zaman və teatr: 145 ilin əsas inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfransdan sonra Mədəniyyət və Turizm Nazirliyi ilə birgə düzənlənən tədbirdə də bir çox teatr xadimlərimiz  mükafatlara layiq görüldü.

Həmin gün mükafatçıların və iştirakçıların üzü gülürdü. Sabahsı günü bayram keçirən sənət adamları artıq bayramı bir gün öncədən qeyd edirdi. Axı zəhmətlərinin nəticəsi olan bu mükafatlar onların sevincinə sevinc qatırdı. Təqdimatdan sonra  mükafatlandırma mərasimi oldu. Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Zemfira Nərimanova, Əməkdar artist Hicran Nəsirova (hər üçü Akademik Milli Dram Teatrı), aktrisa Sonra Quliyeva (Azərbaycan Dövlət Kukla Teatrı), aktyorlar Rafiz Mehdizadə (Dövlət Pantomima Teatrı) və Sayad Əliyev (Lənkəran Dram Teatrı), Faiq İskəndərov (TXİ-nin baş mütəxəssisi), rəssam Sara Məmmədova (Gəncə Kukla Teatrı) Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olundular.

Növbədə daha bir mükafat gözlənilirdi. "Fəxri mədəniyyət işçisi” döş nişanı- bu mükafata  aktrisalar Günel Məmmədova (Gənc Tamaşaçılar Teatrı), Lina Məmmədova (Azərbaycan Dövlət Kukla Teatrı), Gültac Əlili (Musiqili Teatr), Mətanət Eres (Şuşa teatrı), Zümrüd Qasımova (Yuğ teatrı), Milli Dram Teatrının dekor sexinin rəisi Tarix Kərimov, Opera və Balet Teatrının dekorçu rəssamı Tehran Babayev və həmin teatrın direktor müavini Arzu Rzayev, Rus Dram Teatrının direktor müavini İlham Məmmədov layiq görüldülər.

Üzlər gülür, bayram bayrama qarışmışdı. Kimisi bir-birlərini təbrik edir, kimisi də sadəcə kənardan izləməklə kifayətlənirdi. Bu təqdimatdan sonra Teatr Xadimləri İttifaqı da sənət adamları qarşısında borclu qalmadı. Ötən ilin sonunda 70 yaşını qeyd etmiş Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyliyə "TXİ-nin fəxri üzvü”nün vəsiqəsi və "Sənətkar” medalı təqdim edildi. Bu il yuvarlaq yaş dönəmlərini qeyd edən daha 14 nəfər teatr xadimi də "Sənətkar” medalı ilə təltif olundu, 13 nəfərin çoxillik əməyi isə TXİ-nin fəxri fərmanı ilə qiymətləndirildi. Biz də təqdimatdan sonra boş qalmadıq, bu bayram günündə mükafata layiq görülən, Fəxri Fərmana, "Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən sənətkarları təbrik etdik. Onlardan bir qisminin də ürək sözlərini eşitdik.

 

