Gəncə Teatrının 123-cü mövsümü
Azərbaycan səhnəsində
qaynana - Cənnət obrazı ilk dəfə bu teatrın səhnəsində
ifa olunub
Böyük sənət məbədlərindən söz düşərkən Azərbaycan mədəniyyəti tarixində öz dəsti-xətti olan Gəncə Dövlət Dram Teatrından və burada ömürlərini sənətə bağlayan müqtədir sənət korifeylərindən danışmamaq, onları yad etməmək, xatırlamamaq mümkün deyil. Bu teatr 13 noyabr 1921-ci ildə "Azad Tənqid-Təbliğ Teatrı” adı ilə fəaliyyətə başlayıb. Lakin bu dövrə qədər, yəni 1895-ci ildən Gəncədə artıq kiçik teatr truppası mövcud idi. Belə ki, dövrünün mütəfəkkir və ictimai xadimləri olan Mirzə Fətəli Axundzadə ilə Nəcəf Bəy Vəzirovun pyesləri əsasında Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakı ilə XIX əsrin sonlarında - 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb. 1906-cı ildə yaradılan "Gəncə müsəlman məclisi”nin bu sahədə xidmətləri xüsusi olaraq daha önəmlidir. Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda "Ağa Məhəmməd şah Qacar”, "Dağılan tifaq” (Ə. B. Haqverdiyev), "Əl-Mənsur” (N. Heyne), "Nadanlıq” (N. Nərimanov), "Vətən” (N. Kamal) və başqa bu kimi əsərləri yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi kimi tanınan Mirzə Məhəmməd Axundzadə bir necə yeni dram əsərləri yazmaqla yanaşı, əcnəbi müəlliflərin pyeslərini də tərcümə edərək, teatr sənətinin dövrü üçün nəzəri problemlərini özündə əks etdirən "Teatro nədir?” elmi əsərini yazaraq çap etdirib.
Bütün bunlarla yanaşı, həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb”in tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə bu truppaya rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada M. C. Əmirovun "Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək, istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Ədil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın digər teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti ilə tanınmağa başlayıblar.
1932-ci ilin dekabr ayının 28-dən Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılan, 1921-ci ilin noyabr ayının 13-dən isə görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə "Bakı Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan, 1925-ci ildən 1927-ci ilədək fəaliyyət göstərən "Bakı Türk İşçi və Kəndli Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Sonradan bu teatr 1927-ci ildən 1932-ci ilədək "Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etdirib. Belə ki, məhz 1932-ci ilin dekabr ayının 28-dən bu teatrın yaradıcı kollektivi bütünlükdə Gəncəyə köçürülür və "Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini davam etdirir.
Tarixinə nəzər saldıqda bu teatrın yetirməsi olan görkəmli pedaqoq və rejissor, SSRİ xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür: "Teatrın yaradıcılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb”.
Gəncə Dövlət Dram teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömrünü sənətə fəda edən respublikanın əməkdar incəsənət xadimlərini - rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu, rejissor Nəsir Sadıqzadəni, Yusif Yıldızı, xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Solmaz Orlinskayanı, Ələkbər Seyfini, Muxtar Avşarovu, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, Vaqif Şərifovu, Pərvanə Qurbanovanı, əməkdar artistlər Əhməd Salahlını, Reyhan Tağıyevanı, Məxfurə Yermakovanı, Sadıq Həsənzadəni, Səməd Tağızadəni, Əli Rzayevi, Ağa Məmmədovu, Rza Nadirovu, Məmməd Cəfərovu, Kərim Sultanovu, Firuzə Bədirbəylini, Mənsurə Cəfərovanı, Ətayə Əliyevanı, Yusif Qazıyevi, Qurban Abbasovu, Simuzər Namazovanı, Vaqif Məmmədovu, Əli Allahverdiyevi, Faiq Qasımovu, Elxan Yunisi, İlham Hüseynovu və digərlərinin səhnə fəaliyyətini xatırlamamaq mümkün deyil.
