“Kino və zaman”da əbədiləşən
tarixi həqiqətlər
"Kino öz təbiətinə görə yalnız
incəsənət deyil, eyni zamanda, həyat faktlarının
və hadisələrinin tamamilə sənədləşdirilmə
vasitəsidir.
Kinematoqrafiya öz əsərlərində həyat
həqiqətlərini bütün konkretliyi ilə əks
etdirir və qoruyub saxlayır. Kino həyatı
təsbit edərək onun təzahürlərini sənədləşdirir
və tarixi keçmişi öyrənmək, maariflənmək
üçün qiymətli mənbəyə çevrilir».
Bu fikirlər Azərbaycan kino tarixini sistemli
şəkildə araşdırmaqla yanaşı, davamlı
pedaqoji fəaliyyətlə də məşğul olan Əməkdar
incəsənət xadimi Aydın Kazımzadənin "Kino və
zaman” adlı kitabındandır. Yeni nəşrin
"Azərbaycanfilm” kinostudiyasının keçdiyi
yaradıcılıq yoluna işıq tutduğunu iddia edə
bilərik. Müəllif tədqiqat obyektinə
çevirdiyi kinostudiyanın, yaranma tarixindən bu
gününə qədər dövrü mərhələ-mərhələ
vərəqləyir. Müxtəlif janrlı filmləri
beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə
yaradıcı və texniki nəslin
çalışdığı Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının
yaradıcılıq yolunda kinomuzun təşəkkülü
və inkişafı, sənətkarlarımızın
axtarışları barədə nəşrdə müfəssəl
məlumatlarla tanış olmaq mümkündür.
Müəllif
kitabın girişində kinonu dünənin texniki ixtirası
və zəmanəsinin sənət möcüzəsi
adlandırır: «Kino sənəti əvvəlcə səssiz
kinonun dar çərçivəsindən
çıxmış, sonra o səsin gəlişi ilə
danışmış, daha sonra ən mürəkkəb
texniki və bədii imkanlara malik ekran sənətinə
çevrilmişdir».
A.Kazımzadə uzun və sanballı
yaradıcılıq yolu keçən Azərbaycan
kinematoqrafiyasını dünya kino sənətinin ayrılmaz
bir hissəsi kimi dəyərləndirir. Belə ki,
sovet dövründə, kino tariximizin yaşı 1916-cı ildən
- İ.Musabəyovun povesti əsasında
ekranlaşdırılan iki seriyalı «Neft və milyonlar səltənətində»
bədii filminin ekranlara buraxılması günündən
(mayın 14-dən) hesablanıb. Yalnız keçən əsrin
90-cı illərinin ikinci yarısından sonra Azərbaycan
kinosunun əsil yaşını - 1898, ölkəmizdə
xarici filmlərin ilk dəfə nümayişi (1890-cı ilin
ikinci yarısı), Azərbaycan filmlərinin ilk çəkilişi
(1898-ci il mayın 31-i və iyunun 6-sı) və
nümayişi (1898-ci il iyunun 21-də, avqustun 2-də və
6-da) tarixlərini tutarlı faktlarla müəyyənləşdirmək
və sübut etmək müəllifə müyəssər
olub.
«Azərbaycanfilm» kinostudiyasının 90 illiyinə həsr
olunan «Kino və zaman» kitabında Azərbaycan kino sənətinin
inkişafının əsas mərhələləri nəzərdən
keçirilib.
Kinostudiyada istehsal olunan maraqlı və
mühüm, ideya-bədii cəhətdən əhəmiyyətli
kino əsərləri və onların
yaradıcılarından bəhs edilib. Müəllif,
1898-ci il yanvarın 8-də «Bakinskoye Obşestvennoye Sobraniye»nin
zalında «Şagirdlərə Yardım Cəmiyyətinin
xeyriyyə gecəsi keçirilərkən burada «Hərəkət
edən fotoşəkillər», yəni kinematoqrafın
nümayiş etdirilməsindən söhbət açıb.