Müəllimimin "Səninlə fəxr edirəm” kəlməsi mənim üçün dünyalara dəyərdi

Gənc Tamaşaçılar Teatrının sevilən aktrisası Günel Məmmədovanın o gün sevincinin həddi-hüdudu yox idi. Deyir ki, belə bir mükafatın veriləcəyindən xəbərsiz imiş, bu mükafat ona sözün əsil mənasında böyük sürpriz olub: "Keçirdiyim hissləri sözlər ifadə etmək mümkünsüzdür. Məni bu mükafata layiq görən cənab mədəniyyət nazirimiz Əbülfəs Qarayevə, onun müavini  Ədalət Vəliyevə təşəkkürümü bildirirəm. Bu işdə əməyi keçən teatrımızın direktoru Mübariz Həmidova da minnətdaram.  Aldığım bu nişan gənc aktrisa üçün böyük stimuldur. Əməyimin qiymətləndirilməsini görmək həqiqətən sevindirici haldır. Bundan sonra daha böyük səylə çalışacam ki, ümidləri puça çıxarmayım. Mənə göstərilən ehtimadı itirmək istəmərəm. Bunun üçün əlimdən gələni edəcəm ki, verilən dəyərə layiq olum. Təqdimatdan sonra bir çox təbrik mesajları aldım. Dostlarım, yaxınlarım buna layiq olduğumu yazdılar. Təbii ki,  bu çox gözəl hissdir. Ancaq səmimi deyim ki, təbriklərin içərisində müəllimimin "Səninlə fəxr edirəm” kəlməsi mənim üçün dünyalara dəyərdi. Ən böyük təbrikim məhz bu oldu. Bir aktrisa üçün bundan böyük hədiyyə ola bilməz. Fürsətdən istifadə edib, məni təbrik edən, sevincimə sevinən, sözün əsil mənasında məni qəlbi ilə sevən, hər bir uğuruma dildə deyil, ürəyi ilə sevinən dostlarıma, müəllimlərimə, tanışlarıma təşəkkürümü bildirirəm. Onların sevgisini hiss etmək həqiqətən gözəldir. Uğur isə paylaşdıqca çoxalır, mən də uğurumu əzizlərimlə paylaşdım”.

 

"Gözlənilməz oldu”

Opera və Balet Teatrının dekorçu rəssamı Tehran Babayev də mükafatçılar sırasında idi. O teatrda saysız tamaşaların ərsəyə gəlməsində iştirak edib.  27  ilə yaxındır ki, teatrda  çalışan Tehran müəllimin orada  70-ə yaxın tamaşanın ərsəyə gəlməsində əvəzsiz rolu olub. Hətta 3 tamaşanın baş rəssamı kimi də tarixə öz imzasını atıb. Deyir ki, böyük ehtimalla nazirlik onun bu nailiyyətlərini nəzərə alıb: "Bu mükafat mənim üçün çox dəyərli və əzizdir. Əslində belə bir mükafata layiq görülməyim mənim üçün  gözlənilməz oldu. Hesab edirdim ki, artıq  mənə fəxri ad verilib, bunun üçün başqa mükafata təqdim etməzlər, ancaq yanılmışam. Mənə nazirlik tərəfindən zəng ediləndə   belə mükafat alacağıma inanmadım. Bu medalı alacağımı gözləmirdim. Aldığım hər bir medalın, mükafatın həyatımda  öz yeri var. Çox sevinirəm ki, əməyim nazirlik tərəfindən qiymətləndirib. Fürsətdən istifadə edib, mənə bu mükafatı layiq görənlərə və eyni zamanda teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm”.

 

"Qiymətləndirilmək gözəl hissdir”

Opera və Balet Teatrının teatrın direktor müavini Arzu Rzayev də mükafatçıları sırasında idi. "Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən A.Rzayev mükafat almağın dadının başqa olduğunu dedi: "Əvvəla mənə bu mükafatı layiq gördükləri üçün cənab nazirimiz Əbülfəs Qarayevə və onun müavini Ədalət Vəliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda teatrımızın rəhbərliyinə də təşəkkür edirəm. 30 ilə yaxındır ki, teatrda çalışıram. Əməyimin qiymətləndirilməyini görmək bizi sevindirir, duyğulandırır. Bu qədər mədəniyyət işçilərinin arasında seçilənlərdən olduğum üçün fəxr etdim.  Mükafatın bizə bayram  vaxtı verilməsi bizim bayram ab-havamızı bir az da alovlandırdı. Bayramımıza bayram qatdı”.