Piter
Abrahamsın eyni adlı romanı əsasında Karl Myufkenin
"İldırımlı yollarla”, Səttar Axundovun
"Dağlarda”, Səməd Vurğunun "Fərhad və
Şirin”, Nəcəf bəy Vəzirovun
"Yağışdan çıxdıq, yağmura
düşdük”, İlyas Əfəndiyevin "Atayevlər
ailəsi”, "Unuda bilmirəm”, "Mənim günahım”,
Məmmədhüseyn Təhmasibin "Çiçəkli
dağ”, Şıxəli Qurbanovun "Sənsiz”, Şota
Rustavelinin "Pələng dərisi geyinmiş pəhləvan”
poeması əsasında Məmmədəli Nəsirovun
"Tariyel”, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz
cavan”, Cəfər Cabbarlının "Almaz”, "Oqtay
Eloğlu”, "1905-ci ildə” və "Solğun cicəklər”,
Altay Məmmədovun "Ulduzlar görüşəndə”,
"Həmyerlilər”, "Bəraət”, Aleksandr Ostrovskinin
"Quduz pullar”, Uilyam Şekspirin "Otello”, "III-Ricard”,
Yusif Əzimzadənin "Unutmayın”, "Aprel səhəri”
və "Anacan”, Qurban Musayevin "Buhenvald harayı” və
"Odlu illər”, Sabit Rəhmanın "Küləklər”,
"Əliqulu evlənir”, Mixail Lermontovun "İki
qardaş”, R. Radzinskinin "Sokratla söhbətlər”,
İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq
sahillərdə”, Mustay Kərimin "Odu atma, Prometey!”,
Əlibala Hacızadənin "İtkin gəlin”, Maqsud
İbrahimbəyovun "Cavan qadına yaraşan kişi”, Orxan
Kamalın "72-ci kamera”, "Yad qızı”, Dias Valeyevin
"Vicdan məhkəməsi”, Aleksey Dudarevin "Astana”, Kiril
Topalovun "Məhəbbət və xəyanət”, Vladimir
Kotenkonun "Dəmir pərdə”, Nazim Hikmətin "Kəllə”,
Əli Səmədovun "Ölüm hökmü”, Ənvər
Məmmədxanlının "Şərqin səhəri”,
İmran Qasımovun "Dairəni genişləndirin”, M.
Şatrovun "İnqilabi etüd”, Elcinin "Ölüm
hökmü”, "Qatil”, Xəzangülün "Məhəbbətin
qənimi”, N. V. Qoqolun "Evlənmə”, F. Əlyarbəylinin
"Xan qızı”, "Qonşular”, N. Məmmədlinin
"Cavad xan”, "Unutmaq istəyirəm”, İ.
Şıxlının "Dəli Kür” romanı əsasında
Mailə Muradxanlının səhnələşdirdiyi "Dəli
Kür”, C.
Məmmədquluzadənin "Ölülər”, "Dəli yığıncağı”, S. Dərvişin "Fosforlu Cevriyyə”, Ş. Mehdiyevin "Sabir”, T. Cücenoğlunun "Gözəlçələr”, "Matruşka” və başqa maraqlı səhnə həyatı bəxş olunan quruluşları Gəncə Dövlət Dram teatrının repertuarının əsasını təşkil edir.
Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram teatrının səhnəsində Qədim Yunan dramaturgiyasına müraciət edən rejissor da məhz teatrın baş rejissoru kimi fəaliyyət göstərən, respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırov olub. O, Evripidin "Medeya” və Sofoklun "Antiqona” faciələrini ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. Azərbaycan səhnəsində ilk dəfə olaraq Yunan dramaturgiyasına müraciət və ilk tamaşanın tarixi Evripidin "Medeya” faciəsi ilə Gəncə Dövlət Dram teatrında 12 dekabr 1969-cu ilə təsadüf edir. Rejissor Yusif Bağırov bir neçə il sonra, 1976-cı il dekabr ayının 11-də Sofoklun "Antiqona” faciəsinə müraciət edib. Bu quruluş da o illərdə teatr ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb.
