“Həyat yoldaşımı bir aktyor kimi bəyənirəm”
Gültac
Əlili: Kiçik roldan elə bir obraz düzəldərəm
ki, böyük rolu oynayan aktyor yanımda kölgədə
qalar
Mart - bayramlar ayıdır. Bayrama bayram qatan isə mükafatlar, yəni çəkilən əziyyətlərin qiymətləndirilməsi olur. Bu dəfə də 10 mart Milli Teatr Günündə bir sıra sənət adamları mükafatlandırıldı. Onların sırasında Musiqili Teatrın tanınmış aktrisası Gültac Əlili də vardı. Teatrın sevilən aktrisası "Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görüldü. Biz də aktrisanı təbrik edənlər sırasında olduq.
- Gültac
xanım, mükafat almaq necə bir hissdir?
- Əlbəttə ki, mükafat almaq və mükafata layiq görülmək gözəl hissdir. İllərini teatra həsr etmiş sənətkarlar istər Teatr Xadimləri İttifaqı, istər işlədiyi teatr, istərsə də nazirlik tərəfindən mükafatlar gözləyir. Bu onların görəcəyi növbəti işlər üçün böyük bir stimuldur. Dəfələrlə mükafat alan bir aktrisa kimi deyə bilərəm ki, hər dəfə mükafat alanda daha səy və şövqlə çalışmaq istəyirəm. Avtomatik olaraq məndə ruh yüksəkliyi yaranır. O ki qaldı "Fəxri mədəniyyət işçisi” döş nişanı almağıma, gözləmirdim ki, bu bayram məhz məni bu mükafata layiq görərlər. Bu teatr mövsümündə səhhətimlə bağlı bəzi problemlər yaşadım. Özlüyümdə düşündüm ki, yəqin, bu mövsüm əvvəlki illərə nisbətən ciddi çalışmadığım üçün mükafata layiq görülməyəcəm. Ancaq yenə də məni bu mükafata layiq görən insanlara, başda da teatrımızın direktoru Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. Yəqin bundan əvvəl məhsuldar çalışıb, amma mükafat almadığım illəri nəzərə alıblar ki, bu dəfə məni belə bir gözəl mükafatla sevindirdilər.
- Açıqlamanızda
bildirmisiniz ki, bu mükafatı almağınız o demək
deyil ki, ona yalnız siz layiqsiniz. Mükafat
almağınız hansısa həmkarlarınızda
aqressiyaya səbəb olub ki?
- Mükafat almağım kimsədə qıcıq oyatmamışdı. Əksinə, dostlarım məni mükafat almağım münasibəti ilə təbrik etdilər. Təbii ki, onların içərisində səmimiyyətinə inandığım insanlar da var. Sizə qısa bir nümunə gətirəcəm. Bilirsiniz ki, həyat yoldaşım Hüseyn də mənimlə birlikdə çalışır. Fikirlərimin ən bariz nümunəsi elə Hüseyndir ki, o da mükafata layiq olanlar sırasında ola bilərdi. Niyə də olmasın?
- Yəni təbrik
edənlər sırasında qeyri-səmimi olanları da hiss
edirsiniz?
- Əlbəttə ki. Axı biz bunun məktəbini,
taktikasını keçmişik. Kimin oynadığını, kimin qeyri-səmimi
olduğunu həmin an hiss edirik. Kimi aldatsalar da, məni aldada bilməzlər.
- Təbrik gözlədiyiniz
insanların hamısı sizi təbrik etdimi?
- Gözlədiyim
insanların elələri var ki, məni təbrik etmədilər.
Mən də onların böyüklüyünə
sayıram. Düşünürəm ki, məşğuldurlar,
bayramqabağıdır, bir çoxlarının məişət
problemləri var və başları qarışıqdır.
Canları sağ olsun. Mən kiçiyəm,
heç vaxt öz olduğum yerdən yuxarını
düşünən adam deyiləm.
- Bundan sonra hansı mükafatları
gözləyirsiniz?
- Nə qədər
mükafat varsa, hamısını gözləyirəm. Teatrı heç vaxt atmayacaq bir aktrisa kimi deyirəm,
niyə də olmasın?! (gülürük)
- Bilirik və
sizin də xatırlatdığınız kimi, həyat
yoldaşınız Hüseyn Əlili də sizinlə bərabər
Musiqili Teatrda çalışır. Həyat
yoldaşınızla eyni sənətdə olmağın
üstünlükləri nələrdir?