 

Ürəyimdən "əməkdar artist” fəxri adını almağımı keçirdim

Musiqili Teatrın tanınmış aktrisası Gültac Əlili də mükafatçılar sırasında idi. Aktrisa deyir ki,  onun bu  mükafatı almağı heç də təsadüfi deyil, uzun müddətdir ki, teatrda çalışan, repertuardakı bir çox tamalarıa özünəməxsus ifaları ilə tamaşaçı sevgisi qazanan G.Əlili əziyyətinin qiymətləndirildiyini bildirdi: "Bildiyiniz kimi uzun illərdir ki, teatrda fasiləsiz səylə çalışıram. 2 övladım var və onları dünyaya gətirdiyim o son günə qədər tamaşada oynamışam. Analıq məzuniyyətinə belə çıxmamışam. Təbii ki, əziyyətimin qiymətləndirildiyini görmək bizə xoş təsir bağışlayır. Biz mükafata layiq görülmüşük, seçilmişiksə bu o demək deyil ki, aldığım mükafata təkcə biz layiqik. Əsla belə deyil. İstedadlı, işini sevən, üzərində çalışan başqa aktrisalarımız da kifayət qədərdir. Arzusunda olan bütün həmkarlarıma belə, hətta bundan da yaxşı mükafatlar almalarını diləyirəm. Məni bu mükafata layiq görən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu çox qürurverici hissdir. Mükafatı alarkən ürəyimdən "əməkdar artist” fəxri adını almağımı keçirdim. İnşallah bu ada da layiq görülərəm”.

 

Hər bir mükafat yaradıcı insanı sevindirir

"Yuğ” Teatrının aktrisası Zümrüd Qasımova da hisslərini bizlə bölüşdü. Bildirdi ki, onun üçün bu mükafat gözlənilməz olub: "Gözləmirdim ki, belə bir mükafata layiq görülərəm.  Məni "Fəxri mədəniyyət işçisi” -döş nişanına layiq gördükləri üçün bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hər bir mükafat yaradıcı insanı sevindirir. Bu mükafat məni çox sevindirdi və qürurlandırdı. 15 ildir ki, teatrda işləyirəm və öz sənətimi sevirəm. Teatrda mükafata görə çalışmıram, ancaq sənə mükafat təqdim olunanda başa düşürsən ki, əziyyətini qiymətləndirirlər. Bu, gözəl hissdir. Arzusunda olanların hamısına arzulayıram. İnşallah Əməkdar artist adını alaram”.

Aktrisa sözlərinə onu da əlavə etdi ki, Yuğ teatrında hazırda hər şey qaydasındadır: "Teatrda kadr dəyişikliyi edildikdən sonra da vəziyyət yaxşıdır. Tamaşalarımız hazırlanır, izləyicilərə təqdim olunur. Düşünürəm ki, teatrımızdakı dəyişikliklərdən sonra hər şey yaxşılığa doğru gedəcək. Teatrımızın direktoru Rəşad Əhmədzadə də aktyorlara qarşı çox diqqətlidir. Teatrımızın baş rejissoru təyin edilən Mehriban Ələkbərzadə də yeni tamaşalar üzərində çalışır. Teatrda yaradıcı mühit var”.

 

Mənim üçün böyük sürpriz oldu

Azərbaycan Dövlət Kukla Teatrının yüksək dərəcəli artisti Lina Məmmədova da öz hisslərini dilə gətirməkdə çətinlik çəkdiyini dedi: "20 ildir ki, Kukla  teatrında işləyirəm. Açığı belə bir mükafata layiq  görüləcəyimi gözləmirdim, amma minnətdaram ki, məni də bu mükafata layiq görüblər. Məni bu tədbirə dəvət edəndə döş nişanı ilə təltif ediləcəyimi bilmirdim. Mənim üçün böyük sürpriz oldu. Sevincimin həddi-hüdudu yoxdur”.

Sənət adamları çox kövrək və bir o qədər də incəqəlbli olur. Aldıqları kiçik bir mükafat belə onları xoşbəxt etməyə kifayət edir. Mükafatlanan sənətkarlarımızın sevincləri onların gözlərindən sezilir, qəlblərinə axırdı. Bu dəfə mükafat alanların siyahısında adlarını görməyənlər isə heç üzülməsinlər, hələ çox bayramlar sizi gözləyir!

 

Xəyalə Rəis

 

Kaspi  2018.- 15 mart.- S.11.