Həmin il mayın 31-də xeyriyyəçilik
məqsədilə Mixail bağında (indiki Filarmoniya
bağı) keçirilən xəlq gəzintisi zamanı
axşam saatlarında Bakı elmi foto dərnəyi tərəfindən
filmlər göstərilib. Bu nümayiş
«Şəhər bağında xalq gəzintisi» adı
altında lentə alınıb. Həmin xronika və
Bakının həyatından bəhs edən «Qatarın dəmiryol
stansiyasına daxil olması», «Qafqaz və Merkuri cəmiyyətinə
məxsus gəminin limandan yola düşməsi» və «Bazar
küçəsi sübh çağı» kino süjetləri
ilə birgə iyunun 21-də Bakının mərkəzində,
teatr-sirkdə, sirk tamaşasının bir əyləncəli
nömrəsi kimi göstərilib: "Bu kino süjetləri
Bakıda 30 ildən artıq yaşayıb
çalışmış A.M.Mişon çəkmişdi.
1898-ci il avqustun 2-də ikinci proqram həmin
teatr-sirkdə tam müstəqil şəkildə
nümayiş etdirilib. Bu proqrama Bibiheybətdə neft
fontanı yanğını», «Əlahəzrət Buxara əmirinin
«Velikiy knyaz Aleksey paroxodu ilə yolasalma mərasimi», «Qafqaz rəqsi»
xronikal-sənədli və «İlişdin» bədii süjetləri
daxil edilmişdi”- deyə A.Kazımzadə qeyd edir.
Kino
tarixini araşdıran və qələmə alan müəllifin
yazdığına görə, 20-ci əsrin əvvəlində
Belçikalı sahibkarlar – Firone qardaşları Zaqafqaziyada,
o cümlədən Bakıda özlərinin kirayə kontorunu
açır və onların təşkil etdikləri «Filma» Səhimdar
Cəmiyyəti 1915-ci ildə bir neçə bədii filmin
istehsalına başlayır. Cəmiyyət burada «Neft və
milyonlar səltənətində», «Arşın mal alan», «Ayaqyalın məhəbbət», «Knyaz Dəmir
Bulat» və s. filmlər istehsal edir. «Aydın
olur ki, Azərbaycanda kinonun yaranması qanunauyğun bir hal idi.
Bu vəziyyəti 19-cu əsrin sonlarında
Bakıdakı ictimai iqtisadi şərait özü
yetişdirmişdi”. A.Kazımzadə qeyd edir ki, 1920-ci il aprelin 28-də Azərbaycan Qırmızı
Ordu tərəfindən işğal olunandan sonra ölkədə
kino tarixinin yeni dövrü başlanıb və kinematoqraf
yeni sovet ideologiyasının güclü təbliğat vasitəsinə
çevrilib: "Azərbaycanda kino istehsalını planlı
şəkildə qaydaya salmaq və həyata keçirmək
məqsədilə 1923-cü ildə Bakıda Birinci Dövlət
Kinofabrikinin açılışı oldu. Bundan
sonra burada sovet ideologiyasının tələblərinə
cavab verən, sosialist realizmi yaradıcılıq metodu üzrə
filmlər istehsal olunmağa başlandı. Təbliğat və təşviqat filmlərinin
istehsalı ön plana çəkildi”.
A.Kazımzadə araşdırmasında 50-ci illərin
ikinci yarısından sonra və xüsusilə 60-cı illərin
sonunda Azərbaycan kinosunda canlanma əmələ gəldiyini
qeyd edir. Belə ki, Moskvada Ali Kinematoqrafiya İnstitutunu
bitirmiş bir qrup gəncin Bakı kinostudiyasında fəaliyyəti
nəticəsində milli kinomuz yeni mərhələyə qədəm
qoydu. Ötən 90 il ərzində
C.Cabbarlı adına Azərbaycan kinostudiyası yüzlərlə
bədii, televiziya bədii, xronikal sənədli və
elmi-kütləvi, animasiya filmi istehsal edib.