-
Hüseyn məni çox gözəl anlayır. Biz onunla evdə rollarımızı birlikdə məşq
edirik. O mənə sənətim və müxtəlif
mövzularda dəyərli məsləhətlər verir. Onun sənət təcrübəsi mənimkindən
artıqdır və mən onu bir aktyor kimi bəyənirəm.
Hüseynin istedadına inanıram və məsləhətlərindən
hər zaman xeyir görmüşəm. Hüseyn
insan kimi də mülayim və səmimidir. Təbii ki, indi ideal insan yoxdur, onun da yaxşı
olmayan tərəfləri var.
- Misal üçün?
- Bəzən
sənət qısqanclıqları olur. Elə
götürək bu mükafatı almağımı.
Mükafatı evə gətirəndə, ona baxıb dedi ki,
"təbrik edirəm, bilirsən ki, mənim
üçün dəyərlisən, ancaq mən o teatrın
səhnəsində oynayanda sən tələbə idin. Səncə, bu mükafata səndən öncə mən
layiq deyildimmi?” Dedim, əlbəttə ki, layiqsən. Ancaq indi neyləyək ki, bu mükafata məni layiq
görüblər? Yaxud da tərəf
müqabilimlə hər hansı bir mövzunu müzakirə
edirik. Bu, mübahisəyə çevriləndə,
həyat yoldaşım yanımda olduğu üçün
çalışıram ki, o mübahisəni etməyim.
Çünki hansısa bir tərs fikir söyləyərəm.
Onlar qarşı-qarşıya gələrlər,
teatrda nalayiq vəziyyət yaranar. Bu kimi
şeylər avantajsız tərəfləridir
(gülürük).
- Bəs bütün günü bir
yerdə olmaqdan sıxılırsınızmı?
- Bəzən
olur. Mən özüm deyirəm ki, ayrı-ayrı yerlərə
gedək, bir az mühitimizi dəyişək.
Ancaq belə baxanda, nə o məndən, nə
də mən ondan sıxılıram. Bu
çox nadir hallarda olur.
- Səhnədə o sizi
qısqanır, yoxsa siz onu?
- Mən
onu heç zaman qısqanmamışam. Hüseynin
dediyinə görə, o da məni qısqanmır. Hiss
etdikdə ki o məni qısqanır, həmən işə
başlayıram, deyirəm ki, sən məni alanda mən
artıq aktrisa idim. Mən səhnədə
rolla ifa edirdim. Sən məni səhnədə
görmüsən, belə qəbul edib almısan. Bizim evlənəndə də aramızda sazişimiz
olub ki, mən sənətimi davam etdirəcəm, sən də
bunu dəstəkləyəcəksən. İnanıram
ki, sən fikirlərinə sadiq qalacaqsan, hörmətlə
yanaşacaqsan. Onun öz kriteriyaları var
ki, bu şeylər konkret olmaz. İstər
səhnə geyimlərimdə, istər tərəf
müqabilimlə obraz canlandırarkən hər şeyin bir həddi
var. Başqa tərəf müqabilimlə səhnədə
oynayanda Hüseyn özünü elə göstərir ki, guya
qısqanmır. Ancaq mən onun
baxışlarından, mimikalarından hiss edirəm ki, nəsə
tərs gedən bir şeylər var (gülür).
- Teatrda müəyyən qədər
sözünü demiş aktrisalar bildirirlər ki, biz qısa
və epizodik rollarda oynamırıq. Sizin elə kompleksləriniz
var?
-
Heç vaxt. Mən özümü
sözünü demiş aktrisa hesab etmirəm. Hələ də öyrənirəm və hesab edirəm
ki, bu sənətdə öyrənəcəyim çox
şey var. İnsanlar ölənə qədər öyrənir.
Bunu da qəbul etmək lazımdır ki, aktrisa
kimi sevilirəm. Rolun böyük və
kiçiyi olmaz. Mən o kiçik roldan elə
bir obraz düzəldərəm ki, o böyük rolu oynayan
aktyor mənim yanımda kölgədə qalar.
- Sizi hər zaman Musiqili Teatrın aktrisası,
hətta siması kimi tanımışıq. Başqa
teatrlardan təklif gəlibmi?
- Nə
yalan deyim, heç bir təklif almamışam. Ancaq
təklif alsam belə, öz sevimli teatrımı dəyişmərəm.