Xatırlatmaq yerinə düşər ki, XX əsrin 50-ci illərində Sovet ideologiyası Azərbaycan Teatr məkanında Türkiyə dramaturgiyasına müraciət etməni qadağan edərək, pyeslərin səhnəyə qoyulmasına imkan vermirdi. 1955-ci ildə respublikanın xalq artisti Məhəmməd Burcəliyevin təkid və tələbi ilə Gəncə Dövlət Dram teatrının səhnəsində Nazim Hikmətin "Kəllə” pyesi hazırlanaraq ictimaiyyətə təqdim olunduqdan sonra Azərbaycan teatrında Türkiyə dramaturgiyasına yenidən müraciətlər başlanıb. 1957-ci ildə məhz "Kəllə” pyesinin tamaşasına baxmaq üçün Nazim Hikmət Gəncəyə gəlib və çox böyük təəssüratla kollektivdən ayrılıb.
Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan "Qaynana” komediyası Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilmiş, səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilmişdi. İlk dəfə olaraq bu pyesə məhz 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram teatrında rejissor, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin müraciət etməsi ilə Azərbaycan teatrında cəsarətli addımın atılması həmin pyesin uğurlu səhnə həyatı yaşamasının
qarantına çevrildi. Azərbaycan səhnəsinin ilk qaynanası-Cənnət arvad obrazını isə Gürcüstanın əməkdar artisti Reyhan Tağıyeva ifa edib. Qeyd etmək lazımdır ki, məhz Həsən Ağayevin bu komediyaya müraciətindən sonra Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan "Qaynana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyeva, quruluşçu rejissoru Hüseyn Seyidzadə, quruluşçu operatoru Fikrət Əsgərov, quruluşçu rəssamı Nadir Zeynalov və bəstəkarı Tofiq Quliyev olan "Qaynana” bədii filmi 1978-ci ildə ekranlara çıxıb.
Gəncə Dövlət Dram Teatrı və onun yaradıcı kollektivi bu gün də fəaliyyətini uğurla davam etdirir. Belə ki, 2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş” mükafatının "Qran Pri” nominasiyasına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın tamaşaya hazırladığı İ. Əfəndiyevin "Qəribə oğlan” pyesi "Gənc rejissorların teatr festivalı”nda, 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin "Ölüm hökmü” tamaşası ilə "Respublika teatr festivalı”nda uğurlu çıxışlar edib. Daha sonra 2011-ci ildə Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən "Uluslararası XVII Aksu Tiyatro Festivalı”nda T. Cücenoğlunun "Gözəlçələr”, 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi "2+1” Eksperimental Tamaşalar Festivalında Kamal Abdullanın "Sərgərdan” tamaşası, 2012-ci ildə "Tuganlıq 2012” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında, 2013-cü ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində "Bin ses bir nefes” Uluslararası Teatr Festivalında uğurlu çıxışlar olub.
2015-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin "Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə, ən uğurlu səhnə əsəri kimi qəbul olunub.
Qeyd etmək lazımdır ki, son illərdə əldə olunan bu uğurların qazanılmasında teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımovun zəhməti və xidmətləri də əvəzsizdir.
123 illik tarixi bir yol keçən Gəncə Dövlət Dram Teatrının bitməz və tükənməz sənət uğurları gənc nəslin formalaşdırılması və inkişaf etdirilməsinə də töhfə verir. Teatrın daxilində fəaliyyət göstərən studiya bu istiqamətdə uğurlara imza atır. Bu studiyanın yetirmələri olan gənc aktyorlardan Murad Meyfəliyev, Sevinc Hüseynova, Elnur Abbasov, Emil Salmanov, Şəbnur Allahverdili, Rauf Hüseynov və başqaları böyük sənət məktəbində öz sələflərinin ən layiqli davamçıları kimi diqqəti cəlb edirlər.
Peşəkar Azərbaycan Teatrının 145 illiyi ərəfəsində 123-cü teatr mövsümünü keçirən Gəncə Dövlət Dram Teatrının kollektivi gələcək uğurlara köklənib.
Anar Bürcəliyev
Teatrşünas
Kaspi 2018.- 20 mart.- S.15.