Müəllif
70-80-ci illəri Azərbaycan kinosunun intibah dövrü kimi
xarakterizə edir: «Bu, kinomuzun həm bədii, həm də məzmun
cəhətdən tədricən yeniləşməsi, milli
kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir
vasitələrinin genişlənməsi, ideoloji stereotiplərin
müəyyən dərəcədə yumşalması,
sosial və əxlaq problemlərinin daha kəskin həlli ilə
bağlı idi. Gənclərin, orta və
yaşlı nəsildən olan kino xadimləri ilə əməkdaşlığı
milli kinomuzun peşəkar səviyyəsinin yüksəlməsinə,
milli özünəməxsusluğu ideya dərinliyi ilə fərqlənən
filmlərin meydana gəlməsinə səbəb oldu».
1990-cı ildən sonra Azərbaycanda istehsal olunan filmlərin
sayının xeyli azaldığını qeyd edən müəllif,
buna baxmayaraq, real həyatı əks etdirən, müasir
estetik tələblərə cavab verən əhəmiyyətli
bədii filmlər yaradıldığını da vurğulayır:
«1991-i ildə Azərbaycan müstəqillik əldə edəndən
sonra cəmiyyət qarşısında yeni vəzifələr
qoyuldu. Ölkəmizdə yeni ideologiyanın, cəmiyyətin
yeni inkişaf modellərinin qurulması və digər sosial
problemlər humanitar elmlərin tədqiqat obyektinə
çevrildi».
«Kino və zaman» nəşrinin birinci fəsli «Azərbaycanın
səssiz kinosu» (1920-1935) adlanır. Müəllif Azərbaycan Xalq
Cümhuriyyətinin birinci ildönümünün təntənə
ilə bayram edilməsinin lentə alınaraq «Azərbaycan
müstəqilliyinin ildönümü münasibəti ilə
təntənə» qısametrajlı sənədli filminin
1919-cu il iyunun 13-də Bakının «Ekspress» və «Rekord», bir
qədər sonra «Forum» kinoteatrlarında proqramdan əlavə
nümayiş etdirilməsindən tutmuş «Almaz» bədii
filminə qədər çəkilən bütün ekran əsərləri,
onların yaradıcı heyəti haqqında ətraflı məlumat
verib. Nəşrdə «Azərbaycanfilm»in kino tarixində rol
oynayan kinodramaturqların, rejissorların adları, filmlərdən
şəkillər, həmçinin kinematoqrafiya işçilərinin
birinci qurultayından fotolar yer alıb. Bu sənədlər
vasitəsilə kino tarixinə ətraflı ekskurs etmək
mümkündür.
«Mərkəzin diqqətindən kənarda qalmış
yerli kinostudiya» adlı ikinci fəsildə ötən əsrin
30-40-cı illərində Azərbaycan kinosunda baş verən
proseslərə nəzər saldıqda,
kinematoqrafiyamızın mərkəzi dairələrin diqqətindən
kənarda qaldığını və bu səbəbdən
yerli kinostudiyanın fəaliyyətində nəzərəçarpacaq
dəyişikliklərin olmadığını
görürük. Müəllif qeyd edir ki, bu səbəbdən kinonun vəziyyəti
istər «Bakı kinostudiyasında, istərsə də Azərbaycan
KP MK-da dəfələrlə müzakirə olunmuş,
müvafiq qərarlar qəbul edilmiş, hətta
kinostudiyanın rəhbərliyi bir neçə dəfə dəyişdirilib:
"Bununla belə, çəkilən filmlərin keyfiyyəti
dəyişməmiş və bu fakt respublika rəhbərliyini
qəti addımlar atmağa məcbur etmişdir”.
Müəllif «Milli kinomuza səsin gəlməsi» (1935)
adlı üçüncü fəsildə 30-cu illərdə
Azərbaycan kinosu üçün 3 əlamətdar hadisəni
qeyd edir. İlk səsli bədii filmin yaradılması və
səsin Azərbaycan kinosuna gəlməsi; Azərbaycanda ilk
animasiya filminin istehsalı və respublikamızda əcnəbi
filmlərin Azərbaycan dilinə dublyaj olunması işinin təşkili.
Müəllif həmin illər ərzində
çəkilən filmləri qeyd edib.