Mən teatrı çox sevirəm. Teatrdan bir həftə aralı düşüb, sonra
ora gedib səhnəyə çıxanda, səhnədəki
o təlatümü heç vaxt ifadə edə bilmərəm.
Qrim otağına girəndə, səhnə
arxasında çıxışımı gözləyəndə
keçirdiyim həyəcanı yalnız teatrı mənim qədər
sevənlər anlaya bilər. O hissləri sözlə
ifadə edə bilmirəm. Bunu ancaq hiss etmək
lazımdır.
- Ürəyinizdə hansı
obrazın nisgili var?
- Mən
hələ gəncəm. 30 yaşım var. Nə
nisgil? (gülürük) İstədiyim obrazları rejissorlar mənə
verib. İndi durub desəm ki, hansısa
rolu oynamaq istəyirəm, bizim rəhbərlik buna
razılıq verəcək. Çünki
heç vaxt gənclərə öz diqqətini əsirgəməyib.
Əliqismət Lalayev buna şərait yaradar.
- Hansısa rejissorla ulduzunuzun
barışmadığı anlar olubmu?
- Əslində elə bir rejissor yoxdur. Mənim
sevimli rejissorum İradə Gözəlovadır. O mənim
aktrisalığıma şübhə edən adamlara verdiyi
obrazla möhürünü vurdu. "Kimdir
müqəssir?” tamaşasında mənə verdiyi obraz
yaradıcılığımda tramplin oldu. Amma serial
rejissorlarının heç birinin ulduzu mənimlə
barışmır ki, seriallara çox az
çəkilirəm (gülür).
- Səbəb nədir sizcə?
- Sizə
tam açıq deyəcəm. Serial biznesində
Rövşən İsaxı rejissor kimi brend hesab edirəm.
O, aktyorla çox yaxşı işləyir. Təbii
ki, bəyəndiyim digər rejissorlar da var. Elə Ramin
Hacıyevin özü. Film və seriallarda çox az qonorar olur. Mən də iki
uşaq anasıyam. Onların verdiyi qonorar
məni qane etmir. Nə yalan deyim, təklifin
biri gəlib, biri gedir. Məni qane edən
təklif olanda çəkilirəm.
- Son
dövrlər kinoteatrlarımızda hər ay yeni bir filmin təqdimatı
olur. Heç o filmlərdə də sizi
görmürük.
- Bu da
rejissorların günahıdır. Rejissorların
bir bəhanəsi var, deyirlər, teatralsınız, teatr
aktrisasınız, filmdə də pafoslu
oynayırsınız. Əslində, biz
İncəsənət Universitetinə qabiliyyət imtahanı
verib keçmişik, orda incəsənətin sirlərini
öyrənmişik. Necə davranmaq, necə
danışmaq, səhnədə necə dayanmağa
yaxşı bələdik. Biz necə
oynaya bilmərik? Əgər həftənin
3 günü teatrda canlı sənət göstəririksə,
demək onu da bacararıq. Əlbəttə
ki, bu fikirlərin hamısı nağıldır,
rejissorların uydurmasıdır. Rejissorun
işi nədir? Aktyorla işləmək.
Əgər bəyənmirsənsə, işlət,
bəyənmədiyin aktrisadan elə bir aktrisa ortaya
çıxar ki, qoy sənə əhsən desinlər. Məgər xarici ölkələrdə çəkilən
filmlərin fanatizm səviyyəsinə
çatdırdığımız qəhrəmanlarının
hamısı aktyordur? Onların çoxu
model, yoldan keçənlərdir. Görün
rejissorlar onlarla necə işləyib. Mən
özüm də o filmlərə baxıram və hər dəfə
baxanda təsirlənirəm. Sizcə,
aktrisa özü öz üzərində işləyir, yoxsa
rejissor? Rejissorlar aktyorlarla psixoloji treninqlər
keçirlər. Bu çox geniş bir
mövzudur.
- Bayramı necə keçirəcəksiniz?
- Əvvəla, bu gözəl gündə Azərbaycan
xalqına yalnız və yalnız cansağlığı
arzulayıram.
Səhhətimdə problem yarananda da əlimi
Allaha açdım, dua etdim ki, "Allahım, səndən
heç nə yox, yalnız cansağlığı istəyirəm”.
Xalqım üçün firavan, xoşbəxt
həyat, ruzi-bərəkət arzulayıram. Bayramı isə Gəncədə anamgildə
keçirəcəm.
Xəyalə Rəis
Kaspi 2018.- 20 mart.- S.12.