A.Kazımzadə
«Nəşrdə (1941-45-ci illəri əhatə edən) «Azərbaycan
kinosu müharibə illərində», «Azərbaycan professional
musiqisinin banisi Üzeyir Hacıbəylinin operettalarının
ekran həlli», «Azərbaycan kinosu müharibədən
sonrakı illərdə (1946-65-ci illər), «Azərbaycan
kinosunun yüksəliş dövrü» (1966-1989), «Müstəqillik
yollarında (1990-2002), «Azərbaycan kinosu müasir mərhələdə»
(2002-2016) bölümlərdə «Azərbaycanfilm»
kinostudiyasında istehsal olunan filmlərin tarixi, yaradıcı
heyəti haqqında ətraflı məlumatlar verir.
Nəşrdə həmçinin milli kinomuzun
inkişafında böyük xidmətləri olmuş görkəmli
kino xadimlərinin bir qrupunun kinomuzun yaranması və
inkişaf yolları barədə xatirələri yer alıb. Kinorejissorlardan Muxtar
Dadaşov, Mikayıl Mikayılov, Ağarza Quliyev, Niyazi Bədəlov,
bəstəkar Niyazi, Xalq artisti Leyla Bədəlbəyli,
İsmayıl Osmanlı, Rza Təhmasib, Möhsün Sənaninin
həyat və fəaliyyətindən bəhs edilib.
Həmçinin
sovet kinosunun görkəmli xadimlərindən kinorejissor,
SSRİ Xalq Artisti Yefim Diziqan, Lev Sverdlin, Nikolay Klyuçkov,
Tatarstan yazıçısı Əbdülrəhman Minski,
Bakı kinostudiyası ilə bağlı xatirələr də
qeyd edilib. Nəşrdə həmçinin kinostudiyaya rəhbərlik
etmiş Hənifə (Məmmədhənifə) Həsən
oğlu Terequlov, Şamil Mahmudbəyov, Şəmsəddin
Abbasov, Rəsul Rza, Mehdi Hüseyn, Sabit Rəhman, Zəki Səfərov,
Məhərrəm Haşımov, Adil İskəndərov, Cəmil
Əlibəyov, Eyvaz Borçalı, Ramiz Fətəliyev, Ziyafət
Abbasov kimi şəxsiyyətlərlə bağlı, həmçinin
2002-2011-ci illərdə kinostudiyanın direktoru olmuş Xamis
Muradov və «Azərbaycanfilm»in hazırkı direktoru
Müşfiq Hətəmovun həyat və fəaliyyəti
haqqında oxuculara ətraflı məlumat verib. Müəllif
müasir kinomuzun hazırkı vəziyyətinə də
ümidlə yanaşır: «Bu gün müstəqil Azərbaycanımızla
birgə möhkəm milli zəmində boy atıb inkişaf
edən, ictimai həyatımızda baş verən prosesləri
gələcək nəsillər üçün, tarix
üçün qoruyub saxlamağa qadir olan, gələcəyə
nikbin baxan Azərbaycan həqiqətlərini beynəlxalq
audiovizual məkana inteqrasiya edən milli
kinomuz,yaratdığı sənət əsərləri ilə
xalqımızın xidmətində duraraq, dövlətimizin
kino salnaməsini yaradır». Müəllif qeyd edir ki, ölkə
iqtisadiyyatının dinamik inkişafı kino sahəsində
böyük uğurlara nail olmaq imkanı verir: «Kino sənətinə
artan diqqətin nəticəsidir ki, film istehsalına dövlət
büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə
artırılır. Dövlətimizin milli kinoya
göstərdiyi diqqət və qayğı bütün kino
işçilərinin üzərinə böyük məsuliyyət
qoymuşdur”.
Uzun illərin
və gərgin zəhmətin bəhrəsi olan nəşr
mütəxəssislər, incəsənət sahəsində
təhsil alan tələbələr və
kinosevərlər üçün "Azərbaycanfilm”in
tarixi ilə bağlı ilk mükəmməl mənbədir.
Vərəqlədikcə kino tariximizin
bütün mərhələləri haqqında əhatəli
məlumat əldə etmək mümkündür. Nəşrin rus və ingilis dillərinə tərcümə
olunması da məqsədəuyğundur. Bu,
milli kinomuz haqqında digər millətləri də geniş
məlumatlandırmağa kömək edər.
Təranə Məhərrəmova
Kaspi 2018.- 20 mart.- S.10.